Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5993/2022 21.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh Nəvaei Süleyman MMC-yə qarşı əmək haqqı tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Nəvaei Süleyman MMC-yə qarşı əmək haqqı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 vəkili və nümayəndəsi Vəkil iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən qaçqın olaraq qeydiyyata alınmış, qaçqının himayə vəsiqəsinə malik olan İddiaçı1, İddiaçı2 və İddiaçı3 Nəvaei Süleyman MMC-nin (əvvəlki adı Sule.Man.N MMC) rəhbəri xx.xx.2021-ci il tarixdə işə qəbul etmiş və qısa müddət ərzində onlarla əmək müqaviləsi bağlanacağını bildirərək Qaradağ rayonu Qobustan qəsəbəsi ərazisində müvafiq işlərin yerinə yetirilməsinə cəlb etmişdir. İddiaçılar həmin tarixdən başlayaraq MMC-nin rəhbəri Navaei Soleiman tərəfindən verilən tapşırıqları yerinə yetirməyə başlamış, sonuncu bu müddət ərzində bir neçə dəfə iddiaçılara tezliklə onlarla əmək müqaviləsinin rəsmiləşdiriləcəyini bildirmişdir. Lakin iddiaçılar xx.xx.2021-ci il tarixinədək cavabdeh tərəfindən müxtəlif işlərin icrasına cəlb olunsalar da onlarla əmək müqaviləsi bağlanılmamış və həmin dövrə görə iddiaçılara heç bir əmək haqqı ödənilməmişdir. Halbuki iddiaçılar işə cəlb olunan zaman tapşırılan işi yerinə yetirdikdən sonra hər birinə 600 manat əmək haqqı veriləcəyi bildirilmişdir. X2 MMC-nin xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 3 aylıq müddətə görə hər birinə 600 manat olmaqla cəmi 1800 manat əmək haqqı borcu yaranmışdır. Qeyd olunan məsələ ilə bağlı iddiaçılar X1 müraciət etmiş və Müfəttişliyin iddiaçılara ünvanladığı xx.xx.2022-ci il tarixli cavab məktubunda aparılan araşdırma zamanı əmək müqaviləsi hüquqi qüvvəyə minmədən Sule.Man.N MMC-nin (Nəvaei Süleyman MMC) rəhbərliyi tərəfindən iddiaçıların xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək müvafiq işlərin yerinə yetirilməsinə cəlb edilmələri faktı öz təsdiqini tapması bildirilmişdir. İddiaçılar dəfələrlə cavabdehdən əmək haqlarının ödənilməsini tələb etsələr də, cavabdeh öhdəliyini yerinə yetirməmişdir. Məhkəməyə müraciət etdikdən sonra da, cavabdeh əmək haqqı üzrə borcunun cəmi 1200 manat olmasını etiraf etsə də, mübahisənin sülh yolu ilə həll edilməsi üçün verilən vaxt ərzində etiraf etdiyi məbləği iddiaçılara ödəməmişdir. Ona görə də Nəvaei Süleyman MMC-dən hər birinə 600 manat olmaqla cəmi 1800 manatın İddiaçı1n, İddiaçı2 və İddiaçı3 xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdeh Nəvaei Süleyman MMC-nin nümayəndəsi Navaei Soleiman iddia ərizəsini qismən qəbul edərək izahatında göstərmişdir ki, o, 22 ildir Azərbaycan Respublikasına fəaliyyət göstərir, İddiaçı1, İddiaçı2 və İddiaçı3 ilə müəyyən təmir-tikinti işlərini onlara gördürmək üçün razılığa gəlmiş, dəfələrlə iddiaçılara şəxsiyyət vəsiqələrini təqdim etmələrini və onları rəsmi qaydada işə götürüb əmək haqqı ödəyəcəyini bildirsə də, iddiaçılar şəxsiyyət vəsiqələrini ona təqdim etməmişlər. İddiaçılar işə başlasalar da, keyfiyyətsiz iş gördüklərindən iş icraçısı işi qəbul etməmiş və ona işi yenidən görməli olduğunu izah etmişdir. O, məcbur olaraq yenidən tikinti materiallarını alıb həmin işi başqa adamlara gördürmüş, buna görə əlavə olaraq 2000 manat pul sərf etmişdir. Hal-hazırda o, iddiaçıların hər birinə gördükləri işin dəyərinə görə 400 manat olmaqla cəmi 1200 manat verməyə razıdır. Ona görə də iddia ərizəsinin qismən təmin edilməsini xahiş edir. Məhkəmə iclasında 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin nümayəndəsi X4 iddia ərizəsinin həllini məhkəmənin səlahiyyətinə verərək izahatında göstərmişdir ki, iddiaçıların müraciətlərinə əsasən araşdırma zamanı İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh tərəfindən əmək müqavilələri bağlanmadan işə cəlb edilmələri, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Elektron İnformasiya Sisteminin Əmək müqaviləsi bildirişi alt sisteminə baxış keçirilərkən iddiaçılarla Sule.Man.N MMC arasında əmək müqaviləsinin bağlanmasına dair bildirişin mövcud olmadığı müəyyən edilmişdir. Həmçinin X3 Xidmətinin Bakı şəhər İdarəsinə ünvanlanmış müraciətdə və iddiaçıların verdikləri izahatlarda iddiaçıların xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək Sule.Man.N MMC-nin rəhbəri Navaei Soleiman tərəfindən müvafiq işlər yerinə yetirməyə cəlb edildikləri məlum olmuşdur. Təqdim olunan sənədlərdən iddiaçıların Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən Sule.Man.N MMC-də müvafiq işlərin yerinə yetirilməsinə cəlb edilməsi faktı müəyyən edilmiş və nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə uyğun olaraq inzibati xəta tərkibi yaranmışdır. Lakin Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin 1-ci hissəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 3 ay keçənədək verilə biləcəyini nəzərə alaraq, Sule.Man.N MMC-nin vəzifəli şəxsi tərəfindən xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixədək törədilən inzibati xəta üzrə məsuliyyətə cəlb edilmə müddətinin sonuncu tarixi xx.xx.2021-ci il tarixinə təsadüf etdiyindən cavabdehin inzibati məsuliyyətə cəlb edilməsi mümkün olmamış, iddiaçılara məhkəməyə müraciət etmək hüquqlarının olması izah olunmuşdur. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, aşağıdakılara görə iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 69-cu maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən, qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilər və bütün vəzifələri yerinə yetirməlidirlər. Azərbaycan Respublikası ərazisində daimi yaşayan və ya müvəqqəti qalan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqları yalnız beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 13-cü maddəsinə əsasən qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr ilə başqa hal nəzərdə tutulmayıbsa, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün əmək hüquqlarından istifadə edə bilər və bu hüquqlara müvafiq olan vəzifələr daşıyırlar. Qanunda nəzərdə tutulmuş hallar istisna olunmaqla əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bu Məcəllədə və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş əmək hüquqlarının məhdudlaşdırılması qadağandır. Əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının vətəndaşlarına nisbətən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə daha üstün hüquqların müəyyən edilməsi yolverilməzdir. Həmin Məcəllənin 42-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Həmin Məcəllənin 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2022-ci il tarixli məktubundan müəyyən olunur ki, xx.xx.2012-ci ildə dövlət qeydiyyatına alınmış Sule.Man.N MMC-nin təsisçilərinin ümumi yığıncağının xx.xx.2021-ci il tarixli qərarına əsasən adı dəyişdirilərək Nəvaei Süleyman MMC olmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestri məlumatlarından müəyyən olunur ki, Nəvaei Süleyman MMC xx.xx.2012-ci il tarixdən dövlət qeydiyyatına alınmış, qanuni təmsilçisi Soleman Navaeidir. İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər İdarəsinə ünvanlanmış ərizədən müəyyən olunur ki, S.Nəvaei və onun şirkəti tərəfindən əmək müqaviləsi bağlanmadan işə cəlb edilmələri halının araşdırılaraq təqsirli şəxsin məsuliyyətə cəlb edilməsi, zərərçəkmişlərə 1800 manatın və gecikdirilmiş hər gün üçün xx.xx.2021-ci ildən ən azı 8 ay üçün 18x240=4320 manat dəbbə pulunun ödənilməsi xahiş olunmuşdur. X5 tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər İdarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli arayışdan müəyyən olunur ki, X5 İddiaçı1, İddiaçı2 və İddiaçı3 ilə keçən ilin iyun-iyul aylarında işlərin görülməsi üçün razılığa gəlmiş, dəfələrlə onlara şəxsiyyət vəsiqələri təqdim etmələrini və onları rəsmi qaydada işə götürüb əmək haqqı ödəyəcəyini bildirsə də, şəxsiyyət vəsiqələrini təqdim etmədiklərini, işlədikləri yerdən də işlərini çox bərbad halda gördükləri barədə iş sahibi tərəfindən dəfələrlə şikayət zəngləri edildiyini, onların fəaliyyəti nəticəsində işə iş sahibi tərəfindən xitam verildiyini, bu işin müqabilində əvvəldən razılaşdırılmış məbləğin verilmədiyini, əfqanların polisə şikayət etdiklərini, polis işi araşdırarkən günahın işçilərdə olmasının müəyyən olunduğunu bildirmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər idarəsinin xx.xx.2022-ci il tarixli məktubundan müəyyən olunur ki, araşdırma zamanı Sule.Man.N MMC-nin rəhbəri X7 Dad Hussaininin, İddiaçı2 və İddiaçı3 sənəd təqdim etməməsi səbəbindən onlarla əmək müqaviləsi bağlamadığını, İddiaçı1, İddiaçı2 və İddiaçı3 yerinə yetirdikləri işin keyfiyyətsiz olması səbəbindən sifarişçi tərəfindən razılaşdırılan məbləği almadığını bildirmiş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Elektron İnformasiya Sisteminin Əmək müqaviləsi bildirişi alt sisteminə baxış keçirilərkən İddiaçı1, İddiaçı2 və İddiaçı3 ilə Sule.Man.N MMC arasında əmək müqaviləsinin bağlanmasına dair bildirişin mövcud olmadığı, İddiaçı1, İddiaçı2 və İddiaçı3 izahatlarından xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Sule.Man.N MMC-nin rəhbəri Navaei Soleiman tərəfindən müvafiq işlər yerinə yetirməyə cəlb edildikləri müəyyən olunmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən Sule.Man.N MMC-də müvafiq işlərin yerinə yetirilməsinə cəlb edilməsi faktı müəyyən edilmiş və nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə uyğun olaraq inzibati xəta tərkibi yaranmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin 1-ci hissəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 3 ay keçənədək verilə biləcəyini nəzərə alaraq, Sule.Man.N MMC-nin vəzifəli şəxsi tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək törədilən inzibati xəta üzrə məsuliyyətə cəlb edilmə müddətinin sonuncu tarixi xx.xx.2021ci il tarixinə təsadüf etdiyindən inzibati tənbehin verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qvazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, cavabdeh iddiaçıları əmək müqaviləsi bağlamadan işə cəlb etmiş və iddiaçıların əmək haqlarını ödəməmişdir. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, iddiaçılar ödənilməmiş əmək haqqlarının hər birinə 600 manat olmaqla cəmi 1800 manat olmasını iddia etsələr də, cavabdeh əmək haqqı borcunun iddiaçıların hər birinə 400 manat olmaqla cəmi 1200 manat olmasını etiraf edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinə əsasən, əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır: d) qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq; e) iş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əmək haqqını almaq və ya onun verilməsini tələb etmək; ə) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasına daxil olmayan işləri, xidmətləri yerinə yetirməkdən imtina etmək, belə işləri, xidmətləri icra etdikdə isə müvafiq əlavə əmək haqqının verilməsini tələb etmək; Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, əmək müqaviləsi bağlanmadan da işlədilən iddiaçıların əmək haqqı almaq hüquqları olduğundan, məhkəmə araşdırması zamanı cavabdehin iddiaçların hər birinə 400 manat olmaqla cəmi 1200 manat əmək haqqı borcunun qalması öz təsdiqini tapdığından iddia ərizəsi bu hissədə təmin, qalan hissədə isə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilməli olan dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Nəvaei Süleyman MMC-dən əmək haqqına görə 400 manat İddiaçı1 xeyrinə tutulsun. Nəvaei Süleyman MMC-dən əmək haqqına görə 400 manat İddiaçı2 xeyrinə tutulsun. Nəvaei Süleyman MMC-dən əmək haqqına görə 400 manat İddiaçı3 xeyrinə tutulsun. Nəvaei Süleyman MMC-dən dövlət rüsumuna görə 32 manat dövlət nəfinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-5993/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5993/2022
21.12.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver