Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-60/2024 25.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı nümayəndəsi(atası) X3, İddiaçı nümayəndəsi, Vəkil1, Cavabdeh1 və onun nümayəndəsi, vəkil Nümayəndə Cavabdeh2 vəkili Nümayəndə iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “istifadə hüququnun tanınması və evə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra tələbini dəyişərək məhkəmədən, iddiaçı xx.xx.1991-ci il təvəllüdlü İddiaçı və azyaşlı övladı xx.xx.2021-ci il təvəllüdlü X7 ilə birlikdə cavabdehlərin yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi və həmin evə iddiaçı və azyaşlı uşağın istifadə hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh2 arasında xx.xx.2020-ci il tarixdə rəsmi nikah bağlanmışdır. Cavabdehlə rəsmi nikahdan xx.xx.2021ci il tarixində övladları X7 dünyaya gəlmişdir. Aralarında olan xasiyyət uyğunsuzluğuna görə o, 2020-ci ilin sentyabr ayından etibarən ata evinə qayıtmışdır və həmin vaxtdan faktiki olaraq ayrı yaşayırlar. Hal-hazırda övladı ilə birlikdə atasına məxsus olan və ünvan 2 ünvanında yerləşən 1 otaqlı evdə 5 nəfər tərkibdən ibarət olmaqla yaşayırlar. Elə ona görə də hesab edir ki, məhkəmə onu və uşağını istifadə hüquqlarını tanıyaraq həmin evə köçürməlidir. Qeyd edilən ev 4 otaqdan ibarət olmaqla 7 sotdan artıq torpaq sahəsinin üzərində yerləşir, kifayət qədər geniş sahəsi olan mənzildir. Bundan əlavə bir sıra yardımçı sahələri də mövcuddur. Həmin mənzilin bütün su-kanalizasiya, qaz, evin döşəməsi, qapı, suvaq və hamam və sanuzel sistemi şəxsən atası X3 vəsaiti hesabına edilmişdir.
3. İddiaçı əvvəlcə hazırki mübahisə ilə bağlı Abşeron Rayon Məhkəməsinə müraciət etmiş və Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-3782/2021 saylı qətnaməsi ilə iddiası qismən təmin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(105)-492/2022 saylı qərardadı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-3782/2021 saylı qətnaməsi ləğv edilmiş və mülki iş mahiyyəti üzrə baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:
4. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinin dəlillərinə uyğun izahat vermişdir.
5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi(atası) X5 iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və bundan əlavə bildirmişdir ki, evin hörgüsü hazır idi, Vasifə evin təmiri üçün qızının nişanı olandan sonra təxminən 2019-cu ilin oktyabr ayında 1800 abş dolları pul vermiş və bundan əlavə sanitar qovşağın bütün aksesuarlarını özü almış, unitaz üçün isə əlavə olaraq Vasifə 500 manat pul vermişdir. Toydan sonra ev qismən təmir olunsa da, soyuq idi və həmin günü 500 manat da sayğaca görə vermişdir. Onun vəsaiti hesabına evin suvağı və polu vurulmuşdur. Evin tikintisinə görə 3560 manatdan çox pul xərcləsə də, sübutu olmadığına görə 3560 manatı vasifdən almaqla kifayətlənmişdir. Onun Vasifdə 2000 manata yaxın pulu qalmışdır. Polisdə ərizə yazan vaxt o 6500 manat pul verdiyini desə də, polis 5275 manat qeyd etmişdir və əlində də sübutu olmadığına görə onların etiraf etdiyi 3560 manatla razılaşmışdır. Həmin məbləğin 500 manatı qaza verdiyi puldur, digər hissəsi isə qeyd etdiyi 1800 abş dollarıdır.
6. Məhkəmə iclaslarında iddiaçının nümayəndəsi, Vəkil1 iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, cavabdehə bələdiyyə sənədinə əsasən ayrılan torpaq sahəsinin mübahisəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi olub-olmaması qeyri-müəyyəndir. Hansı ki, cavabdeh Abşeron rayon məhkəməsinin icraatında olan zaman həmin bələdiyyə sənədini təqdim etməmişdir. Bundan başqa, bu barədə 3 dəfə ekspertiza keçirilsə də, rəy alınması mümkün olmamışdır. Onların bildiyinə görə Cavabdeh1 2 torpaq sahəsi olmalıdır. Eyni zamanda evin təmiri iddiaçının atasının vəsaiti hesabına aparılmışdır. İddiaçının atasına qaytarılan 3560 manat vəsait borcun predmeti olmuş, bundan əlavə evin təmirinə də vəsait qoymuşdur. Hesab edir ki, nə qədər ki həmin məbləğ qaytarılmamışdır iddiaçının cuzi də olsa orda payı vardır və bu əsasla da iddiaçı evə köçürülməlidir.
7. Məhkəmə iclaslarında Cavabdeh1 bildirmişdir ki, həmin evi 2018-ci il tarixdə rayonda ona məxsus evi sataraq əldə etdiyi vəsait hesabına tikmişdir.Torpağın onun adına bələdiyyə sənədi olsa da, tikiliyə dair heç bir sənədi yoxdur. Ev iki mərtəbəli və orta təmirlidir. İddiaçı onun keçmiş gəlini olmuşdur. Belə ki, iddiaçı ilə oğlu Cavabdeh2 arasında 2019-cu ilin noyabr ayında el adət-ənənəsi ilə toy olmuş və hazırki evə köçmüşlər. 2020-ci ilin yanvar ayında onlar arasında rəsmi nikah bağlanmışdır və 2020-ci ilin sentyabr ayında iddiaçı evdən çıxıb getmişdir. İddiaçı ilə yola getmək mümkün olmamışdır. Ona qarşı təhqiramiz ifadələr işlətmişdir O iddiaçıya qarşı cehiz əşyalarnın qaytarılması tələbi ilə iddia sürsə də, iddiası rədd edilmişdir. Hazırda iddiaçının cehiz əşyaları həmin evdə yerləşir və istədiyi zaman götürə bilərlər. Evin tikintisinə görə iddiaçının atası oğluna 3000 manat vermiş və ona pul verməmişdir. Bundan əlavə bildirmişdir ki, iddiaçı ilə oğlunun toyu xx.xx.2019-cu il tarixdə olsa da, həmin evə gəlin köçməmişdir. Sadəcə oğlu ondan xahiş etdi ki, cehizi evə qoysunlar, çünki oğlu şəhərdə işləyirdi və şəhərdə də kirayə qalırdı. İddiaçı onların ekspertiza keçirilməsinə mane olduqlarını bildirsələr də, heç bir ekspert onun qapısına gəlməmiş və onun cəmi 1 torpaq sahəsi olmuşdur. Bundan başqa iddiaçı tərəf deyirsə ki, unitaz, duş, kalonka onlarındı gəlib götürə bilərlər.
8. Cavabdeh1 nümayəndəsi və vəkili, o cümlədən Cavabdeh2 hazırda yalnız vəkili olan Nümayəndə məhkəmə iclaslarında iştirak edərək iddiaya etiraz etmiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçının fərdi yaşayış evindən istifadə hüququnun olub-olmaması barədə: Birincisi, iddiaçı və Cavabdeh2 xx.xx.2020-ci il tarixində nikaha daxil olublar. Nikahdan sonra hər ikisi Cavabdeh2 anası Cavabdeh1 2018-ci ildən məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində Cavabdeh1 ilə birlikdə yaşayıblar. İddiaçı və Cavabdeh2 nikahı 2020-ci ildə, yəni Mənzil Məcəlləsinin qüvvəyə mindiyi xx.xx.2009-cu ildən sonra rəsmiləşdirildiyindən və həmin nikah Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(009)-964/2022 saylı qətnaməsilə ləğv edildiyindən 2020-ci ildə yaranmış hüquq münasibəti üzrə hazırki mübahisə Mənzil Məcəlləsinin müddəaları ilə tənzimlənir. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Maddənin tələbindən də göründüyü kimi iddiaçı Cavabdeh1 gəlini kimi onun ailə üzvü hesab edilmir və bu səbəbdən iddiaçının Cavabdeh1 məxsus fərdi yaşayış evinə istifadə hüququ yaranmayıb. . İkincisi, Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2- ci maddələrinin şərh edilməsinə dair Qərarına əsasən, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. AR Konstitusya Məhkəməsi Plenumunun mövqeyindən də görünür ki, “digər qohumlar” ifadəsi yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Belə olan halda iddiaçının hətta digər qohum statusu da olmadığından o, bu status altında da mübahisəli fərdi yaşayış evindən istifadə hüququna malik deyil. Bununla yanaşı Cavabdeh2la iddiaçının nikahının məhkəmə qaydasında pozulması faktı Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələblərinə görə iddiaçının istifadə hüququnun saxlanmadığını müəyyən edir. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Üçüncüsü, Cavabdeh1 məxsus olan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayıb. Bu səbəbdən iddiaçının dövlət qeydiyyatına alınmamış fərdi yaşayış evinə istifadə hüququnun yarandığını iddia etməsi və ya məhkəmənin bu hüququ tanıması həm qüvvədə olan qanunvericiliyə, həm də formalaşmış məhkəmə təcrübəsinə tamamilə ziddir. Məhz bu səbəbdən işə ilk dəfə baxan Abşeron Rayon Məhkəməsi qəbul etdiyi qətnamə əsasında iddiaçının mənzilə istifadə hüququnun tanınması hissəsində iddianı rədd etmişdi. Dördüncüsü, iddiaçı Cavabdeh1 qarşı irəli sürdüyü iddiasının əsaslarından biri kimi ona istinad edib ki, atası Pənah Abdullayev öz şəxsi vəsaiti hesabına həmin evin su-kanalizasiya, qaz təchizatı, döşəməsi, qapısı, suvağı və hamam-tualet sistemini təmin edib. Həqiqətdə isə iddiaçının atası Pənah Abdullayev Cavabdeh2 3000 (üç min) manat vəsait versə də, 2021-ci ilin əvvəlləri Cavabdeh2 qarşı pul tələbinə dair iddia qaldıraraq, həmin vəsaitdən artıq məbləği geri tələb edib. Cavabdeh2 iddiaçının atasına 3560 (üç min beş yüz altmış) manat pulu tam məbləğdə geri qaytardıqdan sonra iddiaçının atası Pənah Abdullayev məhkəmə iclasında pul vəsaitini geri aldığını etiraf edib və onun ərizəsi əsasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-2570/2021 saylı qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanıb. İddiaçı qeyd edilən vəsaitdən başqa atasının Cavabdeh1 evinə hər hansı məbləğdə xərc çəkməsini və qeyd edilən işləri görməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməyib. Ümumiyyətlə qüvvədə olan qanunvericiliyə əsasən, iddiaçının və ya atasının Cavabdeh1 evinə hər hansı xərc çəkməsi iddiaçının həmin evdən istifadə hüququnun yaranmasına səbəb olması imkanı nəzərdə tutulmayıb. Əvvəldə də qeyd edildiyi kimi 2009-cu ildən etibarən istifadə hüququnun yaranması Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələbləri ilə tənzimlənir və həmin maddədə qeyd edilən əsaslarla istifadə hüququnun yaranması imkanı nəzərdə tutulmayıb. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bütün bu faktlar tam təsdiq edir ki, iddiaçının Cavabdeh1 evinə istifadə hüququ yoxdur və bu hüquq hər hansı formada məhkəmə qaydasında müəyyən edilə bilməz. İddiaçının mənzilə köçürülmə tələbinin qanunsuzluğu ilə bağlı: Yuxarıda qeyd edilənlərlə təsdiq edilir ki, iddiaçının Cavabdeh1 məxsus olan evə istifadə hüququ yoxdur və bu səbəbdən həmin evə köçürülməsi tələbi də tamamilə qanunsuzdur. Həmçinin qeyd edilməlidir ki, iki mərtəbəli həmin evin yalnız təqribən 15 kv.m.-dən ibarət bir otağı təmir edilib, evin başqa otaqları və köməkçi hissələri döşəməsiz, suvaqsız, tavansız olmaqla tam təmirsizdir (bunu təsdiq edən fotot və video materiallar məhkəməyə təqdim edilir). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 noyabr 2019cu il tarixli, 459 nömrəli qərarına əsasən, yaşayış sahəsinin ayrılma norması adambaşına 16 kv.m. təşkil edir. Belə olan halda hazırda yeganə təmir edilmiş 15 kv.m.-lik otaqda cavabdehlər birlikdə yaşadığını nəzərə alsaq, iddiaçının iddia ərizəsində göstərdiyi kimi xasiyyətlərinin uzlaşmaması səbəbindən 2020-ci ilin sentyabr ayından könüllü tərk etdiyi evə köçürülməsi faktiki olaraq kəskin münasibətlərdə olan üç nəfər şəxsin 15 kv.m.-lik sahəsi olan otaqda birlikdə “yaşaması” anlamına gəlir ki, bu da faktiki olaraq qeyrimümkündür. İş üçün əhəmiyyətli olan başqa məsələlər: Hazırki işdə Cavabdeh2 cavabdeh qismində işdə iştirakı prosessual hüquq normalarına ziddir. Çünki mübahisəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin Cavabdeh1 məxsus olması, həmin evin məhz Cavabdeh1 vəsaiti hesabına və onun tərəfindən inşa olunması, Cavabdeh2 isə yalnız anası Cavabdeh1 ilə birlikdə yaşaması işin mübahisələndirilməyən halıdır. Belə olan halda iddiaçının iddia tələbləri ilə bağlı Cavabdeh2 hər hansı hüquq və vəzifələrinin olması və cavabdeh qismində ona qarşı bu tələblərin irəli sürülməsi tamamilə qanunsuzdur. İddiaçı qeyd edilən iddia tələblərini həm də Cavabdeh2 qarşı irəli sürsə də iddia ərizəsində və sonradan məhkəməyə təqdim etdiyi iddianın dəqiqləşdirilməsi barədə ərizəsində Cavabdeh2 hazırki iddiaya münasibətdə cavabdeh statusunu daşımasının hüquqi əsaslarına dair heç bir arqument, maddi və prosessual hüquq normasına istinad etməyib. Hesab edirik ki, Cavabdeh2 hər hansı formada mübahisəli evə dair mülkiyyət hüququ olmadığından onun hazırki işdə cavabdeh qismində iştirakı tamamilə qanunsuz və əsassızdır. Mülki Prosessual Məcəllənin 47.2-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər işin materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək və surət çıxarmaq, etirazlar vermək, sübutlar təqdim etmək və onların tədqiqində iştirak etmək, işdə iştirak edən digər şəxslərə, şahidlərə, ekspertlərə və mütəxəssislərə suallar vermək, vəsatətlər, o cümlədən də əlavə sübutların tələb edilməsi barədə vəsatətlər vermək, məhkəməyə şifahi və yazılı izahatlar vermək, məhkəmə prosesinin gedişi vaxtı ortaya çıxan bütün məsələlər barədə dəlillər gətirmək, işdə iştirak edən digər şəxslərin vəsatət və dəlillərinə etiraz etmək, məhkəmə qərarlarından şikayət etmək və mülki məhkəmə icraatı barədə qanunvericilikdə verilən digər prosessual hüquqlardan istifadə etmək hüququna malikdirlər. Yuxarıda qeyd edilənləri, MPM-in 47-ci maddəsinin tələblərini rəhbər tutaraq, Məhkəmədən Xahiş edirik: İddiaçı X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsinə istifadə hüququnun müəyyən edilməsi, mənzilə köçürülmə və mənzildə istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə çıxarasınız.
9. Bundan əlavə məhkəmə iclasında bildirmişdir ki, nişandan sonra Vasif anasının xəstə olduğuna görə toyun müəyyən vaxta ertələnməsini istəmiş iddiaçının atası isə 1800 abş dolları verərək toyu gecikdərməməsini istəmişdir. Hamıya bəllidir ki, 2 mərtəbəli evin 1800 dollara təmir elətdirilməsi mümkün deyildir. Bu gün də evin yalnız bir otağı natamam təmirlidir və bununla bağlı şəkilləri təqdim etmişlər. Əslində Rəhiləyə ayrılan 10 sot torpaq sahəsinin giriş hissəsində hazırda Rəhilənin digər oğlunun yaşadığı bir neçə otaq 2004-cü ildən tikilmişdir, həmin evin işığı, suyu ilə bağlı kommunal müqavilələr də Cavabdeh1 adınadır. İddiaçı gəlin gəldikdən sonra isə sonradan tikilən 2 mərətəbəli evdə şərait olmadığına görə, demək olar ki, həyətdə olan həmin otaqlarda yaşamışlar. Hal-hazırda da ev təmirsiz və şəraitsizdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
10. İddiaçı ilə Cavabdeh2 2020-ci ilin yanvar ayında rəsmi nikaha daxil olsalar da, onların toy şənliyi 2019 cu ilin noyabr ayında baş tutmuşdur. Onların birgə nikahlarından 1 yetkinlik yaşına çatmayan uşaqları vardır. Tərəflər arasında bağlanmış nikah Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(009)-964/2022 saylı qətnaməsi ilə pozulmuş, uşağın ananın yanında saxlanması müəyyən edilmişdir.
11. Tərəflər nikaha daxil olduqdan sonra müəyyən müddət mübahisənin obyekti olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşamışlar. Cavabdeh1 həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsini 2004-cü il tarixdə aldığını və rayondakı evini satdıqdan sonra 2018-ci il tarixdə ev tikdiyini bildirir. Tikiliyə dair hüquq müəyyənedici sənəd olmasa da, torpaq sahəsi ilə bağlı Abşeron rayon X4 Cavabdeh1 0.10 ha torpaq sahəsinin ayrılmasına dair xx.xx.2004-cü il tarixli qərarı və torpaqların alqı-satqısına dair AKT-ı vardır. Həmin torpaq sahəsinin mübahisəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə üst-üstə düşməsinin müəyyən edilməsi ona görə mümkün olmamışdır ki, Bələdiyyə qərarı ilə ayrılmış torpaq sahəsinə dair kordinatlar və baza məlumatları mövcud deyildir.
12. İddiaçı rəsmi nikaha daxil olanadək, nişan mərasimindən sonra evin təmirində atasının iştirak etdiyini, konkret olaraq suvağın, döşəmənin vurulmasının, giriş və mətbəx qapısının alınmasının, sanitar qovşağın aksesuarlarının, unitazın və su qızdırıcının(kalonka) alınmasının X3 vəsaiti hesabına edildiyini və bununla bağlı təxminən 6500 manat vəsait xərcləndiyini iddia edir. Bununla bağlı iddiaçının atası X5 Cavabdeh2 qarşı pul tələbi ilə məhkəməyə müraciət etmiş və sonradan 3560 manat aldığına görə iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. İddiasını isə ona görə geri götürmüşdür ki, digər hissəyə dair əlində sübut olmamışdır.
13. Hazırda iddiaçı 2 əsasla, birincisi atasının xərclədiyi vəsaitin tamamının qaytarılmadığına, ikincisi ailəsi ilə birlikdə yaşadığı evin darısqal olduğuna görə iddiasının təmin edilməsini xahiş edir.
14. Tədqiq edilən fotoşəkillərdən müəyyən edilir ki, evin 1 otağı və sanitar qovşağı cuzi təmirlidir, digər hissələri təmirsizdir. Tətbiq edilən hüquq:
15. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin:
16. 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
17. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.
18. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Əsaslandırma:
19. Məhkəmə əvvəla qeyd edilməsini zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Belə ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən edilmiş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
20. Tələbin mahiyyətindən də görünür ki, iddiaçı mübahisəli evə istifadə hüququnun mövcudluğu qənaətindədir və himayəsində saxlanılan yetkinlik yaşına çatmayan uşağı ilə birlikdə həmin hüququn məhkəmə qaydasında tanınmasını tələb etməklə evə köçürülmək istəyir. Yəni iddiaçı istifadə hüququnun mövcudluğuna əsaslanaraq, köçürülməklə onun istifadəsi üçün törədilən maneənin aradan qalxması hüquqi nəticəsini arzulayır. İddiaçı da fərqindədir ki, istifadə və sahiblik hüququnun həyata keçirilməsini tələb etməyin hüquqi əsası əşya və ya məhdud əşya hüquqlarının mövcudluğundan irəli gəlir.
21. Lakin işin müəyyən edilmiş halları baxımından məhkəmə o qənaətə gəlir ki, mübahisəli evə dair hər hansı istifadə hüququnun yaranmasından, tanınmasından, saxlanmasından söhbət gedə bilməz. Çünki evə dair hər hansı hüquq müəyyənedici sənəd olmadığından faktiki olaraq özbaşına tikili statusundadır. Tərəflər arasında hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan Mənzil Məcəlləsinin 30.1-ci maddəsi isə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında olan münasibətləri tənzimləyir. Bu səbəbdən də özbaşına tikiliyə istifadə hüququnun tanınması barədə iddia tələbinin hüquqi əsası olmadığından rədd edilməlidir.
22. Bununla belə ev faktiki dəyər kimi mövcud olduğundan və faktiki olaraq cavabdehlərin sahibliyində və istifadəsində olmaqla yaşayış üçün istifadə edildiyindən bu cür tələblərə baxılması prosessual olaraq mümkündür və məhkəmə təcrübəsində mülki dövriyyənin predmeti olmayan fərdi yaşayış evlərinə köçürülmə tələbi qanunun anologiyası üzrə əmlakdan istifadə üçün hüquqi əsasın mövcudluğu ehtimalına əslanmaqla həll edilir.
23. Bunun üçün əvvəla evin alınmasında, yaşayış üçün yararlı hala gətirilməsində, təmirində evə köçürülmək istəyən şəxsin iştirak edib-etməməsi məsələsi aydınlaşdırılmalıdır ki, onun həmin tikiliyə münasibətdə əmlak(iqtisadi) marağı olduğu təsdiq olunsun.
24. Lakin işin müəyyən edilmiş mübahisəsiz hallarından aydın olduğu kimi iddiaçının evin tikilməsində, təmirində nə özünün şəxsi, nə də ər-arvadın birgə vəsaiti hesabına iştirakı olmamışdır. Belə ki, qeyd edilən fərdi yaşayış evi tikilərkən iddiaçı ilə Cavabdeh2 nikahda olmamışdır. İddiaçı tərəfin tələbinin əsası kimi istinad etdiyi hal isə ondan ibarət olmuşdur ki, tərəflər rəsmi nikaha daxil olanadək onun atası X1 Vasif Əmirguli oğluna pul vermiş və sanitar qovşağı üçün avadanlıqlar almışdır. Göründüyü kimi iddiaçının evə köçürülməklə bağlı dəlillərinin əsası yoxdur.
25. İddiaçının atasının nikaha qədər evin təmirinə xərclədiyi vəsaitə münasibətdə isə qeyd edilməlidir ki, həmin məbləğ əsassız varlanma qaydasında tələb edilə bilərdi və necə ki, iddiaçının atası bu barədə tələb irəli sürmüş və digər hissədə sübutu olmadığına görə 3560 manatı geri almaqla iddiasını geri götürmüşdür. Bununla belə Cavabdeh1 sanitar qovşağının aksesuarlarının və kalonkanın iddiaçının atası tərəfindən götürülməsinə etiraz etmir. Tətbiq edilən prosessual normalar:
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
27. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “istifadə hüququnun tanınması və evə köçürülmə” tələbinə dair iddiası rədd edilməli və ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
28. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “istifadə hüququnun tanınması və evə köçürülmə” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev