Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6015/2020 12.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yetkinlik yaşına çatmayan uşaqları – X2 və X4 ilə birlikdə Bakı şəhəri, Binəqədi qəsəbəsi, Mədən 3, korpus 145, 54 saylı evə istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul etməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvandakı yaşayış evi onun sahibliyindədir. Həmin ünvanda qeydiyyatda olmaqla yaşayır. xx.xx.2020-ci il tarixdə cavabdehlərin anası ilə aralarındakı podrat müqaviləsinə əsasən ev ona təhvil verilmişdir. Cavabdehlərin anası Qönçə Hüseynzadə evdən qeydiyyatdan çıxma öhdəliyini yerinə yetirsə də, cavabdehlər notariat qaydasında üzərlərinə götürdükləri öhdəliyi yerinə yetirmirlər. Bir ay müddət başa çatsa da, cavabdehlər onun qanuni istifadəsində və sahibliyində olan fərdi yaşayış evində formal olaraq qeydiyyatda qalmaqdadırlar. Cavabdehlərdən qeydiyyatdan çıxmağı tələb etdikdə isə onlar qeydiyyata düşməyə başqa yerlərinin olmamasını bəhanə gətirirlər. Qeyd olunanlara əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yetkinlik yaşına çatmayan uşaqları – X2 və X4 ilə birlikdə Bakı şəhəri, Binəqədi qəsəbəsi, Mədən 3, korpus 145, 54 saylı evə istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul etməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ərizə verərək, iddia tələbini qəbul etdiklərini, ünvan 1 ünvandakı yaşayış evinə olan istifadə hüquqlarının itirilməsinə etiraz etmədiklərini bildirmişlər. Məhkəmə iddiaçının və cavabdehlərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan xx xxxxxxxx 2020-ci il tarixli podrat müqaviləsinin surətindən görünür ki, Hüseynova Qönçə Məmmədəli qızı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü Mədən, 145-ci Korpus, 54 saylı fərdi yaşayış evini yaşayış üçün hazır vəziyyətdə İddiaçı təhvil verməyi, sifarişçi isə həmin fərdi yaşayış evini qəbul edərək müqavilə üzrə müəyyən edilmiş məbləği ödəməyi öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan Cavabdeh2 notarial qaydada təsdiq edilmiş xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, o, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evindən bir ay ərzində pasport qeydiyyatından çıxmağı öz öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan Cavabdeh1 notarial qaydada təsdiq edilmiş xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, o, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evindən bir ay ərzində pasport qeydiyyatından çıxmağı öz öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü Mədən, Korpus 145, 54 saylı evdə Cavabdeh2, X4, X3 və Cavabdeh1 daimi qeydiyyatdadırlar. Mülki işin materiallarından mübahisəsiz qaydada görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü Mədən, 145-ci Korpus, 54 saylı ünvanında yerləşən tikili xüsusi mülkiyyətdə deyil, evin və onun yerləşdiyi tikintialtı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə sənədlər məhkəməyə təqdim edilməmişdir. İddiaçı cavabdehlərin həmin evdən istifadə hüququnun itirilməsi barədə tələb irəli sürmüşdür. Mülki məhkəmə icraatının vəzifələrini təsbit edən MPM-in 2-ci maddəsində müəyyən olunmuşdur ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə, qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Göründüyü kimi, bu maddələrdə fiziki və hüquqi şəxslərin hər cür mənafe və maraqlarının müdafiəsindən deyil, qanunlardan və digər normativ-hüquqi aktlardan irəli gələn, başqa sözlə, qanunla qorunan mənafe və maraqlardan bəhs olunur. Bu baxımdan qeyd etmək lazımdır ki, fiziki və hüquqi şəxslərin subyektiv hüquqları normativ hüquqi aktlarda (obyektiv hüquqda) ifadə olunmaqla, hüquq münasibətlərində səlahiyyətə çevrilir. Subyektiv hüquqa malik olan şəxslər bu hüquqa qarşı vəzifə daşıyan şəxslərdən müəyyən hərəkətləri etməyi tələb etmək səlahiyyətinə malik olur. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla eyni zamanda digər hüquq və azadlıqların təminatı kimi çıxış edir. Yalnız məhkəməyə müraciət etmək hüququ ilə kifayətlənməyərək, bu hüquq, həmçinin pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nizamlanmış hədlər çərçivəsində səmərəli bərpa etməklə ədalət mühakiməsini də nəzərdə tutur. Vurğulanmalıdır ki, adətən, mənzildə, evdə və s. müvafiq yerlərdə yaşamaq hüququ kimi göstərilən yaşayış sahəsindən istifadə etmək hüququ mənzil hüququnun bir elementi qismində çıxış edir. Mənzil hüququ əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi kateqoriyalı vətəndaşlar üçün isə növbədənkənar) və normalar üzrə dövlət mənzil fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyətçidən razılaşdırılmış şərtlərlə (kirayə, əvəzsiz istifadə və s.) götürülməsi və ya əvəzli (alqı-satqı, dəyişmə və s. üzrə) və yaxud əvəzsiz (miras, bağışlama və s. üzrə) əldə edilməsi yolları ilə təmin olunur. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil qanunvericiliyinin və mülki qanunvericiliyin müddəalarında nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur. İşin müəyyən edilmiş faktiki hallarından göründüyü kimi, İddiaçı cavabdehlərin istifadə hüququnun itirilməsini tələb etdiyi ev Mülki Məcəllənin 180.1-ci maddəsinin tələblərinə görə özbaşına tikinti hesab edilir. Belə ki, Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. İddiaçı tərəfindən mübahisəli evin qanunla müəyyən olunmuş qaydada əldə edilməsi, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və ya evin tikintisi üçün lazımi icazələrin alınması barədə sübutlar təqdim edilmədiyini, tələbin əsaslı hesab edilməsi üçün tərəflərin mübahisəli ev üzərində dövlət tərəfindən tanınan hüquqlara malik olmadıqlarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının hazırki tələbinin qanuni əsası yoxdur və bu səbəbdən iddia təmin edilə bilməz. Başqa sözlə, iddiaçı cavabdehlərin mövcud olmayan hüquqlarının itirilmiş hesab edilməsini tələb edə bilməz. Yəni, mövcud olmayan hüququn itirilmiş hesab edilməsi, habelə onun müdafiəsi və realizəsi mümkün deyildir. Məhkəmə eyni zamanda nəzərə alır ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 mübahisəli evə olan yaşayış yeri üzrə qeydiyyatı evdən istifadə hüququ əldə etməsi kimi qəbul edilə bilməz. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanunun 1-ci maddəsinin birinci hissəsində yaşayış yeri üzrə qeydiyyatın konkret məqsədləri müəyyən edilmişdir: - ölkədə yaşayan şəxsləri qeydiyyata almaq, - onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi üçün zəruri şərait yaratmaq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi üçün zəruri şərait yaratmaq. Həmin qanunun 1-ci maddəsinin ikinci hissəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Azərbaycan Respublikasının qanunvericiliyində isə yalnız qeydiyyat amilinin yaşayış sahəsindən istifadə hüququ yaratması müəyyən edilməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi xx.xx.2009-cu il tarixli qərarında şəxsin mənzilə mülkiyyətçinin şifahi razılığı əsasında köçməsinə, həmin mənzilə qeydiyyata düşməsinə əsaslanaraq mənzilə istifadə hüququ əldə etməsi barədə birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldiyi qənaəti Konstitusiya Məhkəməsi Plenumunun əvvəlki qərarlarına zidd hesab etmiş və bu halın mülkiyyətçinin Konstitusiyanın 13 və 29-cu maddələrində, Mülki Məcəllənin 152.1-ci maddəsində təsbit olunmuş mülkiyyət hüququnun pozuntusu kimi qiymətləndirmişdir. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbi barədə iddiası təmin edilməməlidir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yetkinlik yaşına çatmayan uşaqları – X2 və X4 istifadə hüququna malik olmadığı halda mübahisəli evdə qeydiyyatda qalmaqda davam etmələri iddiaçının hüquqlarının pozuntusunu yaradan hal kimi qiymətləndirilə bilər. Məhkəmənin qənaətinə görə, hazırki qətnamədə məhkəmənin gəldiyi nəticə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yetkinlik yaşına çatmayan uşaqları – X2 və X1 mübahisəli evdən qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edə bilər. Buna görə də iddiaçı qanuni qüvvəsini almış qətnamə ilə cavabdehlərin mənzildən qeydiyyatdan çıxarılması ilə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, daha sonra ehtiyac yaranarsa həmin orqanın hərəkət və ya hərəkətsizliyi ilə bağlı məsələləri mübahisələndirə bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Həmçinin qeyd edilməlidir ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən iddianın təmin edilməməsi nəzərə alınaraq məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə nəzərə almışdır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Bu mənada məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbi barədə iddiası təmin edilməsin. Qətnamə cavabdehlər Cavabdeh1 və Cavabdeh2, yetkinlik yaşına çatmayan uşaqları – X2 və X4 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 3, korpus 145, 54 saylı fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması üçün əsasdır. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-6015/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6015/2020
12.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver