Məhkəmə qərarları › İş №2(001)-6045/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-6045/2021

30.07.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-6045/2021 30.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəbizadə Nigar Xeyrulla qızı, İddiaçı Cavabdeh qarşı alqı-satqı edilmiş mənzildə qeydiyyatda qalan şəxslərin həmin mənzildən qeydiyyatdan çıxarılması tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdırıb, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı alqı-satqı edilmiş mənzildə qeydiyyatda qalan şəxslərin həmin mənzildən qeydiyyatdan çıxarılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin həmin Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdırıb hesab edirəm ki, ərizə tələbin məhkəmədə baxılmalı olmaması əsası ilə yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli ünvanda faktiki olaraq bir fərdi yaşayış evi yerləşir, digər tikililər mövcud deyil, mövcud olmayan tikililərə cavabdehlərin mülkiyyət hüquqlarının qeyd edilməsi isə əsassız və qanunsuzdur. Hesab edirəm ki, hazırkı iddia tələbinə ümumi məhkəmədə baxıla bilməz. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə görə, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan qanunda göstərilən hallarda çıxarılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təstiq edilməsi barədə Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 1999-cu il tarixli 244 saylı Fərmanının 2-ci bəndinə əsasən, «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini öz səlahiyyətləri hüdudlarında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və onun müvafiq qurumları (qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbələri) həyata keçirirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə müvafiq olaraq, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Beləliklə, şərh olunanlara və yuxarıda göstərilən qanunvericilik aktları normalarına əsasən hesab edirəm ki, iddiaçı tərəfindən irəli sürülmüş tələb üzrə hazırkı işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığı üçün ərizənin yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı alqı-satqı edilmiş mənzildə qeydiyyatda qalan şəxslərin həmin mənzildən qeydiyyatdan çıxarılması tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. İddiaçıya izah edilsin ki, cavabdehin qeydiyyatdan çıxarılması ilə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət edə bilər. Qərardaddan tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar