Məhkəmə qərarları › İş №2(001)-606/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-606/2021

08.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-606/2021 08.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Günəş Yusif qızının katibliyi, İddiaçı İddiaçı, Cavabdeh Cavabdeh1, Cavabdeh Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər xxxxxx, Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilməsi” tələbinə dair ilkin, xxxxxx və Cavabdeh1 İddiaçı qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər xxxxxx qızına, Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilməsi”nə dair ilkin iddia tələbi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin və azyaşlılar 19.09.2005-ci il təvəllüdlü X3, 20.02.2009-cu il təvəllüdlü X7 və 26.09.2007-ci il təvəllüdlü X21 oğlunun ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, mübahisəli mənzil daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyatdan keçirilərək 16.09.2010-cu il tarixdə onun adına MA ******* seriyalı Çıxarış verilmişdir. Cavabdehlər uzun illər öncə daimi yaşamaq üçün başqa ünvana getmiş, mənzildə onlara aid heç bir əşya və əmlak qalmamışdır. Lakin uzun müddət keçməsinə baxmayaraq cavabdehlər qeydiyyatdan çıxmamış, formal pasport qeydiyyatı hələ də qalmaqdadır. Cavabdehlərin həmin ünvanla heç bir əlaqələri yoxdur və hər üçünün evləri, yaşayış yerləri vardır. 08.10.2020-ci il tarixdə X1 xxxx oğluna qarşı “mənzilə istifadə hüquqlarının tanınması”na dair qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək, onun və yetkinlik yaşına çatmayan qızı X12 ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu, 8 mkr, Heydər Hüseynov küçəsi, 13 saylı evin 61 saylı mənzilinə istifadə hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmiş və qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, atası X5 ilə anası X10 1972-ci ildə ailə qurmuşlar və mübahisəli mənzil də həmin ildə alınmışdır. Onlar 4 uşaq olmaqla hamısı eyni ünvanda doğulub boya başa çatmış, həmin ünvanda qeydiyyatdadırlar. Hələ ataları sağ ikən 2010-2011-ci illərdə onların razılığı ilə evi qardaşları İddiaçı adına bağışlamışdır. Atası onlara bildirmişdir ki, həmin evdə onlarında payı var. Sadəcə o vəfat etdikdən sonra vərəsəlik qaydasında evin gələcəkdə sənədləşmə işində problem olmasın deyə belə etmişlər. Qardaşı onların da payını verəcək. Bu səbəbdən də onlar bu məsələyə əhəmiyyət verməmişlər. 2003-cü ildə Cavabdeh1, 2004-cü ildə Məmmədova Hüsniyyə, 2007-ci ildə Cavabdeh2, 2011-ci ildə Məmədov Fuad ailə qurmuşlar. Hüsniyyə Məmmədova 2004-cü ildə nikaha daxil olsa da, qısa zamanda ayrılmış və ayrıldıqdan sonra faktiki olaraq, anası ilə birlikdə mübahisəli mənzildə yaşamış, övladı da həmin mənzildə anadan olmuşdur. Ataları 2013-cü ildə, anaları isə 2020-ci ilin avqust ayında vəfat etmişdir. Anaları vəfat etdikdən sonra İddiaçı evə gələrək, orada daimi yaşayan Hüsniyyə Məmmədovanın yetkinlik yaşına çatmayan gözdən əlil olan qızı ilə birlikdə evi tərk etməsini tələb etmiş, mənzilin ona məxsus olduğunu bildirmişdir. H.Məmmədova həmin evdə anadan olmuş, fasiləsiz olaraq ailə üzvləri ilə, sonda isə anası ilə birlikdə yaşamış, başqa yaşayış yeri yoxdur. Yetkinlik yaşına çatmayan qızı da həmin ünvanda anadan olandan yaşayır. Bununla da onun və qızının həmin mənzildə doğulan gündən istifadə hüququ yaranmışdır. Bu səbəbdən də həmin mənzilə istifadə hüquqlarının tanınmasına dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 08.10.2020-ci il tarixdə Cavabdeh1 İddiaçı qarşı “mənzilə istifadə hüquqlarının tanınması”na dair qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək, onun və yetkinlik yaşına çatmayan uşaqları X13 və X14 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, 8 mkr, Heydər Hüseynov küçəsi, 13 saylı evin 61 saylı mənzilinə istifadə hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmiş və qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, atası X5 ilə anası X10 1972-ci ildə ailə qurmuşlar və mübahisəli mənzildə həmin ildə alınmışdır. Onlar 4 uşaq olmaqla hamısı eyni ünvanda doğulub boya başa çatmış, həmin ünvanda qeydiyyatdadırlar. Hələ ataları sağ ikən 2010-2011-ci illərdə onların razılığı ilə evi qardaşları İddiaçı adına bağışlamışdır. Atası onlara bildirmişdir ki, həmin evdə onlarında payı var. Sadəcə o vəfat etdikdən sonra vərəsəlik qaydasında evin gələcəkdə sənədləşmə işində problem olmasın deyə belə etmişlər. Qardaşı onlarında payını verəcək. Bu səbəbdən də onlar bu məsələyə əhəmiyyət verməmişlər. 2003-cü ildə o, ailə qurduqdan sonra bu evdə də yaşamış, övladları bu evdə doğulmuş, həmin evdə də qeydiyyatdadırlar. 2020-ci ilin avqust ayında anaları vəfat etdikdən sonra İddiaçı evə gələrək ona və bacısı Hüsniyyəyə maneələr törətməyə başlamışdır. Bacısı həmin mənzildə daimi yaşasa da o, həmin mənzilə hərdən gəlib gedir. Müvəqqəti olaraq baldızının evində yaşayır. Onun və uşaqlarının doğulan gündən həmin mənzilə istifadə hüquqları yarandığından həmin mənzilə istifadə hüquqlarının tanınmasına dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 11.11.2020-ci il tarixdə İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşməsinə dair ərizə ünvanlayaraq, cavabdehlərin ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə kompensasiya ödənilmədən istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 05.07.2021-ci il tarixdə İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşməsinə dair ərizə ünvanlayaraq, cavabdehlərdən yalnız ünvan 1 ünvanında yerləşən yaşayış sahəsində yaşayan X4 2000 (iki min) manat kompensasiya ödənilməklə, cavabdehlərin istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək, ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələblərinin isə rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 (həmçinin Hüsniyyə Məmmədovanın nümayəndəsi qismində) ilkin iddia tələbini qəbul etməyək, ilkin iddianın rədd, qarşılıqlı iddia ərizələrinin isə təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 məhkəməyə ərizə ünvanlayaraq ilkin iddia tələbini qəbul etdiyini, tələbin ona münasibətdə təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, ilkin iddia tələbi təmin edilməli, qarşılıqlı iddia tələbləri isə rədd edilməlidir. Belə ki, Məhkəmə kompensasiya ödənilməklə yaşayış evinin tərkib hissəsindən istifadə hüququna xitam verilməsi ilə bağlı ilk öncə qeyd etməyi zəruri hesab edir ki, kompensasiya məbləği mülkiyyətçinin malik olduğu evin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməli və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində istifadə olunan “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mülkiyyətin dəyərinə münasibətdə deyil, davamlı surətdə başqa mənzildə yaşamağı davam etdirmək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Kompensasiya ödənilməklə yaşayış evinin tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləğinin müəyyən edilməsində işin konkret xüsusiyyətləri, özünəməxsusluğunu şərtləndirən müxtəlif meyarlar nəzərə alınmalıdır. Bunun üçün yaranmış mübahisə üzrə tam, hərtərəfli araşdırma aparılmalı, tərəflər ətraflı dinlənilməli və aşağıdakılar barədə nəticə çıxarmağa çalışmalıdır: - evin kimin mülkiyyətində olması və evə mülkiyyət hüququnun tək bir nəfərə və ya paylı mülkiyyətçilərə mənsub olması; - evdən istifadə etmək hüququ olan şəxslərin sayı, onların mülkiyyətçi və kompensasiya ödənilən şəxslə münasibətləri; - kompensasiya ödənilən şəxsin istifadə hüququna xitam verildikdə onun evdən tək və ya başqaları ilə birlikdə çıxması (məsələn, azyaşlı uşaqları ilə); - istifadə hüququnun yaranma müddəti, kompensasiya ödənilən şəxsin həmin hüquqdan hansı müddət ərzində istifadə etməsi; - yaşayış sahəsinin yerləşdiyi ərazi və yaşayış sahəsinin yerləşdiyi ərazidə bir otaqlı mənzildə və ya kompensasiya təklif olunan şəxsin yaşadığı şəraitə uyğun mənzildə kirayə haqqının məbləği; - kompensasiya təklif edənin və təklif olunan şəxsin maddi imkanları; - kompensasiya müəyyən edilərkən bir mənzildə yaşamağın mümkün olmamasının səbəbləri (məsələn, kompensasiya ödənilən şəxsin ailə münasibətlərinə yaraşmayan hərəkətə yol verməsi); Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd olunanlar müəyyənləşdirildikdən sonra həmin meyarların kompensasiyanın məbləğinə təsiri nəzərə alınmaqla kompensasiya təklif edənin təklif etdiyi məbləğin istifadə hüququnun itirilməsi üçün yetərli olub-olmaması həll edilməlidir. İş materiallarına əlavə edilmiş: - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş MA seriyalı, ******* nömrəli Çıxarışa əsasən, ünvan 2 İddiaçı xüsusi mülkiyyətindədir və bu hüquq ona 16.09.2010-cu ildə verilmişdir. - yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, cavabdehlər X9, Cavabdeh1, Cavabdeh2, 19.09.2005-ci il təvəllüdlü X12, 20.02.2009-cu il təvəllüdlü X14 və 26.09.2007-ci il təvəllüdlü X13 ünvan 2 ünvanında qeydiyyatdadırlar. - Kooperativ binada mənzil tikintisi üçün Müqavilədən və maliyyə arayışından məlum olur ki, X9 02.02.2011-ci ildə "xxxx" MMC-dən ümumi sahəsi 50 m2 olan 1 otaqlı mənzili almış və 20.000 (iyirmi min) manat məbləğində pul ödəmişdir. - kommunal ödənişlərə dair abonent saldolarından müəyyən edilir ki, ünvan 3 ünvanında dair mənzil sahibi Cavabdeh1 ilə müvafiq müqavilələr bağlanmışdır. - "xxxx" MMC tərəfindən verilmiş 15.04.2021-ci il tarixli QXM 381/M saylı qiymətləndirici mütəxəssis rəyindən məlum olur ki, Bakı şəhəri, Binəqədi rayonu, H.Hüseynov küçəsi, ev 13, 61 saylı mənzilinin ilkin satış (likvid) qiyməti 70.000 (yetmiş min) manat, orta aylıq kirayə haqqı 300 (üç yüz) – 350 (üç yüz əlli) manat arası təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, “eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən, yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. İlk növbədə xüsusilə qeyd olunmalıdır ki, mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququ müxtəlif hüquqi kateqoriyalardır. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Məhkəmə qeyd edilən maddi hüquq normalarını və Konstitusiya Məhkəməsi Plenumunun qərarının müddəlarını nəzərə alaraq qeyd etməyi zəruri hesab edir ki, mülkiyyət hüququ və istifadə hüququ qanunla qorunan hüquqdur. Mülkiyyət hüququ qanunla nəzərdə tutulmuş qaydada şəxsin öz əmlakından istədiyi kimi sahiblik, istifadə və sərəncam vermək hüququnu ehtiva edir. Fərdi yaşayış evindən istifadə hüququ həmin mənzildən istifadə etməyi özündə ehtiva edir və bu hüquq istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan qanunla qorunur. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında tərəflər arasında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Hazırkı mülki iş materiallarından və tərəflərin verdiyi izahatdan da müəyyən edilir ki, mübahisə predmeti təşkil edən mənzil İddiaçı mülkiyyətindədir və tərəflərin birgə yaşaması mümkün deyildir. Məhkəmə hesab edir ki, Hüsniyyə Məmmədovaya 2.000 (iki min) manat məbləğində kompensasiya verilməklə cavabdeh X2 istifadə hüquqlarına xitam verilməsi əsaslı və ədalətlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, cavabdeh H.Məmmədova kooperativ binada 02.02.2011-ci ildə "xxxx" MMC-dən ümumi sahəsi 50 m2 olan 1 otaqlı mənzili almışdır. Həmçinin iddiaçının 2000 manat kompensasiya təklif etməsi də cavabdehin əlavə olaraq maddi rifahının yaxşılaşdırılmasına qulluq etdiyindən, iddiaçının cavabdeh H.Məmmədovaya münasibətdə iddia tələbinin təmin olunması məqsədəuyğundur. Məhkəmə iş materiallarını, tərəflərin izahatlarını yuxarıda qeyd olunan maddi hüquq normalarına uyğun hüquqi dəyərləndirmə apararaq hesab edir ki, kompensasiya ödənilməklə yaşayış evinin tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləğinin müəyyən edilməsində işin konkret xüsusiyyətləri, özünəməxsusluğunu şərtləndirən müxtəlif meyarlar, yaşayış sahəsinin yerləşdiyi ərazi və yaşayış sahəsinin yerləşdiyi ərazidə bir otaqlı mənzildə və ya kompensasiya təklif olunan şəxslərin yaşadığı şəraitə uyğun mənzildə kirayə haqqının məbləği; kompensasiya təklif edənin və təklif olunan şəxslərin maddi imkanları; kompensasiya müəyyən edilərkən bir mənzildə yaşamağın mümkün olmamasının səbəbləri məsələn, mülkiyyətçinin hüquqlarının müdafiə olunması nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə iddiaçı tərəfindən təklif edilən məbləğin ədalətli olmasını nəzərə alaraq, hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməlidir. Həmçinin məhkəmə 19.09.2005-ci il təvəllüdlü X6 münasibətdə hesab edir ki, onun da istifadə hüququna xitam verilməlidir. Belə ki, yetkinlik yaşına çatmamış şəxslərin yaşayış yeri valideyinlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. Ona görə də məhkəmə hesab edir ki, hazırki halda cavabdeh X3 yaşayış yeri onun valideyinin yaşayış yeri ilə müəyyən edilir. Məhkəmə iddia tələbini Cavabdeh1 münasibətdə araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməlidir. Belə ki, Məhkəmə cavabdehin mübahisəli mənzildə yaşamaması səbəblərini araşdıraraq hesab edir ki, cavabdehin uzun bir müddət ərzində mübahisəli mənzildə yaşamaması hər hansı bir üzrlü səbəblərlə əlaqədar olmayıb, onun daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçməsi ilə əlaqədardır. Ona görə ki, işin materialları ilə mübahisəsiz şəkildə təsdiq olunur ki, Cavabdeh1 ailə həyatı qurduqdan sonra mübahisəli mənzildən köçüb getmiş və daimi başqa yaşayış yeri seçməklə, mübahisəli mənzillə əlaqələrini kəsmişdir. Odur ki, cavabdehin uzun bir müddət ərzində mübahisəli mənzildə yaşamaması hər hansı üzrlü səbəblə əlaqədar ola bilməz. Buna görə də cavabdehin mübahisəli mənzilə istifadə hüququ itirilmiş hesab edilməlidir. Belə ki, Azərbaycan Respubikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Akimovanın Azərbaycana qarşı işində “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən edən Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı olmamaqla əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Avropa Məhkəməsi istinad edilən işində bir daha xatırlarmışdır ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolunun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncu qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncu qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir. Göründüyü kimi, Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və digər normativ hüquqi aktları ilə yanaşı Beynəlxalq Konvensiyalar da mülkiyyət hüququna həddindən artıq əhəmiyyət verirlər. Məhkəmə qeyd edir ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında Mülki Məcəllədə “istifadə” sözünün mahiyyətcə müxtəlif institutlarla bağlı müddəalarda geniş şəkildə işlədilməsini qeyd edərək, “istifadə hüququ” ifadəsinin əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə etdiyini göstərmişdir. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Bu hüququn hansı növ məhdud əşya hüququ olduğunun müəyyən edilməsi məsələsinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan hüquq mahiyyət etibarilə servitutdur. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə, servitut bir qayda olaraq daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman, servitut sahibi öz mülkiyyətində olan daşınmaz əşyasından başqa daşınmaz əşyanın servitutla yüklü hala gəlməsi hesabına istifadə etməkdə güzəşt və üstün imkanlara malik olur (Mülki Məcəllənin 255.1 və 255.6-cı maddələri). Bunun tək istisnası, Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutdur. Mülki Məcəllənin 255.8-ci maddəsinin məzmununa görə, servitut, başqasının mülkiyyətində olan yaşayış evinin bir hissəsinin və ya hamısının müəyyən bir şəxsin xeyrinə yüklü edilməsi yolu ilə də yarana bilər və bu zaman servitut sahibi həmin evdən özü və ailəsi üçün yaşayış sahəsi kimi istifadə edə bilər. Şəxsi servitut, istər yaranma şərtləri, istər üçüncü şəxslərə qarşı irəli sürülmə, istərsə də özgəninkiləşdirilməsinin yolverilməzliyi və s. bu kimi xüsusiyyətləri baxımından daşınmaz əşyanın mülkiyyətçisi xeyrinə olan servitutlardan fərqlənmir. Şəxsi servitut müəyyən şəxsin mövcud maraqlarından irəli gələn real ehtiyacını qarşılamaq məqsədilə təsis olunur və başqa şəxslərə verilmir. Şəxsi servitut müqavilə azadlığı və mülkiyyət hüququnun predmeti barəsində mülkiyyətçinin sərbəst sərəncam vermə azadlığına sahib olması nöqteyi-nəzərindən yalnız mülkiyyətçinin ailə üzvləri üçün deyil, istənilən fiziki şəxslər üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan qaydalar çərçivəsində təsis edilə bilər. Bu maddələrə əsasən, əldə olunan istifadə hüququ öz sahibinə yalnız aid olduğu yaşayış sahəsindən şəxsi ehtiyacını qarşılamaq imkanını təmin edir (yaşayış sahəsindən fayda götürmək, yəni əvəzli olaraq başqalarının istifadəsinə vermək imkanını təmin etmir). Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Bu hüquq başqa şəxslərə özgəninkiləşdirilə bilməz və vərəsəlik qaydasında vərəsələrə keçmir. Qeyd olunan xüsusiyyətlər onu göstərir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan "istifadə hüququ" Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutla eyni hüquqi mahiyyətə malikdir. Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin "Servituta xitam verilməsi" adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Belə ki, qanunun analogiya üzrə tətbiqi zamanı hüquq münasibətləri arasında əhəmiyyətli oxşarlıq olmalıdır. Məhz bu cür əhəmiyyətli oxşarlıq (eynicinslik) həmin münasibətlərdən birini tənzimləyən hüquq normasının analogiya üzrə digər münasibətlərə də tətbiqini mümkün edir. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Məhkəmə hesab edir ki, cavabdehin Bakı şəhəri Binəqədi rayonu, 8 mkr, H.Hüseynov küçəsi, 13 saylı evin, 61 saylı mənzilə hər hansı bir hüquqları mövcud olmadığından və bu hal iddiaçının mənzilə olan mülkiyyət hüququnu məhdudlaşdıran hal olduğundan, həmçinin cavabdehin hazırda özünə məxsus yaşayış sahəsi olduğundan iddia tələbi əsaslıdır. Ona görə də cavabdehin istifadə hüquqlarına xitam verilməlidir. Həmçinin 20.02.2009-cu il təvəllüdlü X7 və 26.09.2007-ci il təvəllüdlü X21 oğlunun yaşayış yerləri onların valideyinin yaşayış yeri ilə müəyyən edildiyindən onların da istifadə hüquqlarına xitam verilməlidir. Məhkəmə Cavabdeh2 iddia tələbini qəbul etdiyini nəzərə alaraq, hesab edir ki, ona münasibətdə də iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin: -191.1-ci maddəsinə əsasən iddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. -191.3-ci maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, ilkin iddia tələbi cavabdehlərə münasibətdə təmin edildiyindən, cavabdehlər X2 və Cavabdeh1 qarşılıqlı iddia tələbləri təmin edilməməlidir. Beləliklə, məhkəmə hesab edir ki, ilkin iddia tələbi təmin edilməli, İddiaçı tərəfindən Məmmədova (Qasımova) Hüsniyyə Faiq qızına 2000 (iki min) manat məbləğində kompensasiya ödənilməklə, digər cavabdehlər Cavabdeh1, Cavabdeh2, 19.09.2005-ci il təvəllüdlü X3, 20.02.2009-cu il təvəllüdlü X7 və 26.09.2007-ci il təvəllüdlü X8 isə kompensasiya ödənilmədən Bakı şəhəri, Binəqədi rayonu, H.Hüseynov küçəsi, ev 13, 61 saylı mənzildən istifadə hüquqlarına xitam verilməli və cavabdehlərə məxsus cehiz əşyaları mənzildən çıxarılmalı, X4 pul kompensasiyasının ödənilməsi ilə cavabdehin mənzildən istifadə hüquqlarına xitam verilməsi eyni vaxtda icra olunmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İlkin iddia tələbi təmin edilsin. İddiaçı tərəfindən X4 2000 (iki min) manat məbləğində kompensasiya ödənilməklə, Bakı şəhəri, Binəqədi rayonu, 8 mkr, H.Hüseynov küçəsi, 13 saylı evin, 61 saylı mənzilindən X2 istifadə hüququna xitam verilsin. İddiaçı tərəfindən X4 2000 (iki min) manat məbləğində kompensasiya verilməsi və xx.xx.1973-cü il təvəllüdlü X2 Bakı şəhəri Binəqədi rayonu, 8 mkr, H.Hüseynov küçəsi, 13 saylı evin, 61 saylı mənzilindən istifadə hüququna xitam verilməsi eyni vaxtda icra edilsin. xx.xx.1977-ci il təvəllüdlü Cavabdeh1, xx.xx.1978-ci il təvəllüdlü Cavabdeh2, 19.09.2005ci il təvəllüdlü X3, 20.02.2009-cu il təvəllüdlü X7 və 26.09.2007-ci il təvəllüdlü X8 Bakı şəhəri Binəqədi rayonu, 8 mkr, H.Hüseynov küçəsi, 13 saylı evin, 61 saylı mənzilindən istifadə hüquqları itirilmiş hesab edilsin. Qarşılıqlı iddia tələbləri təmin edilməsin. Ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar