Məhkəmə qərarları › İş №2(001)-607/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-607/2023

24.01.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-607/2023 24.01.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Rəhimov Elçin Əli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiası ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 ünvan 1 mənzilindən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanındakı mənzil xx.xx.2014-cü il tarixdən onun xüsusi mülkiyyətindədir. Buna bamayaraq, Cavabdeh günahı üzündən mənzil üzərindəki sahib olmaq, istifadə etmək və sərəncam vermək hüquqlarını tam həyata keçirə bilmir. Belə ki, Cavabdeh mənzili kirayə vermişdir. Halhazırda mənzildən çıxmasını xahiş etsə də, o qətiyyətlə mənzildən çıxmağa etiraz edir. İstənilən yerə şikayət edə biləcəyini və mənzildən çıxmayacağını bildirir. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclasında iddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, özü bağda yaşamışdır. Şəhərdəki evini təmir etdirib ora köçmək niyyəti olmuşdur. 2018-ci ildə evini yandırdıqlarından, ora köçə bilməmiş, evini 100 manata kirayə vermişdir. 3 otaqlı evdir və otaqların birində cavabdeh yaşayır. Evini kirayə verdiyi şəxs mənzildən çıxmış, əvəzinə başqa şəxsi evə kirayəçi kimi salmışdır. Hazırki cavabdehin evinə nə vaxt gəlməsi ona məlum deyil. Cavabdeh ona sentyabr ayına kimi 50-100 manat olmaqla ödənişlər etsə də, 2022-ci ilin sentyabr ayından etibarən evə görə ona hər hansı ödəniş etməmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmişdir.

5. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışının notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, ünvan 2 ünvanında fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyatdan keçmişdir;

7. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ******* №-li arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Ünvanda ondan başqa qeydiyyatda heç kəs yoxdur.

8. İddiaçı tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində iddia qaldırılması üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir; Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

9. ünvan 1 ünvanında fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur.

10. İddiaçı faktiki olaraq isə həmin mənzildə yaşamır. Bu səbəbdən 3 otaqlı mənzilin otaqlarını 100 manatdan kirayə qalmaq üçün kirayə vermişdir.

11. Hazırda sonuncu kirayəçi olan cavabdeh mənzildə yaşasa da, mənzilə görə iddiaçıya kirayə haqqı ödəmədən, qanunsuz olaraq əmlakında məskunlaşmışdır. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

12. Azərbaycan Respublikası Konstitusiyasının:

13. 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur;

14. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

16. 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

17. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

18. 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).

19. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır;

20. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər;

21. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın;

22. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

23. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

24. Mülkiyyət hüququ insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur.

25. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun “Mülkiyyətin müdafiəsi” haqqında 1-ci maddəsinin birinci bəndində qeyd olunur ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

26. "Marks Belçikaya qarşı" işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir.

27. "Mançini İtaliyaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir.

28. Beləliklə, məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında daşınmaz əmlakdan istifadə ilə bağlı hər-hansı kirayə müqaviləsi yoxdur. Əvvəllər mövcud olmuş olsa belə, hazırda cavabdehin əşyaya faktiki sahibliyinin hüquqi əsası müəyyən edilmir. Odur ki, iddiaçının iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir.

29. Maddənin məzmununa görə tələbin qanuni əsasının 3 dispozisiya şərti var. Birincisi iddiaçı əşyanın mülkiyyətçisi olmalıdır, ikincisi cavabdeh əşyanın sahibi olmalıdır və üçüncüsü cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır.

30. Beləliklə məhkəmə hesab edir ki, maddənin 3 dispozisiya şərti mövcuddur, yəni əmlak iddiaçının mülkiyyətindədir, lakin cavabdeh iddiaçının etirazına baxmayaraq əmlaka faktiki sahiblik edir və cavabdehin sahibliyi qanunsuzdur, belə ki, tərəflər arasında daşınmaz əmlakdan istifadə ilə bağlı hər-hansı müqavilə yoxdur. Bu səbəbdən cavabdehin sahibliyi qanunsuz hesab edilməlidir. Tətbiq edilən prosessual normalar:

31. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:

32. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

33. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

34. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

35. 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

36. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, Cavabdeh ünvan 1 ünvanındakı fərdi yaşayış evindən çıxarılmalı, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir.

37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu, 216-220-cimaddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh ünvan 1 ünvanındakı fərdi yaşayış evindən çıxarılsın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar