Məhkəmə qərarları › İş №2(001)-6176/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6176/2021

11.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6176/2021 11.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun vəkili X3, İlk iddia üzrə cavabdeh, qarşılıqı iddia üzrə iddiaçı Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı qarşı “mənzilə köçürülmə və mənzildən istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus ünvan 1 ünvanında yerləşən 11/12 saylı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1, mənzil 11/12-yə köçürülməsi, həmin yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməklə 14 kv.m otağın (mətbəxin) onun istifadəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.Qarşılıqlı iddia ərizəsi icraata qəbul edilmişdir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddianı müdafiə edərək, qarşılıqlı iddianı qəbul etməyərək, ilk iddia tələbinin dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, mübahisəli mənzil onun nənəsinə məxsus olmuşdur. Nənəsi rəhmətə gedəndən sonra həmin mənzilin kirayəçisi onun anası X7muşdur. Anası rəhmətə getdikdən sonra 2014-cü ildə mənzillə bağlı sosial kirayə müqaviləsi onunla bağlanmışdır. O, Cavabdeh ilə 1989-cu il tarixdə nikaha daxil olduqdan sonra cavabdeh həmin mənzilə köçmüş və onlarla birlikdə həmin mənzildə yaşamışdır. Birgə nikahda olan dövrdə, yəni təxminən 1996-1997-ci illərdə mübahisəli mənzilə əlavə bir otaq inşa edilmiş və bununla da mövcud olan bir mətbəx və bir otağa, bir otaq da əlavə edilmişdir. Bundan sonra 2003-2004-cü illərdə mənzilin həyətində sanitar qovşaq inşa edilmişdir. Lakin bu otağ və sanitar qovşaq cavabdehin vəsaiti hesabına inşa edilməmişdir. Sadəcə olaraq cavabdeh fiziki baxımdan həmin işlərin görülməsində iştirak etmişdir. 2005ci ildə onların arasında bağlanmış nikah pozulmuş və cavabdeh başqa bir şəxslə nikaha daxil olmuşdur, hazırda da onunla nikahdadır. Nikah pozulduqdan sonra cavabdeh həmin mənzildə daimi əsaslarla yaşamamış, sadəcə olaraq mənzilə gəlib-getmiş və hərdən qalmışdır. Anası rəhmətə gedəndən sonra isə təxminən 2014-cü ildə mənzilə bitişik olan iki otağın sahəsi genişlənmiş, onun arxasında həyətyani sahə yaradılmışdır. Cavabdeh yenə də fiziki baxımdan həmin təmir-tikinti işlərində iştirak etmiş, lakin bü işlərin görülməsinə hər hansı vəsait sərf etməmişdir. Onun hər hansı məbləğdə vəsait sərf etməsinə heç maddi imkanı da olmamışdır. Bu işlərin bütün xərclərini də o, özü şəxsən qarşılamışdır. Belə ki, pulu Cavabdeh vermiş, o da həmin işləri görmüşdür. Cavabdeh 2018-ci ilin mart ayına kimi mənzilə gəlib-getsə də, bu tarixdən etibarən ümumiyyətlə mənzilə gəlməmişdir. Göstərilənlərin nəzərə alınmasını və ilk iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili X8 ilk iddianı müdafiə edib, qarşılıqlı iddianı qəbul etməyib, ilk iddia tələbinin və İddiaçı izahatına uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, cavabdeh 1989-cu ildən 2005-ci il tarixədək mübahisəli mənzildə daimi əsaslarla yaşamışdır. Tərəflər arasında bağlanmış nikah 2005-ci ildə pozulmuş və həmin vaxtdan cavabdeh iddiaçının keçmiş ailə üzvüdür. Bu tarixdən sonra da cavabdeh mənzili daimi əsaslarla tərk etmiş, yalnız hərdən mənzilə gəlmiş və mənzildə qalmışdır. 2018-ci ilin mart ayından isə ümumiyyətlə mənzilə gəlmir. Mənzildə aparılan təmir-tikinti işlərinin bir hissəsi də mənzilin kirayəçisi iddiaçının anası olanda, digər hissəsi isə artıq tərəflər arasında bağlanmış nikah pozulduqdan sonra aparılmışdır. Tərəflər birgə nikahda olan dövrdə təmir-tikinti işləri onların vəsaiti hesabına görülməmiş, nikah pozulduqdan və iddiaçının anası rəhmətə gedəndən sonra görülmüş işlərin dəyəri isə iddiaçı tərəfindən ödənilmişdir. Bu səbəbdən təmir-tikinti işlərinin cavabdehin vəsaiti hesabına görülməsini təsdiq edən hər hansı sübut mövcud deyil. Bununla belə, cavabdehin mübahisəli mənzilə münasibətdə yarana biləcək yeganə hüququ istifadə hüququ idi ki, bu hüquq da yaranmışdır. Lakin cavabdehin iddiaçı ilə boşanması, başqa şəxslə nikaha daxil olması və hazırda da onunla nikahda olması, habelə bu mənzili daimi əsaslarla tərk etməsi və başqa ünvana köçüb orada yaşaması nəticəsində o, bu hüququnu itirmişdir. Hazırda cavabdehin həmin mənzillə hər hansı fiziki və hüquqi bağlılığı qalmamışdır. Göstərilənlərin nəzərə alınmasını və ilk iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddianı müdafiə edib, ilk iddianı qəbul etməyib, qarşılıqlı iddia tələbinin dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bilrimişdir ki, o, 1989-cu ilin avqust ayında cavabdehlə nikaha daxil olduqdan sonra mübahisəli mənzilə köçmüş və öz vəsaiti hesabına 1996-1997-ci illərdə mənzildə əlavə bir otaq, bundan sonra 2003-cü ildə həyətdə sanitar qovşaq inşa etmiş, 2014-cü ildə mənzilə bitişik olan mətbəxin və otağın sahəsini genişləndirmiş, həmin otaqların arxasında açıq sahə yaratmış, həmçinin digər əsaslı təmir işləri görmüşdür. Mübahisəli mənzili də daimi əsaslarla tərk etməmiş, sadəcə olaraq 2020ci ilin mart ayında anasının səhhəti pisləşdiyindən və cavabdehin onun anasının da mübahisəli mənzilə köçməsinə icazə vermədiyindən, anasına qulluq etmək üçün müvəqqəti olaraq anasının məskunlaşdığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən su idarəsinin binasında olan otağa köçmüşdür. Həmin sahə anasına məxsus deyil, anası 2021-ci ilin aprel ayında vəfat etmişdir və bu səbəbdən orada artıq yaşamaq imkanı yoxdur, lakin anasının vəfatından sonra mübahisəli mənzilə qayıtmaq istədikdə cavabdeh buna imkan verməmişdir. Halbuki, o, 1989-cu ildən fasiləsiz olaraq 2020-ci ilin mart ayına kimi həmin mənzildə qeydiyyatda olmaqla yaşamış, mənzili daimi əsaslarla deyil, qeyd etdiyi səbəblərdən müvəqqəti olaraq tərk etmişdir. Onun bu mənzildən istifadə hüququ yaranmış və hazırda da mövcuddur. Cavabdehlə aralarında bağlanmış nikahın 2005-ci ildə pozulması isə formal olmuş və gələcəkdə onun və onunla birlikdə cavabdehin Almaniya dövlətinə köçməklərinin təmin edilməsi məqsədini daşımışdır. O, nikah bağladığı Elmira adlı şəxslə heç vaxt yaşamamış və 2005-ci ildə nikahları pozulmasına baxmayaraq, 2020-ci ilin mart ayına kimi cavabdeh və qızı ilə birlikdə mübahisəli mənzildə yaşamışdır. Göstərilənlərin nəzərə alınmasını və ilk iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil qarşılıqı iddianı müdafiə edib, ilk iddianı qəbul etməyib, qarşılıqlı iddianın və iddiaçı Cavabdeh izahatına uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, iddiaçı cavabdehin anasının, yəni əvvəlki kirayəçinin razılığı ilə mübahisəli mənzilə köçmüş və cavabdehlə birlikdə orada yaşamaqla birgə təsərrüfat aparmışdır. Sonradan mənzilin kirayəçisi cavabdeh olanda da buna razılıq vermiş və həmin mənzildə yaşamağa davam etmişdir. 2020-ci ilin mart ayında isə anasının səhhəti ilə bağlı bir müddət anasının yaşadığı evdə yaşamışdır ki, bu da onun mübahisəli mənzili tərk etməsi kimi qəbul edilə bilməz. Bununla belə, həm 2009-cu ilin 01 oktyabr tarixinədək qüvvədə olan, həm də hazırda qüvvədə olan Mənzil Məcəlləsinin tələbləri baxımından onun bu mənzildən istifadə hüququ yaranmışdır və hazırda da onun bu hüququ var. Digər tərəfdən iddiaçının vəsaiti və əməyi hesabına mənzildə əsaslı yaxşılaşdırma və abadlaşdırma işləri aparılmış, o cümlədən yeni tikililər inşa edilmiş, mövcud tikililərin sahəsi genişləndirilməklə şəraiti əhəmiyyətli dərəcədə yaxşılaşdırılmışdır. Nəticədə onun mənzilə münasibətdə istifadə hüququndan da artıq hüquqları yaranmışdır. Bu da onun mübahisəli mənzilə köçürülməsi və mənzildən istifadə qaydalarını müəyyən etməklə ayrıca otağın onun istifadəsinə verilməsi üçün hüquqi əsas yaradır. Onun mərhum anasının yaşadığı sahəyə isə hər hansı hüququ yoxdur. Bu baxımdan iddiaçı hər hansı başqa yaşayış sahəsinə malik deyil. Göstərilənlərin nəzərə alınmasını və ilk iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 01.09.2021-ci il tarixli məhkəmə iclasında iştirakı ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən təmin edilmiş tərəflərin birgə nikahında olmuş şahid X12 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, hazırda mübahisəli mənzildə pasport qeydiyyatında olmaqla orada anası ilə birlikdə yaşayır. Əvvəllər atası da onlarla birlikdə yaşamış, sonradan mənzilə gəlib getmişdir. Bununla bağlı konkret tarixlər söyləyə bilmir. Atası onlarla birlikdə yaşayan dövrdə mütəmadi olaraq anası ilə mübahisə etmiş və bu mübahisələr, xüsusilə də atasının hərəkətləri ona psixoloji baxımından çox pis təsir edir, onun psixoloji sarsıntı keçirməsinə səbəb olurdu. Atası 2018-ci ilin mart ayına kimi mənzilə gəlib gedirdi. Lakin 2018-ci ilin mart ayında anası ilə növbəti dəfə mübahisə etdikdən sonra atası bir daha mənzilə gəlməmişdir. Atası öz anasının yaşadığı sahədə yaşayır. 2018-ci ildən sonra ötən 3 il ərzində atası cəmi bir dəfə mübahisəli mənzilə gəlmiş, onda da anası ilə mübahisə edərək, anasının mənzildən çıxmasını tələb etmişdir. Bir neçə il əvvəl atası mübahisəli mənzildə şəxsən təmir-tikinti işləri aparmışdır. Lakin bu işlərə atası tərəfindən hər hansı məbləğdə vəsaitin sərf edilib-edilmədiyini bilmir. Sadəcə olaraq görmüşdür ki, atası bu işləri şəxsən yerinə yetirir. Atasının mübahisəli mənzilə köçməsini və onlarla birlikdə yaşamasını istəmir. Belə ki, atası anası ilə çox mübahisə edir və o, yenə də psixoloji sarsıntı keçirtmək istəmir. Məhkəmə iclasında iştirakı ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən təmin edilmiş şahid X17 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, 25 ildir ki, mübahisəli mənzilin qonşuluğunda yerləşən mənzildə yaşayır. O, həmin mənzilə köçəndə iddiaçı artıq orada yaşayırdı. Cavabdeh tanıyır. Belə ki, Cavabdeh iddiaçının həyat yoldaşı olmuş, lakin onlar artıq boşanmışdılar. Boşanmalarının səbəbləri barədə məlumatı yoxdur. Cavabdeh 5-6 il bundan əvvəl mübahisəli mənzildə yaşamışdır. 5 il əvvəl onun oğlu ailə qurmuş, lakin bununla bağlı təşkil edilmiş mərasimdə Cavabdeh iştirak etməmişdir. Bundan sonra onu mənzildə hərdən bir görmüş, son 3 ildir ki, ümumiyyətlə mənzilə gəldiyini görməmişdir. Belə ki, iddiaçının yaşadığı mənzil onun mənzilindən bir neçə mənzil sonra yerləşir və həmin mənzildən çıxanlar onun mənzilin qarşısından keçmək məcburiyyətindədir. Bir neçə il bundan əvvəl Cavabdeh mübahisəli mənzildə təmir-tikinti işlərinin aparılmasına köməklik etmişdir. İddiaçı ona verdiyi məlumata əsasən həmin işlərin xərcini İddiaçı qarşılamışdır. Məhkəmə iclasında iştirakı ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən təmin edilmiş şahid X11 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, 2013cü ildən 2018-ci ilə kimi iddiaçı ilə birlikdə X16 işləmişdir. O, həkim infeksionist, iddiaçı isə dezinfektor vəzifəsində çalışmışdır. 2018-ci ildən etibarən 1 saylı X10 həkim-infeksionist vəzifəsində işləyir. Onun iddiaçı və iddiaçının qızı ilə çox yaxın münasibətləri var və 2018ci ildən etibarən o, iddiaçının yaşadığı mənzilə gəlib-gedir, müəyyən müddətlərdə hətta həmin mənzildə yaşayır. Əvvəlki dövr barədə məhkəməyə yalnız eşitdiklərini deyə bilər. Lakin 2018-ci ildən, yəni iddiaçının mənzilinə gəlməyə və orada qalmağa başladığı dövrdən cavabdeh həmin mənzildə yaşamır. Ötən 3 il ərzində yalnız bir dəfə, 2021-ci ilin əvvəlində cavabdehi iddiaçının mənzilində görmüşdür. Həmin vaxt da cavabdeh onun kimliyi ilə bağlı ona sual verəndə özünü iddiaçının rəfiqəsi kimi təqdim etmişdir. Məhkəmə iclasında iştirakı ilk iddia üzrə cavabdeh, qarşılıqı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən təmin edilmiş şahid X15 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, 1986-cı ildən mübahisəli mənzilin qonşuluğunda yerləşən mənzildə yaşayır. Mübahisəli mənzildə Cavabdeh tərəfindən təmir işləri aparılmış, otaq inşa etmiş, otağın arxasında torpaq sahəsi yaradılmışdır. Cavabdeh 2018-ci ildən həmin mənzildə yaşamır. Bu tarixdən sonra onu həmin yerdə çox az görmüşdür. Eyni zamanda, qeyd etmişdir ki, X11nı tanıyır. Belə ki, bu şəxs 3 ilə yaxın müddətdir ki, tez-tez mübahisəli mənzilə gəlibgedir. Məhkəmə iclasında iştirakı ilk iddia üzrə cavabdeh, qarşılıqı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən təmin edilmiş şahid X13 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, 48 ildir ki, mübahisəli mənzilin qonşuluğunda yerləşən mənzildə yaşayır. Cavabdeh da ailəsi ilə birlikdə onların qonşuluğunda yaşamışdır. Lakin təxminən 2-3 ildir ki, həmin mənzildə yaşamır. Cavabdeh həmin mənzildə təmir-tikinti işləri aparan görmüşdür. Eyni zamanda, qeyd etmişdir ki, X11nı tanıyır. Onu mübahisəli mənzilə gəlib-gedərkən görmüşdür. Məhkəmə iclasında iştirakı ilk iddia üzrə cavabdeh, qarşılıqı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən təmin edilmiş şahid X18 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, Cavabdeh bacısı oğludur. Dayısı son iki ilə kimi mübahisəli mənzildə yaşamışdır. Sonra isə öz anasının Biləcəri qəsəbəsində yerləşən evinə köçmüşdür. Belə ki, onun nənəsinin səhhətində problem var idi və nənəsinin mübahisəli mənzilə köçürülməsi ilə bağlı Cavabdeh İddiaçı müraciət etmişdir. Lakin sonuncu buna razılıq verməməsi səbəbindən dayısı anasına qayğı göstərmək üçün anasının yanına köçmüşdür. Nənəsi rəhmətə gedəndən sonra da dayısı nənəsinin evində yaşayır. Belə ki, dayısının başqa yaşayış yeri yoxdur. Eyni zamanda, qeyd etmişdir ki, onda olan məlumata əsasən dayısı daimi yaşamaq üçün Almaniya dövlətinə köçmək istəyirdi. Bu məqsədlə cavabdehlə arasında olan nikahı pozmuş və başqa şəxslə nikaha daxil olmuşdur. Lakin sonradan nikaha daxil olduğu şəxs İsraılə köçmüş, dayısı isə onunla getməmişdir. Son iki ilə kimi onun özünün də cavabdehlə münasibətləri yaxşı olmuşdur. Lakin iki ildir ki, mübahisəli mənzilə getmir. Məhkəmə tərəflərin izahatını, habelə şahidlərin ifadəsini dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilk iddia təmin, qarşılıqı iddia isə rədd edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən 11/12 saylı mənzil İddiaçı nənəsi X4 istifadə və sahibliyində olmuşdur. Onun ölümündən sonra (26.09.1976-cı il) həmin mənzilin icarədarı onun qızı, yəni İddiaçı anası X7muşdur. Bu şəxsin qeyd edilən mənzilin icarədarı olan zaman, yəni 1989-cu ildə Abdulmanova (nikahdan sonra Əhmədova olmuş) Rumiya Safiulovna ilə Cavabdeh arasında nikah bağlanmış və sonuncu həmin mənzilə köçərək, onlarla birlikdə yaşamağa və birgə təsərrüfat aparmağa başlamışdır. Tərəflərin birgə nikahından 04.05.1990-cı il tarixdə X21 və 08.07.1991-ci il tarixdə X12 doğulmuşdur. X21 hazırda Almaniya dövlətində, X12 isə anası ilə birlikdə mübahisəli mənzildə yaşayır. Tərəflər arasında bağlanmış nikah 2005-ci il tarixdə pozulmuş və bundan sonra Cavabdeh başqa şəxslə nikaha daxil olmuş, hazırda da onunla nikahdadır. İddiaçı anası 2013-cü ildə vəfat etdikdən sonra Azərbaycan Respubliaksı Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti baçmısının 03.04.2014-cü il tarixli sərəncamı ilə mübahisəli mənzillin sosial kirayə müqaviləsi ailə üzvlərinin (əri, oğlu və qızı) razılığı ilə dəyişdirilmiş və mənzilin sosial kirayə müqaviləsi üzrə kirayəçisi İddiaçı hesab edilmişdir. Cavabdeh hazırda həmin mənzildə yaşamır. Hazırda İddiaçı qeyd edilən mənzilin onun nənəsinə məxsus olduğunu, nənəsi vəfat etdikdən sonra onun anasının mənzilin kirayəçisi olduğunu, anasının vəfatından sonra isə mənzilə dair sosial kirayə müqaviləsinin onunla bağlandığını və hazırda mənzilin kirayəçisi olduğunu, Cavabdeh ilə 1989-cu ildə nikaha daxil olduqdan sonra sonuncunun həmin mənzilə köçdüyünü və onlarla birlikdə yaşadığını, 2005-ci ildə aralarında bağlanmış nikahın pozulduğunu, Cavabdeh başqa şəxslə nikaha daxil olduğunu və hazırda da nikahda olduğunu, bundan sonra Cavabdeh mənzildə yaşamadığını, hərdən bir gəlib-getdiyini və qaldığını, 2018-ci ilin mart ayından etibarən isə ümumiyyətlə mənzilə gəlmədiyini və mənzilə olan istifadə hüququnu itirdiyini, ötən dövr ərzində mənzildə aparılan təmir-tikinti işləri çərçivəsində 1996-1997-ci illərdə əlavə bir otağın və 2003-2004-cü illərdə mənzilin həyətində sanitar qovşağın inşa edildiyini, bu işlərin Cavabdeh vəsaiti hesabına görülmədiyini, təmir-tikinti işlərinin davamı olaraq 2014cü ildə mənzilə bitişik olan iki otağın sahəsinin genişləndirildiyini, bu otaqların arxasında həyətyani sahənin yaradıldığını, bu işlərin də onun vəsaiti hesabına yerinə yetirildiyini, Cavabdeh bütün bu işlərdə yalnız fiziki baxımdan iştirak etdiyini bildirir və Cavabdeh mənzili daimi əsaslarla tərk edərək, yaşamaq üçün başqa ünvana köçməsinin nəzərə alınmasını və onun bu mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsini xahiş edir. Cavabdeh iddianı qəbul etmir, 1989-cu ildən həmin mənzildə yaşadığını, mənzili heç vaxt daimi əsaslarla tərk etmədiyini, sadəcə olaraq anasının səhhətinin pisləşməsi ilə əlaqədar 2020-ci ilin mart ayında müvəqqəti olaraq, anasına qayğı göstərmək məqsədi ilə anasının yaşadığı sahəyə köçdüyünü, anasının Binəqədi rayon Sukanal İdarəsinin balansında olan mərkəzi nasos stansiyasının inzibati binasında məskunlaşaraq yaşadığını, həmin sahənin anasına məxsus olmadığını, anasının 2021-ci ilin aprel ayında vəfat etdiyini və bu səbəbdən orada artıq yaşamaq imkanının olmadığını, bundan sonra mübahisəli mənzilə qayıtmaq istəsə də, İddiaçı buna imkan vermədiyini, halbuki, 1989-cu ildən fasiləsiz olaraq bu mənzildə yaşadığını, öz vəsaiti və fiziki əməyi hesabına mənzildə əsaslı təmir-tikinti işləri apardığını, o cümlədən 1996-1997-ci illərdə mənzildə əlavə bir otaq, 2003-cü ildə həyətdə sanitar qovşaq inşa etdiyini, 2014-cü ildə mənzilə bitişik olan mətbəxin və otağın sahəsini genişləndirdiyini, həmin otaqların arxasında açıq sahə yaratdığını, həmçinin digər əsaslı təmir işləri apardığını, mənzildən istifadə hüququnun yarandığını bildirir və onun həmin mənzilə köçürülməsini, mənzildən istifadə qaydalarını müəyyən etməklə 14 kv.m. otağın onun istifadəsinə verilməsini xahiş edir. Məhkəmə tərəfindən tərəflərin iştirakı ilə mübahisəli mənzildə keçirilmiş yerində müayinə zamanı mübahisəli mənzilin iki müstəqil tikilidən ibarət olduğu müəyyən edilmişdir. Birinci tikilinin giriş qapısından daxil olanda mətbəx, ondan sonra iç-içə iki otaq yerləşir. Birinci tikiliyə bitişik vəziyyətdə ikinci tikili yerləşir. Həmin tikili müstəqil giriş qapısına malikdir, tikilidə mətbəx, bir otaq və sanitar qovşaq mövcuddur. İkinci tikilinin tinində həyətyani sahədə sanitar qovşaq yerləşir. Sanitar qovşağın qarşısından yerləşən açıq sahə ilə ikinci tikilinin arxasına doğru hərəkət etmək mümkündür. Orada olan açıq sahədə müxtəlif əşyalar və tikinti materialları yerləşir. Bu sahədən bir neçə metr hündürdə (həmin yerə qalxmaq üçün daş pilləkən var) torpaq sahəsi yerləşir. Cavabdeh onun tərəfindən, yəni onun vəsaiti və usta olmasa da şəxsi əməyi hesabına birinci tikilinin mətbəxinin genişləndirildiyini, 1996- 1997-ci illərdə birinci tikilidə yerləşən sonuncu otağın, 2003-2004-cü illərdə həyətdə yerləşən sanitar qovşağın inşa edildiyini, ikinci tikilinin giriş divarının və damının təmir edildiyini, 2014-cü ildə sahəsinin genişləndirildiyini, bu otaqların arxasında həyətyani sahənin yaradıldığını (torpağının daşınması yolu ilə), sahə üzərində olan torpaq sahəsinin ölçüsünün artırıldığını (şəxsi vəsaiti hesabına əlavə torpa sahəsi aldığını), mənzildə yaşayan zaman birinci tikilinin orta otağında yatdığını, mənzildən iki il yarım əvvəl, yəni pandemiya başlayan ilin mart ayında anasına qulluq etmək üçün müvəqqəti getdiyini və anası vəfat etdikdən sonra qayıtmaq istədiyini, lakin İddiaçı onu mənzilə buraxmadığını, köçmək istədikdə polis orqanlarına şikayət etdiyini bildirir. İddiaçı əlavə otağın, sanitar qovşağın inşa edilməsində, ikinci tikilinin genişləndirilməsində və bu tikilinin arxasında həyətyani sahənin yaradılmasında Cavabdeh şəxsən, yəni fiziki baxımdan iştirak etməsini etiraf edir, lakin bu işlərin görülməsinə onun tərəfindən hər hansı vəsaitin sərf edilməməsini bildirir. Otağın və sanitar qovşağın onun vəsaiti hesabına inşa edilmədiyini, ikinci tikilinin genişləndirilməsi və onun arxasında həyətyani sahənin yaradılması işlərinin özünün şəxsi vəsaiti hesabına görüldüyünü bildirir. 1-ci tikilidə Cavabdeh aid hər hansı əşya və ya onun əşyalarının saxlanıldığı yer aşkar edilmədi. İkinci tikilidə bir neçə aydır kirayəçi yaşayır. 01.10.2009-ci il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin: 51-ci maddəsinə əsasən Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında, kirayədarla — mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır; 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar; 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər; 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir; 81-ci maddəsinə əsasən yaşayış sahəsi və yardımçı sahələr yalnız mənzilin abadlığını yaxşılaşdırmaq məqsədilə yenidən qurula və yenidən planlaşdırıla bilər və buna icarədarın, onunla birlikdə yaşayan ailə üzvlərinin, kirayədarın razılığı və yerli xalq deputatları Soveti icraiyyə komitəsinin icazəsi ilə yol verilir; 84-cü maddəsinə əsasən icarədarın ailə üzvünün payına düşən mənzil sahəsi təcrid oluna bilərsə, o, həmin yaşayış sahəsindəki ailənin qalan üzvlərinin razılığı ilə onunla yaşayış sahəsini ayrıca icarə müqaviləsinin bağlanmasını tələb etmək ixtiyarına malikdir; 85-ci maddəsinə əsasən icarədarın ailə üzvü yaşayış sahəsinin bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və onunla yaşayan ailənin həddi-buluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə onun ailə üzvlərinin hər birinin belə hüququ vardır; 87-ci maddəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 69.2-ci maddəsinə əsasən kirayəçinin yetkinlik yaşına çatmış öz ailə üzvlərinin, o cümlədən müvəqqəti başqa yerə getmiş ailə üzvlərinin və kirayəyə verənin yazılı razılığı ilə digər vətəndaşları onunla birlikdə yaşayan ailə üzvləri kimi sosial kirayə müqaviləsi əsasında yaşadığı yaşayış sahəsinə köçürmək hüququ vardır. Kirayəyə verən vətəndaşların kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri kimi köçürülməsini o halda qadağan edə bilər ki, onların köçürülməsi nəticəsində müvafiq yaşayış sahəsinin ailə üzvlərinin adambaşına düşən ümumi sahəsi uçot normasından az olsun; 69.3-cü maddəsinə əsasən vətəndaşların kirayəçinin ailə üzvləri kimi yaşayış sahəsinə köçürülməsi yaşayış sahəsinin sosial kirayə müqaviləsində kirayəçinin yeni ailə üzvünün qeyd olunması zəruriliyi hissəsində dəyişikliyə səbəb olur; 70-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə kirayəçisinin və (və ya) onunla birlikdə yaşayan ailə üzvlərinin və ya ailə üzvlərindən birinin müvəqqəti başqa yerə getməsi onların sosial kirayə müqaviləsi üzrə hüquq və vəzifələrinin dəyişdirilməsinə səbəb olmur; 81.2-ci maddəsinə əsasən kirayəçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvü digər ailə üzvlərinin və kirayəyə verənin razılığı ilə əvvəl bağlanmış sosial kirayə müqaviləsi üzrə ilkin kirayəçi əvəzinə özünün kirayəçi kimi tanınmasını tələb etmək ixtiyarı vardır. Bu hüquq kirayəçinin vəfat etdiyi halda onun fəaliyyət qabiliyyətli bütün ailə üzvlərinə məxsusdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına görə, Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin qərarda, həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Məhkəmə, ilk növbədə qeyd edir ki, ilk və qarşılıqlı tələblər hüquqi baxımdan biridigərini istisna edir. Başqa sözlə, Cavabdeh mübahisəli mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi, habelə bu tələbin onun istifadə hüququnun yaranmaması səbəbi ilə rədd edilməsi, onun həmin mənzilə köçürülməsini istisna etmiş olur. Cavabdeh mübahisəli mənzilə istifadə hüququnun olması isə ilk iddianın rədd edilməsini şərtləndirməklə, qarşılıqlı iddianın mənzilə köçürülməsi hissəsində təmin edilməsinə və törəmə tələb olan istifadə qaydalarının müəyyən edilməsinin mümkünlüyünə hüquqi qiymət verilməsi üçün əsas yaradır. Bu səbəbdən məhkəmə hesab edir ki, ilk növbədə İddiaçı iddiasına hüquqi qiymət verilməlidir. Bu tələblə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Əhmədov Cavabdeh Rumiya Safiulovna ilə 1989-cu ildə nikaha daxil olandan sonra mübahisəli mənzilə köçmüş və həyat yoldaşı, habelə həmin vaxt bu mənzilin icarədarı olan X9 ilə birlikdə birgə təsərrüfat aparmağa başlamışdır. Onun qeyd edilən mənzilə köçməsi də özündə bu şəxslərin, xüsusilə də icarədar X6 buna razılıq verməsini özündə ehtiva edir. Bu baxımdan Cavabdeh həmin mənzildən istifadə hüququ yaranmışdır. Tərəflər arasında bağlanmış nikah 2005-ci il tarixdə pozulduqdan sonra da Cavabdeh mənzildən orada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququnu saxlamışdır. Onun mənzilə olan bu hüququnu İddiaçı da qəbul edir. Lakin Cavabdeh mənzili müvəqqəti deyil, daimi əsaslarla tərk etməsini iddia edərək, onun bu hüququnun itirilməsini tələb edir. Cavabdeh həqiqətəndə hazırda mənzildə yaşamır. Onun hazırda mənzildə olmamasının səbəbləri və müddətləri ilə bağlı tərəflər biri-birinə zidd mövqeydən çıxış edirlər. Belə ki, İddiaçı Cavabdeh nikahları pozulduqdan, yəni 2005-ci ildən sonra mənzildə daimi əsaslarla yaşamadığını, hərdən gəlib-getdiyini və qaldığını, 2018-ci ilin mart ayından isə ümumiyyətlə gəlmədiyini, Cavabdeh isə 2020-ci ilin mart ayına kimi mənzildə yaşadığını, bu tarixdən sonra isə mənzili müvəqqəti olaraq, anasının səhhətinin pisləşməsi ilə əlaqədar ona qayğı göstərmək və qulluq etmək məqsədi ilə tərk etdiyini bildirir. Hər iki tərəfin, xüsusilə də Cavabdeh məhkəməyə təqdim etdikləri şahidlər onun bir neçə ildir ki, mübahisəli mənzildə yaşamadığını bildirir. Belə ki, X12 (tərəflərin qızı) 2018-ci ilin mart ayına kimi gəlib-getdiyini, 2018-ci ilin mart ayından ümumiyyətlə gəlmədiyini qeyd edir. X2 5-6 ildir ki, X11 3 ildir ki (3 ildə yalnız bir dəfə, 2021-ci ilin əvvəlində gördüyünü bildirir), X15 2018-ci ildən, X13 təxminən 2-3 ildir ki, X18 isə son iki ildir ki, Cavabdeh mənzildə yaşamadığını bildirir. Cavabdeh iddia ərizəsində mənzili 2020-ci ilin mart ayında müvəqqəti olaraq tərk etdiyini bildirsə də, yerində müayinə zamanı mənzili təxminən iki il yarım əvvəl, yəni pandemiya başlayan ilin mart ayından tərk etdiyini bildirir. Halbuki, pandemiya 2 il əvvəl deyil, ötən ilin mart ayında başlamışdır. Məhkəmə, şahidlərin də ifadələrini nəzərə alıb və bu hissədə mötəbər sübut kimi qiymətləndirib, belə qənaətə gəlir ki, Cavabdeh ən azı son 3 ildir ki, mübahisəli mənzildə yaşamır. Məhkəmə, Cavabdeh 1989-cu ildən həmin mənzildə yaşamasını nəzərə alıb, onun mənzili ən azı 3 il bundan əvvəl hansı, yəni müvəqqəti və ya daimi əsaslarla tərk etməsi ilə bağlı qeyd edir ki, yerində müayinə zamanı da mübahisəli mənzildə Cavabdeh aid hər hansı bir əşyanın olması müəyyən edilməmişdir. Hər bir halda, mənzili müvəqqəti tərk edən, xüsusilə də mənzildə əsaslı təmir-tikinti işləri aparan bir şəxs olaraq, Cavabdeh aid əşyaların saxlandığı bir yer olmalı idi. Belə ki, müvəqqətilik, xüsusilə də köçməyə səbəb olmuş mərhum ananın yaşadığı sahənin ərazi baxımından mübahisəli mənzilə yaxın yerləşməsi, özündə onun bu mənzilə tez-tez, ən azı hərdən bir gəlməyini, daimi yaşayış yeri kimi əşyalarının (məsələn qış aylarında yay paltarlarının, yay aylarında qış paltarlarının) anasının evində deyil, məhz bu evdə saxlamasını ehtiva edirdi. Bununla belə, iddiaçının anasına qulluq göstərmək niyyəti ilə 2020-ci ilin mart ayında müvəqqəti olaraq mübahisəli mənzili tərk etməsi barədə dəlilləri (bir halda ki, onun ən azı 3 ildir ki, həmin mənzildə yaşamaması öz təsdiqini tapır) əsassızdır və onun mənzilə köçürülməsinin təmin edilməsi məqsədini daşıyır. Bu hal, həmçinin, onun, mərhum anasının yaşayış yeri ilə bağlı gətirdiyi dəlillərlə də öz təsdiqini tapır. Belə ki, Cavabdeh özü qeyd edir ki, anası Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən su idarəsinin binasında olan otaqda məskunlaşmış, o da anasına qulluq göstərmək niyyəti ilə müvəqqəti olaraq həmin sahəyə köçmüşdür. Həmin sahə anasına məxsus deyil, anası 2021-ci ilin aprel ayında vəfat etdikdən sonra orada artıq yaşamaq imkanı yoxdur. Binəqədi rayon Sukanal idarəsindən təqdim edilmiş arayışa əsasən onun anası, mərhum X5 adı köçürülmə siyahısına salınmışdır. Bununla belə, Cavabdeh mübahisəli mənzilə köçmək istəyinin digər əsas səbəblərindən biri də onunla bağlıdır ki, o, hazırda yaşadığı sahəyə hər hansı hüququ yoxdur və oradan çıxarılmaq təhlükəsi ilə üzləşibdir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh bir neçə il əvvəl mübahisəli mənzili daimi əsaslarla tərk edərək, daimi əsaslarla başqa yaşayış yerinə köçmüş və son bir neçə ildir ki, məhz başqa yaşayış sahəsində yaşayır. Bununla da həmin mənzilə olan fiziki və hüququ bağlılığını, o cümlədən mənzildən isitifadə hüququnu itirmişdir. Belə olan halda, onun hazırda yaşadığı sahədən mərhum olması təhlükəsi ilə üzləşməsi, o cümlədən həmin sahəyə onun hər hansı hüququnun olmaması mübahisəli mənzilə köçürməsi üçün əsas ola bilməz. Məhkəmə, belə qənaətə gələrkən o halı da nəzərə alır ki, sosial kirayə müqaviləsi üzrə İddiaçı mübahisəli mənzilin kirayəçisi hesab edilməsi, yəni sosial kirayə müqaviləsinin dəyişdirilməsi barədə Azərbaycan Respubliaksı Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti baçmısının 03.04.2014-cü il tarixli sərəncamında onun ailə üzvü olaraq əri qismində həmçinin, Cavabdeh göstərilmişdir. Halbuki, tərəflər arasında bağlanmış nikahın pozulması və bu baxımdan Cavabdeh İddiaçı keçmiş ailə üzvü olması işin mübahisəsiz halıdır. Lakin bu məsələ ilə bağlı onun da razılığının alınması və adının da həmin sərəncama daxil edilməsi (sərəncamda adının qeyd edilməsi nəticə etibarı ilə onun bu mənzildə pasport qeydiyyatında olması ilə bağlı olmuşdur) onun həmin vaxt da mənzildən orada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququnun olmasına dəlalət edir. Lakin artıq qeyd edildiyi kimi, onun bundan sonra mənzillə fiziki və hər hansı hüququ bağlılığının itirilməsi (qalmaması) məhkəmənin onun mənzilə olan istifadə hüququnun itirilməsi qənaətinə gəlmək üçün əsas yatarmışdır. Mübahisəli mənzilin iki müstəqil tikilidən ibarət olması nəzərə alınmaqla, Cavabdeh ikinci tikili ilə bağlı onunla sosial kirayə müqaviləsinin bağlanmasını da tələb edə bilərdi. Lakin göründüyü kimi, bunu etməmişdir. Məhkəmə o halı da vurğulayır ki, 2005-ci ildə İddiaçı formal olaraq boşandığını və eyni əsaslarla, yəni formal olaraq, yalnız Almaniya dövlətinə köçmək məqsədi ilə başqa bir şəxslə ailə qurduğunu bildirən Cavabdeh həmin şəxsin (hazırki həyat yoldaşının) xeyli müddətdir ki, İsrailə köçməsinə baxmayaraq, onunla bağlanmış nikahı hələ də pozmamışdır. Digər tərəfdən başqa şəxslə nikahda ola-ola, onunla bir ailə kimi Almaniya dövlətinə köçdükdən sonra keçmiş həyat yoldaşı olan İddiaçı hansı əsaslarla həmin dövlətə köçməsini təmin etməsi də sual doğurur. Hər bir halda, miqrant kimi Almaniya dövlətinə köçməsi (təbii ki, Almaniya dövlətinin onu miqrant kimi qəbul etdiyi halda) heç bir halda, onun keçmiş həyat yoldaşının da bu dövlətə köçməsi üçün əsas ola bilməz. Nəticə etibarı ilə bu halda da, Cavabdeh mübahisəli mənzili daimi əsaslarla tərk etmiş olurdu. Məhkəmə, Cavabdeh mübahisəli mənzildə təmir-tikinti işlərinin aparılması ilə bağlı qeyd edir ki, bu işlərin bir hissəsi mübahisəli mənzilin icarədarı İddiaçı anası olan dövrə, digər hissəsi isə artıq tərəflər arasında bağlanmış nikah pozulduqdan sonrakı dövrə təsadüf edir. Bu işlərdə Cavabdeh fiziki baxımdan iştirak etməsini İddiaçı etiraf edir, şahidlər də bu halı təsdiq edir. Lakin İddiaçı nikahda olan dövrdə təmir-tikinti işlərin Cavabdeh vəsaiti hesabına görülmədiyini (İddiaçı vəkili isə ümumiyyətlə onların hər hansı birinin vəsaiti hesabına görülmədiyini bildirir), nikahdan sonrakı dövrdə isə onun özünün vəsaiti hesabına görüldüyünü bildirir. Cavabdeh isə bu işlərin onun vəsaiti hesabına görülməsini təsdiq edən hər hansı sübut təqdim edə bilmir. Burdan belə qənaətə gəlmək olur ki, Cavabdeh bu işləri icarədar X6 və istifadə hüququ olan digər ailə üzvlərinin razılığı ilə görmüşdür (fiziki iştirakı baxımından). İşlərin digər hissəsi isə Cavabdeh artıq İddiaçı həyat yoldaşı olmadığı, ona münasibətdə başqa şəxs statusu ilə çıxış etdiyi bir vaxtda yerinə yetirilmişdir ki, bu münasibətlər də podrat müqaviləsindən irəli gələn münasibətlər kimi qiymətləndirilməlidir (vəsaitin Cavabdeh tərəfindən öz təsdiqini tapdığı halda da). Bu da öz növbəsində Cavabdeh həmin mənzilə və ya onun hər hansı hissəsinə əmlak (pay) hüququnun yaranmasını istisna edir və ona hüquqi baxımdan yalnız bu işlərin onun vəsaiti hesabına görülməsini sübut etməklə çəkilmiş xərcin əvəzini məhkəmə qaydasında tələb etmək imkanını verir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, İddiaçı iddiası əsaslıdır və təmin edilməli, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, 56 saylı evin, 11/12 saylı mənzilindən Cavabdeh istifadə hüququ itirilmiş hesab edilməlidir. Bu da öz növbəsində qarşılıqlı iddianın əsassız olmasına dəlalət edir və onun rədd edilməsini şərtləndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ilk iddia təmin edilməli, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, 56 saylı evin, 11/12 saylı mənzilindən Cavabdeh istifadə hüququ itirilmiş hesab edilməli, iddiaçı Cavabdeh İddiaçı qarşı “mənzilə köçürülmə və mənzildən istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair qarşılıqlı iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, 56 saylı evin, 11/12 saylı mənzilindən Cavabdeh istifadə hüququ itirilmiş hesab edilsin. İddiaçı Cavabdeh İddiaçı qarşı “mənzilə köçürülmə və mənzildən istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar