Məhkəmə qərarları › İş №2(001)-6235/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6235/2025

15.12.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6235/2025 15.12.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X7 Hüseynağa qızının sədrliyi, Səftərov Hüseyn Sahib oğlunun katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı əvvəllər atasına və anasına məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsində yerləşən 46 saylı beşmərtəbəli bina evində yaşamışdır. Binada yerləşən mənzil satıldıqdan sonra atası dünyasını dəyişmiş, anası ilə 46 saylı evin arxasında yerləşən 46 “A” saylı həyət evini tikərək orada birlikdə yaşamışlar. Son vaxtlar anası xəstə olduğuna görə ona qulluq etmişdir. Anasının yeməyini bişirmiş, paltarlarını yumuşdur, səhhəti ilə əlaqədar həkimlərə aparmışdır. Buna baxmayaraq, son aylarda anası xəstə olduğuna görə ona qarşı münasibəti dəyişmiş, qızı Aytacla mənzildə yaşamağına maneçilik törədir. Anası yaşadığı mənzilə 2013-cü ildən anasının razılığı ilə köçüb yaşamış və bu mənzildə uzun müddətdir ki, yaşamaqla o və qızı Aytac bu mənzildə yaşamaq hüququ qazanmışlar, təsərrüfatı birgə idarə etmişlər. Onun və xx.xx.2008-ci ildə anadan olmuş qızı X3 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov (hazırda Qabil Süleymanov) küçəsində yerləşən 46 “a” saylı mənzilə köçürülməyi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh əvvəlki məhkəmə iclasında iştirak edərək əsəb xəstəri olduğunu, qızı ilə teztez bu səbəbədən mübahisə etdiyini, lakin yalnız qızı Çimnazın ona baxdığını bildirərək qızı və nəvəsinin evə köçürülməsinə, tələbin təmin olunmasına etiraz etmədiyini bildirdi. Məhkəmənin suallarına cavab olaraq cavabdeh qeyd etdi ki, həqiqətən də evin tikilməsində iddiaçı ona maddi yardım etmiş, hərtərəfli evin saxlanılmasında iştirak etmişdir. Hər dəfə iddiaçını qovanda sonuncu gedib qardaşının evində yaşayır. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir, bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Əsaslandırıcı hissə İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Azərbaycan Respublikasinin Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixli cavab məktubunun surətindın müəyyən olunur ki, Cavabdeh, X2 və X4 ünvan 1 ünvanına qeydiyyata alınmalarını xahiş etmişlər, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsaslanaraq müraciətə qeydiyyata alınmamış, məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət etməsi tövsiyə edilmişdir. Daşınmaz Əmlakın İnventarlaşdırılması və qiymətləndirilməsi Fiziki və Hüquqi Şəxslərin Mülkiyyətində və ya İstifadəsində olan Əmlakın Qiymətləndirilməsi və X1 dair hesabat cədvəlindən müəyyən olunur ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Qabil Süleymanov küçəsi ev 46 a saylı mənzil 2 otaq, dəhliz və sanitar qovşaqdan ibarətdir, ümumi sahə 131.90 kvm təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsi hüququ əsas insan hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi çıxış edir. Bu hüquq yalnız məhkəməyə müraciət etmək imkanını deyil, həmçinin pozulmuş hüquq və azadlıqların qanunvericilikdə müəyyən edilən hədlər çərçivəsində səmərəli müdafiəsini ehtiva edən ədalət mühakiməsini də nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsində göstərilmişdir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 5.1 və 439.1-ci maddələrinə görə, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Eynilə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və beynəlxalq təşkilatların pozulmuş və ya mübahisə edilən hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün Azərbaycan Respublikasının məhkəmələrinə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsində nəzərdə tutulmuş “qanunla qorunan maraq'’ anlayışının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2025-ci il tarixli qərarına əsasən “Subyektiv hüquq isə şəxsin öz maraqlarını təmin edə bilməsi üçün ona verilmiş mümkün hüquqi davranış həddidir. Subyektiv hüquq fiziki və ya hüquqi şəxslərin obyektiv hüquq normasına əsaslanaraq öz davranış növünü və həddini seçmək, həmçinin başqalarından müəyyən hərəkətləri tələb etmək imkanını ifadə edir. Yəni subyektiv hüquq obyektiv hüquq vasitəsilə tanınan və qorunan şəxsi (subyektiv) mənafedir. Qeyd edilən hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər:· öz iradəsinə uyğun hərəkət etmək;· digər şəxslərdən müəyyən davranışı tələb etmək;· hüquq pozuntusu halında müdafiə olunmaq. Maraq anlayışı ilə bağlı qeyd edilməlidir ki, sosiologiya, psixologiya, iqtisadiyyat və digər sahələrin araşdırma predmeti olan, həmçinin bir sıra normativ hüquqi aktlarda öz əksini tapmış bu anlayış hüquq elmində geniş və dar mənalarda nəzərdən keçirilən hüquqi kateqoriyadır. Nəzərə alınmalıdır ki, cəmiyyətdə nizam-intizamın, düzənin yaradılmasına, onun üzvlərinin müxtəlif maraqlarının təmin edilməsinə ictimai ehtiyac hüququn yaranma səbəbidir. Bu məqsədlə müəyyən davranış qaydaları dövlət tərəfindən məcburi hüquqi qüvvə verilməklə qanunvericilik aktlarına daxil edilir. Nəticədə hər bir subyektiv hüquq müəyyən bir marağın ödənilməsinə xidmət edir. Başqa sözlə, subyektiv hüquqlar da özündə qanuni maraqları əks etdirir. Bu baxımdan “qanunla qorunan maraqlar” ifadəsi geniş mənada həm subyektiv hüquqla əhatə olunan, həm də əhatə olunmayan maraqları, dar mənada isə bilavasitə subyektiv hüquqlar vasitəsilə təminat altına alınmayan maraqları özündə ehtiva edir. “Hər bir mübahisəyə hüquqi qiymət verilərkən maraqların ziddiyyəti, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması vasitəsilə, qanunvericilik normaları və hüququn ümumi və sahəvi prinsipləri nəzərə alınmaqla məhkəmələr tərəfindən həll olunmalıdır. Müraciətə səbəb olan mübahisəyə münasibətdə qeyd olunmalıdır ki, özbaşına tikili fiziki obyekt olaraq müəyyən maddi dəyərə malikdir və belə tikintini aparan şəxsin həmin maddi dəyərlə bağlı maraqları mövcuddur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq, o cümlədən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin həmin hüquqların təmininə yönəlmiş qərarlarının icrası məhkəmə hakimiyyəti orqanlarının borcudur. Məhkəmənin mövqeyi: Tədqiq edilən sənədlərdən və məhkəmə araşdırmasının nəticəsindən belə müəyyən olunur ki, mübahisə predmeti olan ev dövlət qeydiyyatına alınmamış, özbaşına tikilidir. Lakin məhkəmə iddiaçının evə dair hər hansı hüquqmüəyyənedici sənədlərə malik olmamasına baxmayaraq artıq yuxarı instansiya məhkəməsinin də ümumi məhkəmə təcrübəsində rəhbər tutulan mövqeyinə əsasən tikilinin bir fiziki obyekt olaraq müəyyən maddi dəyərə malik olması, tikintini aparan şəxsin həmin maddi dəyərlə bağlı maraqlarının mövcud olması baxımından onun bu əsasla məhkəməyə müraciətini mümkün hesab etmişdir. Hazırki məhkəmə araşdırması zamanı müəyyən olundu ki, cavabdeh dövlət qeydiyyatına alınmayan tikiliyə sahiblik və istifadə hüquqlarını həyata keçirir, evin tikintisində iddiaçının iştirak etməsi öz izahatı və cavabdehin də etirafı ilə təsdiq olunur. Aralarında yaranmış ailə məişət zəmnində olan mübahisələrdən dolayı iddiaçı evi tərk etmək məcburiyyətində qalmışdır. Lakin hazırda iddiaçı qızı ilə birlikdə sözügedən ünvana köçürülmək istəyir və cavabdeh də buna etiraz etmir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, iddia təmin edilməli, İddiaçı və xx.xx.2008-ci ildə anadan olmuş qızı X5 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov (hazırda Qabil Süleymanov) küçəsində yerləşən 46 “a” saylı fərdi yaşayış evinə köçürülməlidir. Həmçinin məhkəmə qeyd etməyi zəruri bilir ki, sözügedən yaşayış evi dövlət qeydiyyatına alınmamış, özbaşına tikilidir. Belə olan təqdirdə isə sözügedən ünvana köçürülmə köçürülən şəxslərin rəsmi olaraq həmin ünvanda passport qeydiyyatlarına alınmaları üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Nəticəvi hissə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı və xx.xx.2008-ci ildə anadan olmuş qızı X5 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov (hazırda Qabil Süleymanov) küçəsində yerləşən 46 “a” saylı fərdi yaşayış evinə köçürülsünlər. Məhkəmə xərci kimi iddia ərizəsi verilərkən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Hazırki qətnamə İddiaçı və X3 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov (hazırda Qabil Süleymanov) küçəsində yerləşən 46 “a” saylı fərdi yaşayış evinə qeydiyyata alınmaları üçün əsas hesab edilə bilməz. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar