Məhkəmə qərarları › İş №2(001)-6328/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-6328/2021

11.08.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-6328/2021 11.08.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəbizadə Nigar Xeyrulla qızı, İddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdeh "xxxx" MMC-yə qarşı işə bərpa edilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçılar İddiaçı1 və qeyriləri cavabdeh "xxxx" MMC-yə qarşı işə bərpa edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin həmin Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəlləsinin 4.6-cı maddəsinə əsasən, … əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. İddia ərizəsindən göründüyü kimi, hazırkı mübahisə əmək münasibətlərindən irəli gələn mübahisədir və bu iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən, mediasiya – mediatorun (mediatorların) vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı bu Qanunla müəyyən olunan prosesdir. Həmin Qanunun 28-ci maddəsinə görə, " ... əmək ... münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Bu Qanunun 28.1-ci maddəsində qeyd edilən mübahisələr üzrə ilkin mediasiya sessiyasını tərəflərin qarşılıqlı razılaşdırdığı mediator və ya mediator təşkilatı aparır. Tərəfin bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş mediasiya prosesinin tətbiqi barədə təklifi digər tərəfə təqdim edildikdən sonra 10 iş günü ərzində qəbul edilmədikdə və ya tərəflər bu Qanunun 28.2-ci maddəsinə əsasən mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlmədikdə, ilkin mediasiya sessiyası tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı, həmin şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda isə (bu Qanunun 28.4-cü maddəsi nəzərə alınmaqla) həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatı tərəfindən aparılır. Bu halda tərəflər mediator barədə razılığa gəlmədikdə, mediatoru mediasiya təşkilatı təyin edir. Məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı mövcud olmadıqda və ya həmin mediasiya təşkilatında işə baxılması mümkün olmadıqda, tərəflərdən hər hansı birinin müraciəti əsasında Mediasiya Şurası ilkin mediasiya sessiyasının aparılması üçün mediator müəyyən edə bilər". Mülki Prosessual Məcəllənin 152.1.6-1-ci maddəsinə müvafiq olaraq, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə hesab edirəm ki, iddiaçılar tərəfindən məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak etməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilmədiyinə görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İzah edilir ki, iddiaçı daha geniş məlumat və müvafiq təlimat almaq üçün Mediasiya Şurasına müraciət edə bilər (əlaqə nömrələri: ***-***-**-**, ***-***-**-**, ***- ***-**-**; internet səhifəsi https://mediasiya.org/ ). Bundan əlavə qeyd edilməlidir ki, hazırkı iddia tələbini on nəfər iddiaçı bir yerdə irəli sürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.3-cü maddəsinə əsasən, iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Maddənin məzmunundan göründüyü kimi, iddiaçı subyektlərin tərkibinə görə deyil, tələblərin bağlılığına görə bir neçə iddia tələbini bir iddia ərizəsində birləşdirmək hüququna malikdir. İddia ərizəsi və ona əlavə edilən sənədlərdən isə müəyyən edilir ki, hazırkı iddia tələbi 10 iddiaçı tərəfindən qaldırılmış və hər bir iddiaçı onun işə bərpa edilməsini tələb edir. İddia tələblərinin əsaslandığı hallardan isə aydın olur ki, hər bir iddiaçı ilə ayrı-ayrı əmək müqavilələri bağlanmış və iddia tələbləri də iddiaçıların hər biri ilə ayrı-ayrılıqda bağlanmış əmək müqavilələrindən irəli gələn mübahisə ilə əlaqəlidir. Göründüyü kimi, iddiaçılar bir-biri ilə əlaqəsi olmayan, hər birinin yalnız özü üçün hüquq və vəzifələr yaradan, yaratdığı hüquqi nəticələrinin birinin digəri üçün heç bir əhəmiyyəti olmayan, yəni bir-biri ilə bağlılığı olmayan oxşar tələbləri bir iddia ərizəsində birləşdirmişlər. Belə olan halda, 10 müstəqil iddiaçının tələblərinə bir icraatda baxılması, tərəflərin prosessual hüquq və vəzifələrinin təmin edilməsində, mülki işə qanunla müəyyən olunmuş prosessual müddətlər çərçivəsində baxılmasına maneələr yaradacaqdır. Təsadüfi deyildir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 172.2-ci maddəsində işə bərpa barədə işlərinə baxılması üçün 1 ay prosessual müddət müəyyən edilmişdir. Məqsəd isə hüquq pozuntusunun uzun sürməsinin daha ciddi zərər vurmasının qarşısının almaqdır. Belə olan halda hesab edirəm ki, iddia ərizəsi hazırkı formada icraata qəbul oluna bilməz, odur ki, hər bir iddiaçı onunla bağlanmış əmək müqaviləsindən irəli gələn mübahisə ilə əlaqədar ayrı-ayrılıqda ümumi qaydada məhkəməyə müraciət etməlidir. Eyni zamanda qeyd etməyi zəruri hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər məhkəməyə İddiaçı1 tərəfindən ünvan 1 ünvanından göndərildiyindən, məhkəmə tərəfindən də sənədlər həmin ünvana qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-1, 263 və 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdeh "xxxx" MMC-yə qarşı işə bərpa edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçılara izah olunsun ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar