Məhkəmə qərarları › İş №2(001)-6330/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6330/2021

28.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6330/2021 28.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu, İddiaçı (MMC) Cavabdeh qarşı pul tələbi barədə işə 28 sentyabr 2021-ci il tarixdə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən icarə müqaviləsinə görə 200 manat və ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 20 manat olmaqla ümumilikdə 220 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında “Chevrolet Aveo” markalı, **-GG-*** dövlət qeydiyyat nişanlı avtomobilin 28 may 2019-cu il tarixdən 12 iyun 2019-cu il tarixədək 1 günü 40 manat olmaq şərtilə 15 gün müddətinə icarəyə verilməsinə dair 28 may 2019-cu il tarixli “nəqliyyat vasitəsinin icarə müqaviləsi” bağlanılaraq yol vərəqəsi və təhvil-təslim aktı verilmişdir. Cavabdeh icarə götürdüyü avtomobilə görə 15 gün müddətdən 10 günün məbləğini ödəmiş, qalan 5 gün üçün ümumilikdə 200 manat pul ödənilməmiş qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. İddia ərizəsinə əlavə olunmuş: - Avtonəqliyyat vasitəsinin icarə müqaviləsindən görünür ki, İddiaçı MMC mülkiyyətində olan “Chevrolet Aveo” markalı, **-GG-*** dövlət qeydiyyat nişanlı avtomobili 1 günü 40 manat olmaqla 28 may 2019-cu il tarixdən 12 iyun 2019-cu il tarixədək, yəni 15 gün müddətinə Cavabdeh icarəyə vermişdir. - Yol vərəqəsindən görünür ki, 28 may 2019-cu il tarixdən 12 iyun 2019-cu il tarixədək “Chevrolet Aveo” markalı, **-GG-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququ Cavabdeh tanınmışdır. - Çıxarışdan görünür ki, Cavabdeh İddiaçı MMC-yə 200 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2 və 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İşin faktiki hallarından görünür ki, Cavabdeh icarə müqaviləsinə əsasən İddiaçı MMC qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Buna görə də hesab edirəm ki, iddia təmin olunmalı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilmiş 20 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddiaçı MMC-nin iddiası təmin edilsin. Cavabdeh icarə haqqının əvəzi kimi 200 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 20 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar