Məhkəmə qərarları › İş №2(001)-6350/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-6350/2024

04.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-6350/2024 04.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsini və əlavə olunmuş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 20 aprel 1996-cı il tarixdə mənimlə X1 arasında Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məhəllə 5035, ev 33, 22 saylı mənzilə dair alqı-satqı əqdinin bağlanması hüquqi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni ona əlavə edilmiş sənədlərlə birlikdə nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, ərizənin icraata qəbul olunmasından imtina olunmalıdır. Belə ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli, 03 saylı plenum qərarının: 1.2-ci bəndində göstərilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.3-cü bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə ( mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. 1.4-cü bəndində göstərilmişdir ki, lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. Həmin qərarın 7.1-ci bəndində göstərilmişdir ki, məhkəmələrə tövsiyə olunur ki, mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə və onun üzərində sərəncam vermək faktını müəyyən etməzdən əvvəl daşınmaz əmlakın hüquqi vəziyyətinə, məqsədli təyinatına və sair aydınlıq gətirilməli, daşınmaz əmlakın mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınıb-alınmadığı aydınlaşdırılmalıdır. Həmin qərarın 7.2-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, özbaşına tikililər, istismara qəbul edilməmiş tikililər, qurğular, eləcə də başqasının adına qeydə alınmış tikililər üzərində sahiblik faktının, həmçinin avtonəqliyyat vasitələri və digər daşınar əmlak üzərində sahiblik, istifadə, sərəncam faktının müəyyən edilməsi barədə ərizələrə məhkəmələr tərəfindən xüsusi icraat qaydasında baxıla bilməz. Belə tələblərə məhkəmələr tərəfindən iddia icraatı qaydasında baxılmalıdır. Göründüyü kimi yuxarıda qeyd edilən qərarla müəyyən edilmişdir ki, özbaşına tikililər, istismara qəbul edilməmiş tikililər, qurğular, eləcə də başqasının adına qeydə alınmış tikililər üzərində sahiblik faktının, həmçinin avtonəqliyyat vasitələri və digər daşınar əmlak üzərində sahiblik, istifadə, sərəncam faktının müəyyən edilməsi barədə ərizələrə xüsusi icraat qaydasında deyil, iddia icraatı qaydasında baxılmalıdır. Bununla yanaşı hazırki iş üzrə 20 aprel 1996-cı il tarixdə ərizəçi ilə X1 arasında Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məhəllə 5035, ev 33, 22 saylı mənzilə dair alqı-satqı əqdinin bağlanması hüquqi faktının təsdiq edilməsinə əsas səbəb, ərizəçinin qeyd edilən əmlak üzərində mülkiyyət hüquqlarının əmələ gəlməsi ilə bağlıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Həmin Məcəllənin 307.2-ci maddəsində hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərin dairəsi qeyd olunmuş və orada xüsusi icraat qaydasında “alqısatqı əqdinin bağlanması hüquqi faktının” müəyyən edilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 336.1-ci maddəsinə əsasən əgər tərəflərdən biri əqddən əmələ gələn hüququn dövlət qeydiyyatına alınmasından boyun qaçırırsa, onda qeydiyyat digər tərəfin ərizəsi ilə məhkəmənin qərarı əsasında həyata keçirilir. Yuxarıda qeyd edilən qanunvericilik normalarından belə nəticəyə gəlinir ki, bu kateqoriyadan olan işlərə xüsusi icraat qaydasında deyil, iddia icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2 və 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Hesab edirəm ki, hazırkı ərizəyə xüsusi icraat qaydasında deyil, iddia icraatı qaydasında baxılmalı olduğundan ərizənin icraata qəbulundan imtina olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ М: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsinin icraata qəbulundan imtina edilsin, ərizə və ona əlavə edilmiş sənədlər rəsmi qaydada Ərizəçi qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar