Məhkəmə qərarları › İş №2(001)-6354/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6354/2025

08.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6354/2025 08.12.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X3 cəlb edilməklə) "müqavilədə dəyişikliklərin edilməsi" tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X3 cəlb edilməklə) "müqavilədə dəyişikliklərin edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh MMC arasında bağlanmış xx.xx.2025-ci il tarixli 389317 nömrəli müqavilədə dəyişiklik edilərək, borc alan kimi onun adının X3 ilə dəyişdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh MMC arasında xx.xx.2025-ci il tarixli 389317 nömrəli müqavilə bağlanmış və həmin müqavilə əsasında onun adına 2 ədəd İPHONE 16 PRO MAX 256GB DESERT markalı mobil telefon rəsmiləşdirilmişdir. Bu telefonların alınması ilə əlaqədar ilkin olaraq 1370 manat məbləğində ödəniş edildikdən sonra 8443 manat məbləğində borc qalmışdır. Qeyd edir ki, bu müqavilə rəsmiyyətdə onun adına bağlansa da, faktiki olaraq yaxın tanışı olan X3 üçün götürülmüşdür. Belə ki, X3 ona bildirmişdir ki, öz adına həmin müqaviləni rəsmiləşdirməkdə çətinlik çəkir və ona görə də həmin müqavilənin onun adına rəsmiləşdirilməsinə razılıq verməsini xahiş etmişdir. O da X2 inandığı üçün həmin müqavilənin onun adına rəsmiləşdirilməsinə razılıq vermişdir. Həmin bu müqavilə bağlanmamışdan əvvəl X3 ona demişdir ki, bu müqavilə ilə əlaqədar heç bir problemi olmayacaq və bütün məsuliyyəti öz üzərinə götürmüşdür. Lakin bu müqavilə bağlanandan sonra X3 tərəfindən üzərinə götürdüyü öhdəliklər yerinə yetirilməmişdir. Təbii ki, əgər o, X1 ona qarşı belə hərəkət edəcəyini bilsə idi, heç vaxt bu müqavilənin bağlanmasına razılıq verməzdi. Buna görə də o, həmin bu müqavilədə dəyişikliklərin edilməsi və onun əsl borclu ilə əvəz olunması barədə ərizə ilə cavabdehə müraciət etmişdir. Eyni zamanda, X3 da cavabdehə müraciət edərək, həmin müqavilədə adının yazılmasını xahiş etmişdir. Lakin cavabdeh tərəfindən ərizəsi təmin edilməmiş və əsas kimi də aralarında bağlanmış müqavilə üzrə aylıq ödənişlərin edilmədiyini bildirmişdir. Hesab edir ki, cavabdehin bu imtinası tamamilə əsassızdır. İşin hallarından da görünür ki, bu müqavilə faktiki olaraq X3 üçün bağlanmışdır. Ona görə də rəsmiyyətdə bu müqavilə X1 adına dəyişdirilməlidir. Cavabdehin nümayəndəsi iddiaya yazılı etiraz ünvanlayaraq bildirmişdir ki, iddia tələbindən də göründüyü kimi, iddiaçı onlarla bağlanmış müqavilə üzrə öhdəliklərin üçüncü şəxsə ötürülməsini xahiş edir. Lakin müqavilə tərəfi olaraq onlar bununla razı deyillər. Müqavilə bağlanan zaman iddiaçı ilə bağlanmış və buna əsasən qarşılıqlı razılaşma olmuşdur. Hazırda ödəmiş edənin, məhsuldan istifadə edənin kimin olmasının onlar üçün bir əhəmiyyəti yoxdur. Bu münasibətlər tərəflər arasında tənzimlənə bilər. Lakin onlar müqavilə tərəfi kimi iddiaçının adının çıxarılmasına etiraz edirlər, hesab edirlər ki, tərəflərdən biri kimi onların razılığı olmadan öhdəliklər başqa şəxsə ötürülə bilməz. İndiyə kimi olduğu qaydada istifadəçi ödənişlərini davam etdirə bilər. Bunun üçün müqavilədə ad dəyişməsinə zərurət yoxdur. Hüquqi əsası olmadığından və onlar da razılıq vermədiklərindən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəməyə elektron ərizə ünvanlayaraq bildirmişdir ki, iddianı qəbul etmirlər və rədd edilməsini xahiş edirlər. Müqavilə tərəfi kimi müqavilə üzrə tərəfin dəyişdirilməsinə razı deyillər. İddiaçı özü də etiraf etmişdir ki, digər şəxs ödənişləri etmir, belə problemli tərəf ilə müqavilə təbii ki bağlamazlar. Odur ki, məhkəmə iclasınıın inların iştirakı olmadan keçirilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 xx.xx.2025-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq bildirmişdir ki, iddia ərizəsini qəbul edir və müqavilədə kredit götürən kimi onun adının yazılmasına razıdır. Kredit faktiki İddiaçı adındadır. Amma telefon onun istifadəsindədir. Məhkəmə iclasının yeri və vaxtı barədə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilini dinləyib, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, aşağıdakılara əsasən iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan: Müqaviləyə əlavənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən ümumi qiyməti 8443,13 manat olan məhsul sonuncunun istifadəsinə verilmiş, müqavilədə alınan məhsulların dəyərinin 24 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. Cavabdeh MMC-nin İddiaçı ünvanladığı xx.xx.2025-ci il tarixli cavab məktubunun surətindən görünür ki, sonuncunun müqavilənin dəyişdirilməsi barədə müraciətinə baxılmış, aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, ödəniş 129 gün gecikmədədir, 6559,54 manat əsas və 910 manat dəbbə borcu vardır. Yəni, ödəniş vaxtıvaxtında ödənmədiyi üçün müştəri problemli müştərilər siyahısına daxil edilmişdir. Bununla da hal-hazırda onun xahişinin yerinə yetirilməsi məqsədəuyğun hesab edilməmişdir. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, hazırki iddianın qaldırılması üçün iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hazırki mübahisə ilə bağlı qanunvericiliyinin aşağıda göstərilən normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir; 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır; 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır; 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər; 522.1-ci maddəsinə əsasən kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir; 522.2-ci maddəsinə əsasən əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2025ci il tarixdə nisyə alqı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən iddiaçının adına 2 ədəd mobil telefon rəsmiləşdirilmişdir. Həmin müqavilə iddiaçının adına bağlansa da, faktiki olaraq iddiaçının tanışı olan üçüncü şəxs, yəni X3 üçün götürülmüşdür. X3 müqavilə üzrə ödənişləri edəcəyi barədə iddiaçı qarşısında öz üzərinə öhdəliklər götürsə də, üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Bundan sonra, iddiaçı müqavilənin dəyişdirilməsi və onun əsl borclu ilə əvəz olunması barədə cavabdehə müraciət etmiş, cavabdeh isə bundan imtina etmişdir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, müqavilənin dəyişdirilməsini tələb edir. Məhkəmə hesab edir ki, iddia əsassızdır. Belə ki, qanunvericiliyin tələblərindən göründüyü kimi, müqavilənin dəyişdirilməsi tərəflərin razılaşması ilə mümkündür. Həmçinin, tərəflərin birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda dəyişdirilə bilər. Mülki işin araşdırılması zamanı müəyyən olunmuşdur ki, müqavilənin dəyişdirilməsi ilə bağlı cavabdeh tərəfin razılığı olmamış və hazırda da yoxdur. Belə ki, iddiaçı tərəfindən də etiraf edildiyi kimi, X3 ödənişləri vaxtında etmir və belə olan halda da, müqavilənin dəyişdirilməsi cavabdehin hüquqlarını əhəmiyyətli dərəcədə pozacaqdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, iddia rədd edildiyindən, iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumu da iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdehnə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X3 cəlb edilməklə) "müqavilədə dəyişikliklərin edilməsi" tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar