Məhkəmə qərarları › İş №2(001)-6359/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6359/2021

30.08.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6359/2021 30.08.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X12 oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 iştirakları ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə 30 avqust 2021-ci il tarixdə Binəqədi Rayon Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdehlərin, habelə Cavabdeh2 himayəsində olan 12 fevral 2019-cu il təvəllüdlü X2 və 07 fevral 2020-ci il təvəllüdlü X4 ilə birlikdə ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr., Svetlana Məmmədova küçəsi, 203b saylı evin 11 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında göstərdi ki, o, iddia tələbində göstərilən evi alğı-satqı müqaviləsi əsasında Cavabdeh1, Cavabdeh2 və X1 almışdır. Həmin mənzil üzərində tam mülkiyyət hüququ 30 iyun 2021-ci il tarixdə qeydə alınaraq müvafiq çıxarış verilmişdir. Cavabdehlər himayələrində olan yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə ona məxsus həmin evdə qeydiyyatda qalmaqdadır. Halbuki, alğı-satqı müqaviləsi bağlanarkən onlar notariat ofisində evdən qeydiyyatdan çıxacaqlarına dair ərizə təqdim etmişlər. Cavabdehlərin evdə qeydiyyatda qalmaları onun mülkiyyət hüquqlarının həyata keçirilməsində maneçilik törədir, ona mənsub olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüquqlarını pozur. Mənzildə cavabdehlərə məxsus heç bir əşya yoxdur. Sonda İddiaçı məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun özünə aid edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 mərhum əri Cavabdeh3 8 il əvvəl vəfat etdiyini, həmçinin, hazırki iddianı qəbul etdiyini və təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Digər Cavabdeh2 qeydiyyat yeri üzrə məhkəmə iclsaının vaxtı və yeri barədə müvafiq bildiriş göndərilməsinə baxmayaraq o, məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə iş üzrə iddiaçını və Cavabdeh1 izahatını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: - 25 iyul 2021-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli alğı-satqı müqaviləsindən görünür ki, həmin tarixdə Cavabdeh1, Cavabdeh2 və X5 hər biri 1/3 hissədə mülkiyyətlərində olan, ünvan 1 ünvanında yerləşən mənzili İddiaçı satmış, müqavilənin 13cü bəndinə əsasən 25 iyul 2021-ci il tarixədək mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. - çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Svetlana Məmmədov küçəsi, ev 203b, 11 saylı mənzil 30 iyun 2021-ci il tarixdə İddiaçı xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. - “Yaşayış yeri üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 29 iyul 2021-ci il tarixli, ******* nömrəli arayışından görünür ki, Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və himayəsində olan 12 fevral 2019-cu il təvəllüdlü X7, 07 fevral 2020-ci il təvəllüdlü X4 Bakı şəhəri, Binəqədi rayonu, Svetlana Məmmədov küçəsi, ev 203b, 11 saylı mənzilində qeydiyyatdadır. - 13 iyun 2020-ci il tarixlİ, AZ-İİ seriyalı 045355 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, Cavabdeh3 06 mart 2013-cü il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iclasında araşdırılmış sübutlardan məlum oldu ki ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında İddiaçı mülkiyyətindədir. Cavabdehlər mənzildə pasport qeydiyyatında formal olaraq qalmışlar ki, bu da iddiaçının mülkiyyətində olan mənzilinə sahiblik, istifadə və sərəncam hüquqlarının tam həyata keçirməsinə mane olur və ona dair sərəncam vermək hüquqlarını pozur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 572.1-ci maddəsinə əsasən alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur.Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Göründüyü kimi, cavabdehlər iddiaçının mənzili əldə etməsindən əvvəl mənzilə qeydiyyata alınmışlar, onların mənzilə qeydiyyata alınması iddiaçının – yeni mülkiyyətçinin iradə ifadəsi ilə bağlı deyil, iddiaçının hazırkı tələbindən isə müəyyən olunur ki, cavabdehlərin mənzildə qeydiyyatda qalması mülkiyyətçi kimi onun iradəsinə ziddir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. Odur ki, məhkəmə qeyd edir ki, yetkinlik yaşına çatmayan X2 və X3 da valideyinlərinin yaşamadıqları mənzildə qeydiyyatda qalması əsassızdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 avqust 2021-ci il tarixli, 2(001)- 6359/2021 saylı qərardadına əsasən, iddia tələbinin Cavabdeh3 yönələn hissəsinə cavabdehin vəfat etməsi əsası ilə xitam verilmişdir. Məhkəmə işin faktiki hallarını şərh olunan normalar əsasında qiymətləndirərək hesab edir ki, Cavabdeh1, Cavabdeh2 onun himayəsində olan 12 fevral 2019-cu il təvəllüdlü X7, 07 fevral 2020-ci il təvəllüdlü X4 adlı uşaqları ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Svetlana Məmmədov küçəsi, ev 203b, 11 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməlidir. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 234-244 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun himayəsində olan 12 fevral 2019-cu il təvəllüdlü X7 və 07 fevral 2020-ci il təvəllüdlü X4 adlı yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr., Svetlana Məmmədov küçəsi, ev 203b, 11 saylı mənzilində yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilsin. İddia qalan hissədə rədd olunsun. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı şəhər Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar