Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6360/2021 03.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X4 oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı (MMC) Cavabdeh qarşı pul tələbi barədə mülki işə 03 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh zaminlik müqaviləsinə əsasən zamin tərəfindən ödənilmiş 1854,15 ABŞ dolları məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pul vəsaitinin MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, 07 iyun 2013-cü il tarixdə "xxxx" İKB ASC-nin 6 saylı filialı ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən sonuncuya 36 ay müddətinə illik 22 faiz olmaqla 8050 ABŞ dolları məbləğində kredit verilmişdir. Kreditin təyinatı 1999-cu il buraxılışlı «Mercedes Benz C180» markalı, **-VU-*** dövlət qeydiyyat nişanlı avtomobilin alınması olmuşdur. Kreditin təminatı olaraq həmin avtomobil ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmişdir. Həmçinin, kreditin təminatın olaraq bank ilə Cavabdeh və zamin İddiaçı MMC arasında 07 iyun 2013-cü il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini laızmınca yerinə yetrmədiyi üçün bank tərəfindən borcun ödənilməsinin təmin olunması zaminə təklif olunmuş, nəticədə iddiaçı tərəfindən Cavabdeh banka olan borcu üzrə 1854,15 ABŞ dolları məbləğində ödəniş edilmişdir. Sonradan həmin pulun iddiaçıya qaytarılması barədə Cavabdehə müraciətlər ediləsə də, nəticə əldə olunmadığından iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda iddiaçının nümayəndəsi Ə.G.Bayramov məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməyinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələbinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Mülki iş materiallarında olan: - "xxxx" İKB ASC ilə “borcalan” qismində Cavabdeh və “zamin” adlandırılacaq İddiaçı MMC arasında bağlanmış 07 iyun 2013-cü il tarixli müqavilədən görünür ki, bank tərəfindən Cavabdehə 36 ay müddətinə illik 22 faiz hesablablanmaqla 8050 ABŞ dolları məbləğində kredit verilmiş, İddiaçı MMC Cavabdeh banka olan borcunu lazımi qaydada ödəmədiyi təqdirdə öhdəliklərinin icrasını öz üzərinə götürmüşdür. - “nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən görünür ki, «Mercedes Benz C180» markalı, **-VU-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh mülkiyyətindədir. - 03 sentyabr 2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh tərəfindən "xxxx" İKB ASC-yə aparılmış ödənişlərdən 5478,85 ABŞ dolları məbləği zaminə geri qaytarılmış, həmin tarixə Cavabdeh zaminə 1854,15 ABŞ dolları borcu qalmışdır. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 475.1-ci maddəsinə əsasən, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. - 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. - 439.2-ci maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Məhkəmə hesab edir ki, Cavabdeh "xxxx" İKB ASC qarşısında kredit müqaviləsi üzrə öhdəliklərinin bir qismi həmin müqavilə üzrə zamin İddiaçı MMC tərəfindən icra edildiyindən, kredit ödənişi olaraq ödənilmiş 1854,15 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş anında Azərbaycan manatına olan məzənnə ilə Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia ərizəsi verilərkən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: «Azevrocar” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi barədə iddiası təmin edilsin. 1854,15 ABŞ dolları ödəniş anında Azərbaycan manatına olan məzənnə ilə və iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq «Azevrocar” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-6360/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6360/2021
03.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver