Məhkəmə qərarları › İş №2-2(3-7)-51/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-7)-51/2026

02.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2-2(3-7)-51/2026 02.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı “xxxx” MMC-nin cavabdeh Cavabdeh qarşı iş üzrə Açar sözlər: öhdəliyi icra etmiş zaminin hüquqları; reqres hüquq Hakimlər Həsənov Islam Telman oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Işin halları

1. “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış ##.##.2024-cü il tarixli E*** saylı sahibkarlıq subyektinin maliyyələşdirilməsinə dair kredit xətti (limiti) müqaviləsindən görünür ki, bank müqavilənin şərtlərinə uyğun olaraq gələcəkdə borcalana məqsədli istifadə, qaytarılmaq, faizlər və digər ödənişlər ödənilmək şərti ilə kredit verməyi, borcalan isə istifadə etdiyi krediti və hesablanmış faizləri müəyyən edilmiş vaxt ərzində banka qaytarmağı öhdəsinə götürmüşdür.

2. “xxxx” ASC ilə “xxxx” MMC arasında bağlanmış ##.##.2023-cü il tarixli **/** saylı əməkdaşlıq və zaminlik müqaviləsindən görünür ki, “xxxx” MMC pambığın əkilməsi və becərilməsi üçün hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağladığı müqavilələr üzrə həmin şəxslərin kreditləşdirilməsi məqsədilə banka sifarişçilərin (bundan sonra borcalan) adları və kredit məbləği əks olunan kredit sifarişi cədvəlini (siyahı) təqdim etməyi, bank isə həmin siyahı üzrə borcalanlara kredit xətti açmağı, borcalan kredit xətti (limiti) müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin borcalanla birgə məsuliyyət daşımağı, həmin öhdəliyi tamamilə icra etməyi öhdəsinə götürmüşdür.

3. Cavabdeh məxsus hesabdan çıxarış məlumatından görünür ki, borcalanın hesabına “xxxx” ASC tərəfindən ümumilikdə 7000 manat köçürülmüşdür. “xxxx” MMC tərəfindən 3,80 manat, 440 manat, 19,62 manat, 6,92 manat, 2585,03 manat, 0,45 manat, 47,72 manat, 1200 manat, 112 manat, 19 manat, 800 manat, 240 manat, 69,33 manat, 12,62 manat, 720 manat, 46,50 manat, 11,40 manat, 25,70 manat “xxxx” ASC-yə köçürülmüşdür.

4. “xxxx” ASC-nin ##.##.2025-ci il tarixli arayışından görünür ki, Cavabdeh 5985,03 manat əsas, 375,06 manat faiz borcu olmaqla, cəmi 6360,09 manat borcu qalmış, zamin tərəfindən həmin borc məbləği ##.##.2025-ci il tarixdə tam olaraq “xxxx” ASC-yə ödənilmişdir.

a) Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

5. Iddiaçı “xxxx” MMC cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 6360,09 manat borc və ödənilmiş 83,6 manat rüsum olmaqla, cəmi 6443,70 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, “xxxx” ASC ilə aralarında ##.##.2023-cü tarixli **/** nömrəli zaminlik müqaviləsi bağlamış və həmin müqavilənin 1.1-ci bəndinə əsasən, kreditor qarşısında zaminliklə təmin edilmiş öhdəlik götürmüşdür. ##.##.2024-cü il tarixli kredit müqaviləsinə uyğun olaraq kreditor cavabdehə kredit xətti açaraq, onu zəruri maliyyə vəsaiti ilə təmin etmiş, iddiaçı isə həmin vəsaitin ödənilməsinə zamin qismində öhdəlik götürmüşdür. Cavabdeh sözügedən kredit müqaviləsinin ödəniş şərtlərinə əməl etməmiş və kreditor qarşısında öhdəliyi yaranmışdır. Kreditor tərəfindən zamin-iddiaçıya təqdim edilmiş ##.##.2025-ci il tarixli arayışdan görünür ki, cavabdehin kreditora əsas və faiz borcu olmaqla, ümumilikdə 6360,09 manat borcu mövcud olmuş və zaminlik müqaviləsindən irəli gələn öhdəliyin icrasını təmin etmək məqsədilə, həmin borc tam şəkildə akseptsiz qaydada olmaqla zamin-iddiaçının bank hesabından tutulma edilməklə kreditora ödənilmişdir. Son nəticədə cavabdehin iddiaçıya zaminliklə təmin edilmiş öhdəlik üzrə ümumilikdə 6360,09 manat borcu yaranmışdır. Yaranmış borcun könüllü qaytarılması ilə bağlı iddiaçı tərəfindən cavabdehə pretenziya göndərilsə də, lakin müsbət nəticə olmamışdır.

7. Gəncə Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Gülnaz Quliyeva) iddia təmin edilərək, cavabdeh Cavabdeh 6360 (altı min üç yüz altmış) manat 09 (doqquz) qəpik borc və ödənilmiş 83 (səksən üç) manat 60 (altmış) qəpik dövlət rüsumu tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir.

8. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445.1, 445.2, 470.1, 472.2, 475.1, 739.1 və 743.1-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119.1, 217.3, 218.1 və 284-5.3-cü maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Cavabdeh Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, təqdim etdiyi sənədlərdən görünür ki, 2024-cü ilin yay aylarında Bərdə rayonunda intensiv yagan yağış-sel səbəbindən bir çox sahibkarlar kimi o da ziyan çəkmişdir. ##.##.2024-cü il tarixli və ##.##.2024-cü il tarixli aktlardan görünür ki, yagan yağışlar güclü küləklə müşahidə olunması nəticəsində, sahələri sel-su basmış, hətta elektrik dirəkləri aşmış və sahələrə girmək mümkün olmamışdır. Komissiya təşkil edilərək əraziyə baxış keçirilmiş, fotoşəkillər çəkilmiş və hər hektara 8-11 sentner ziyanlıq dəyməsi müəyyən edilmişdir. Həmin ərazilərə, o cümlədən onun torpaq sahəsinə də baxış keçirilmiş və sözügedən akt MKT Bərdə filialının əməkdaşları, Bərdə DAIM-nin, Bitki Mühafizə sektorunun əməkadşlarının iştirakı ilə tərtib edilmişdir. Təsərrüfata dəymiş ziyanla bağlı iddiaçı təşkilatın bütün rəhbər şəxsləri ilə danışıqlar aparmışdır. Onlar da bildirmişlər ki, onun heç bir günahı yoxdur. Fermer kimi illərdir torpaq sahəsində əkinçiliklə məşğul olaraq, ailəsini dolandırır. Ondan asılı olmayan fors-major hadisəsi nəticəsində ziyana düşmüşdür. Ondan asılı olmayan səbəblərdən məhsuldarlığın az olması səbəbindən ziyana düşməyi bir yana, hazırkı iddia tələbinin təmin edilməsi onsuz da maddi sıxıntıda olduğu bir vaxtda onun və ailəsinin vəziyyətini daha ağırlaşdıra bilər.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

d) Prosessual məsələlər:

12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 394-1.1-ci maddəsinə görə, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnamələrindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilirsə, məhkəmə onun daxil olduğu vaxtdan 5 iş günü ərzində apellyasiya şikayətini və ona əlavə edilmiş sənədləri işdə iştirak edən şəxslərə rəsmi qaydada verir.

13. Həmin Məcəllənin 394-1.3-cü maddəsinə görə, apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.

14. Göstərilən prosessual hüquq normalarının tələblərinə əsasən məhkəmə kollegiyası işə yazılı icraat qaydasında baxılmasını qanunamüvafiq hesab etmişdir. Həmçinin qeyd olunmalıdır ki, işə yazılı icraat qaydasında baxılmasını istisna edən iş üzrə əlavə araşdırma, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti kimi hallar mövcud deyildir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

15. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

16. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

17. Maddə 475.1. Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

18. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

21. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

22. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

23. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

24. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

25. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

26. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

27. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, “xxxx” ASC ilə Cavabdeh arasında ##.##.2024-cü il tarixdə kredit xətti (limiti) müqaviləsi bağlanmış, həmin müqavilə əsasında borcalanın hesabına 7000 manat köçürülmüşdür. Müqavilə üzrə öhdəliklərin icrasının təminat altına alınması məqsədilə “xxxx” ASC ilə “xxxx” MMC arasında ##.##.2023-cü il tarixli əməkdaşlıq və zaminlik müqaviləsi bağlanmışdır. Borcalan Cavabdeh müqavilə üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyindən “xxxx” ASC-yə 5985,03 manat əsas, 375,06 manat faiz borcu olmaqla, cəmi 6360,09 manat borcu yaranmışdır. Iddiaçı təşkilat zaminlik müqaviləsi əsasında borclunun kreditor qarşısındakı öhdəliyini icra etdiyini əsas göstərərək həmin vəsaitin borcludan reqres qaydasında tutulması barədə hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

29. Məhkəmə kollegiyası iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.

30. Mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” – “məhkəmə hüququ bilir” prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşıyır və tərəflərin faktlar barəsində hüquqi mövqeləri hakim üçün heç bir halda məcburi deyildir.

31. Bu prinsipə görə, hər hansı iddia üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.

32. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

33. Bu kontekstdə kollegiya nəzərə alır ki, iddiaçı təşkilat borclunun kreditor qarşısında öhdəliyini zaminlik müqaviləsi əsasında icra etdiyi iddiasındadır və iddianın qanuni əsası kimi Mülki Məcəllənin 475.1-ci maddəsi çıxış edir. Həmin normaya əsasən, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər.

34. Iş materiallarına nəzər saldıqda müəyyən edilir ki, kreditor “xxxx” ASC tərəfindən verilmiş arayışda borclu Cavabdeh 5985,03 manat əsas, 375,06 manat faiz borcu olmaqla, cəmi 6360,09 manat borcu yarandığı və zamin “xxxx” MMC tərəfindən həmin borc məbləğinin ##.##.2025-ci il tarixdə tam olaraq ödənildiyi qeyd edilmişdir.

35. Göründüyü kimi, cavabdeh (borclu) kreditor qarşısında öhdəliyini icra etməmiş, iddiaçı təşkilat da zaminlik müqaviləsi əsasında öhdəliyi tam həcmdə icra etmişdir. Yəni, zaminin icra edilmiş öhdəliyin reqres qaydasında qaytarılması barədə borcluya qarşı qanuni və əsaslı tələb hüququ yaranmışdır.

36. Apellyasiya şikayətin dəlilləri də əsassız olmaqla iddianın həlli baxımından hər hansı əhəmiyyət daşımamaqdadır.

37. Odur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

38. Məhkəmə kollegiyası həmçinin izah edir ki, iddianın qiyməti 10000 manatdan az olduğundan bu qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmur.

39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 372.1, 384, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar