Məhkəmə qərarları › İş №e-2-2(3-7)-144/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-7)-144/2026

15.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № e-2-2(3-7)-144/2026 15.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı iş üzrə Işin halları

1. İddiaçı MMC (əvvəlki adı “xxxx” MMC) ilə “xxxx” ASC arasında bağlanılmış ##.##.2023-cü tarixli, **/** nömrəli əməkdaşlıq və zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən “xxxx” MMC pambığın əkilməsi və becərilməsi üçün hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağladığı müqavilələr üzrə həmin şəxslərin kreditləşdirilməsi məqsədilə Banka sifarişçilərin adları və kredit məbləği əks olunan kredit sifarişi cədvəlini təqdim edir, bank isə həmin siyahı üzrə borcalanlara kredit xətti açır. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən borcalan bu müqavilənin 1.3-cü bəndində göstərilən kredit xətti müqaviləsi üzrə Bank qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin borcalanla birgə məsuliyyət daşımağı, həmin öhdəliyi tamamilə icra etməyi öhdəsinə götürür və/ və ya lazımınca icra etmədiyi təqdirdə zamin Bankın ilkin yazılı tələbi ilə kredit məbləğini (əsas borc), ona hesablanmış faiz və dəbbə pulu ilə birlikdə dərhal Banka ödənilməsini öz üzərinə götürür. Həmin Müqavilənin 1.3-cü bəndinə əsasən zaminliklə təmin edilən öhdəlik zaminin banka təqdim etdiyi kredit tələbi cədvəlinə uyğun fərdi sahibkarlarla bağlanılmış və gələcəkdə bağlanılacaq kredit xətti müqavilələrindən irəli gələn borc öhdəliyidir.

2. “xxxx” MMC ilə cavabdeh arasında ## ####### 2024-cü il tarixdə 2024-cü il mövsümü üzrə xam-pambığın alqı-satqısına dair 24 271 **** nömrəli müqavilə bağlanmış, həmin müqaviləyə əsasən cavabdeh 59 hektar torpaq sahəsində pambıq becərərək istehsal etdiyi xam pambığı tam həcmdə iddiaçıya təhvil verməyi, iddiaçı isə istehsal üçün zəruri malları, aqrotexniki xidmətləri və maliyyə vəsaitini təqdim etməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əlavə edilmiş qiymətlərin razılaşdırılması protokolu ilə təqdim ediləcək malların və göstəriləcək xidmətlərin qiymətləri müəyyən edilmişdir.

3. Cavabdeh ilə “xxxx” ASC arasında ## ###### 2024-cü il tarixdə sahibkarlıq subyektinin maliyyələşdirilməsinə dair kredit xətti (limiti) müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən cavaabdehə bank tərəfindən 12 ay müddətinə, illik yuxarı həddi 15 faizlə 100.000 manatlıq kredit xətti açılmışdır.

4. Cavabdehlə bank arasında bağlanmış kredit xətti müqaviləsinə əsasən bank tərəfindən hissə-hissə olmaqla ##.##.2024-cü il tarixdən etibarən ümumilikdə cavabdehin bank hesabına 61.360 manat məbləğində kredit vəsaiti köçürülmüşdür.

5. Cavabdeh kredit öhdəliyini lazımınca icra etməmiş və onun bank qarşısında icra edilməmiş 46887,86 manat əsas, 3315,87 manat faiz olmaqla cəmi 50203,73 manat borcu mövcud olmuş və zaminlik müqaviləsindən irəli gələn öhdəliyin icrasını təmin etmək məqsədilə, həmin borc tam şəkildə akseptsiz qaydada iddiaçının bank hesabından tutulma edilməklə “xxxx” ASC-yə ödənilmiş və bununla bağlı bank tərəfindən iddiaçıya ##.##.2025-ci il tarixli arayış verilmişdir.

6. Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsinin iddiaçıya aid qeydiyyatdan ##.##.2025-ci il tarixli çıxarışa əsasən “xxxx”xxxx” MMC adlandırılmışdır.

Birinci instansiya məhkəməsində icraat

7. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən 50203,73 manat borc və ödənilmiş 240,61 manat rüsum olmaqla, cəmi 50.444,34 manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı pambığın əkini-becərilməsi üçün cavabdehlə bağladığı xam-pambığın alqı-satqı müqaviləsi üzrə sonuncunun kreditləşdirilməsi məqsədilə “xxxx” ASC (bundan sonra Kreditor) ilə ##.##.2023-cü tarixli, **/** nömrəli zaminlik müqaviləsi bağlamış və həmin müqavilənin 1.1-ci bəndinə əsasən, Kreditor qarşısında zaminliklə təmin edilmiş öhdəlik götürmüşdür. ##.##.2024-cü il tarixli kredit müqaviləsinə uyğun olaraq kreditor cavabdehə kredit xətti açaraq, onu zəruri maliyyə vəsaiti ilə təmin etmiş, iddiaçı isə həmin vəsaitin ödənilməsinə zamin qismində öhdəlik götürmüşdür. Cavabdeh sözügedən kredit müqaviləsinin ödəniş şərtlərinə əməl etməmiş və kreditor qarşısında öhdəliyi yaranmışdır. Kreditor tərəfindən zamin-iddiaçıya təqdim edilmiş ##.##.2025-ci il tarixli arayışdan görünür ki, cavabdehin kreditora əsas və faiz borcu olmaqla, ümumilikdə 50203,73 manat borcu mövcud olmuş və zaminlik müqaviləsindən irəli gələn öhdəliyin icrasını təmin etmək məqsədilə, həmin borc tam şəkildə akseptsiz qaydada olmaqla zamin-iddiaçının bank hesabından tutulma edilməklə kreditora ödənilmişdir. Beləliklə, cavabdehin iddiaçıya zaminliklə təmin edilmiş öhdəlik üzrə ümumilikdə 50203,73 manat borcu yaranmışdır. Yaranmış borcun könüllü qaytarılması ilə bağlı Iddiaçı tərəfindən cavabdehə pretenziya göndərilsə də, nəticəsiz qalmışdır.

9. Iddiaçının nümayəndəsi X1 məhkəmə iclasında iddia tələbinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

10. Cavabdeh məhkəmə iclasında izahatında bildirmişdir ki, lazımi xidmətlər göstərilməmişdir. Müqavilədə avans sözü qeyd olunsa da, faizlə bağlı heç bir məlumat qeyd olunmamışdır. Qarşı tərəf ona kifayət qədər ziyan vurmuşdur. Onlara avans veriləcəyi bildirilmişdi, lakin avans deyil, kredit verilmişdir. Bundan başqa verdikləri dərmanlar da keyfiyyətsiz olmuşdur. O, 40 sentner məhsul götürəcəyi halda, cəmi 20 sentner məhsul götürmüşdür.

11. Cavabdehin nümayəndəsi (vəkil) Vəkil məhkəmə iclasında izahatında bildirmişdir ki, iddia tələbi əsassızdır. Iddiaçı tərəfindən cavabdehə lazımi xidmətlər göstərilmədiyindən, işlər görülmədiyindən məhsul əldə edilə bilməmişdir.

12. Gəncə Kommersiya Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsi (hakim – Ramiq Qələndərzadə) ilə, iddianın təmin edilməsi, cavabdeh Cavabdeh 50203,73 manat məbləğində pul və 240,61 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir.

13. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, borcalan Cavabdeh kreditoru “xxxx” ASC qarşısında öhdəliyini yerinə yetirmədiyindən onun öhdəliyi zamin olan hazırkı iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yerinə yetirilmişdir. Qanunvericiliyin tələbi baxımından borcun ödənilməsi zamin tərəfindən təmin edildiyindən kreditorun bütün hüquqları zaminə keçmiş və zamin olan hazırkı iddiaçı banka ödədiyi 50203,73 manat məbləğində borcu Cavabdeh tələb etməkdə haqlıdır.

14. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, 50203,73 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

15. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2, 385.1, 386.1, 390.4, 442, 443.1, 445.2, 448.1, 448.2, 470.1, 472.2, 475.1, 475.2, 475.3, 743.1, 743.2, 740.8 və 742.1-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə istinad etmişdir.

16. Cavabdeh apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, birinci instansiya məhkəməsi ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri Birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, bu nəticəyə gəlməmişdən əvvəl məhkəmə borclunun öhdəliyin icra edilməməsi zamanı təqsirinin olubolmamasını

17. araşdırmamış, həmçinin məhkəmə tərəfindən əsas və faiz borcunun məbləğinin dəqiq nə qədər olmasının müəyyən edilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməmişdir. Məhkəmə iddia ərizəsində qeyd edilən cavabdehin kreditora əsas və faiz borcu olmaqla, ümumilikdə 50203,73 manat borc məbləği ilə razılaşmış və iddianı təmin etmişdir. Bildirir ki, borc məbləğinin müəyyən edilməsi üçün cavabdehin nümayəndəsi tərəfindən məhkəmə-mahisbatlıq ekspertizasının keçirilməsi barədə vəsatət də təmin edilməmişdir. Zamin İddiaçı MMC borclu qarşısından öhdəliklərinin icra edilməsində təqsirli olduğu halda, kreditorun tələblərini ödəmiş olsa belə, onun reqres qaydasında borcluya qarşı tələb hüququ irəli gələ bilməzdi. Göründüyü kimi, müqavilə öhdəliklərinin yerinə yetirilməsinə tərəflərin hərəkətləri tam araşdırılmamış, borcun ödənilməsinin gecikdirikməsinin iddiaçının təqsirli hərəkətlərində yaranmasına qiymət verilməmişdir. Beləliklə, qeyd edilən hallar məhkəmə tərəfindən maddi huquq normaları baxımından düzgün qiymətləndirilməmiş və tətbiq edilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Cavabdeh apellyasiya şikayətinin dəlilərinə uyğun izahat verərək bildirmişdir ki, o, uzun müddət iddiaçının Bərdə filialının direktoru olmuşdur. Lakin vəzifədən azd edildikdən sonra təsərrüfatla məşğuldur. Onu dərman preparatları ilə təmin etmədiyi üçün müqavilə pozulmuşdur. Bununla bağlı şikayətlər də etmişdir. Belə ki, o avans ödəmişdir və onun xəbəri olmadan müqavilə bağlanmış pulu bank vermişdir. Müqavilə onun tərəfindən imzalanmışdır. Odur ki, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdi.

20. Cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlilərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

21. Iddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

22. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

23. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.

24. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

25. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

26. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

27. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

28. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

29. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.

30. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

31. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

32. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

33. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

34. Maddə 472.3. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

35. Maddə 473. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zaminin borcluya göstərdiyi xidmətlər üçün muzd almaq hüququ vardır.

36. Maddə 475.1. Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər.

37. Maddə 475.2. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur.

38. Maddə 475.3. Bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir.

39. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

40. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

41. 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.

42. Maddə 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

43. Maddə 745.5. Kredit müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa (daha yuxarı məbləğin müəyyənləşdirilməsi istisna olmaqla), kredit üzrə ödənişlərin gecikdirilməsinə görə faizlər (gecikdirilmə faizləri) kredit müqaviləsində nəzərdə tutulan illik faiz dərəcəsinə pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edilmə günü üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi əlavə edilməklə hesablanır. Bu maddədə müəyyən edilən həddə gecikdirilmə faizləri tətbiq edildikdə, əlavə dəbbə pulu (cərimə, penya) və ya digər formada hər hansı ödəniş tələb edilə bilməz.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

44. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

47. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

48. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

49. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

50. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

51. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

52. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

53. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

54. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

55. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

56. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında deyilir ki, “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir”.

57. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiiya Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, cavabdeh qətnamənin ləğv edilməsini xahiş etmiş və qətnaməni tammübahisələndirir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını tam şəkildə yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

58. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

59. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

60. Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsi ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

61. Belə ki, iş materiallarından müəyyən olunduğu kimi, borcalan Cavabdeh kreditoru “xxxx” ASC qarşısında öhdəliyini yerinə yetirmədiyindən onun öhdəliyi zamin olan hazırkı iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yerinə yetirilmişdir. Qanunvericiliyin tələbi baxımından borcun ödənilməsi zamin tərəfindən təmin edildiyindən kreditorun bütün hüquqları zaminə keçmiş və zamin olan hazırkı iddiaçı banka ödədiyi 50.203,73 manat məbləğində borcu cavabdehdən tələb edir.

62. Bununla yanaşı, iş materiallarından görünür ki, “xxxx” ASC ilə İddiaçı MMC adı altında fəaliyyət göstərən iddiaçı arasında ##.##.2023-cü il tarixdə əməkdaşlıq və zaminlik müqaviləsi bağlanmışdır. Qeyd edilən müqaviləyə və ona sonradan bağlanmış əlavələrə əsasən iddiaçı pambıq istehsalı ilə məşğul olan fiziki şəxslərin, o cümlədən cavabdehin bank qarşısında kredit öhdəliklərinin icrasına təminat vermək məqsədilə zamin qismində çıxış etmiş, cavabdehin kredit müqaviləsindən irəli gələn öhdəlikləri icra etmədiyi halda borclu ilə birlikdə kreditor qarşısında birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür.

63. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə görə borclu kreditorun xeyrinə müəyyən hərəkəti etməli, o cümlədən pul ödəməli, kreditor isə borcludan bu öhdəliyin icrasını tələb etmək hüququna malikdir. Mülki Məcəllənin 425.1-ci maddəsi isə tərəflərin öhdəliklərini vicdanlılıq prinsipinə uyğun olaraq, şərtləşdirilmiş vaxtda və lazımi qaydada icra etməli olduqlarını təsbit edir. Iş üzrə mübahisəsiz hallar onu göstərir ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü pul öhdəliyini vaxtında və tam şəkildə icra etməmiş, nəticədə Mülki Məcəllənin 442ci maddəsində

64. nəzərdə tutulmuş öhdəliyin pozulması halına yol vermişdir.

65. Məhkəmə qeyd edir ki, ##.##.2025-ci il tarixə cavabdehin kredit üzrə əsas və faiz borcu olmaqla ümumilikdə 50.203,73 manat məbləğində borcu mövcud olmuş, həmin məbləğ zamin tərəfindən banka ödənildikdən sonra qanunvericiliyin imperativ tələbinə uyğun olaraq kreditorun həmin öhdəlik üzrə hüquqları iddiaçıya keçmişdir.

66. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə zamin və borclu kreditor qarşısında, əgər müqavilədə başqa hal nəzərdə tutulmamışdırsa, birgə məsuliyyət daşıyırlar və zamin borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Eyni zamanda Mülki Məcəllənin 475.1-ci maddəsində təsbit edilmişdir ki, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları kreditorun tələbini ödədiyi həcmdə keçir və zamin həmin məbləğin borcludan tutulmasını tələb etmək hüququna malik olur. Deməli, zamin tərəfindən öhdəliyin icra edilməsi qanunun birbaşa göstərişinə əsasən reqres hüququnun yaranmasına səbəb olur və bunun üçün hər hansı əlavə razılaşmanın mövcudluğu tələb edilmir.

67. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, cavabdehin “xxxx” ASC qarşısında kredit öhdəliyi yaranmış, həmin öhdəlik müqaviləyə uyğun olaraq iddiaçı tərəfindən zamin qismində icra edilərək 50.203,73 manat məbləğində borc tam şəkildə banka ödənilmişdir.

68. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Cavabdeh kredit müqaviləsi üzrə ödənişləri gecikdirməklə və borcu tam ödəməməklə kreditor qarşısında öhdəliyin icrasını təmin etməmiş, nəticədə kredit müqaviləsindən irəli gələn öhdəliklər zamin tərəfindən icra edilmişdir.

69. “xxxx” ASC-nin təqdim etdiyi rəsmi arayışdan və iddiaçı tərəfindən təqdim edilmiş ödəniş sənədlərindən görünür ki, zamin İddiaçı MMC tərəfindən cavabdehin banka olan borcu tam şəkildə ödənilmişdir. Bununla da iddiaçı zaminlik müqaviləsindən irəli gələn öhdəliyini icra etmişdir.

70. Birinci instansiya məhkəməsi məhz işdə olan yazılı sübutlara hüquqi qiymət verərək düzgün nəticəyə gəlmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirmədiyindən, iddiaçı isə zamin kimi həmin öhdəliyi icra etdiyindən sonuncunun cavabdehdən ödədiyi məbləği tələb etmək hüququ yaranmışdır. Apellyasiya instansiyası məhkəməsi həmin nəticəni qanuni və əsaslı hesab edir.

71. Apellyasiya şikayətində əsas dəlil kimi göstərilmişdir ki, birinci instansiya məhkəməsi cavabdehin öhdəliyin icra edilməməsində təqsirinin olub-olmamasını araşdırmamış, həmçinin borcun məbləğinin müəyyən edilməsi məqsədilə məhkəmə-mühasibatlıq ekspertizası təyin etməmişdir. Məhkəmə kollegiyası həmin dəlilləri əsaslı hesab etmir.

72. Belə ki, mübahisənin predmeti iddiaçının zamin kimi banka ödədiyi pul vəsaitinin cavabdehdən reqres qaydasında tutulması ilə bağlıdır. Bu kateqoriya mübahisələrdə məhkəmə tərəfindən ilk növbədə zaminlik münasibətinin mövcudluğu, əsas öhdəliyin yaranması, borclunun həmin öhdəliyi icra etməməsi və zamin tərəfindən öhdəliyin faktiki icra olunması araşdırılır. Iş materialları ilə həmin hallar tam təsdiq olunduğundan cavabdehin müqavilə öhdəliyini hansı səbəbdən icra etməməsi zaminin reqres hüququnun yaranmasına təsir göstərən hüquqi hal hesab edilə bilməz. Çünki qanun zaminin reqres hüququnun yaranmasını borclunun təqsirinin ayrıca müəyyən olunması ilə deyil, zamin tərəfindən kreditor qarşısında öhdəliyin faktiki icra edilməsi ilə əlaqələndirmişdir.

73. Cavabdehin iddiaçı tərəfindən aqrotexniki xidmətlərin lazımi qaydada göstərilməməsi, dərman preparatlarının keyfiyyətsiz olması, məhsuldarlığın aşağı düşməsi və digər analoji arqumentləri də mübahisənin predmeti ilə birbaşa əlaqəli deyildir. Həmin hallar mövcud olduğu təqdirdə belə, cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada ayrıca iddia irəli sürərərk müqavilə öhdəliyinin icra edilməməsi nəticəsində ona dəymiş zərərin tutulmasını tələb edə bilər ki, göstərilən hallar zamin tərəfindən banka ödənilmiş pul vəsaitinin geri tələb edilməsi hüququnu aradan qaldırmır və bu iş üzrə iddianın rədd edilməsi üçün hüquqi əsas yaratmır.

74. Apellyasiya şikayətində irəli sürülmüş digər dəlil – borcun məbləğinin müəyyən edilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinin zəruri olması barədə arqument də iş materialları ilə təkzib olunur.

75. Belə ki, MPM-in tələblərinə görə ekspertiza yalnız iş üzrə xüsusi bilik tələb edən halların müəyyən olunması zərurəti yarandıqda təyin edilir. Hazırkı iş üzrə isə borcun məbləği bank tərəfindən verilmiş rəsmi arayış, hesab çıxarışları və maliyyə sənədləri ilə müəyyən edilmiş, həmin məbləğin zamin tərəfindən banka ödənilməsi də müvafiq maliyyə sənədləri ilə təsdiq edilmişdir. Cavabdeh isə həmin sənədlərin saxtalığını, etibarsızlığını və ya hesablamalarda konkret riyazi səhvlərin mövcudluğunu təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir. Bu səbəbdən sadəcə borc məbləği ilə razılaşmamaq məhkəməmühasibatlıq ekspertizasının təyin olunması üçün kifayət edən hüquqi əsas hesab edilə bilməz. Borcun məbləğinin müəyyən edilməsi iş materiallarında olan maliyyə sənədlərinin qiymətləndirilməsi yolu ilə mümkün olduğundan və 46887,86 manat əsas borca münasibətdə 3315,87 manat faizin hesablanması tənasübsüz çox olmadığından həmin məsələnin həlli xüsusi bilik tələb etməmişdir.

76. Bundan başqa cavabdeh onun tərəfindən ödənilən vəsaitlər və ya nəzərə alınmamış hər hansı ödənişlər barədə də məhkəməyə sübut təqdim etməmişdir ki, hazırki vəziyyətdə cavabdehin ekspertiza tələbi işin müəyyən edilmiş halları ilə uzlaşmır və yalnız borcun ödənilməsini yubatmaq məqsədi daşıyır.

77. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi sübutları Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq hərtərəfli, tam və obyektiv qiymətləndirmiş, iş üzrə əhəmiyyət kəsb edən bütün halları araşdırmış, tərəflərin izahatlarını, təqdim olunmuş yazılı sübutları qarşılıqlı əlaqədə qiymətləndirərək düzgün hüquqi nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilən arqumentlər mahiyyət etibarilə birinci instansiya məhkəməsində araşdırılmış halların təkrarından ibarət olmaqla qətnamənin qanunsuz və ya əsassız olmasını təsdiq edən yeni hüquqi və ya faktiki hallar müəyyən etmir.

78. Sadalanan xüsusatlara görə məhkəmə iddia tələbini əsaslı hesab edir və göstərir ki, iddianın təmin edilməsi qanuni əsaslara söykənir.

79. Eyni zamanda, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh apellyasiya şikayətində irəli sürdüyü arqumentləri təsdiq edən mötəbər və kifayət qədər sübutlar təqdim etmədiyindən, həmin arqumentlər hüquqi əhəmiyyət kəsb etmir.

80. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə faktiki halları düzgün müəyyən etmiş, sübutları hərtərəfli və obyektiv qiymətləndirmiş, maddi hüquq normalarını düzgün tətbiq etmiş və iddiaçının zamin qismində ödədiyi pul məbləğinin cavabdehdən tutulması barədə əsaslı və qanuni qətnamə qəbul etmişdir. Apellyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün hüquqi əsas yaratmır.

81. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

82. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

83. Məhkəmə həmçinin qeyd edir ki, hazırki iddianın qiyməti 10.000 (on min) manatdan çox olduğundan Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilər.

84. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 404, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:

Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar