Məhkəmə qərarları › İş №2(001)-6363/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6363/2022

29.11.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6363/2022 29.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan 10 iyul 2015-ci il tarixdə anadan olmuş oğlu X2 ilə birlikdə cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, X8 küçəsi, 127 saylı evin 162 saylı mənzilinə köçürülməyi və iddianın qaldırılması üçün ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh ilə 02 mart 2012-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş və birgə nikahdan 10 iyul 2015-ci il tarixdə oğlu X2 dünyaya gəlmişdir. Birgə nikaha daxil olduqları vaxtdan cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, X8 küçəsi, 127 saylı evin 162 saylı mənzilində yaşamış, cehiz əşyaları həmin mənzilə gətirilib yerləşdirilmişdir. Ər-arvad olaraq münasibətləri normal olmuş, cavabdeh təqaüddə olan hərbiçidir, özü onu mənzilə qeydiyyata aldırmış, oğlu da burada dünyaya gəlmiş və qeydiyyatdadır. Sonradan kənar müdaxilələr nəticəsində münasibətləri gərginləşmiş və cavabdeh onu məcbur etmişdir ki, 2021-ci ilin fevral ayında uşağı da götürüb ata evinə getsin. Bir ildən çox müddətə cavabdeh onlarla maraqlanmamış, uşağın saxlanılması üçün hər hansı bir formada maddi köməklik göstərməmişdir. Hətta oğlu 2021-ci ilin sentyabr ayında birinci sinifə gedərkən cavabdeh nəinki maddi köməklik göstərmiş, heç onu təbrik belə etməmişdir. Atası təqaüdçüdür, xəstədir, o, özü də işləmir. Maddi vəziyyəti ağır olmasına baxmayaraq barışıq ümüdi ilə uşağın xatirinə aliment tələbi qaldırmamışdır. 2022-ci ilin yanvar ayında cavabdehə mediasiya təklifi göndərərək aliment verməsini təklif etmişdir. Fikirləşmişdir ki, vəziyyəti bilib gəlib onları evə aparar və ya maddi köməklik edər. Ancaq belə olmadı. Ona görə də məcbur olub uşağın saxlanılması üçün aliment tələbinə dair iddia qaldırmışdır. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli, 2(001)-2916/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin olunaraq 2022-ci ilin aprel ayından başlayaraq hər ay cavabdehdən uşağın saxlanılması üçün 193 manat alimentin tutulması qət edilmişdir. Alimenti də vaxtı-vaxtında ödəmir, faktiki olaraq Binəqədi rayonunda yaşamasına baxmayaraq, icra sənədini Kürdəmir rayonuna göndərtdirmişdir. Bundan sonra sanki oğlunun olması onun yadına düşmüş və həmin vaxtdan bu günə qədər maddi köməklik əvəzinə müxtəlif üsul və vasitələrlə gərginlik yaratmağa çalışır. Hazırda da məhkəmədə ona qarşı iddia qaldıraraq həftənin 3 günü uşaqla ünsiyyətdə olmaq üçün uşağın ona verilməsini tələb edir. O, isə deyir ki, imkan versin evə qayıtsınlar və bütün vaxt uşaq onun yanında olsun. Cavabdeh buna razılaşmır. Cavabdeh iddiaya etiraz göndərərək bildirmişdir ki, o, 1993-cu ildə mərhum X4 ilə ailə həyatı qurmuş, lakin o, uzun çəkən ağır xəstəliklə əlaqədar 2010-cu ilin yanvar ayının 22-də vəfat etmişdir. Birinci həyat yoldaşından övladı olmamışdır. O, 02 mart 2012-ci il tarixdə iddiaçı ilə rəsmi nikaha daxil olub ikinci ailə həyatı quraraq evlənmişdir. Həmin nikahdan 10 iyul 2015-ci il təvəllüdlü övladı X2 anadan olmuşdur. İddiaçı ilə ailə həyatı qurmamışdan qabaq onun Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal Y/M “Etalon” yaşayış kompleksi, Əsəd Əhmədov küçəsi, ev 41, blok A1, mənzil 61 onun şəxsi mülkiyyətində olmuşdur. Hazırda yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, X8 küçəsi, 127 saylı evin 162 saylı mənzil ona qohumu X3 tərəfindən 04 avqust 2011-ci il tarixdə bağışlama müqaviləsi əsasında ona verilmişdir. İddiaçı iddia ərizəsində göstərir ki, guya o, onlar evlənərkən öz cehiz əşyalarını onun mülkiyyətində olan mənzilə gətirmişdir. Bu tamamilə yalan və böhtandır. Belə ki, həmin mənzil 1 otaqdan və 16 kv.metrdən ibarətdir. Mərhum həyat yoldaşının cehiz əşyaları hal-hazırda yaşadığı mənzildədir. İddiaçı evə gəlin gələrkən heç bir cehiz əşyası gətirməmiş, ancaq özünə məxsus pal-paltar əşyaları gətirmişdir. O, uşağını 157 saylı tam orta məktəbə qoyarkən iddiaçını qeydiyyata salmışdır. Qanunvericiliyə əsasən yaşadığı mənzil ona hədiyyə olunduğu üçün iddiaçıya heç bir pay düşmür. Çünki onun özünün mülkiyyətində olan mənzil 3 otaqdan ibarətdir. İddiaçıya məxsus ev əşyaları həmin mənzildə yerləşir. Uşaq anadan olduqdan sonra iddiaçı aylarla ondan icazə almamış valideynlərinin yaşadığı ünvana getmişdir. Onun bu hərəkətləri bir neçə dəfə təkrar olunmuşdur. İddiaçı hətta heç zaman birgə yaşadıqları müddətdə Kürdəmir rayonunda yaşayan valideynlərinin və qohumlarının toy-yas mərasimlərində iştirak etməmişdir. İddiaçının valideynlərinin və qohumlarının ailəsinə etdiyi müdaxilələr nəticəsində ailə münasibətləri pozulmuşdur. O, hərbiçi olmuş, ailəsinə hər zaman qayğı ilə yanaşmışdır. Onları maddi və mənəvi ehtiyyatlarını lazımınca yerinə yetirmişdir. Lakin iddiaçı elə bir şəraitdə uşağı da götürüb ona məlumat vermədən evdən çıxıb getmiş və uşağı oxuduğu məktəbdən çıxarıb mülkiyyətində olan mənzilə yaxın 308 saylı tam orta məktəbə dəyişdirmişdir. O, məcburiyyət qarşısında qalıb ailəni bərpa etmək, uşağı ilə görüşmək məqsədi ilə onun özü və valideynləri ilə telefon əlaqəsi yaratsa da, heç bir nəticəsi olmamışdır. Ona görə də uşağına bir ata kimi nəzarət etmək, təhsili ilə məşğul olmaq, maddi tələbatını ödəmək üçün uşağı ilə görüşmək məqsədi ilə aidiyyəti orqanlara ərizə ilə müraciət etmişdir. Çünki iddiaçı uşağı məktəbə mütəmadi olaraq getməyə qoymur, təhsildən yayındırır. Lakin etdiyi bu qanuni hərəkətlər iddiaçının günahı üzündən nəticə verməmişdir. Bunun üçün uşağı ilə görüşmək məqsədi ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, hal-hazırda iddiasına məhkəmədə baxılır. Yalnız o, 308 saylı məktəbin rəhbərliyinin köməyi ilə, yəni sinif rəhbərinin səyi nəticəsində uşağı ilə görüşə bilmişdir. Məhkəmənin qərarına əsasən hər ay vaxtında alimenti ödəyir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul etməyərək etirazını müdafiə etdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 14 sentyabr 2022-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, X8 küçəsi, 127 saylı evin 162 saylı mənzil 26 avqust 2011-ci il tarixdə Cavabdeh adına qeydiyyatdan keçmişdir və hazırda onun mülkiyyətindədir. AZ-T seriyalı 026756 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı 02 mart 2012-ci il tarixdə nikahlarını bağlamışlar. AZ-İİİ seriyalı 594866 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 10 iyul 2015-ci il təvəllüdlü X1 atası Cavabdeh, anası İddiaçıdır. Binəqədi rayon Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 21 yanvar 2022-ci il tarixli, 34 nömrəli arayışın surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, X8 küçəsi, 127 saylı evin 162 saylı mənzilində qeydiyyatdadır. 29 sentyabr 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, hazırki iddianın qaldırılması üçün iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, tərəflər 02 mart 2012-ci il tarixdə nikaha daxil olmuş, həmin nikahdan 10 iyul 2015-ci il təvəllüdlü X2 doğulmuşdur. Nikah bağlandıqdan sonra iddiaçı cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, X8 küçəsi, 127 saylı evin 162 saylı mənzilə köçmüş və orada yaşamışdır. Tərəflərin münasibətləri gərginləşdiyindən iddiaçı uşağı ilə mənzili 2021-ci ilin fevral ayında tərk edərək valideynlərinin yanına getmişdir. Hazırda iddiaçı uşağı ilə birlikdə həmin mənzilə köçürülməsini tələb edir, cavabdeh isə bu tələbi qəbul etmir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. 1 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər; 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır; 27.3-cü maddəsinə əsasən əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, iddiaçının oğlu ilə birlikdə ailə üzvü olaraq cavabdehin mülkiyyətində olan mənzildən onunla bərabər istifadə etmək hüququ vardır. Ona görə də məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, İddiaçı uşağı – 10 iyul 2015-ci il təvəllüdlü X2 ilə birlikdə Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, ev 127, mənzil 162-yə köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin edildiyindən cavabdehdən iddianın qaldırılması üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı uşağı – 10 iyul 2015-ci il təvəllüdlü X2 ilə birlikdə Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, ev 127, mənzil 162-yə köçürülsün. Cavabdeh iddianın qaldırılması üçün ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar