Məhkəmə qərarları › İş №2(001)-6365/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-6365/2020

30.10.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-6365/2020 30.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Rüstəmli Məhəmməd Əli oğlu, İddiaçı iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq müəyyən etdim: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr, Ə.Ağayev küçəsi, 120-ci binanın tinində, 30 saylı məktəbin qarşısında, 1113 saylı poçta divar bitişik, Binəqədi rayon Binəqədi Bələdiyyəsi tərəfindən mülkiyyətinə verilmiş 15 kv.m torpaq sahəsinin, qanunsuz zəbt olunması və boşaldılması ilə əlaqədar qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, ərizə mülki-prosessual qanunvericiliklə nəzərdə tutulmuş iddia ərizəsinin forma və məzmununa riayət edilmədən tərtib edilmiş, ərizədə cavabdehin adı, soyadı və atasının adı göstərilməli olduğu halda, iddiaçı cavabdehin adı və soyadını qeyd etməklə kifayətlənmiş, həmçinin cavabdehin poçt ünvanı dəqiq qeyd edilməmişdir. Bundan əlavə, iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd də əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən ərizədə işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları göstərilir; Həmin Məcəllənin 151.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; Həmin Məcəllənin 108.1.1-ci maddəsinə əsasən iddia ərizələri verildikdə dövlət rüsumu ödənilir. Həmin Məcəlləsinin 108.3-cü maddəsinə əsasən dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2.-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Beləliklə, iddia ərizəsinin icraata qəbul olunmasının mümkünlüyü məsələsini yoxlayaraq belə nəticəyə gəlirəm ki, ərizə mülki-prosessual qanunvericiliklə nəzərdə tutulmuş iddia ərizəsinin forma və məzmununa riayət edilmədən tərtib edildiyinə və iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədiyinə görə iddia ərizəsi geri qaytarılmalı və iddiaçıya izah edilməlidir ki, o, göstərilən nöqsanları aradan qaldırdıqdan sonra təkrarən məhkəməyə müraciət edə bilər. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264-cü maddələrini rəhbər tutaraq qərara aldım: İddiaçı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, o, cavabdehin adını, soyadını, ata adını və poçt ünvanını dəqiq göstərməklə, habelə iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə etməklə təkrarən məhkəməyə müraciət edə bilər. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar