Məhkəmə qərarları › İş №2(001)-6369/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6369/2021

03.09.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6369/2021 03.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbi barədə iddia ərizəsinə dair mülki işə 03 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmayan uşaqları – 15 iyun 2012-ci il təvəllüdlü X3 və 18 iyul 2014-cü il təvəllüdlü X4 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi, ev 13 yerləşən fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, o, Cavabdeh ilə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından 15 iyun 2012-ci il təvəllüdlü X3 və 18 iyul 2014-cü il təvəllüdlü X4 adlı uşaqları vardır. Evləndikdən sonra iddia tələbində göstərilən fərdi yaşayış evinə gəlin köçmüşdür. Evin bəzi hüquq müəyyənedici sənədləri mövcud olsa da, reyestr xidmətində qeydiyyata alınmamışdır. O, uşaqları ilə birlikdə həmin evdə qeydiyyatdadır. Cavabdeh son zamanlar spirtli içkilərdən çox istifadə etmiş, evdə əsassız dava-dalaş salmış, son dəfə isə onu vurmağa çalışmış, o da qorxaraq uşaqları ilə birlikdə evdən çıxmaq məcburiyyətində qalmışdır. Cavabdeh 2020-ci ildə də onu evdən çıxmağa vadar etmiş, o, evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra cavabdeh ona ayrıca ev alacağına dair yalan vəd vermiş, o da cavabdehə inanaraq məhkəməyə ərizə təqdim edərək iddiasının baxılmamış saxlanmasını xahiş etmişdir. Lakin, cavabdeh vədinə əməl etməmişdir. Hazırda onun başqa daimi yaşayış yeri olmadığından iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Sonda İddiaçı məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını və iddia ərizəsi verilməsi üçün ödənilmiş dövlət rüsumunun özünə aid olunmasını xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməni öncədən məlumatlandırmamışdır. Mülki iş materiallarında olan: - Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Xocəsən Qəsəbəsi üzrə namyəndəliyi tərəfindən verilmiş 25 avqust 2021-ci il tarixli arayışdan görünür ki, X1 15 iyun 2012-ci il təvəllüdlü X3 və 18 iyul 2014-cü il təvəllüdlü X4 adlı uşaqları ilə Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi 13 saylı evdə qeydiyyatdadır. - Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından 15 iyun 2012-ci il təvəllüdlü X3 və 18 iyul 2014-cü il təvəllüdlü X4 adlı uşaqları vardır. - DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş 08 sentyabr 2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. - Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasındakı nikah 01 may 2020-ci il tarixdə pozulmuşdur. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 43.1-ci maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Qeyd olunan konstusion normanın tələbinə əsasən yaşayış sahəsinə köçürülmə ilə bağlı iddialara mahiyyəti üzrə baxılarkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: - şəxs köçürülmək istədiyi yerdə yaşamışdırmı? - şəxs yaşadığı yerdən məhrum edilmişdirmi? - şəxsin yaşadığı yerdən məhrum edilməsi qanuni olmuşdurmu? İlk 2 xüsusat, yəni, iddiaçının mübahisə predmeti olan evdə yaşaması və yaşadığı yerdən məhrum edilməsi, yuxarıda qeyd olunduğu kimi işin mübahisələndirilməyən hallarıdır. Sonuncu hal, yəni şəxsin yaşadığı yerdən məhrum edilməsinin qanuni olub – olmaması ilə bağlı məhkəmə aşağıdakılar qeyd etməyi zəruri hesab edir: Belə ki, işin halları ilə təsdiq olunur ki, mübahisəli mənzildə tərəflərin yaşamaları işin mübahisələndirilməyən halıdır. Həmin ev dövlət qeydiyyatına alınmadığından tərəflərdən hər hansı birinin həmin evə münasibətdə əşya hüququ olmamış, onların yaşadıqları evdən yararlanmaları, yəni həmin evə münasibətdə maraqları eyni olmuşdur. Hal-hazırda cavabdeh həmin evdə yaşayaraq evə olan ehtiyaclarını təmin etmişdir. Belə olan halda cavabdeh mübahisəli evdə yaşayaraq bir iqtisadi dəyər kimi ondan yararlandığına görə, bərabərlik prinsipinə uyğun olaraq iddiaçı da eyni imkana, yəni həmin evdə yaşamaq hüququna malik olmalıdır. İddiaçının yaşayış sahəsindən öz iradəsindən asılı olmayan səbəblərə görə çıxması onun həmin sahədə yaşamaq hüququnun itirilməsinə səbəb ola bilməz. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış yaşayış sahələrindən istifadə hüququnun əsasları Azərbaycan Respublikasının qanunvericiliyi ilə birbaşa tənzimlənmədiyindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11-ci maddəsinin tələblərinə uyğun olaraq hazırki mübahisəyə mülki qanunvericilik analogiya üzrə tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, İddiaçı azyaşlı uşaqları ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, İlham Hacıyev küçəsində yerləşən yaşayış evinə köçürülməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə barədə iddiası təmin edilsin. İddiaçı yetkinlik yaşına çatmayan uşaqları – 15 iyun 2012-ci il təvəllüdlü X3 və 18 iyul 2014-cü il təvəllüdlü X4 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi, ev 13 yerləşən fərdi yaşayış evinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar