Məhkəmə qərarları › İş №2(001)-6404/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6404/2024

05.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6404/2024 05.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs 1 saylı Sumqayıt Regional “Asan Xidmət” X7, X8, X12 və X14 qarşı mülki iş üzrə (Açar sözlər: mirasın qəbul edilməsi faktının müəyyən edilməsi ) Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclas katibi X3, Ərizəçi Ərizəçi, Maraqlı şəxslər X5, X9, X6 iştirakları ilə, Ərizəçi maraqlı şəxslər 1 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzinin Notariat Ofisinə, X8, X12 və X10 qarşı “mirasın faktiki qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları:

1. Ərizəçi maraqlı şəxslər 1 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzinin Notariat Ofisinə, X8, X12 və X10 qarşı “mirasın faktiki qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, əri X1 miras qalmış xx.xx.1999-cu il tarixli Abşeron rayonu, Aqrar İslahat Komissiyasının 28 saylı qərarı ilə ayrılmış Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.08 hektar torpaq sahəsi barəsində mirasın faktiki qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1983-cü il tarixdə X11 ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Birgə nikahdan övladları xx.xx.1984-cü il təvəllüdlü X16, xx.xx.1986-cı il təvəllüdlü X14 və xx.xx.1988-ci il təvəllüdlü X15 doğulmuşdur. Həyat yoldaşı X11 uzun sürən xəstəliklərdən sonra xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Həyat yoldaşı Əmirxan Musayevə xx.xx.1999-cu il tarixli Abşeron rayonu Aqrar İslahat Komissiyasının 28 saylı qərarı ilə 0.08 hektar torpaq sahəsi ayrılmışdır və həmin torpaq sahəsi ilə bağlı JN-250A KOD 30800118 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Hazırda həmin torpaq onların mülkiyyətində və istifadəsindədir. O, torpaq sahəsində tərəvəzlər əkib becərir, əkdiyi ağaclara qulluq edir. Həyat yoldaşından ona mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsi ona miras qalmışdır. Övladları sağdır və onlar öz paylarından onun xeyrinə imtina ediblər. Həyat yoldaşı vəfat etmiş və öz torpaq sahəsi üzrə vəsiyyətnamə qoymamışdır. Bununla bağlı o, 1 saylı Sumqayıt Regional “Asan Xidmət” mərkəzində Notariat Ofisinə müracit etsə də notariat orqanının 11 iyun 2024-cü il tarixli 1434 saylı məktubunda məhkəməyə müraciət etməli olduğu göstərilmişdir. Sözü gedən torpaq sahəsi onların istifadəsindədir, torpaqdan istifadə edib ağac əkirlər və torpağa qulluq edirlər. O, faktiki olaraq miras əmlakını qəbul etmişdir. Həmin evlə bağlı bütün kommunal və digər xərcləri ödəyir. O, hüquqlarını bilmədiyindən və torpaqla bağlı heç bir mübahisə yaranmadığından torpağa dair sənədləşmə işlərinin aparılmasına ehtiyac duymamış, lakin hazırda torpağın sənədləşməsi və torpaqda müəyyən tikinti işlərinin aparılmasına ehtiyac yaranmışdır. Bu səbəbdən də iddiaçı mövcud ərizə ilə məhkəməyə müraciət etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında Ərizəçi ərizəyə uyğun izahat verərək tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, həyat yoldaşı X16 vəfat etdikdən sonra o, vərəsəliklə bağlı notariat orqanına müraciət etmiş, ona bildirilmişdir ki, 6 aydan sonra müraciət olunmalıdır. Müəyyən problemlər yarandığından həmin müddətdən sonra yenidən notariat orqanına müraciət edə bilməmişdir. Miras olaraq həyat yoldaşından Novxanı ərazisində yerləşən torpaq sahəsi qalmışdır. Həmin torpaq sahəsinə aid kommunal xidmətləri öz adına rəsmiləşdirmək istədikdə, ona bunun üçün vərəsəlik şəhadətnaməsinin mövcud olması bildirilmişdir. O da bununla bağlı yenidən Sumqayıtda yerləşən 1 saylı Asan Xidmətə müraciət etmiş, lakin müddət ötürüldüyünə görə sənədi verməkdən imtina edilmiş və məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Bu səbəbdən də mövcud ərizə ilə məhkəməyə müraciət etmişdir.

4. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iştirak edən X16 izahat verərək bildirdi ki, ərizəçi onun anasıdır və o, anası Ərizəçi atasının vərəsəsi olmağına etiraz etmir, bununla bağlı notariat ofisinə getmişlər, lakin atasının ölümündən 5 il sonra müraciət etdiklərindən notariat orqanı tərəfindən sənədin verilməsindən imtina edilmişdir.

5. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iştirak edən X14 izahat verərək bildirdi ki, ərizəçi onun anasıdır. X13mış torpaq sahəsinin anasının adına vərəsəlik yolu ilə keçməsinə etiraz etmir, hazırda həmin torpaq sahəsindən anası ilə o, istifadə edir.

6. Məhkəmə iclasında iştirak edən X15 izahat verərək bildirdi ki, ərizəçi onun anasıdır, xx.xx.2019-cu il tarixdə atası dünyasını dəyişdikdən sonra notariat ofisinə müraciət etmişlər, lakin tez olduğunu bildirərək 6 aydan sonra müraciət etmələri onlara bildirilmişdir. Daha sonra müəyyən problemlər yaranmış və onlar 6 aydan sonra müraciət edə bilməmişlər. Hazırda həmin torpaq sahəsindən anası ilə qardaşı istifadə edir. Həmçinin o, atasından qalmış torpaq sahəsinin anasının adına vərəsəlik yolu ilə keçməsinə etiraz etmədiyini bildirdi.

7. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxslər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onların iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir.

Mülki işin materialları:

8. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə Ərizəçi arasında xx.xx.1983-cü il tarixdə nikah bağlanaraq 34 nömrəli akt qeydi ilə rəsmi qeydə alınmışdır.

9. Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, xx.xx.1984-cü il təvəllüdlü X9, xx.xx.1986-cı il təvəllüdlü X6 və xx.xx.1988-ci il təvəllüdlü X5 atası X11, anası Ərizəçidır.

10. Ölüm haqqında şəhadətnaməsinin surətindən görünür ki, X11 xx.xx.2019-cu il tarixdə Bakı şəhərində vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 248 nömrə ilə qeyd edilmişdir.

11. Torpağın mülkiyyətə verilməsinə dair JN-250A nömrəli, 30800118 kodlu şəhadətnamədən görünür ki, 0.08 hektar olan torpaq sahəsi Abşeron rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 28 nömrəli qərarı ilə X4 mülkiyyətinə verilmişdir.

12. 1 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzinin Notariat Ofisinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının Miilki Məcəlləsinin mərhum X2 vəfat etdiyi xx.xx.2019-cu il tarixə qüvvədə olan 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən 3 (üç) ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 (altı) ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Konstitiusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ missəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Həmçinin həmin Qərarla mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi qərara alınmışdır. Göründüyü kimi miras sözügedən Qərarın qəbul edildiyi xx.xx.2023-cü ildən qabaq, yəni xx.xx.2019-cu il tarixdə açıldığı üçün həmin dövrün qanunvericiliyinə əsasən mirasın qəbulu üçün qanunla müəyyənləşdirilmiş müddət ötürüldüyündən hal-hazırda vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün deyildir. Bu səbəbindən şəxsin mirasın qəbulu faktının müəyyən olunmasına və ya mirasın qəbul edilməsi vaxtının uzadılmasına dair ərizə ilə müvafiq məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

13. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar:

14. 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).

15. 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

16. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

17. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

18. 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir.

19. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

20. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

21. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

22. 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

23. 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.

24. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

25. 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir.

26. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

27. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında qeyd olunmuşdur ki, ... məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir.

28. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 99-cu bəndinin 5-ci hissəsində qeyd olunmuşdur ki, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər.

Məhkəmənin mövqeyi:

29. Məhkəmə ərizəçinin, maraqlı şəxslərin izahatını dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir.

30. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı gündən altı ay ərzində mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə yazılı formada notariat qaydasında təsdiq edilmiş ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Əgər vərəsələrdən biri miras payını qəbul etməkdən başqa vərəsənin xeyrinə imtina edərsə, belə hərəkət mirasın qəbul olunmaması sayılır. Əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər.

31. Məhkəmə qeyd edir ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı).

32. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Ərizəçi mərhum əri X1 miras qalmış xx.xx.1999-cu il tarixli Abşeron rayonu, Aqrar İslahat Komissiyasının 28 saylı qərarı ilə ayrılmış Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.08 hektar torpaq sahəsini ərinin ölümündən sonra istifadə etməyə, torpağın qayğısına qalmağa, torpaq sahəsində olan meyvə ağaclarına qulluq etməyə başlamaqla əmlaka sahiblik edib mirası qəbul etdiyini şəksiz nümayiş etdirməklə mirası faktiki olaraq qəbul etmişdir.

33. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və müəyyənedici sənədi ərizəçi başqa formada əldə edə bilmədiyindən ərizəçinin xahişi təmin edilməlidir. Ərizəçinin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi həmin faktın müəyyən edilməsindən birbaşa asılıdır.

34. Azərbaycan Respublikası Konstitiusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ missəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Həmçinin həmin Qərarla mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi qərara alınmışdır.

35. Göründüyü kimi miras sözügedən Qərarın qəbul edildiyi xx.xx.2023-cü ildən qabaq, yəni xx.xx.2019-cu il tarixdə açıldığı üçün həmin dövrün qanunvericiliyinə əsasən mirasın qəbulu üçün qanunla müəyyənləşdirilmiş müddət ötürüldüyündən hal-hazırda vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün deyildir.

36. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir.

37. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi mərhum əri X1 miras qalmış xx.xx.1999-cu il tarixli Abşeron rayonu, Aqrar İslahat Komissiyasının 28 saylı qərarı ilə ayrılmış Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.08 hektar torpaq sahəsini qəbul etməsi faktı müəyyən edilməlidir.

38. Məhkəməyə ərizə verilərkən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

Ərizə təmin edilsin. Ərizəçi mərhum əri X1 miras qalmış xx.xx.1999-cu il tarixli Abşeron rayonu, Aqrar İslahat Komissiyasının 28 saylı qərarı ilə ayrılmış Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.08 hektar torpaq sahəsini qəbul etməsi faktı müəyyən edilsin. Məhkəmənin qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydəalınma üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar