Məhkəmə qərarları › İş №2(001)-6407/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6407/2024

28.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6407/2024 28.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “alimentin və uşağa 3 yaşına çatana kimi qulluğa görə pulun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “alimentin və uşağa 3 yaşına çatana kimi qulluğa görə pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Qüdrət oğlundan birgə nikahdan doğulmuş övladları xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2023-cü il tarixindən başlayaraq xx.xx.2023-cü il tarixinə kimi hər ay 220 manat, xx.xx.2024-cü il tarixindən başlayaraq hər ay 235 manat sabit pul miqdarında alimentin, uşağın üç yaşına çatana kimi uşağa qulluğa görə xx.xx.2023-cü il tarixindən başlayaraq hər ay 200 manat sabit məbləğdə pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Cavabdehlə birgə nikahlarından xx.xx.2022-ci il təvəllüdlü X5 adlısoyadlı övladları olmuşdur. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-6720/2022 saylı qətnaməsi ilə cavabdehlə aralarında bağlanmış nikahları ləğv olunması, cavabdehlə birgə nikahdan doğulmuş övladının onun himayəsində saxlanması qət olunmuşdur. Cavabdehlə nikahları məhkəmə qaydasında pozularkən cavabdeh şifahi olaraq öhdəsinə götürmüşdür ki, məhkəmədən kənar uşağın yaşayışı üçün təyin olunacaq alimentdən daha yüksək aliment ödəyəcək, uşağın tərbiyəsində, sağlam böyüməsində, gələcəkdə təhsil almasında bərabər iştirak edəcək, onların münasibətlərinin pozulmasına baxmayaraq uşağın üzərində valideynlik vəzifəsini layiqincə icra edəcəkdir. Məhkəmə proseslərinin getdiyi zaman ayrı yaşamışlar və cavabdeh bir neçə dəfə həmin müddət uşağa köməklik etmişdir. Nikahları rəsmi qaydada məhkəmə qətnaməsi ilə pozulduqdan sonra cavabdeh sonradan aliment ödəməkdən yayınmış, uşağın üzərində valideynlik vizəfələrini icra etməmiş, valideynlik hüquqlarından sui-istifadə edərək öhdəsinə götürdüyü öhdəlikləri icra etməməklə uşağın saxlanmasında süni maneələr yaratmaqla ona və uşağa psixoloji təsirlər edir. Dəfələrlə cavabdehə birgə nikahdan doğulmuş övladlarının saxlanması üçün vaxtlı-vaxtında aliment ödənilməsi üçün yazılı və şifahi müraciət etsə də, cavabdeh könüllü olaraq aliment ödəmək istəmir. Bu səbəbdən də məcbur olub məhkəməyə iddia ərizəsi ilə müraciət edir. Qeyd edir ki, o, uşağa qulluğa görə heç bir yerdə işləmir, cavabdeh isə çalışır, yüksək gəlir əldə edir. Cavabdeh xx.xx.2022-ci il təvəllüdlü birgə nikahdan doğulmuş övladları X3 qulluğa görə də ona heç bir köməklik göstərmir. O, uşağı körpə olduğundan heç yerdə işləmir, uşağına qulluq edir. Hesab edir ki, məhkəmə qaydasında cavabdehdən birgə nikahdan doğulmuş övladları xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinə kimi hər ay 220 manat, xx.xx.2024-cü il tarixindən başlayaraq hər ay 235 manat sabit pul miqdarında alimentin, uşağın üç yaşına çatana kimi saxlanması üçün hər ay 150 manat uşağa görə pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmalıdır. İddiaçı məhkəməyə xx.xx.2024-cü il tarixdə ərizə ünvanlayaraq bildirmişdir ki, azyaşlı körpəsinin xəstə olması səbəbindən məhkəmə iclaslarında iştirak edə bilməyəcək. Odur ki, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh izahatında bildirmişdir ki, iddianı qismən qəbul edir. Belə ki, o, 650 manat əmək haqqı alır, aliment məbləğini həmin əmək haqqına görə nəzərə alınmasını xahiş etmişdir. Hazırki məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZ-İ seriyalı 468507 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh X4 ilə olan nikahı ləğv olunmuş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2013-cü il tarixdə 139 nömrə ilə qeyd edilməklə, sonuncuya “Qasımova” soyadı verilmişdir. AZ-İV seriyalı, 753580 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2022-ci il təvəllüdlü X1 atası Cavabdeh, anası X2r. Bakı 12 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli arayışından görünür ki, iddiaçı hazırki mübahisə üzrə ilkin mediasiya sessiyasından keçmək üçün mediasiya təşkilatına müraciət etməsinə baxmayaraq, cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı 60 manat məbləğində mediasiya xərci ödəmişdir. “AZEMİS” elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı “Dbakı Baş Səhiyyə Mərkəzi” PHş-də loqodep vəzifəsində işləyir və aylıq əmək haqqısı 958 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların manafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2024-cü il üçün “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır...Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, tərəflərin birgə nikahından xx.xx.2022-ci il təvəllüdlü X5 anadan olmuşdur. Hazırda iddiaçı cavabdehdən uşağın saxlanması üçün sabit pul məbləğində xx.xx.2023-cü il tarixindən başlayaraq xx.xx.2023-cü il tarixinə kimi hər ay 220 manat, xx.xx.2024-cü il tarixindən başlayaraq hər ay 235 manat məbləğində aliment tutulmasını xahiş edir. Hazırki halda xx.xx.2022-ci il təvəllüdlü X1 yaşını, qida və digər zəruri xərclərə tələbatını, tərəflərin maddi və ailə vəziyyətini, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşaqları saxlamağa borclu olduqlarını nəzərə alaraq məhkəmə hesab edir ki, tələb aliment hissədə qismən təmin edilməli, cavabdehdən tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanması üçün hər ay 235 manat məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 85.1 və 85.1.1-ci maddələrinə əsasən hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi xx.xx.2022-ci il təvəllüdlü X1 3 yaşı tamam olanadək xx.xx.2023-cü il tarixindən başlayaraq hər ay üçün cavabdehdən 200 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi hissəsində də, qismən təmin edilməli, cavabdehdən xx.xx.2022-ci il təvəllüdlü X5 3 yaşına çatana kimi hər ay 50 manat məbləğində aliment alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin iddianın alimentin tutulmasının xx.xx.2024-cü il tarixdən başlayaraq hesablanması hissəsində hesab edir ki, iddia bu hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etdiyindən, aliment həmin tarixdən tutulmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində aliment və xx.xx.2022-ci il təvəllüdlü X1 3 yaşına çatana qədər 50 manat məbləğində aliment tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən edilmiş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı müəyyən edilmiş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyindən cavabdehdən 54,2 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment və xx.xx.2022-ci il təvəllüdlü X1 3 (üç) yaşına çatana qədər 50 (əlli) manat məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh 54,2 (əlli dörd manat, iyirmi qəpik) manat dövlət rüsumu alınıb dövlət nəfinə ödənilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar