Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3417/2025 10.03.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi X7, İddiaçı nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh X11 qarşı uşaq, aliment ödənişindən azad olunma və aliment tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh X11 qarşı uşaq aliment ödənişindən azad olunma və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X14 ilə faktiki nikahlarından doğulan xx.xx.2008-ci il təvəllüdlü X5 onun himayəsinə verilməsi, aliment ödənişindən azad olunması və uşağın yetkinlik yaşınadək saxlanmasında ötrü 400 manat alimentin cavabdehdən alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlə el adəti qaydasında toy etdirməklə faktiki nikaha daxil olmaqla ailə həyatı qurmuş, Birgə nikahdan 15 avqust 2008ci il tarixdə X12 və 14 fevral 2011-ci il tarixdə X13 adında iki uşağı dünyaya gəlmişdir. Aralarında olan olan nikah pozulmuşdur. Nikah pozulduqdan sonra uşaqların hər ikisi atanın yanında saxlanılmışdır və onun uşaqların saxlanılması üçün aliment ödəməsi qət edilmişdir. Lakin sonradan birgə nikahdan 15 avqust 2008-ci il tarixdə doğulmuş X12 atasının yanını tərk edərək onun yanına gəlmişdir. Artıq uşaq üç aya yaxındır ki, onun yanında qalır və atasının yanına getmək istəmədiyini qeyd edir. Ona görə də, o, bu məsələnin qanuni şəkildə həll olunmasını istədiyim üçün əvvəlcə mediasiyaya müraciət etmişdir. Lakin cavabdeh mediasiya prosesinə gəlmədiyi üçün məcburi şəkildə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmənin iclasında İddiaçı nümayəndəsi – vəkili Vəkil iddia ərizəsinə uyğun çıxış edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazimi qaydada məlumatlandırılmış İddiaçı və cavabdeh X14 məhkəmə iclasına gəlməməmiş və gəlməməsi səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən işə iddiaçı və cavabdehin iştirakı olmadan baxılmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər: Doğum haqqında şəhadətnamədən görünür ki, 15 avqust 2008-ci il tarixində Lənkəran rayonunda doğulmuş X5 atası Cavabdeh, anası isə X8r. Lənkəran 1 saylı Mediasiya Təşkilatı tərəfindən 01 avqust 2025-ci il tarixində verilmiş arayışdan görünür ki, hazırki tələblə bağlı müraciət olunsa da, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş və bu barədə arayış tərtib olunmuşdur. Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Kosalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 22 iyul 2025-ci il tarixli arayışdan görünür ki, 15 avqust 2008-ci il təvəllüdlü X12 11 iyul 2025-ci il tarixindən etibarən Lənkəran rayonunun Bala- Şürük kəndində faktiki olaraq yaşayır. 01 avqust 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən X3 hesabına müvafiq xidmət üçün 60 manat məbləğində ödəniş həyata keçirilmişdir. Mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə Lənkəran Rayon Məhkəməsinə 50 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Lənkəran Rayon Məhkəməsinin 2(049)-619/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, 15 avqust 2008-ci il təvəllüdlü X12 və 14 fevral 2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq, cavabdeh X4 hər ay, hər uşaq üçün 120 manat olmaqla, iki uşağa görə hər ay 240 manat sabit pul məbləğində aliment tutularaq, iddiaçı Cavabdeh verilməsi qət olunmuşdur. Uşağın ananın yanında olması icra nümayəndəliyinin arayışı ilə təsdiq olunmaqla bərabər, cavabdeh tərəfindən həmin hissədə heç bir əks sübut – dəlil irəli sürülməmişdir. Buna baxmayaraq, ilk növbədə uşağın mənafeyi nəzərə alınmalı olduğundan, məhkəmə tərəfindən mübahisəyə dair rəy verilməsi, habelə müayinə aktı tərtib edilməsi Lənkəran Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına həvalə edilmişdir. Lənkəran Rayon Məhkəməsinin 2(049)-3417/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadına əsasən tərtib olunmuş: Lənkəran Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və himayəçilik komissiyasının 4 fevral 2026-cı il tarixli protokolundan çıxarışdan görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahından olan 15 avqust 2008-ci il təvəllüdlü X9 valideynlərindən hansının yanında qalması məsələsi müzakirə edilmiş və uşağın fikir və istəyi nəzərə alınaraq, onun anası ilə birlikdə qalması komissiya tərəfindən məqsədəmüvafiq hesab edilmişdir. Lənkəran Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və himayəçilik komissiyasının rəyindən görünür ki, Lənkəran Rayon Məhkəməsinin 4 noyabr 2025-ci il tarixli müraciətinə əsasən aparılmış araşdırma nəticəsində 17 yaşı tamam olmuş X9 hüquq və mənafeləri, eləcə də öz fikri nəzərə alınmaqla, onun anası İddiaçı ilə birlikdə qalması barədə rəsmi və əsaslandırılmış qərar qəbul olunmuşdur. Lənkəran Şəhər İcra Hakimiyyətinin komissiya üzvləri tərəfindən tərtib edilmiş 30 yanvar 2026-cı il tarixli həyat şəraitinin müayinəsi aktından görünür ki, İddiaçı Lənkəran rayonunun Bala Şürük kəndində atasına məxsus yaşadığı evdə uşağın yaşaması üçün normal şərait yaradılmış, kommunal təminatlar (qaz, işıq, su) və sanitar-gigiyena tələbləri yaşayış normalarına uyğun olmuş, həmçinin ailənin mənəvi-psixoloji və maddi durumunun qənaətbəxş olduğu müəyyən edilmişdir. Ailə Məcəlləsinin 49.1-ci maddəsinə əsasən 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında göstərilmişdir ki, Yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. Valideynlərdən birinin maddi-məişət şəraitinin digərinə nisbətdə üstün olması uşağın həmin valideynin yanında qalmasının təmin olunması üçün mütləq (həlledici) əsas ola bilməz. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, birgə nikahdan 15 avqust 2008-ci il tarixdə doğulmuş X12 ananın himayəsinə verilməli və onun yaşayış yeri müəyyən edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.4-cü maddələrində göstərilmişdir ki, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5 və 13-cü maddəsində təsbit olunmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu ilə 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən, alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025-ci ilin yanvar ayının 1-dən 400 manat müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 nömrəli, 28 mart 2016-cı il tarixli Qərarının 8.2-ci bəndinə əsasən aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli, 15 nömrəli qərarının 1.2.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilmişdir: Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.50 misli həddində (yəni cari ilə münasibətdə 200 manat) sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment iddiaçının məhkəməyə müraciət etdiyi xx.xx.2025-ci il tarixdən hesablanmaqla tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2 və 234.2.1-ci maddələrinə görə şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı iddiası qismən təmin edilsin. xx.xx.2008-ci il tarixdə doğulmuş X12 İddiaçı himayəsinə verilsin. Lənkəran Rayon Məhkəməsinin 2(049)-619/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə xx.xx.2008-ci il tarixdə doğulmuş X2 üçün İddiaçı tutulmalı olan alimentdən xx.xx.2025-ci il tarixdən başlayaraq azad edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il tarixdə doğulmuş X1 üçün cavabdeh X10 İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.50 misli həddində sabit pul məbləğində aliment tutulsun. Mediasiya xərci kimi ödənilmiş 60 manat məbləğdə pul tələb olunmadığından iddiaçının özünə aid edilsin. Qətnamə aliment tutulması hissəsində dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Elvin Ələsgərov
Məhkəmə qərarları › İş №2(049)-3417/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3417/2025
10.03.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver