Məhkəmə qərarları › İş №2(051)-1719/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1719/2025

26.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1719/2025 26.09.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynli Tural Mirbahəddin oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində aliment və əlavə xərc” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İşin halları: İlkin İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq 22 mart 2012-ci il təvəllüdlü qızı X6 və 10 avqust 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh onun, yəni İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, uşaqlar üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində sabit pul məbləğində alimentin ərizə məhkəməyə daxil olduğu gündən tutulub ona ödənilməsi, 22 mart 2012-ci il təvəllüdlü qızı X6 "kvadroplegik spastik serebral iflic” xəstəsi otduğuna görə Cavabdeh 500 manat məbləğdə əlavə xərcin tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh ilə nikahlarını 25 fevral 2011-ci il tarixdə rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Birgə nikahdan onların 22 mart 2012-ci il ildə Banu və 10 avqust 20l6-cı ildə Hüseyn adlı Övladları dünyaya gəlmişlər. Evlılıyın ilk vaxtlarında cavabdehlə münasibətləri yaxşı olmuşdur. Lakin sonradan münasibətləri pisləşmiş və onlar faktiki olaraq ayrı yaşayırlar. Cavabdeh ondan ayrıldıqdan sonra ailəsi ilə maraqlanmamış, uşaqlarına maddi cəhətdən köməklik etməmişdir. Hazırda o, öz valideynlərinin yanında yaşayır. Özü işləmir, uşaqların maddi tələbatını xəstələnəndə müalicə xərclərini ödəyə bilmir. O, uşaqlarına valideynlərinin köməkliyi ilə baxır. Bundan başqa 22 mart 2012-ci il təvəllüdlü Banu adlı uşağı xəstədir. Belə ki, o, “kvadroplegik spastik verebral iflic“ xəstəliyindən əzjyyət çəkir. O, Banu adlı övladını daim müalicə etdirir. Ancaq müalicə külli mıqdarda vəsait hesabına başa gəlir. Övladını tək başına müalicə etdirməyə imkanı yoxdur. Belə ki. övladının İ kurs müalicəsi 500 manat arasındadır. Bu məbləği isə ödəmək onun imkanı xaricindədir. O, övladını valideynlərinin köməkliyi ilə müalicə etdirir. Hesab edir ki, cavabdeh uşaqların atası olduğu üçün o, həm alİmenti ödəməli, həm də əlavə xərclərə cəlb olunmalıdıır Ona görə, məhkəmədən iddiasının təmin olunmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı verdiyi izahatında iddia ərizəsinin məzmununauyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə baxışının davam etdirilməsini mümkün hesab etmişdir. Sübutların tədqiqi: İşdə olan nikah şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 25 fevral 2011-ci ildə Mingəçevir Nikah evində rəsmi nikah bağlanmış və həmin nikah 51 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. İşdə olan doğum haqqında şəhadətnamələrinin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahından xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X5 doğulmuşdur. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert kommisiyasının sonuncu müayinəyə dair məlumat verilməsi barədə arayışından görünür ki, X6 birinci dərəcəli əlildir. İşdə olan Yaşayış yeri üzrə Qeydiyyat Haqqında arayışdan görünür ki, Babayeva X2 şəhəri, Koroğlu küçəsi ev 21-A, mənzil 15 ünvanda qeydiyyatdadır. Elektron məhkəmə informasiya sistemindən əldə olunmuş məlumata əsasən İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X4 Aran Regional Təhsil İdarəsində tərbiyəçi vəzifəsi üzrə 718,75 manat əmək haqqı və 120 manat pensiya təyin olunması müəyyən edilmişdir. Məhkəmənin gəldiyi nəticə: Məhkəmə, iddiaçının izahatlarını, ərizələri, iş materiallarını və işdə olan sənədləri tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəlləsinin 75.4-cü maddəsinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsaitin tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də 76-cı maddəyə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2025ci il üçün yaşayış minimumunun məbləği uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8.4-1-ci bəndində göstərilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Bundan əlavə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən aliment tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclər ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2015-ci tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə valideynlər övladlarına görə əlavə xərclərin çəkilməsində könüllü iştirak etmədikdə, onları saxlayan şəxslər – digər valideyn, qəyyum, himayəçi, tərbiyəçi, yetkinlik yaşına çatmış övlad isə özü (o, fəaliyyət qabiliyyətlidirsə) məhkəmədə iddia qaldıra bilər. Bu halda Ailə Məcəlləsinin 81.2-ci maddəsinə uyğun olaraq valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə tərəflərin izahatını, ərizələrini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə, qanunvericiliyin tələblərinə əsasən hər iki valideynin uşaqları saxlamağa borclu olduğunu, tərəflərin birgə nikahlarında doğulan Banu adlı uşağın birinci dərəcəli əlil olmasını, nəzərə alaraq hesab edir ki, uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün aliment cavabdehin tələb etdiyi miqdarda deyil, işin müəyyən olunmuş hallarına əsasən uşağın mənafeyinə və digər diqqətəlayiq hallara uyğun olaraq təyin edilməlidir. Odur ki, məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, uşaqların üstün mənafelərini və iddiaçının himayəsində yaşamasını, diqqətəlayiq halları, həmçinin alimentin hesablanmağa başlandığı təqvim ili ilə qətnamənin qəbul edildiyi il arasında ölkə üzrə minimum əmək haqqı məbləğində fərqin olmasını nəzərə alaraq hesab edir ki, ərizə verildiyi, yəni xx.xx.2025-ci il tarixdən başlayaraq, cavabdehdən hər bir uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, 2025-ci il üzrə minimum əmək haqqı məbləğinin 0,48 misli olmaqla, cəmi 0,96 misli həddində alimentin və xx.xx.2012-cü il təvəllüdlü Banu adlı uşağın, əlilliyə görə xüsusi qayğıya ehtiyacı olması nəzərə alınaraq yetkinlik yaşına çatanadək hər ay 50 manat pulun əlavə xərc qismində tutulması, uşaqların qanuni mənafeyinə uyğun gəlir, habelə cavabdehi əlverişsiz vəziyyətə salmır. Aliment və əlavə xərclə bağlı tələb qalan hissədə təmin edilməməlidir. Belə ki, uşaqlar iddiaçının yanında yaşayır, onların bütün xərcləri mütəmadi şəkildə artmaqda davam etməklə yanaşı, həmçinin iddiaçı tərəfindən ödənilir. Həmçinin iddiaçı tərəfindən cavabdehin daha artıq gəlirlə malik olması barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Ona görə də məhkəmə alimentin məbləğinin cavabdehin tələb etdiyi məbləğdə deyil, işin müəyyən olunmuş hallarına əsasən hər bir uşağın mənafeyinə və diqqətəlayiq hallara uyğun olaraq (hər təqvim ili üzrə müəyyən edilmiş minimum əmək haqqına münasibətdə) sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,48 misli həddində təyin edilməsini, həmçinin əlavə xərc qismində müəyyən edilmiş məbləği işin həqiqi hallarına uyğun hesab edir. Bundan başqa, məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9–cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1–ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2019–cu il tarixli Qərarında müvafiq icra hakimiyyəti orqanına və məhkəmələrə tövsiyə olunmuşdur ki, nikaha xitam verilərkən tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9–cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədə müvafiqliyi izah edilsin. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9–cu maddəsinə əsasən nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Odur ki, məhkəmə hesab edir ki, tərəflərə nikah pozulduqdan 3 il müddətində birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü tələbi ilə bağlı iddia qaldırmaq hüquqlarının olması izah edilməlidir. Həmin Məcəllənin 100.2.-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq məhkəmə, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq, tərəflərin birgə nikahından doğulmuş övladları - 22 mart 2012-ci il təvəllüdlü X6 və 10 avqust 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh sonrakı artımlar (hər təqvim ili üzrə müəyyən edilmiş minimum əmək haqqına münasibətdə) nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,48 misli olmaqla, iki uşaq üçün cəmi 0,96 misli həddində sabit pul məbləğində aliment və qızı - 22 mart 2012-ci il təvəllüdlü, birinci dərəcəli əlilliyi olan X3 yetkinlik yaşına çatana kimi ona göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar hər ay 50 manat sabit pul məbləği tutulub İddiaçı verilsin. Qətnamə dərhal icra edilsin. Tərəflərə nikahın pozulması haqqında hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 3 il müddətində birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü tələbinə dair iddia qaldırmaq hüquqlarının olması izah edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tural Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar