Məhkəmə qərarları › İş №2(001)-6412/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6412/2025

06.02.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6412/2025 06.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəsirov Murad Seyran oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin də üçüncü şəxs qismində cəlb olunduğu “əmək müqaviləsinə xitam verilməsi və sair” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin də üçüncü şəxs qismində cəlb olunduğu “əmək müqaviləsinə xitam verilməsi və bu barədə bildirişin elektron informasiya sisteminə daxil edilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, Quba rayonu Gənclər qəsəbəsində yaşayır. Qonşusu ona bildirmişdir ki, Qarabağda tikinti işlərinə fəhlə tələb olunur, yüksək əmək haqqı verirlər, onun yaxın tanışı bu işi təşkil edə bilər. O, işsiz olduğu üçün razılıq vermiş, şəxsiyyət vəsiqəsinin surətini ona təqdim etmişdir. Bir müddətdən sonra, yəni 2021-ci ilin 01 sentyabr tarixində işə qəbul olunduğu barədə elektron informasiya sistemində qeydiyyat aparıldığını görmüş və uzun müddət onu işə dəvət etmələrini gözləmiş, lakin onu işə dəvət etməmişlər. Daha sonra ona məlum olmuşdur ki, Cavabdeh MMC saxta bir şirkətdir, insanları aldatmaqla məşğul olmuşdur və sonradan şirkətin taleyi məlum olmamışdır. Onunla Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsi elektron informasiya sistemində qaldığı üçün o, başqa işə daxil olaraq əmək müqaviləsi bağlaya bilmir və cavabdeh təşkilat hal-hazırda mövcud olmadığı üçün əmək müqaviləsini özləri ləğv edə, xitam edə bilmirlər, ona görə də, o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia ərizəsinə əlavə edilmiş elektron informasiya sistemindən çıxarışdan müəyyən olunmuşdur ki, xx.xx.2021ci il tarixdə o, yəni İddiaçı və Cavabdeh MMC arasında əmək müqaviləsi bağlanmış və o, fəhlə vəzifəsində işə qəbul olunmuşdur. O, mediasiya prosesinə riayət etmişdir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, onunla Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə xitam verilərək, bu barədə bildirişin elektron informasiya sisteminə daxil edilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, cavabdeh və üçüncü şəxs məhkəmə iclasında nümayəndələrinin iştiraklarını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh və üçüncü şəxsin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan X2 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli mediasiya üçün müraciətdən görünür ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə əmək müqaviləsinə xitam verilməsi barədə təklif göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Bakı şəhər İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********4 nömrəli məktubdan görünür ki, Cavabdeh MMC-də əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikasının Baş Prokurorluğuna edilmiş müraciətə X1 Xidmətinin Bakı şəhər idarəsində baxılmış və müraciətlə əlaqədar bildirilmişdir ki, ərizənin araşdırılmasında qeyd edilmiş pozuntuların dəqiqləşdirilməsi məqsədilə izahatının alınması və əmək haqqı barədə bank çıxarışının təqdim olunması ilə bağlı olaraq (çıxarışı əmək haqqı aldığı müvafiq bankın istənilən filialından əldə edə bilər) 7 iş günü ərzində X1 Xidmətinin Bakı şəhər idarəsinə (Ünvan: Bakı şəhəri, Yasamal rayonu, H.b.Zərdabi pr., 87A) gəlməsi xahiş olunmuşdur. Eyni zamanda **********4 nömrəli, xx.xx.2022-ci il tarixli müraciətlə əlaqədar bildirilmişdir ki, müraciətilə əlaqədar Cavabdeh MMC-nin rəhbərliyinə ona aid olan müvafiq sənədlərin təqdim olunması məqsədi ilə xx.xx.2022-ci il tarixli **********4 nömrəli məktub göndərilmiş (ünvan 2ünvan tam deyil” qeydi ilə məktub geri qaytarılmışdır. Eyni zamanda tərəfindən Xidmətin Bakı şəhər İdarəsinə təqdim olunmuş izahatında yeganə tələbinin “Əmək və Məşğulluq” alt sistemində ona aid əmək müqaviləsinə dair bildirişin qüvvədən salınmasına köməklik göstərilməsindən ibarət olduğunu bildirmişdir. Ona bildirilmişdir ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin “Əmək və Məşğulluq” alt sisteminə daxil edilməsi X1 Xidmətinin səlahiyyətləri xaricindədir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərinə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı “Əmək və Məşğulluq” alt sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “h” bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın 3.4-cü bəndinə əsasən, əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökümət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökümət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Qeyd olunanlara əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi üçün işəgötürənə müraciət edilməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırlmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə X1 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilərək, əmək müqaviləsinə məhkəmə tərəfindən xitam verilmiş hesab edilməli və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin “Əmək və Məşğulluq” alt sisteminə daxil edilməsi hüququ X1 Xidmətinə həvalə edilməlidir. İş materiallarında olan əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı xx.xx.2021ci il tarixdə müddətsiz əmək müqaviləsi əsasında Cavabdeh MMC-də işə qəbul edilmişdir. İş materiallarında olan “Elektron Məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı Cavabdeh MMC-də “yardımçı fəhlə” vəzifəsində işləməklə, aylıq əmək haqqısı 430 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. (Konstitusiyanın 35-ci maddəsi). Azərbaycan Respublikasının Əmək Məcəlləsinin vəzifələri və prinsipləri arasında (bundan sonra ismin müvafiq hallarında «Əmək Məcəlləsi») əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipi müəyyən edilmişdir. Əmək münasibətləri yazılı formada əmək müqaviləsi bağlandıqda yaranır. (7-ci maddə). Məcəllənin işəgötürənin əsas hüquqlarının arasında Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək və Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüququ təsbit olunmuşdur. (11-ci maddə) Əmək müqaviləsi bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır. (46-cı maddə) Əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. (3.5-ci maddə) Əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır.(maddə 3.5-1) Fərdi əmək mübahisəsi — əmək müqaviləsinin, kollektiv müqavilənin və sazişin şərtlərinin, tərəflərin öhdəliklərinin yerinə yetirilməsi, habelə bu Məcəllənin və digər normativ hüquqi aktların tətbiqi zamanı fərdi qaydada işəgötürənlə işçi arasında yaranan fikir ayrılığıdır.(maddə 3.16) Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan səlahiyyəti çərçivəsində əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir.(maddə 15.2) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 288-ci maddəsinə əsasən Əmək Məcəlləsi əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həllini nizama salır. İşçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. (Maddə 292) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12-ci maddəsinin 1-ci hissəsinin “h” bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir.

1. İşçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir. (Əmək Məcəlləsinin 7-ci maddəsinin 1-ci bəndi)

2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. (Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci bəndi) “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 183 saylı qərarı ilə təsdiq edilmiş Qaydaların 8.1-ci maddəsində göstərilmişdir ki, bilavasitə işəgötürənin özü və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilən məlumatlar həqiqi və düzgün olmalıdır. Beləliklə, işin faktiki halları ondan ibarətdir ki, İddiaçı məlumatı olmadan Cavabdeh MMC tərəfindən əmək müqaviləsi tərtib edilməklə xx.xx.2021-ci il tarixdə formal olaraq o, həmin MMC-yə yardımçı fəhlə vəzifəsinə işə qəbul edilmiş, onun iradə ifadəsi olmadan onunla müddətsiz əmək müqaviləsi bağlanmış, bununla bağlı əmək müqaviləsinin bağlanılması barədə əmək müqaviləsi bildirişi müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınmışdır. Hazırda onun adına əmək müqaviləsi bildirişi müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində olduğundan, o, başqa işə düzələ bilmir. Bununla da, onun əmək hüququ kobud surətdə pozulmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Bakı şəhər İdarəsi tərəfindən verilmiş məktubundan görünür ki, iddiaçı tərəfindən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin “Əmək və Məşğulluq” alt sisteminə daxil edilməsi ilə bağlı həmin idarəyə müraciət edilmiş, onun müraciətinə cavab olaraq əmək müqaviləsinə xitam verilməsinin X1 Xidmətinin səlahiyyətləri xaricində olduğu bildirilmişdir. Məhkəmə yuxarıda qeyd edilmiş maddi hüquq normalarına əsaslanaraq, işin faktiki hallarını qiymətləndirərək, belə qənaətə gəlir ki, xx.xx.2021-ci il tarixli müqavilənin bağlanmasına iddiaçının iradə ifadəsi olmadığından, həmin müqavilə formal olaraq cavabdeh tərəfindən tərtib edildiyindən və əmək müqaviləsinin bağlanılması barədə əmək müqaviləsi bildirişi müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində elektron qaydada qeydiyyata alındığından, iddiaçının pozulmuş əmək hüquqları bərpa edilməli, iddia tələbi təmin edilməli, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə xitam verilməli, bununla bağlı bildirişin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə həvalə edilməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia tələbi təmin edilsin. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə xitam verilsin. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə həvalə edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar