Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-643/2022 11.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 Ərizəçi, onun nümayəndəsi və vəkili Vəkil, Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi maraqlı şəxs qismində işə cəlb etməklə “hüquqi əhəmiyyəti olani faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Füzuli rayonu Qacar kənd “Xİİ Partiya Qurultayı” adına üzümçülük sovxozunda xx.xx.1985-ci il tarixdən xx.xx.1986-cı il tarixə qədər fəhlə kimi və xx.xx.1986-cı il tarixdən xx.xx.1993-cü il tarixə qədər Füzuli rayonu Qacar kənd “Xİİ Partiya Qurultayı” adına üzümçülük sovxozunda traktorist kimi çalışma faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi iddianı müdafiə etmiş və əlavə olaraq bildirmişdir ki, 1993-cü ilin mart ayının sonundan məlum hadisələrlə bağlı sovxozun normal fəaliyyəti pozulmağa başlamış və sovxozun işçiləri, o cümlədən onun özü onlardan asılı olmayan səbəblərdən əmək fəaliyyətini tələb olunan səviyyədə həyata keçirə bilməmişdir. Lakin o, kənd işğal olunanadək sovxozun işçisi hesab olunmuşdur. Bu səbəbdən ərizədə xx.xx.1993-cü il tarixini göstərmişdir. Kəndin işğal olunması təhlükəsi ilə əlaqədar 1993-cü ilin aprel ayının əvvəllərində kəndi məcburi olaraq tərk etdiyindən onun əmək kitabçasında işdən çıxması ilə bağlı qeyd aparılmamış, habelə sovxoza işə qəbul olunması barədə qeyd sovxozun möhürü ilə təsdiq edilməmişdir. Sadəcə olaraq imkan tapıb əmək kitabçasını götürə bilmişdir. Sovxoz sonradan öz fəaliyyətini başqa ad altında “Haramı düzü” adlanan yerdə yerləşən ərazidə davam etdirmişdir. Lakin həmin vaxt o, artıq sovxozda işləməmişdir. Xeyli müddət keçməsinə baxmayaq, sovxozun kollektivini xatırlayır. Belə ki, sovxozun sədri vəzifəsində müxtəlif vaxtlarda Abbasov Mədət, Həziyev Mədət, Əliyev Əbülfət, Həsənov Fərzalı və Mehrəliyev Alı adlı şəxslər çalışmışlar. Sovxozda işləyən zaman onunla birlikdə baş mexanik vəzifəsində Əliyev Fərzi, traktorçu vəzifəsində Hüseynov Suliddin, mexanik vəzifəsində Həziyev Əsəd, mexanik, eyni zamanda, Həmkarlar Komitəsinin sədri vəzifəsində Quliyev Şahbaz, çilingər vəzifəsində Əliyev Akif, Quliyev Şiraslan və Şahid2, mühasib və iqtisadçı vəzifəsində Şahid1 çalışmışdır. Rəyasət Səfərova adlı şəxs isə kadrlar şöbəsinin rəisi vəzifəsini tutmuşdur. Onun əmək kitabçasında olan qeydləri də öz imzası ilə məhz Rəyasət Səfərova təsdiq etmişdir. Bu siyahını xeyli genişləndirib onunla birlikdə işləyən digər şəxslərin də adlarını qeyd edə bilər. Göstərilənlərin və tərəfindən təqdim edilmiş sübutların nəzərə alınmasını və ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi vəkili və nümayəndəsi Vəkil ərizəni və ərizəçinin mövqeyini müdafiə etmiş və ərizəyə əlavə edilmiş sübutlara əsaslanaraq, ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə ərizəni qəbul etməyərək və ərizəyə qarşı yazılı etiraz təqdim edərək, bildirmişdir ki, qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayan şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Bununla belə, iki şahidin olması, şahidlərin ərizəçini birgə işdən tanıması (eyni dövrdə işləməsi), ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin işləmələri barədə sənədlərin olması zəruridir. Lakin ərizəçi tərəfindən təqdim edilmiş Şahid1 məxsus əmək kitabçasında aparılmış qeydlərə əsasən o, xx.xx.1984-cü il tarixdən 1993-cü ilin aprel ayınadək həmin sovxozda işləmişdir. Digər Şahid2 məxsus olan əmək kitabçasında onun həmin sovxozda xx.xx.1985-ci il tarixdə əmək fəaliyyətinə başlaması barədə qeyd aparılmış, lakin işdən azad olması barədə hər hansı qeyd aparılmamışdır. Şahid X3 məxsus əmək kitabçasında onun xx.xx.1979-cu il tarixdən xx.xx.1995-ci il tarixədək qeyd edilən sovxozda işləməsi barədə qeyd aparılsa da, bu halı təsdiq edən möhür üzərində “XXİİ Partiya Qurultayı” adına üzümçülük sovxozu deyil, “Yusif Qasımov” adına üzümçülük sovxozu yazılmışdır. Göstərilənlərin nəzərə alınmasını və ərizənin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirakı Ərizəçi tərəfindən təmin edilmiş Şahid2 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, 1985-ci ildə Ağdam kənd Təsərrüfatı Texnikumununda texnik-mexanik ixtisası üzrə təhsilini bitirdikdən sonra öz kəndinə qayıtmış və orada yerləşən “XXİİ Partiya Qurultayı” adına üzümçülük sovxozunda fəhlə vəzifəsinə işə qəbul edilmiş, sonradan öz fəaliyyətini çilingər vəzifəsində davam etdirmiş və sovxozun yerləşdiyi kənd işğal olunanadək çilingər vəzifəsində işləmişdir. Ərizəçi həmin sovxoza ondan bir neçə ay sonra gəlmiş və ilk olaraq fəhlə, sonradan isə traktorçu vəzifəsində kənd işğal olunanadək işləmişdir. Ərizəçi həmçinin, kombaynçı kimi də fəaliyyət göstərirdi. Belə ki, sovxozun 1.200 ha taxıl sahəsi, 54 ha ipək bağları var idi və məsul yığılan vaxtı o, bu prosesə kombaynçı kimi cəlb edilirdi. Onlar demək olar ki, eyni vaxtda, 1993-cü ilin aprel ayının əvvəllərində kəndi tərk etməyə məcbur olmuşlar. Həmçinin, verilmiş suallara cavab olaraq, Abbasov Mədəti, Həziyev Mədəti, Əliyev Əbülfəti, Həsənov Fərzalını və Mehrəliyev Alını tanıdığını, bu şəxslərin müxtəlif vaxtlarda sovxozun sədri vəzifəsini tutduqlarını, sovxozun sonradan öz fəaliyyətini ona aid olmaqla “Haramı düzü” adlı yerdə yerləşən ərazidə davam etdiyini, həmin yerdə sovxoza məxsus 800-900 hektar torpaq sahəsinin olduğunu, Fərzi adlı şəxsi xatırladığını, onu soyadının Vəliyev yox, Əliyev olduğunu, bu şəxsin sovxozda mexanik vəzifəsində işlədiyini, Suliddin adlı şəxsi xatırladığını, onun soyadının Qasımov deyil, Hüseynov olduğunu, bu şəxsin sovxozda traktorçu vəzifəsində işlədiyini, Həziyev Səməd adlı şəxsin sovxozda mexanik vəzifəsində işləmədiyini, lakin sovxozda mexanik vəzifəsində Həziyev Əsəd adlı şəxsin çalışdığını, Əliyev Akif və Quliyev Şiraslan adlı şəxsləri xatırladığını, onlarınn sovxozda çilingər vəzifəsində işlədiyini, sovxozun Həmkarlar Komitəsinin sədri vəzifəsində heç vaxt Əbülfət adlı şəxsin çalışmadığını, bu vəzifədə Quliyev Şahbaz adlı şəxsin işlədiyini, sovxozda kadr məsələləri ilə Səfərova Rəyasət adlı işçinin məşğul olduğunu, ona məxsus əmək kitabçasında aparılmış qeydlərin məhz bu şəxsin imzası ilə təsdiq edildiyini bildirmişdir. Məhkəmə iclasında iştirakı iddiaçı Ərizəçi tərəfindən təmin edilmiş Şahid1 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, 1984-cü il tarixdə Füzuli rayonunun Qaçar kəndində yerləşən “XXİİ Partiya Qurultayı” adına üzümçülük sovxozuna fəhlə vəzifəsinə işə qəbul edilmiş, daha sonra öz əmək fəaliyyətini sovxozun iqtisadçısı və şöbə mühasibi kimi davam etdirmişdir. Məlum hadisələrlə bağlı 02 aprel 1993-cü il tarixdə tutduğu vəzifədən azad edilmişdir. Bu onun istəyi deyildi, məcburi bir tədbir idi. Belə ki, həmin vaxt kəndin real olaraq erməni işğalçıları tərəfindən işğal olunması təhlükəsi var idi. Bununla bağlı o, kəndi və iş yerini məcburi olaraq tərk etdiyindən 02 aprel 1993-cü il tarixdə onunla sovxoz arasında olan əmək münasibətlərinə xitam verilmişdir. Kənd işğal olunduqdan sonra sovxoz öz fəaliyyətini “Haramı düzü” adlanan yerdə davam etdirmişdir. Sovxoz xeyli müddət XXİİ Partiya Qurultayının adını daşımış, lakin sonradan sovxozun adı dəyişdirilmiş və sovxoza ilk olaraq şəhid Əbil Mirzəyevin, sonradan isə akademik Yusif Qasımovun adı verilmişdir. Bu səbəbdən onun əmək kitabçasında həmin adlar da qeyd edilmişdir. Ərizəçi həmin sovxoza ondan təxminən 1 il sonra gəlmiş və ilk olaraq fəhlə, sonradan isə traktorçu vəzifəsində işləmişdir. Ərizəçi traktorçu olmasına baxmayaraq, biçin dövründə kombaynçı kimi də fəaliyyət göstərmişdir. Ərizəçi da onun kimi kəndi 1993-cü ilin aprel ayının əvvəllərində tərk etmişdir. Həmçinin, verilmiş suallara cavab olaraq, Abbasov Mədəti, Həziyev Mədəti, Əliyev Əbülfəti, Həsənov Fərzalını və Mehrəliyev Alını tanıdığını, bu şəxslərin o, işlədiyi dövrdə müxtəlif vaxtlarda sovxozun sədri vəzifəsini tutduqlarını, Əliyev Fərzi adlı şəxsi xatırladığını, onun mexanik olduğunu, Hüseynov Suliddin adlı şəxsi xatırladığını, onun traktorçu olduğunu, Əsəd adlı (soyadını xatırlamır) şəxsi xatırladığını, onun səhv etmirsə mexanik olduğunu, Həmkarlar Komitəsinin sədri vəzifəsində Quliyev Şahbaz adlı şəxsin çalışdığını, Əliyev Akif (sovxozda belə bir çilingərin olduğunu bildirmişdir), Şiraslan (soyadını xatırlamır) və Şahid2 adlı şəxsləri xatırladığını, onların çilingər olduğunu, sovxozda kadr məsələləri ilə Səfərova Rəyasət adlı işçinin məşğul olduğunu, ona məxsus əmək kitabçasında aparılmış müvafiq qeydlərin məhz bu şəxsin imzası ilə təsdiq edildiyini bildirmişdir. Məhkəmə iclasında iştirakı iddiaçı Ərizəçi tərəfindən təmin edilmiş şahid X4 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, Füzuli rayonu Qacar kənd “XXİİ Partiya Qurultayı” adına üzümçülük sovxozunda 1979-cu il tarixdən 1995-ci il tarixədək kadrlar üzrə şöbə müdiri vəzifəsində çalışmışdır. Bu səbəbdən sovxozda işləmiş şəxsləri digər işçilərdən daha yaxşı tanıyır və xatırlayır. Ərizəçi həmin sovxozda 80-ci ilin ortalarından işləməyə başlamış və ilk olaraq fəhlə, sonra isə traktorçu vəzifəsində çalışmışdır. Onun bu vəzifələrə təyin olunmasını vəzifəsinə uyğun olaraq şəxsən o, rəsmiləşdirmişdir. Yaranmış vəziyyətlə əlaqədar 1993-cü ilin aprel ayının əvvəllərində sovxoz öz fəaliyyətini dayandırmağa məcbur olmuş, bəzi işçilər həmin vaxt rəsmi olaraq işdən çıxmışlar və onların əmək kitabçasının bütün zəruri qeydlər aparılmaqla qaytarılması mümkün olmuşdur. Bir sıra işçilərə isə yalnız əmək kitabçalarının qaytarılmasını çatdıra bilmişlər, lakin vaxt məhdudiyyəti ilə bağlı orada qeydlərin aparılması mümkün olmamışdır. Bəzi işçilər isə ümumiyyətlə əmək kitabçalarını əldə edə bilməmişlər. Məsələn ona məxsus əmək kitabçasında sovxoza işə qəbul olunduğu və işdən azad olunduğu tarix, habelə vəzifə göstərilmiş, lakin həmin qeydlər sonradan, artıq sovxozun adı Yusif Qasımov olanda təsdiq edilmişdir. Bu səbəbdən möhürün üzərində “XXİİ Partiya Qurultayı adına üzümçülük sovxozu” sözləri deyil, “Yusif Qasımov adına üzümçülük sovxozu” sözləri qeyd edilmişdir. Belə ki, kənd işğal olunandan sonra sovxoz öz fəaliyyətini ona məxsus olmaqla “Haramı düzü” adlanan yerdı davam etmiş, sovxozun adı da dəyişdirilmiş və sovxoz ilk olaraq şəhid Əbil Mirzəyevin, sonradan isə akademik Yusif Qasımovun adını daşımışdır. O da öz fəaliyyətini orada davam etdirmişdir. Onun uzun illər həmin sovxozda işləməsini və kəndlərinin işğal olunması səbəbindən əmək kitabçasında möhürün vurulmasının mümkün olmadığını nəzərə alıb, həmin vaxt sovxozun sədri olan Həsənov Fərzalı onun əmək kitabçasında aparılmış müvafiq qeydləri təsdiq etmişdir. Ərizəçi da kəndi tərk edən vaxtadək həmin sovxozda işləmişdir. Ərizəçi məsuliyyətli və davamiyyətli işçi olmuş, onun barəsində hər hansı intizam tənbeyi tətbiq edilməmişdir. Həmçinin, verilmiş suallara cavab olaraq, sovxozda işlədiyi dövrdə müxtəlif vaxtlarda Abbasov Mədətin, Həziyev Mədətin, Əliyev Əbülfətin, Həsənov Fərzalının və Mehrəliyev Alının sovxozun sədri olduğunu, onun işlədiyi dövrdə sovxozda Fərzi adlı şəxsin işlədiyini, onun soyadının Əliyev olduğunu, sovxozda mexahik vəzifəsində işlədiyini, sovxozda Suliddin adlı şəxsin işlədiyini, soyadının Hüseynov olduğunu, traktorçu vəzifəsində işlədiyini, sovxozda Əsəd adlı şəxsin mexanik vəzifəsində işlədiyini, onun soyadının Həziyev olduğunu, sovxozda Şiraslan və Danil adlı şəxslərin işlədiyini, onların soyadlarının müvafiq olaraq Quliyev və Kazımov olduğunu, onların çilingər vəzifəsində işlədiklərini, sovxozda Baxışov Tərlan, Mayılov Vəli adlı işçilərin olmadığını, sovxozun Həmkarlar Komitəsinin sədri vəzifəsində Əliyev Akif adlı şəxsin deyil, Quliyev Şahbaz adlı şəxsin çalışdığını, lakin sovxozda Əliyev Akif adlı şəxsin də olduğunu və onun çilingər vəzifəsində çalışdığını, Şahid1 sovxozda iqtisadçı və mühasib vəzifələrində işlədiyini, Şahid1 və Şahid2 işdən çıxandan sonra onları görmədiyini, hazırda Ağsu rayonunda yaşadığını və Bakı şəhərinə nadir hallarda gəldiyini, bu şəxsləri hazırda məhkəmə iclas zalından kənarda yerləşən otaqda (şəhidlər üçün ayrılmış otaq nəzərdə tutulur) gördüyünü və tanıdığını, qeyd etdiyi bütün şəxslərin ad və soyadlarını öz vəzifəsinə görə xatırladığını, hətta çilingər Əliyev Akifin və mexanik Əliyev Fərzinin hər ikisinin atasının adının Məmmədəli olduğunu xatırladığını, bu şəxslərlə bağlı rəsmiləşdirmə işlərinin, o cümlədən əmək kitabçası olanların əmək kitabçalarında aparılmış müvafiq qeydlərin onun tərəfindən imzalandığını bildirmişdir. Məhkəmə, tərəfləri, habelə şahidlərin ifadələrini dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı Ərizəçi Füzuli rayonu Qacar kənd “XXİİ Partiya Qurultayı” adına üzümçülük sovxozunda 1985-ci il tarixdən xx.xx.1986-cı il tarixə qədər fəhlə və xx.xx.1986-cı il tarixdən 1993-cü il tarixə qədər traktorçu vəzifəsində işləməyini əsas gətirərək, həmin illərin sosial sığorta stajına daxil edilməsi xahişi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Lakin, o həmin sovxozda işləməsi barədə əmək fəaliyyətini təsdiq edəcək əmək kitabçası (qeydlər natamamdır və sovxozun möhürü ilə təsdiq edilməmişdir), habelə hər hansı arxiv arayışı təqdim edə bilmədiyindən həmin qurum tərəfindən qeyd edilən dövr sosial sığorta stajına daxil edilməmiş və onun ümumi iş stajının 25 ildən az (18 il 2 ay 23 gün) olması əsası ilə ona əmək pensiyasının təyin edilməsi mümkün hesab edilməmişdir. Belə ki, əmək kitabçasında onun Füzuli rayonu Qacar kənd “Xİİ Partiya Qurultayı” adına üzümçülük sovxozunda xx.xx.1985-ci il tarixdən xx.xx.1986-cı il tarixə qədər fəhlə kimi işləməsi, xx.xx.1986-cı il tarixdə fəhlə vəzifəsindən azad edilib, sovxozun traktorçu vəzifəsinə təyin edilməsi barədə qeyd olsa da, bu qeydlər sovxozun möhürü ilə təsdiq edilməmiş, tutduğu vəzifədən azad edilməsi tarixi isə ümumiyyətlə göstərilməmişdir. Bu səbəbdən də həmin illər qeyd edilən qurum tərəfindən onun ümumi iş stajına daxil edilməmişdir. Ərizəçi həmin sovxozda işləməsi ilə bağlı aidiyyəti sənədlərin əldə edilməsi üçün X8 Filialına da müraciət etmiş, lakin filial tərəfindən ona təqdim edilmiş xx.xx.2021-ci il tarixli arxiv arayışında Füzuli rayonu Qaçar kənd “XXİİ Partiya Qurultayı” adına üzümçülük sovxozunun 1985-1993-cü illərə aid sənədlərinin xx.xx.1993-cü il tarixdə erməni işğalı zamanı yandırılaraq məhv edildiyi göstərilmişdir. Bununla belə, ərizəçi qeyd edilən müddətdə həmin sovxozda işləməsi faktını təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmir, onun həmin sovxozda fəhlə və traktorçu vəzifəsinə təyin edilməsi ilə bağlı əmrlərin, habelə digər aidiyyəti sənədlərin bərpası onların məhv edilməsi səbəbindən mövcud vəziyyətdə mümkün deyil. Bu faktın təsdiq edilməsi ərizəçiyə əmək pensiyasını almaq üçün lazımdır. Ərizəçinin Füzuli rayonu Qacar kənd “XXİİ Partiya Qurultayı” adına üzümçülük sovxozunda xx.xx.1985-ci il tarixdən xx.xx.1986-cı il tarixə qədər fəhlə və xx.xx.1986-cı il tarixdən xx.xx.1993-cü il tarixə qədər (sonradan tələbini dəyişdirmişdir) traktorçu vəzifəsində işləməsi məhkəmə iclasında ifadəsi alınmış şahidlər Şahid2, Şahid1 və X4 tərəfindən təsdiq edilir. Şahid2 həmin sovxozda fəhlə və çilingər, Şahid1 iqtisadçı və mühasib, X4 isə kadrlar üzrə şöbə müdiri vəzifəsində işlədiklərini və ərizəçinin 1985-ci ildən kəndi tərk etdiyi 1993-cü ilin aprel ayının əvvələrinə kimi həmin sovxozda fəhlə, sonra isə traktorçu vəzifəsində çalışdığını bildirirlər. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu ərizənin əsassız olduğunu, ərizəçinin əmək kitabçasında qeydlərin natamam aparıldığını və möhürlə təsdiq edilmədiyini, Şahid2 məxsus olan əmək kitabçasında onun həmin sovxozda xx.xx.1985-ci il tarixdə əmək fəaliyyətinə başlaması barədə qeydin aparıldığını, lakin işdən azad olması barədə hər hansı qeydin aparılmadığını, şahid X3 məxsus əmək kitabçasında xx.xx.1979-cu il tarixdən xx.xx.1995ci il tarixədək qeyd edilən sovxozda işləməsi barədə qeydin aparılmasına baxmayaraq, bu halı təsdiq edən möhürün üzərində “XXİİ Partiya Qurultayı” adına üzümçülük sovxozu deyil, “Yusif Qasımov” adına üzümçülük sovxozunun yazıldığını, nəticədə şahidlərin bu sovxozda işlədikləri dövrlərin ərizədə göstərilən 1985-1993-cü illəri əhatə etmədiyini, habelə onların sovxozda işlədikləri illərin biri-biri ilə eynilik təşkil etmədiyini bildirir və ərizənin rədd edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, məhkəmə hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin: 16-cı bəndinə əsasən iş stajı barədə sənədlər olmadıqda və onları hərbi əməliyyatlar, təbii fəlakət, qəza, dağıntı, milli münaqişə zəmini və digər fövqəladə hallarla əlaqədar olaraq əldə etmək mümkün olmadıqda əmək stajı, o cümlədən imtiyazlı pensiyaya və xidmət illərinə görə pensiyaya hüquq verən iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən respublika Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada rayon (şəhər) Əhalinin Sosial Müdafiəsi Mərkəzləri nəzdində təşkil olunan pensiya təyin edən komissiya tərəfindən müəyyən edilir; 17-ci bəndinə əsasən iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Şahid ifadələrinə əsasən müəyyən olunan əmək stajı dövrü bu hallarda pensiya təyinatı üçün tələb olunan iş stajının yarısından artıq ola bilməz (o cümlədən, imtiyazlı şərtlərlə). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 13.1-ci bəndinə əsasən məhkəmələrin nəzərinə çatdırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Həmin qərarın 13.4-cü bəndinə isə qeyd edilmişdir ki, əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Məhkəmə ərizəçinin əmək kitabçasına istinadən qeyd edir ki, əmək kitabçasında onun xx.xx.1985-ci il tarixdə Füzuli rayonu Qaçar kənd “XXİİ Partiya Qurultayı” adına üzümçülük sovxozuna fəhlə vəzifəsinə işə qəbul edildiyi, xx.xx.1986-cı il tarixdə həmin vəzifədən azad edilərək, sovxozda traktorçu vəzifəsinə təyin edildiyi göstərilmiş və hər iki qeyd həmin vaxt sovxozun direktoru olan Əbülfət Əliyevin və kadrlar şöbəsinin müdiri Rəyasət Səfərovanın imzası ilə təsdiq edilmişdir. Lakin bu qeydlər sovxozun möhürü ilə təsdiq edilməmişdir. Eyni zamanda, əmək kitabçasında xx.xx.1986-cı il tarixdən sonra ərizəçinin əmək münasibətləri baxımından sovxozla bağlılığını əks etdirən hər hansı qeyd aparılmamışdır. Məhz bu halları əsas götürüb maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu ərizəçinin sovxozda işləməsini qəbul etməmiş və həmin illəri onun əmək stajına daxil etməkdən imtina etmişdir. Mövcud vəziyyətdə ərizəçinin həmin sovxozda işləməsi faktı yalnız qeyd edilən dövrdə onunla birlikdə işləyən və işləməsini təsdiq edən sənədlərə (əmək kitabçası və sair) malik olan şahidlərin ifadəsi ilə təsdiq edilə bilər. Nəzərə alınmalıdır ki, həmin sovxozda çalışan şəxslərin adları və soyadları, onların tutduqları vəzifələr barədə ərizəçi tərəfindən verilmiş məlumat, şahidlərin ifadəsi ilə eynilik təşkil edir və təsdiq olunur. Ərizəçi və şahidlər biri-biri ilə iş yoldaşı olduqlarını, eyni sovxozda işlədiklərini bildirirlər və məhkəməyə onlarla işləyən digər şəxslər barədə eyni məzmunlu məlumat təqdim edirlər. Hətta məhkəmə ərizəçinin və şahidlərin reallıqda sovxozda işləyib-işləmədiyinin müəyyən edilməsi üçün ərizəçi tərəfindən qeyd edilən digər işçilərin soyadları, adları və vəzifələri ilə bağlı şahidlərə çaşdırıcı və həqiqəti əks etdirməyən suallar verməsinə, həmin suallarda sovxoza aid olmayan uydurulmuş şəxslərin adlarını çəkməsinə baxmayaraq, şahidlər yenə də eyni mövqedən çıxış etmiş və ərizəçi tərəfindən adları çəkilən digər işçilər barədə eyni məzmunlu məlumatlar vermişdilər. Hər bir halda, ərizəçi və şahidlər onlara veriləcək sualların mahiyyəti və məzmunu barədə məlumatlı ola bilməzdilər. Bu da öz növbəsində ərizəçinin və şahidlərin həqiqətən də uzun illər bir yerdə və eyni müəssisədə işləməsinə dəlalət edir. Eyni zamanda, ərizəçinin şahidlərlə bir kənddə yaşamasını və onları tanımasını əsas götürüb, bu baxımdan onlardan istifadə edib, onların hesabına sovxozun işçisi olması təsəvvürünü yaradıb, bu yolla özünə bir neçə il iş staşı əldə etmək niyyətində olmasını istisna edir. Belə ki, əks halda, ərizəçi əmək kitabçaları qanunvericiliyin tələblərinə tam uyğun olaraq tərtib edilmiş və ya iş stajı məhkəmə qaydasında müəyyən edilmiş, həmin kənddə və ya yaxın ərazidə yerləşən hər hansı başqa bir müəssisənin və ya təşkilatın işçilərinə müraciət etmiş olardı. Başqa sözlə, ərizəçinin niyyəti saxta yolla iş stajı əldə etmək olmuşdursa, ərizəçi bunu daha səmərəli təşkil etmiş olardı. Məhkəmə şahidlərlə bağlı qeyd edir ki, Şahid1 əmək kitabçasında onun xx.xx.1984cü il tarixdən xx.xx.1993-cü il tarixədək Füzuli rayonu Qaçar kənd “XXİİ Partiya Qurultayı” adına üzümçülük sovxozunda fəhlə, şöbə mühasibi və iqtisadçı vəzifələrində işləməsi barədə qeyd aparılmış və həmin qeydlər sovxozun direktorunun, habelə kadrla şöbəsinin müdiri Səfərova Rəyasətin imzası və sovxozun möhürü ilə təsdiq edilmişdir. Onun xx.xx.1993-cü il tarixdə sovxozun şöbə mühasibi vəzifəsindən azad edilməsi isə Qaçar kəndinin erməni işğalçıları tərəfindən işğal edilməsi ilə bağlı olmuşdur və həmin vaxt aparılmış qeydə əsasən sovxozun adının artıq Əbil Mirzəyev olduğu göstərilmiş, bu qeydin üstündə isə “Yusif Qasımov” sözləri yazılmışdır. Şahid2 məxsus əmək kitabçasında da onun xx.xx.1985-ci il tarixdə sovxoza fəhlə vəzifəsinə işə qəbul edildiyi və xx.xx.1985-ci il tarixdə başqa yerə işləməyə getməsi ilə əlaqədar tutduğu vəzifədən azad edildiyi göstərilmiş və həmin qeydlər də sovxozun direktoru, habelə kadrla şöbəsinin müdiri Səfərova Rəyasətin imzası və sovxozun möhürü ilə təsdiq edilmişdir. Lakin onun əmək kitabçasında sonradan, yəni xx.xx.1985-ci il tarixdə yenidən sovxoza fəhlə vəzifəsinə işə qəbul edilməsi, xx.xx.1986-cı il tarixdə isə çilingər təyin edilməsi barədə qeyd aparılsa da və bu qeydlər sovxozun direktoru, habelə yenə də kadrla şöbəsinin müdiri Səfərova Rəyasətin imzası ilə təsdiq edilsə də, sovxozun möhürü ilə təsdiq edilməmişdir. Bu səbəbdən də maraqlı şəxs şahid olaraq onun ifadəsinin mötəbərliyini qəbul etmir. Lakin hər bir halda, nəzərə alınmalıdır ki, Şahid1 əmək kitabçası tam şəkildə, Şahid2 əmək kitabçası isə xx.xx.1985-ci il tarixdən xx.xx.1985-ci il tarixədək müddət üçün əmək qanunvericiliyin tələblərinə uyğun tərtib edilmişdir. Hər iki şahid də ərizəçinin 1985-ci ildə işə qəbul edildiyini bildirir. Bu baxımdan onun həmin sovxoza 1985-ci ildə işə qəbul olunduğu öz təsdiqini tapır. Digər şahid X3 məxsus əmək kitabçasında onun xx.xx.1979-cu il tarixdən xx.xx.1995-ci il tarixədək işləməsi barədə qeyd aparılmış, lakin həmin qeydlər üzərində Yusif Qasımov adına uzümçülük sovxozu yazılmış möhürlə təsdiq edilmişdir. Bu səbəbdən maraqlı şəxs şahid olaraq onun da ifadəsinin mötəbərliyini qəbul etmir. Lakin artıq müəyyən edildiyi kimi, sovxozun adının sonradan dəyişdirilərək, “Əbil Mirzəyev” və “Yusif Qasımov” olması Şahid1 əmək kitabçasında da öz əksini tapmışdır. Həm ərizəçi, həm də şahidlər sovxozun sonradan adının dəyişməsini bildirirlər. Bu səbəbdən məhkəmə hesab edir ki, X2 əmək kitabçasında 1979-cu və 1980-ci illərə aid qeydlərin də üzərində “Yusif Qasımov adına üzümçülük sovxozu” yazılan möhürlə təsdiq edilməsi bu qeydlərin etibarsız olması və onun həmin sovxozda işləməməsi anlamına gəlmir. Belə ki, 90-cı illərin əvvəlində Azərbaycanda yaşayan və təvəllüdündən asılı olmayaraq, bu hadisəni dərk etmək qabiliyyətinə malik olan hər bir şəxs həmin dövrdə Azərbaycan torpaqlarının erməni işğalçılarının təcavüzünə məruz qalması, işğal olunmuş torpaqlarda yaşayan azərbaycanlılara qarşı soyqırım törədilməsi barədə məlumatlı idi. Füzuli rayonu ərazisində yaşayan şəxslər də erməni işğalçıları tərəfindən törədilən vəhşiliklər, o cümlədən xocalı faciəsi barədə tam məlumatlı idi. Belə olan halda, yaşayış yerinin işğal olunması, o cümlədən özlərinin və yaxınlarının öldürülməsi gerçəkliyi ilə üzləşən bu şəxslərin əmək kitabçalarında əmək fəaliyyəti ilə bağlı qeydlərin tələb olunan səviyyədə rəsmiləşdirilməsi üçün imkan əldə edə bilməmələri və ya onların özlərinin və ailə üzvlərinin, habelə qohumlarının təhlükəsizliyini təmin etmək üçün tədbirlər görməsini əmək kitabçasını əldə etməkdən üstün tutması başa düşüləndir. Başqa sözlə, bu şəxslər əmək kitabçasını öz həyatlarından üstün tuta bilməzdilər. Ən azı həmin dövrü görən hər bir azərbaycanlı üçün qeyd edilən vəziyyət və şərait başa düşülən olmalıdır. Həmin vaxt sovxozun sədri olan Həsənov Fərzalı da məhz X2 uzun illər həmin sovxozda işləməsini nəzərə alıb, 1979-cu və 1980-ci illərə aid qeydlərin də artıq üzərində “Yusif Qasımov adına üzümçülük sovxozu” yazılmış möhürlə təsdiq edilməsinə icazə vermişdir. Bu hal onun həm əvvəllər, həm də sovxoz artıq “Yusif Qasımov adını daşıyan zaman sovxozda işlədiyini (məhz bu səbəbdən onun işdən çıxması barədə qeyd həmin möhürlə təsdiq edilmişdir) birmənalı şəkildə təsdiq edir. Əks halda, sovxozun direktoru həm əvvəlki illərə aid qeydləri, həm də 1995-ci ilə aid qeydi öz imzası və sovxozun möhürü ilə təsdiq etməzdi. Digər tərəfdən məhkəməyə təqdim edilmiş əmək kitabçalarında möhürlə təsdiq edilib-edilməməsindən asılı olmayaraq bütün qeydlər “Səfərova R” adlı şəxs tərəfindən təsdiq edilmişdir. Həm ərizəçi, həm də şahidlər Şahid2 və Şahid1 bu şəxsin Səfərova Rəyasət olduğunu bildirir. Şahid X4 da sovxozda kadrlar şöbəsinin müdiri vəzifəsində işlədiyini vurğulayır. Bu da öz növbəsində bu şahidin ərizəçinin kənd işğal olunanadək sovxozda işləməsi barədə ifadəsini mötəbər edir. Məhkəmə təqdim edilmiş əmək kitabçalarına istinadən o halı da qeyd edir ki, Şahid2 xx.xx.1985-ci il tarixdə sovxoza işə qəbul edilsə də, xx.xx.1985-ci il tarixdə başqa yerə işləməyə getməsi ilə əlaqədar tutduğu vəzifədən azad edilmişdir. Onun əmək kitabçasının bu hissəsinin lazımi qaydada tərtib edilməsi və həm səlahiyyətli şəxslərin imzası, həm də sovxozun möhürü ilə təsdiq edilməsi də məhz onun sovxozla əmək münasibətlərinə xitam verilməsi ilə bağlı olmuşdur. Belə ki, bu halda əmək kitabçası yeni iş yerinə təqdim edilməsi üçün ona qaytarılmalıdır. Bu da öz növbəsində Ərizəçi 1985-1993-cü, şahid X2 isə 1979-1995-ci illərdə yalnız bir müəssisədə, yəni qeyd edilən sovxozda əmək fəaliyyəti ilə məşğul olmasına dəlalət edir. Əks halda, Şahid2 olduğu kimi, yeni iş yeri üzrə əmək kitabçasının təqdim edilməsi üçün bu şəxslərə də əmək kitabçalarının doldurularaq, qaytarılması təmin edilməli idi. Bununla belə, nəticə etibarı ilə Şahid1 xx.xx.1984-cü il tarixdən xx.xx.1993-cü il tarixədək, Şahid2 ən azı xx.xx.1985-ci il tarixdən xx.xx.1985-ci il tarixədək (ərizəçinin artıq işləməyə başladığı dövrü əhatə edir), şahid X2 isə 1979-cu ildən (ən azı xx.xx.1993-cü il tarixədək) 1995-ci il tarixədək (artıq sovxozun “Haramı düzü” adlanan yerdə fəaliyyət göstərməklə Yusif Qasımov adını daşıyan vaxt) “XXİİ Partiya Qurultayı” adına üzümçülük sovxozunda işləməsi öz təsdiqini tapır. Bu şəxslərin hər biri də ərizəçinin 1985-ci ildən 1993-cü il tarixədək həmin sovxozda işləməsini təsdiq edirlər. Məhkəmə də onların ifadələrini mötəbər sübut kimi qəbul edib, habelə onların və ərizəçinin yaşayış yerlərini tərk etmə tarixini, o cümlədən Şahid1 xx.xx.1993-cü il tarixdə Qaçar kəndinin işğal olunması əsası ilə sovxozun şöbə mühasibi vəzifəsindən azad olmasını nəzərə alıb, belə qənaətə gəlir ki, Ərizəçi Füzuli rayonu Qacar kənd “XXİİ Partiya Qurultayı” adına üzümçülük sovxozunda xx.xx.1985-ci il tarixdən xx.xx.1986-cı il tarixə kimi fəhlə vəzifəsində, xx.xx.1986-cı il tarixdən xx.xx.1993-cü il tarixə kimi isə traktorçu vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, Ərizəçi Füzuli rayonu Qacar kənd “XXİİ Partiya Qurultayı” adına üzümçülük sovxozunda xx.xx.1985-ci il tarixdən xx.xx.1986-cı il tarixə kimi fəhlə vəzifəsində, xx.xx.1986-cı il tarixdən xx.xx.1993-cü il tarixə kimi traktorçu vəzifəsində işləməsi faktı müəyyən edilməli, ərizə qalan hissədə rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən Ərizəçi aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Ərizəçi Füzuli rayonu Qacar kənd “XXİİ Partiya Qurultayı” adına üzümçülük sovxozunda xx.xx.1985-ci il tarixdən xx.xx.1986-cı il tarixə kimi fəhlə vəzifəsində, xx.xx.1986-cı il tarixdən xx.xx.1993-cü il tarixə kimi traktorçu vəzifəsində işləməsi faktı müəyyən edilsin. Ərizə qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(001)-643/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-643/2022
11.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver