Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6431/2025 07.01.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəsirov Murad Seyran oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin də üçüncü şəxs qismində cəlb olunduğu “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, giriş 187, M6, mənzil 2 ünvanında yerləşən daşınmaz əmlak onun, yəni İddiaçı mülkiyyətindədir. Lakin mənzili uzun illərdir ki, Cavabdeh tərəfindən zəbt edilmişdir. İllərdir ki, cavabdehdən ona məxsus evdən çıxmasını tələb etsə də, o, ailə üzvləri ilə birlikdə evindən çıxmaqdan imtina edir. Bu səbəbdən də, o, Cavabdeh ailə üzvləri və əmlakları ilə birlikdə evindən çıxarılmasını tələb edir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh azyaşlı övladı X3 və əmlakları ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 9a mikrorayon, ev 51, mənzil 30 (yeni qaydalarla: ünvan 1 ünvanından çıxarılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən Cavabdeh ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, məhkəməyə ərizə təqdim edərək, iddia tələbinə etiraz etdiyini, 1992-ci ildən Tuğ kəndindən məcburi köçkün olduğunu, 2 oğlu ilə birlikdə ünvan 2 ünvanında yaşadığını, doğma kəndində evləri hazır olanda ora köçəcəyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş çıxarışın surətindən məlum olur ki, Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 9a mikrorayon, ev 51, 30 saylı mənzil (Yeni qaydalarla: AZ1134, ünvan 1 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində tam hissəsində xx.xx.2025-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Xocavənd Rayon İcra Hakimiyyəti Başçısının Tuğ kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 5-52-10/2- 202/2025 saylı, 02 dekabr 2025-ci il tarixli arayışdan görünür ki, arayış verilir Cavabdeh ondan ötrü ki, o, həqiqətən, 30 oktyabr 1991-ci il tarixdə Xocavənd (keçmiş Hadrut) rayon Tuğ kəndindən məcburi köçkün düşmüşdür. Hal-hazırda Xocavənd rayon Tuğ kəndində daimi qeydiyyatda olmaqla ünvan 3 ünvanında müvəqqəti olaraq məskunlaşmışdır. Onun ailə tərkibi üç nəfərdən ibarətdir. Hal-hazırda Xocavənd rayonu Tuğ kəndinin ərazisində məcburi köçkünlərin daimi məskunlaşması ilə bağlı Dövlət tərəfindən təmir-tikinti işlərinə başlanılmışdır. İşğaldan azad olunmuş ərazidə təmir işləri başa çatdıqda Cavabdeh öz doğma kəndində köçkünlər üçün nəzərdə tutulmuş yaşayış sahəsi ilə təmin olunacaqdır. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş ərizədən görünür ki, o, ərizəsində ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etmədiyini, sözügedən mənzildən işğaldan azad edilmiş Tuğ kəndinə evi hazır olduqdan sonra köçəcəyini qeyd etmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 95 saylı MKİS-si tərəfindən verilmiş 04 sentyabr 2025-ci il tarixli arayışdan görünür ki, arayış verilir İddiaçı ondan ötrü ki, həqiqətən də o, Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 9a mikrorayon, ev 51, 30 saylı mənzildə qeydiyyatdadır. Həmin mənzil Xocavənd rayonundan məcburi köçkün Cavabdeh tərəfindən zəbt olunmuşdur. Mənzildə Cavabdeh və X3 yaşayırlar. İş materiallarında olan Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 27 fevral 1992-ci il tarixli 152№-li sərəncamın surətindən görünür ki, həmin sərəncamla X1 6 nəfər ailə tərkibi ilə birlikdə 9-cu mikrorayon, ev 51, 30 saylı mənzildə müvəqqəti yaşamasına icazə verilmişdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 27 sentyabr 2007-ci il tarixli “Akimova Azərbaycana qarşı” Qərarında Məhkəmə qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «mülkiyyət» kimi qiymətləndirilə bilər. Həmin qərarda göstərilmişdir ki, “1 saylı Protokolun 1-ci maddəsinin başlıca və ən əsas tələbi mülkiyyətdən istifadə hüququna dövlət tərəfindən hər hansı bir müdaxilənin qanun çərçivəsində olmasından ibarətdir. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Bundan əlavə, qanunun aliliyi demokratik cəmiyyətin fundamental prinsiplərindən biridir və Konvensiyanın bütün maddələrindən ayrılmazdır. Bundan irəli gəlir ki, cəmiyyətin mühüm maraqlarının qorunması və müdafiəsi arasında tarazlığın əldə edilməsi artıq müəyyən edildiyi kimi qanunauyğun olmalı və özbaşına xarakteri daşımamalıdır. Həmin qərarda Məhkəmə, həmçinin məcburi köçkünlər müstəqil surətdə özlərinə yaşayış yeri taparkən digər şəxslərin hüquqlarını pozarlarsa, dövlət hakimiyyəti orqanlarının onları başqa yaşayış yerlərinə köçürməli olduğu barədə «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» Qanunun 5-ci maddəsinin, eləcə də «Məcburi köçkünlərin məskunlaşdırılması Qaydaları»nın 4-cü maddəsinin tələblərini nəzərə alır (bax, yuxarıda § 23 və 25). Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” 26 yanvar 1993-cü il tarixli Qanunda nəzərdə tutulmuşdur ki, dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış şəxslərin yaşadıqları mənzilləri öz şəxsi mülkiyyətinə keçirmək hüququ vardır (1-ci maddə). Belə özəlləşdirmə könüllü və pulsuzdur (2-ci maddə). “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Düşərgələr yaşayış üçün zəruri tələblərə cavab verməlidir. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidir. “Qaçqınların və Məcburi Köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən qaçqın və məcburi köçkünün müvəqqəti və ya daimi yaşayış sahəsi ilə təmin edilməsi mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında Azərbaycan Respublikasının 21 may 1999-cu il tarixli Qanununun” 5-ci maddəsinə əsasən isə, məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir (Nazirlər Kabineti, Qaçqınların və X2 üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyətləri orqanları öz səlahiyyətləri daxilində). Məskunlaşdırma məqsədi ilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər”. Göründüyü kimi istinad edilən qanun normasında da məcburi köçkünlərin müstəqil surətdə məskunlaşmasına yalnız o halda yol verilir ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Beləliklə, mülki işdə olan sübutlarla, eyni zamanda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş çıxarışla təsdiq edilir ki, Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 9a mikrorayon, ev 51, 30 saylı mənzil (Yeni qaydalarla: AZ1134, ünvan 1 xx.xx.2025-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. Məhkəmə hesab edir ki, Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 9a mikrorayon, ev 51, 30 saylı mənzil (Yeni qaydalarla: AZ1134, ünvan 1 cavabdeh tərəfindən heç bir qanuni əsas olmadan zəbt edildiyindən və bununla da iddiaçının qanunla və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi ilə qorunan mülkiyyət hüquqlarını pozduğundan iddia tələbi təmin edilməli, Cavabdeh və azyaşlı övladı X3 həmin mənzildən əşyaları ilə birlikdə çıxarılmalıdırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh və azyaşlı övladı X3 Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 9a mikrorayon, ev 51, 30 saylı mənzildən (Yeni qaydalarla: AZ1134, ünvan 1 əşyaları ilə birlikdə çıxarılsınlar. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov
Məhkəmə qərarları › İş №2(001)-6431/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6431/2025
07.01.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver