Məhkəmə qərarları › İş №2(001)-6451/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6451/2025

09.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6451/2025 09.12.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X21 Məhyəddin qızının sədrliyi Kazımov Bəxtiyar Fərhad oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs kimi 7 saylı “ASAN Xidmət” Mərkəzində qeydiyyat şöbəsi cəlb edilməklə “doğumun qeyd edilmə faktının müəyyən edilməsi” barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. Ərizəçi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.1958-ci ildə Ermənistan Respublikası Qafan rayonunda doğumun qeyd edilmə faktının müəyyən edilməklə, doğum akt qeydinin bərpa edilməsi, doğum şəhadətnaməsi verilərkən, adının Mədinə, soyadının Xanseyidova, ata adının İldırım, doğum tarixinin xx.xx.1958-ci il, doğum yerinin Ermənistan Respublikası Qafan rayonu, ata qrafasında X7, ana qrafasında X19, milliyətinin azərbaycanlı kimi qeyd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1958-ci ildə Ermənistan Sovet Sosialist Respublikasının Qafan rayonunda anadan olmuşdur. 1987-ci ildə nikaha daxil olaraq, Zəngilan rayonuna köçmüşdür. Daha sonra 1992-ci ildə erməni separatçıları tərəfindən yaşadıqları yerə silahlı hücum olduğundan olduqları yeri məcburi tərk etməli olmuşlar. Buna görə də özlərinə məxsus olan sənədləri götürə bilməmişlər. Hazırda Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sənəd dövriyyəsi olmadığından sənədin dublikatının alınması mümkün olmamışdır. Mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Ü.Hacıbəyov küçəsi, 6 mkr-da istifadə olunan 0,0973 ha torpaq sahəsində yerləşən 4 nömrəli 5 mərtəbəli binada yerləşən 66 nömrəli mənzili bacısı X2 bağışlamaq üçün notariat kontoruna müraciət etsə də doğum şəhadətnaməsinin olmaması səbəbindən bağışlama müqaviləsinin icrasında çətinlik yaranmışdır.

Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahatında bildirmişdir ki, ərizəsini müdafiə edir və təmin edilməsini xahiş edir.

4. Maraqlı şəxs 7 saylı “ASAN Xidmət” Mərkəzində nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

5. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində bildirmişdir ki, 1965-ci ildə Ermənistan SSR Qafan şəhərində doğulub, Mədinə onun bacısıdır və xx.xx.1958-ci ildə doğulub. Bacısının doğum haqqında şəhadətnaməsi olub. Özləri Ermənistandan ilk dəfə Zəngilan rayonuna qaçqın, daha sonra da Zəngilan rayonundan məcburi köçkün düşmüşlər. X1, anası X15r.

6. Məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadəsində bildirmişdir ki, ərizəçi onun bacısıdır və xx.xx.1958-ci ildə Qafanda doğulub. Onların da doğum haqqında şəhadətnamələri olub, lakin Zəngilan rayonunda qalıb. X1, anası X15r.

7. Məhkəmə iclasında şahid qismində dindirilən X20 ifadəsində bildirmişdir ki, ərizəçi onun bibisi qızıdır. O, xx.xx.1958-ci ildə Qafanda doğulub. Doğum haqqında şəhadətnaməsinin harada olmasından məlumatlı deyil. Məktəb dövrlərində eyni kənddə olsalar da sonradan ayrı-ayrı ərazilərə köç etmişlər.

Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

8. AZE seriyalı, 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin fotoşəklindən görünür ki, Ərizəçi xx.xx.1958-ci il tarixində Ermənistan Respublikasının, Qafan şəhərində doğulmuşdur.

9. AA seriyalı, ******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür görünür ki, X8 xx.xx.1963-cü il tarixində Ermənistan Respublikasının, Qafan şəhərində doğulmuşdur.

10. İ-ЗЖ seriyalı, 834684 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçinin bacısı X4 xx.xx.1965-ci il tarixində Ermənistan Respublikasının, Qafan rayonunda doğulmuşdur, ata qrafasında X7, ana qrafasında X19, milliyyəti azərbaycanlı kimi qeyd olunmuşdur.

11. AZE seriyalı, 15323704 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür görünür ki, X4 xx.xx.1965-ci il tarixində Ermənistan Respublikasının, Qafan rayonunda doğulmuşdur.

12. İİİ-ЖГ seriyalı, 478959 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X5 arasında 15 yanvar 1987-ci il tarixində nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada “Əhmədova” soyadı verilmişdir.

13. 7 saylı “ASAN Xidmət” Mərkəzində qeydiyyat şöbəsi tərəfindən Ərizəçi müraciətinə cavab olaraq göndərilən xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, sonuncuya bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 52№-li Qərarı ilə təsdiq olunmuş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”ının 1-ci bəndinə əsasən kifayət qədər əsas olmadığından ərizənin bərpa edilməsi mümkün deyildir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

14. X5 xx.xx.1958-ci il tarixində Ermənistan Respublikasının, Qafan şəhərində doğulmuşdur. Hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Bu faktlar Bakı-Binəqədi RPİ tərəfindən xx.xx.2010-cu il tarixində verilən AZE seriyalı, 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə sübut edilir.

15. Ərizəçi doğum haqqında şəhadətnaməsini 1992-ci ildən Zəngilan rayonundan məcburi köçkün edilən zaman itirdiyini və onun məhkəmədən kənar bərpa edilməsinin mümkünsüzlüyünü əsas götürərək, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinin tələbinə istinad edərək hazırki tələblə məhkəməyə müraciət etmişdir.

16. Məhkəmə iclasında şahid qismində dindirilən şəxslər ərizəçinin yaxın qohumlarıdırlar (qardaşları, bacıları və dayısı oğlu).

17. X3 ərizəçinin atası, X12 oğlunun isə atası olması və hər ikisinin milliyətcə azərbaycanlı olması məhkəmə iclasında dindirilən şahid ifadələri ilə sübut edilir.

Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

18. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:

19. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.

20. 307.2.3-cü maddəsinə əsasən məhkəmədoğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır.

21. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

22. 309.1-ci maddəsinə əasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir.

23. 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.

24. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

25. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəaların” 14-cü bəndində qeyd edilmişdir ki, itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir.

27. İşin hallarından göründüyü kimi ərizəçinin doğumu barədə müvafiq qeyd əvvəllər mövcud olmuşdur, çünki ərizəçinin şəxsiyyət vəsiqəsində onun doğum tarixi və yeri barədə məlumatlar əks olunmuşdur.

28. Bundan başqa məhkəmə iclasında şahid qismində ifadə verən ərizəçinin bacı və qardaşlarının ata adı və soyadlarındakı uyğunluq, doğum yerlərinin Ermənistan, Qafan rayonu, olması, ərizəçinin ərizəsinin əsaslı olması qənaətinə gəlməyə əsas verir.

29. Bu səbəbdən məhkəmə o qənaətə gəlir ki, ərizəçinin şəxsiyyət vəsiqəsində onun doğulduğu yer və tarix barədə məlumatlar əks olunduğuna, həmin məlumatlar şahid ifadələri ilə təsdiq edildiyinə və doğum haqqında akt qeydini başqa qaydada bərpa etmək mümkün olmadığına görə doğumunun qeydə edilmə faktı məhkəmə qaydasında müəyyən edilməlidir.

Tətbiq edilən prosessual normalar:

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

31. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

32. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

33. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir;

34. 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

35. 218.3-cü maddəsinə əsasə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Nəticə:

36. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməli, ərizəçi Xanseyidova (Əhmədova) Mədinə İldırım qızının xx.xx.1958-ci il tarixdə Ermənistan Respublikasının, Qafan şəhərində doğumunun qeydə alınma faktı müəyyən edilməli, bununla bağlı doğum akt qeydi bərpa olunaraq akt qeydinin “soyad, ad, ata adı” qrafasında “X5”, doğum yeri qrafasında “Ermənistan Respublikası, Qafan şəhəri”, doğum tarixi qrafasında “xx.xx.1958-ci il”, milliyyəti qrafasında “azərbaycanlı”, atası qrafasında “X7, milliyəti “azərbaycanlı”, anası qrafasında “X19, milliyyəti azərbaycanlı” qeyd edilməlidir.

37. Qeyd olanlara və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi Xanseyidova (Əhmədova) Mədinə İldırım qızının xx.xx.1958-ci il tarixdə Ermənistan Respublikasının, Qafan şəhərində doğumunun qeydə alınma faktı müəyyən edilsin. Doğum akt qeydi bərpa olunaraq akt qeydinin “soyad, ad, ata adı” qrafasında “X5”, doğum yeri qrafasında “Ermənistan Respublikası, Qafan şəhəri”, doğum tarixi qrafasında “xx.xx.1958-ci il”, milliyyəti qrafasında “azərbaycanlı”, atası qrafasında “X7, milliyəti “azərbaycanlı”, anası qrafasında “X19, milliyyəti azərbaycanlı” qeyd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar