Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-648/2020 29.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı avtomobil krediti müqaviləsi üzrə borc tələbi və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı avtomobil krediti müqaviləsi üzrə borc tələbi və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli 116319-1-8337 saylı, “Avtomobil krediti müqaviləsi”nə əsasən Cavabdeh illik 17 faiz hesablanması şərti ilə 48 ay müddətinə 27.895 ABŞ dolları məbləğində kredit verilmişdir. Bank ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli 116319-1-8337 saylı kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə» 01 saylı Razılaşmaya əsasən Cavabdehnm xx.xx.2015-ci il tarixinə mövcud olan borcu kapitallaşdırılaraq 21.180 ABŞ dolları məbləğində olan borcu illik 17 faiz hesablanması şərti müəyyən olunmuşdur. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh mülkiyyətində olan «KİA SPORTAGE» markalı, qırmızı rəngli, mühərrik G4KDDH417696, ban KNAPC811DD7483498 olan ** GR *** (köhnə qeydiyyat nömrə nişanı 99FH706) dövlət nömrə nişanlı avtomobili xx.xx.2013-cü il tarixli 1163xx-xx-11782 saylı ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Eyni zamanda “Kredit Müqaviləsi”nə əlavə və dəyişikliklər edilməsi ilə əlaqədar olaraq tərəflər arasında xx.xx.2013-cü il tarixli 1163xx-xx-11782 saylı “ipoteka müqaviləsi”nə dəyişiklik edilməsi barədə» 01 saylı xx.xx.2015-ci il tarixli Razılaşma bağlanmışdır. Lakin borclu şəxs Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəlikləri xx xxxxxx 2015-ci il tarixdən icra etməmiş və nəticəsində cavabdehin Banka 20.787,17 ABŞ dolları məbləğində əsas borc, 2.313,87 ABŞ dolları məbləğində faiz borcu, 70,99 ABŞ dolları məbləğində cərimə üzrə borcu, ümumilikdə isə 23.172,03 ABŞ dolları məbləğində borcu qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli 116319-1-8337 saylı, “Avtomobil krediti müqaviləsi”nə əsasən Cavabdeh illik 17 faiz hesablanması şərti ilə 48 ay müddətinə 27.895 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli 116319-1-8337 saylı kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə» 01 saylı Razılaşmaya əsasən Cavabdehnm xx.xx.2015-ci il tarixinə mövcud olan borcu kapitallaşdırılaraq 21180 ABŞ dolları məbləğində olan borcu illik 17 faiz hesablanması şərti müəyyən olunmuşdur. İş materiallarında olan xx.xx.2013-cü il tarixli 1163xx-xx-11782 saylı ipoteka müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh mülkiyyətində olan «KİA SPORTAGE» markalı, qırmızı rəngli, mühərrik G4KDDH417696, ban KNAPC811DD7483498 olan 10GR114 (köhnə qeydiyyat nömrə nişanı 99FH706) dövlət nömrə nişanlı avtomobiliBank qarşısında ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə xx.xx.2019-cu il tarixinə 20787,17 ABŞ dolları əsas borc, 2313,87 ABŞ dolları faiz borcu, 70,99 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 23172,03 ABŞ dolları mövcuddur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli pretenziya məktubundan görünür ki, cavabdeh borcun mövcud olması və borc ödənilmədiyi təqdirdə kreditor tərəfindən atılacaq addımlar barədə məlumatlandırılmışlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu mаddəsinə əsasən, bоrc müqаviləsinə görə iştirаkçılаrdаn biri (bоrc verən) pulа və yа digər əvəz edilən əşyаlаrа mülkiyyət hüququnu digər iştirаkçıyа (bоrc аlаnа) keçirməyi öhdəsinə götürür, digər iştirаkçı (bоrc аlаn) isə аldıqlаrını müvаfiq оlаrаq pul və yа eyni keyfiyyətdə və miqdаrdаоlаn eyni növlü əşyаlаr şəklində bоrc verənə qаytаrmаğı öhdəsinə götürür. Bоrc müqаviləsinin predmeti hər hаnsı pul məbləği оlduqdа, о, kredit müqаviləsi аdlаndırılır. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinə müvafiq olaraq, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Müki Məcəllənin 317.1-ci maddəsinə görə, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə müvafiq olaraq, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair xx xxxx 2020-ci il tarixli qərardadında göstərilmişdir ki, “ ... kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması barədə tələblər üzrə işlərə baxılarkən “İpoteka haqqında” Qanunun tələblərinə riayət etmək üçün ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı aparılan məhkəmə araşdırmasında qanunla müəyyən edilmiş ardıcıllığa riayət edilməlidir. Belə ki, ilk növbədə ipotekaqoyanla ipotekasaxlayanın ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka müqaviləsində, Qanunun 10.5-ci maddəsinin tələbinə uyğun olaraq qeyd edilmiş qiymətlə müəyyən edilməsinə münasibəti öyrənilməlidir. Bununla bağlı razılıq olmadıqda isə, Qanunun 39.3.3-cü maddəsinə uyğun olaraq müqavilədə nəzərdə tutulduğundan fərqli həddə ilkin satış qiyməti ilə bağlı istinad edilən tərəflərin razılaşmasının olub-olmaması aydınlaşdırmalıdır. ... Belə razılaşmanın əldə edilmədiyi, yaxud məhkəmə tərəfindən nəzərə alınmadığı hallarda isə ipoteka predmetinin ilkin satış qiyməti müstəqil qiymətləndiricinin rəyi (mütəxəssis rəyi) əsasında müəyyən edilməlidir”. İş materiallarından göründüyü kimi, ipoteka müqaviləsi xx.xx.2013-cü il tarixdə bağlanarkən ipoteka predmeti olan avtomobil 30995 ABŞ dolları qiymətinə dəyərləndirilmişdir. İddiaçı ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka müqaviləsində qeyd edilmiş qiymətlə müəyyən edilməsinə razı olmamış və müqavilədə nəzərdə tutulduğundan fərqli həddə ilkin satış qiyməti ilə bağlı tərəflər arasında hər-hansı razılaşmanın olamaması müəyyən edilmişdir. Məhkəmə tərəfindən qanunvericiliyin tələbləri nəzərə alınaraq Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(001)-8263/2019 saylı qərardadı ilə avtomobilin satış (likvid) qiymətinin müəyyən edilməsi məqsədi ilə iş üzrə ekspertiza təyin edilmişdir. Ekspert tədqiqat obyektinin təqdim edilməsi barədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə vəsatətlə müraciət etmiş və vəsatətdə qeyd etmişdir ki, ekspertiza keçirilməsi üçün avtomobilin ekspert baxışına təqdim edilməsi və ya avtomobilin təqdim edilməsi mümkün olmadığı halda, avtomobilin texniki vəziyyəti barədə ixtisaslaşdırılmış servis müəssisəsinin mütəxəssisinin arayışının təqdim edilməsi zəruridir. Məhkəmə tərəfindən vəsatətin surəti tərəflərə göndərilmiş, lakin nə avtomobil, nə də ki, avtomobilin texniki vəziyyəti barədə ixtisaslaşdırılmış servis müəssisəsinin mütəxəssisinin arayış ekspertə təqdim edilmədiyindən, mülki iş rəy verilmədən geri qaytarılmışdır. Qeyd olunanlara əsasən məhkəmə tərəfindən ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi mümkün olmamışdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 20.787,17 ABŞ dolları əsas borc, 2.313,87 ABŞ dolları faiz borcu, 70,99 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 23.172,03 ABŞ dolları məbləğində borc ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla tutularaq İddiaçı ASC-yə ödənilməli, tutma Bank qarşısında ipoteka ilə yüklü edilmiş “Kia Sportage” markalı, qırmızı rəngli, mühərrik G4KDDH417696, ban KNAPC811DD7483498 olan, 10GR114 dövlət qeydiyyat nişanlı avtomobilə yönəlməli, avtomobil açıq hərracdan satılmalı və satışdan əldə edilən vəsait İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda qeyd olunanlaraq əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 20.787,17 ABŞ dolları əsas borc, 2.313,87 ABŞ dolları faiz borcu, 70,99 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 23.172,03 (iyirmi üç min yüz yetmiş iki dollar üç sent) ABŞ dolları məbləğində borc ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. Tutma İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilmiş “Kia Sportage” markalı, qırmızı rəngli, mühərrik G4KDDH417696, ban KNAPC811DD7483498 olan, 10GR114 dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilsin, avtomobil açıq hərracdan satılsın və satışdan əldə edilən vəsait İddiaçı ASC-yə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mulki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-648/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-648/2020
29.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver