Məhkəmə qərarları › İş №2(001)-6487/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6487/2025

26.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6487/2025 26.11.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb edilməklə “doğumun qeyd edilmə faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki iş (açar sözlər: doğumun qeyd edilmə, akt qeydi faktı) Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi, Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb edilməklə “doğumun qeyd edilmə faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İ. Xüsusi icraat üzrə tələbin mahiyyəti 1.Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb edilməklə “doğumun qeyd edilmə faktının müəyyən edilərək doğum akt qeydinin bərpa edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi xx.xx.1954-cü il tarixində, Ermənistan SSR-nin Qafan rayonunda anadan olmağı, ata adının X4, ana adının X3, milliyyətinin azərbaycanlı olmasının müəyyən edilərək doğum akt qeydinin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək akt qeydinin bərpa edilməsi deyil doğum aktının qeyde dilmə faktının müəyyən edilməsini xahiş etmiş, ərizə məhkəmə tərəfindən qəbul edilmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1954-cü il tarixində Qafan rayonunda anadan olmuşdur. ünvan 1 ünvanında yaşayır və qeydiyyatdadır. Doğum haqqında şəhadətnaməsi məlum hadisələr zamanı itmişdir. Doğum haqqında şəhadətnaməni əldə etmək üçün Maraqlı şəxsnə müraciət etsə də, Bakı şəhəri, Maraqlı şəxs xx.xx.2025-ci il tarixli məktubu ilə onun doğum yeri-Ermənistan, Qafan rayonu qeyd edildiyindən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası sənədin həqiqətdə olduğunu təsdiq edən sənədi təqdim edə bilmədiyindən mümkün olmamış, ona qanunla bağlı məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Ona xx.xx.2011-ci il tarixində Binəqədi Rayon Polis İdarəsi tərəfindən AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsi verilərkən doğum haqqında şəhadətnamə tələb edilməmişdir. Hazırda sənədləşmə işlərinin aparılması üçün doğum haqqında şəhadətnaməyə ehtiyac vardır və həmin sənədi başqa qaydada əldə etmək mümkün deyil. Bu səbəbdən də, hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmçinin, ata və anası arasında olan nikah barədə şəhadətnamə ata adının X4, ana adının X3 olmasını təsdiq edir. Onlar milliyyəti azərbaycanlı olmuşdur.

İİ.Ərizəçi və maraqlı şəxsin mövqeyi:

Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs (nümayəndəsi) məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir.

İİİ. Sübutların tədqiqi və məhkəmənin mövqeyi: Məhkəmə ərizəçinin izahatını dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri Maraqlı şəxs xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162-ci maddəsinin tələblərinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. İtmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edildiyindən müvafiq akt qeydinin qeydiyyat şöbəsində bərpası mümkün deyildir. - AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1954-cü il tarixdə Ermənistan SSR, Qafan rayonunda doğulmuş və Azərbaycan Respublikasının vətəndaşıdır. - nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə X6 xx.xx.1959-cu il tarixdə Qafan rayon qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuş, 2 nömrə ilə nikahları qeydə alınmışdır. - Azərbaycan Respublikasının Dövlət Tarix Arxivinin xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, 27 oktyabr 2025-ci il tarixli 2(001)-6487/2025 №-li sorğunuza cavab olaraq bildiririk ki, 1954-cü ilə dair Ermənistan SSR vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının arxivə dövlət mühafizəsinə verilməməsi səbəbindən, 1954cü il təvəllüdlü Ərizəçi doğum haqqında akt qeydinin axtarışının aparılması imkanımız xaricindədir. Eyni zamanda bildiririk ki Azərbaycan SSR üzrə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitabları arxivə qismən şəkildə 1920-ci ildən 1948-ci ilədək təhvil verilmişdir. - Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində məhkəməyə bildirmişdir ki, ərizəçi onun bacısıdır. O, həqiqətən də xx.xx.1954-cü il tarixində, Ermənistan SSR-nin Qafan rayonunda anadan olmuş, ata adı X4, ana adı X1r. - Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində məhkəməyə bildirmişdir ki, ərizəçi onun qohumudur. O, həqiqətən də xx.xx.1954-cü il tarixində, Ermənistan SSR-nin Qafan rayonunda anadan olmuş, ata adı X4, ana adı X1r. İV.Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəaların” 14-cü bəndində qeyd edilmişdir ki, itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Göründüyü kimi, ərizəçi doğumun qeyd edilmə faktını təsdiq edən sənədi başqa yolla əldə edə bilmir. Lakin Ərizəçi xx.xx.1954-cü ildə Ermənistan SSR, Qafan rayonunda doğulması, atasının X4, anasının X3 olması iş materiallarında olan məlumatlar, şahid ifadəsi ilə müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin qənaətinə görə ərizəçinin şəxsiyyət vəsiqəsində onun doğulduğu yer və tarix barədə məlumatlar əks olunduğuna görə doğumunun qeydə alınma faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi doğum haqqında akt qeydləri kitabında müvafiq qeyd aparılmaqla, doğum yeri qrafasında “Ermənistan SSR, Qafan rayonu”, doğum tarixi qrafasında “xx.xx.1954”, milliyyəti qrafasında “azərbaycanlı”, atası qrafasında “X4”, atasının milliyyəti qrafasında “azərbaycanlı”, anası qrafasında “X3”, anasının milliyyəti qrafasında “azərbaycanlı” göstərilməlidir. Məhkəməyə ərizə verilərkən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir.

V.Nəticə:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

Ərizə təmin edilsin. Ərizəçi doğumunun qeyd edilmə faktı müəyyən edilsin. Bununla bağlı doğum haqqında akt qeydləri kitabında müvafiq qeyd aparılmaqla, doğum yeri qrafasında “Ermənistan SSR, Qafan rayonu”, doğum tarixi qrafasında “xx.xx.1954”, milliyyəti qrafasında “azərbaycanlı”, atası qrafasında “X4”, atasının milliyyəti qrafasında “azərbaycanlı”, anası qrafasında “X3”, anasının milliyyəti qrafasında “azərbaycanlı” göstərilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Elnarə Vəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar