Məhkəmə qərarları › İş №2(001)-6489/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6489/2022

08.12.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6489/2022 08.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı İddiaçı, İddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı “cavabdehlərin mənzildən çıxarılması və mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, X2, X5 və xx.xx.2019-cu il təvəllüdlü X6 qarşı “cavabdehlərin mənzildən çıxarılması və mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ ilə iddiaçıya məxsus Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 26A ünvanında yerləşən 5 saylı mənzildən cavabdehlərin məcburi çıxarılması və mənzilin boşaldılaraq təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(01)-130/2020 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 26A, ünvanında yerləşən 5 saylı mənzil icra şöbəsinin sifarişi əsasında hərracda alış qiyməti 100.000 manat olmaqla açıq hərraca çıxarılmış və mənzilin dəyəri iddiaçı tərəfindən tam ödənilərək alınmış, daha sonra iddiaçının adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Cavabdehlər iddiaçıya məxsus mənzildə qanunsuz yaşamaqla iddiaçının mülkiyyət hüquqlarını pozmuş və mülkiyyət hüquqularının həyata keçirilməsinə maneə yaratmışlar. Bu səbəbdən də iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi-vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, tələbin təmin edilməsini xahiş etdilər. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər. Lakin Cavabdeh2 məhkəməyə teleqram ünvanlayaraq, səhhətində problem olduğundan məhkəmə iclasında iştirak edə bilməyəcəyini, bu səbəbdən də məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etsə də, qeyd etdiyi üzürlü səbəblərlə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib və mülki işin materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 26A ünvanında yerləşən 5 saylı mənzildə qeydiyyatda heç bir şəxs yoxdur. - Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin Çıxarışından görünür ki, ünvan 1 İddiaçı xüsusi mülkiyyətindədir və bu hüquq ona xx.xx.2022-ci il tarixdə verilərək qeydiyyata alınmışdır. - "xxxx" MTK tərəfindən verilmiş məktubdan görünür ki, ünvan 1 ünvanında Cavabdeh2 yoldaşı ilə birlikdə 2022-ci ild tarixdən həmin evdə qeydiyyatsız yaşayırlar. - "xxxx" MMC-nin 105/22 saylı, xx.xx.2022-ci il tarixli Protokoluna əsasən, ünvan 1 təkrar hərracda 100 000 manata İddiaçı satılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1-ci bəndinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəllənin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. - 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. - 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. - 203.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Mənzil Məcəlləsinin 29.1-ci maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Beləliklə, müəyyən edildi ki, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin çıxarışına əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 26A, 5 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdehlərin həmin evdə yaşamaları iddiaçının həmin ev üzərindəki mülkiyyət hüququnun həyata keçirməsinə mane olur. Həmçinin qeyd olunan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı mübahisəli evin mülkiyyətçisi olduğundan, o, öz mülahizəsinə görə mübahisəli evə dair sahiblik, istifadə, sərəncam hüququna malikdir. Lakin cavabdehlər mübahisəli evdən könüllü olaraq çıxmamaları nəticəsində iddiaçı göstərilən hüquqlarını həyata keçirə bilməmişdir. Odur ki, iddiaçı mübahisəli evin mülkiyyətçisi olduğundan o, öz əmlakı olan mübahisəli evdən cavabdehlərin çıxarılmasını və evin onun sahibliyinə verilməsini tələb etməkdə haqlıdır. Odur ki, iddia tələbi təmin edilməli, cavabdehlər mübahisəli evdən çıxarılmalı və ev iddiaçının sahibliyinə verilməlidir. Akimovanın Azərbaycana qarşı işində “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən edən Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı olmamaqla əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Avropa Məhkəməsi istinad edilən işində bir daha xatırlarmışdır ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolunun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncu qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncu qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir. Göründüyü kimi, Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və digər normativ hüquqi aktları ilə yanaşı Beynəlxalq Konvensiyalar da mülkiyyət hüququna həddindən artıq əhəmiyyət verirlər. Məhkəmə hesab edir ki, Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 26A, 5 saylı mənzilə dair hər hansı bir hüquqları mövcud olmayan cavabdehlərin yaşaması iddiaçının evə olan mülkiyyət hüququnu məhdudlaşdıran haldır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Beləliklə, Məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh1, X3, X8 və xx.xx.2019-cu il təvəllüdlü X9 Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 26A, 5 saylı mənzildən çıxarılmalı və mənzil boşaldılaraq iddiaçıya təhvil verilməlidir. AR Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideyinlik hüquqlarını itirməmiş valideyinlərinin yaşayış yeri sayılır. Ona görə də məhkəmə hesab edir ki, hazırki halda xx.xx.2019-cu il təvəllüdlü X4 yaşayış yeri onun valideyinlərinin yaşayış yeri ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan islifadə etməlidir. -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarınının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1, X3, X8 və xx.xx.2019-cu il təvəllüdlü X9 Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 26A, 5 saylı mənzildən çıxarılsınlar və mənzil boşaldılaraq İddiaçı təhvil verilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar