Məhkəmə qərarları › İş №2(001)-6545/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6545/2021

06.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6545/2021 06.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi (atası) X2, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında,açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 (04.05.2006-cı il təvəllüdlü X6 və 30.11.2014-cü il təvəllüdlü X7 ilə birlikdə) ünvan 1 ünvanda yerləşən fərdi yaşayış sahəsinə istifadə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (atası) X4 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, bu cavabdehlər hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclaslarına gəlməmişdilər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, məhkəmə iclasında iştirak edən tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, X3 və X5 İddiaçı ilə aralarında bağlanmış 18.05.2021-ci il tarixli “daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən paylı mülkiyyətlərində olmuş ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evini və torpaq sahəsini İddiaçı satmışdılar. Həmin vaxt mənzildə pasport qeydiyatında olan şəxslər, o cümlədən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 bu barədə notarial qaydada təsdiq edilmiş ərizə təqdim etməklə, əmlakın satılmasına etiraz etmədiklərini bildirmişlər. Bundan sonra iddiaçının bu mənzilə dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmış və hazırda onun mülkiyyətindədir. Mənzil satılarkən cavabdehlər həmin mənzildə pasport qeydiyyatında olmuşlar və bugünədək pasport qeydiyyatından çıxmamışlar. Eyni zamanda, cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 birgə nikahından olmuş 04.05.2006-cı il təvəllüdlü X6 və 30.11.2014-cü il təvəllüdlü X7 da həmin fərdi yaşayış evində pasport qeydiyyatındadırlar. Ev iddiaçının mülkiyyətinə keçdikdən sonra cavabdehlər həmin evi tərk etmişlər və həmin vaxtdan evdə yaşamırlar, onların mənzilə formal pasport qeydiyyatından başqa, hər hansı faktiki və hüquqi bağlılıqları yoxdur. İddiaçı da məhz bu halları əsas götürüb və 10 manat məbləğində dövlət rüsumu ödəməklə, cavabdehlərin qeyd edilən mənzildən istifadə hüququqlarının itirilmiş hesab edilməsini xahiş edir. Cavabdeh2 iddianı etiraf edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyət hüququ və daşınmaz əmlaka başqa hüquqları əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın; 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir; 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsinə əsasən keçmiş mülkiyyətçi tərəfindən iddiaçıya üçüncü şəxslərin hüquqlarından azad evin verilməsi öhdəliyi götürüldüyündən (müqavilənin 8-ci bəndi) və bu öhdəlik mübahisə doğurmadığından, evin alqı-satqı müqaviləsində cavabdehlərin istifadə hüququnun saxlanılması ilə bağlı tərəflər arasında hər hansı qeyd-şərt nəzərdə tutulmadığından, cavabdehlər evin satılmasına etiraz etmədiyindən və bu barədə notarial qaydada təsdiq edilmiş ərizə təqdim etdiklərindən, ev iddiaçının mülkiyyətinə keçdikdən sonra onunla (mülkiyyətçi olaraq) cavabdehlər arasında istifadə hüququnun tanınmasına dair notarial qaydasında təsdiqlənmiş razılaşma olmadığından, cavabdehlərin istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, habelə cavabdehlərin iddiaçıya məxsus evdə qeydiyyatda qalması iddiaçının mülkiyyət hüququnu məhdudlaşdırdığından cavabdehlərin mübahisəli mənzildən istifadə hüququna xitam verilməlidir. Məhkəmə onu da qeyd edir ki, cavabdehlərin mübahisəli mənzildə pasport qeydiyyatında olması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin tələbləri baxımından onların vətəndaş hüquqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratsa da, bunun nəticəsində yaranmış həmin hüquqlar Mülki Məcəllənin 152.1-ci maddəsində nəzərdə tutulan elementlərindən biri olan istifadə hüququnu təşkil etmir və onların hazırda həmin evdə pasport qeydiyyatında olması bu evdən istifadə hüququnun saxlanılması kimi qiymətləndirilə bilməz. Məhkəmə onu da vurğulayır ki, cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 birgə nikahından olmuş 04.05.2006-cı il təvəllüdlü X6 və 30.11.2014-cü il təvəllüdlü X7 da hazırda həmin evdə pasport qeydiyyatındadır. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 bu evdən istifadə hüququna xitam verilməsi hüquqi nəticə etibarı ilə onun yetkinlik yaşına çatmayan uşaqlarının da həmin əmlakdan istifadə hüququna xitam verilməsinə əsas yaradır. Belə ki, uşaqlar yetkinlik yaşına çatmadığından hazırki mübahisə üzrə mülkiprosessual fəaliyyət qabiliyyətli deyil və bu səbəbdən hazırki tələb onlara qarşı irəli sürülə bilməz. Onların hüquq, azadlıq və qanunla qorunan mənafelərini məhkəmədə onların qanuni nümayəndəsi, yəni cavabdehlər (atası) Cavabdeh2 və (anası) Cavabdeh1 qoruyur. Ona görə bu cavabdehlərin mübahisəli evdən istifadə hüququna xitam verilməsi, hüquqi nəticə etibarı ilə həmçinin, onların uşaqlarının da həmin evdən istifadə hüququna xitam verilməsini şərtləndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 (04.05.2006-cı il təvəllüdlü X6 və 30.11.2014-cü il təvəllüdlü X7 ilə birlikdə) istifadə hüquqlarına xitam verilməlidir. Ödənilmiş 10 manat məbləğində dövlət rüsumu tələb edilmədiyindən İddiaçı aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 (04.05.2006-cı il təvəllüdlü X6 və 30.11.2014-cü il təvəllüdlü X7 ilə birlikdə) istifadə hüquqlarına xitam verilsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar