Məhkəmə qərarları › İş №2(001)-6548/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6548/2021

06.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6548/2021 06.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, Ərizəçi və onun vəkili Vəkil iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs cəlb edilməklə) doğumun qeyd edilmə faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi (Maraqlı şəxs cəlb edilməklə) doğumun qeyd edilmə faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun 01.09.1983-cü il tarixdə Bakı şəhərində doğum faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o 01.09.1983-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. X1 19.03.1961-ci il tarixdə Kürdəmir şəhərində anadan olmuşdur. Onun doğulduğu vaxtdan anası Rustamova Zemfira tək ana olmuşdur. Atası olmamışdır. Onun doğulması ilə bağlı anası qeydiyyat şöbəsindən heç bir sənəd almamışdır. Bu barədə onun yaşayış yeri üzrə qeydiyyat şöbəsində heç bir məlumat yoxdur. Bununla əlaqədar anası Zenfira Rustamova Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri, Maraqlı şəxsnə doğumun qeydə alınması barədə ərizə ilə müraciət etmişdir. Lakin Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsinin 08 sentyabr 2020-ci il tarixli 05q-1861/13 №-li məktubu ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaların” birinci bəndinə əsasən kifayət qədər əsas olmadığı üçün ərizəsinin təmin edilə bilməməsi barədə məlumat vermişlər. Anası göstərilən sənədi təqdim edə bilmədiyinə görə bu Qaydanın 2.6cı bəndnə müvafiq olaraq doğum faktının təsdiq edilməsi üçün məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Onun 01.09.1983-cü il tarixdə Bakı şəhərində anadan olunması faktını X13, qardaşı X9 və bacısı X10 şahid qismində məhkəmədə təsdiq edə bilərlər. Göstərilənlərə əsasən ərizənin təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən ərizəçinin vəkili ərizəni müdafiə edərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən ərizəçinin vəkili izahatında bildirmişdir ki, ərizəçi doğum haqqında şəhadətnaməsi olmadığı üçün şəxsiyyət vəsiqəsi ala bilməyib. Ərizəçi evdə anadan olub və anası doğumla bağlı qeydiyyat şöbəsindən heç bir sənəd almayıb. X2, şəxsin doğum faktını təsdiq edə bilər. Doğum faktının müəyyən edilməsi ərizəçiyə şəxsiyyət vəsiqəsi almaq üçün lazımdır. Ərizəçinin qardaşı X3 və bacısı X4 doğum faktı müvafiq olaraq Binəqədi Rayon Məhkəməsinin 28.12.2018-ci il tarixli və 27.02.2020-ci il tarixli qətnamələri ilə müəyyən olunmuşdur. Bu iş də həmin işlərlə oxşarlıq təşkil edir. Həmçinin şəxs 2002-ci ildə 3 il 6 ay cəza almış və cəzasını AR Ədliyyə Nazirliyi MQİBİ-nin 5 saylı cəzaçəkmə müəssisəsində çəkmişdir. Bununla bağlı arayışı ərizəyə əlavə etmişlər. Arayışda da şəxs Ərizəçi kimi qeyd olunub. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, lakin, məhkəməyə ərizə ünvanlayaraq ərizəyə etiraz etmədiklərini və ərizənin təmin edilibedilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişlər. Əvvəlki məhkəmə iclasında şahid qismində ifadə verən X14 ifadəsində bildirmişdir ki, o Kürdəmir şəhərində doğulmuşdur və azərbaycanlıdır. Ərizəçi onun böyük oğludur. Oğlu 01.09.1983-cü il tarixdə doğulmuşdur. Atası Süleyman idi, ancaq soyadını bilmir. Atası onu təxminən 1982-ci ilin dekabr ayının sonlarında qaçırmışdı, 3 gün onunla birgə yaşamışdır. Lakin sonra Süleymanı öldürdüklərindən o, ata evinə qayıtmışdır. Lakin hamilə olduğunu biləndə evdəkilər narazılıq etdiklərindən evdən çıxıb, Bakı şəhərinə getmişdir. Şəhərdə kirayə yaşamış, xəstəxanaya getməyə pulu olmadığı üçün uşağı evdə qonşuların köməyi ilə dünyaya gətirmişdir. Onun Aqşindən sonra 2 uşağı da doğulmuş, onlara da doğum haqqında şəhadətnamə ala bilməmişdir. Kiçik oğlu X3 və qızım X4 doğum faktı müvafiq olaraq Binəqədi Rayon Məhkəməsinin 28.12.2018-ci il tarixli və 27.02.2020-ci il tarixli qətnamələri ilə müəyyən olunmuşdur. Oğlu hazırda xəstədir, bir ayağı digərindən balacadır. Ona görə də o, hərbi xidmət keçməmiş və bu günə qədər heç bir yerdə işləməmişdir. 2002-ci ildə həbs olunmuşdur. Bununla bağlı arayış da vardır. Uşaq doğulan zaman orada olmuş şəxslərdən heç kim yaşamır, çünki 40 il müddət keçmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid ifadəsində göstərmişdir ki, ərizəçi onun qardaşıdır. Doğulan vaxtdan onu yanında görmüşdür. Öz atasını tanıyır. Lakin onu qardaşı böyütmüşdür. Hər il 1 sentyabr tarixində qardaşının ad gününü qeyd edirlər. Onunda doğum faktı Binəqədi Rayon Məhkəməsində müəyyən edilib. Onun doğum faktını məhkəmədə qardaşı təsdiq edib. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhəri, Maraqlı şəxs X7 ünvanladığı 08 sentyabr 2020-ci il tarixli, 05/Q-1861/13 nömrəli məktubundan görünür ki, ərizəçinin oğlu Ərizəçi doğum haqqında akt qeydinin bərpa edilməsi barədə müraciətinə baxılmış və bildirilmişdir ki,Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar»ın 1-ci bəndinin tələbinə uyğun olaraq kifayət qədər əsas olmadığından ərizəsi təmin edilə bilməmişdir. Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 14 yanvar 2021-ci il tarixli arayışından görünür ki, Ərizəçi Goradil bağları, 1293 A saylı bağda qeydiyyatsız yaşayır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi QİBİ-nin 5 saylı cəzaçəkmə müəssisəsinin 06 may 2006-cı il tarixli arayışından görünür ki, 1983-cü il təvəllüdlü, Kürdəmir rayonunda doğulmuş Rüstəmov X11 rayon Məhkəməsinin 2003-cü il tarixli hökmü ilə 3 il 6 ay müddətinə məhkum olunmuş və 06.11.2002-ci ildən 06.05.2006-cı ilədək cəza çəkmişdir. X5 doğum haqqında şəhadətnaməsində anası qrafasında milliyəti azərbaycanlı olan X14 qeyd edilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi X6 oğludur. X14 tək ana olmuş, ərizəçinin atası ilə qısa müddətli münasibəti olmuşdur. Ailə daxili münaqişə ilə əlaqədar olaraq Bakı şəhərinə gəlmiş və uşağını təkbaşına dünyaya gətirmişdir. Lakin bu barədə müvafiq qeydiyyat şöbəsindən doğum haqqında şəhadətnamə almamışdır. Hazırda Ərizəçi doğum haqqında şəhadətnaməsi olmadığı üçün ona şəxsiyyət vəsiqəsinin alınmasıda mümkün olmamışdır. Hazırda ərizəçinin ərizə ilə məhkəməyə müraciət etməsinin əsas məqsədi şəxsiyyət vəsiqəsi almaq istəməsi ilə bağlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur; 162-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. İtmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il tarixli 145 saylı Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydalarının 2.6-cı maddəsində qeyd edilmişdir ki, Bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan sənədlər olmadıqda (bu Qaydanın 2.19-cu və 2.19-1-ci bəndlərində nəzərdə tutulan hallar istisna olmaqla), uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. 2.8.2-ci maddəsinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. 2.8.1-ci maddəsinin 2-ci bəndində qeyd edilmişdir ki, uşağın doğumu haqqında akt qeydində ata və ananın milliyyəti onların şəxsiyyətini təsdiq edən sənədlərdə olan məlumat əsasında, həmin sənədlərdə milliyyət barədə məlumat olmadıqda isə doğum haqqında şəhadətnamələrindəki qeydlər əsasında yazılır. Atanın və ya ananın valideynlərinin milliyyəti müxtəlif olduqda, doğum haqqında akt qeydində hər iki valideynin milliyyəti göstərilir. Ata və ya ananın doğum haqqında şəhadətnaməsində onların valideynlərinin milliyyəti qeyd olunmadıqda və ya doğum haqqında şəhadətnaməni təqdim edə bilmədikdə və bu məlumatlar qeydiyyat şöbələrində, habelə Azərbaycan Respublikasının vətəndaşlıq vəziyyəti aklarının arxivində, Naxçıvan Muxtar Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının arxivində saxlanılmadıqda, uşağın doğumu haqqında akt qeydində həmin valideynin milliyyəti göstərilmir. Bu halda doğum haqqında akt qeydinin "Milliyyəti" qrafasında "Məlumat təqdim edilməyib" sözləri yazılır. Uşağın doğumu haqqında şəhadətnamədə ata və ananın milliyyəti onların xahişi ilə doğum haqqında akt qeydinə uyğun yazılır. Doğum haqqında akt qeydində ata və ya ananın valideynlərinin milliyyəti müxtəlif olduqda, uşağın doğumu haqqında şəhadətnamədə ata və ya ananın arzusundan asılı olaraq həmin milliyyətlərdən biri göstərilir. Bundan başqa Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli Qərarında qeyd edilmişdir ki, Uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Tədqiq edilmiş sübutlardan görünür ki, ərizəçi və onun digər ailə üzvləri tibb müəssisəsindən kənarda dünyaya gəlməmişdir. Ümumiyyətlə daimi yaşayış yeri olmamışdır. Şəxsin faktiki olaraq doğuşundan etibarən onun şəxsiyyətini təsdiq edən hər hansı sənədi olmamışdır. Lakin onun göstərilən şəkildə adlandırılıması və göstərilən tarixdə doğulması həm şahid ifadələri ilə, həm də Məhkəmə Qərarlarınn İcrası Baş idarəsinin 5 saylı Cəzaçəkmə Müəssisəsinin 06 may 2006-cı il tarixli arayışı ilə öz təsdiqini tapır. Ərizəçinin bakı şəhərində doğulmuş olması isə anasının şahid kimi verdiyi ifadələrlə təsdiq olunur. Göründüyü kimi şəxsin müəyyən edilməsini xahiş etdiyi fakt hüquq əhəmiyyətlidir. Belə ki, doğum faktının müəyyən edilməsi şəxsin ilk növbədə şəxsiyyət vəsiqəsi əldə etməsi və bundan irəli gələn digər hüquqi nəticələrə nail olması üçün vacib əhəmiyyət daşıyır. Eyni zamanda qanunvericilikdə doğum şəhadətnaməsinin əldə edilməsinin başqa qaydası nəzərdə tutulmamışdır. Bundan başqa qeyd olunmalıdır ki, doğum faktının müəyyən edilməsini xahiş edən şəxsin atası barədə, milliyəti barədə hər hansı məlumat əldə etmək mümkün deyildir. Belə ki, uşağın atası barədə məlumat da şahid qismində dindirilən anası tərəfindən tam verilməmişdir. Odur ki, məhkəmə doğum faktını müəyyən edən zaman ərizəçinin milliyyəti və atası haqqında məlumatların qanunvericilikdə müəyyən edilmiş qaydada qeyd edilməli olması qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi 01 sentyabr 1983-cü il tarixdə Bakı şəhərində doğulması faktı müəyyən edilməli, doğum haqqında şəhadətnamədə anası qrafasında milliyəti azərbaycanlı olan 19.03.1961-ci il təvəllüdlü X14 qeyd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: Ərizə təmin edilsin. Ərizəçi 01 sentyabr 1983-cü il tarixdə Bakı şəhərində doğulması faktı müəyyən edilsin. Doğum haqqında şəhadətnamədə ana qrafasında milliyəti azərbaycanlı olan 19.03.1961-ci il təvəllüdlü X14 qeyd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar