Məhkəmə qərarları › İş №2(001)-6608/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6608/2021

29.09.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6608/2021 29.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X6 cəlb edilməklə) mənzilin təhvil verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı mənzilin təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən ünvan 1 ünvanında inşa edilən binanın B blokunun, 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 186,9 kv.m olan 4 otaqlı, 48 saylı mənzili ona təhvil verilməsi vəzifəsinin Cavabdeh MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, o, 13 iyun 2018-ci il tarixli “mənzil tikintisi və satışına dair” müqaviləyə əsasən Cavabdeh MMC-dən dəyəri 224280 manat olan (mənzilin 1 kv.m üçün qiymət 1200 manat müəyyən edilmişdir) Binəqədi rayonu, M.Cəlal küçəsi 145 ünvanında inşa edilən binanın B blokunun, 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 186,9 kv.m olan, 4 otaqlı 48 saylı mənzilin pulunu tam ödəyərək almışdır. Həmin müqavilənin 5.2-ci bəndində göstərilir ki, sifarişçi icraçıya ümumi müqavilənin dəyərini tam ödədi. Mənzilin pulunun tam ödənilməsinə və Cavabdeh MMC-yə borcun olmaması barədə Cavabdeh MMC tərəfindən 13 iyun 2018-ci il tarixində ona 05/06 nömrəli maliyyə arayışı verilmişdir. Lakin Cavabdeh MMC 13 iyun 2018-ci il tarixli “Mənzil tikintisi və satışına dair” müqavilədən irəli gələn öhdəlikləri pozaraq, tikintisi başa çatdırılan mənzili ona təhvil verməmişdir. Göstərilənlərə əsasən iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, onlar mənzilin dəyərini X5 yox, tam olaraq MMC-yə ödəmişlər. Bundan sonra MMC rəhbərliyinin dəyişməsinin onlara heçbir aidiyyatı yoxdur. Hər bir halda dəyəri ödənilən mənzil bacısına təhvil verilməlidir. Mənzilin satılmasına Tural özü razılıq vermişdir. O, Möhlət, Valeh, Azad adlı şəxsləri tanımır. Bacısı MMC-də olarkən ona, sistemdə mənzilin adında olduğu bildirilmişdir. X7 imzlamışdır. Buna şəxsən şahidlik etməsə də, müqavilə bağlanan zaman bacısı orada olub. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, iddiaçı onun bacısıdır. Bacısı ilə birlikdə 13 iyun 2018-ci il tarixdə Cavabdeh MMC-dən dəyəri 224280 manat olan ünvan 2 ünvanında inşa edilən binanın B blokunun 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 186,9 kv.m olan, 4 otaqlı, 48 saylı mənzili almışlar. Cavabdeh MMC tərəfindən mənzilin satışı ilə bağlı borcun olmaması barədə maliyyə arayışı verilmişdir. Mənzili onlara Valeh Əliyev adlı şəxs satmışdır. Binada aparılan tikinti işləri bir müddət dayansa da sonradan inşaat davam etdirildi. İndi bina hazır vəziyyətdədir. Onlar binaya daxil olmaq istədikdə mənzilin mübahisəli olmasını bildirərək, onları binaya buraxmırlar. Şirkət hələ də binanı təhvil verməyib. Bundan əlavə bildirmişdir ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən Qarayev Turalın ailəsi ilə bacısının ailəsi yaxın ailəvi dostdurlar. Bacısıgil həmin ərəfələrdə mənzil almaq istəyəndə, Tural onlara Cavabdeh MMC-dən mənzil aldığını və hazırda həmin mənzili bacısına sata biləcəyini bildirmişdir. Razılaşma nəticəsində onlar Cavabdeh MMC-yə gedərək mənzili Turalın adından çıxarmış və mənzillə bağlı MMC ilə bacısın adına yeni müqavilə bağlamışlar. Mənzilin pulunu bacısı ilə o özü vermişdir. MMC əgər iddia edirsə ki, mənzil hələ də Turalın adındadır, onda mənzili elə Turala təhvil versin. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi, vəkil izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir və rədd edilməsini xahiş edir. Əlavə olaraq bildimişdir ki, mənzili Əliyev Valeh təhvil vermişdir. Lakin təhvil verilən mənzil sahibləri içində Xumar xanımın adı yoxdur. Tural Qarayevin adı isə son 7 mənzillə bağlı olan siyahıda var ki, həmin mənzillərlə bağlı kassaya ödəniş edilməmişdir. Mənzilin satılması ilə bağlı Tural Qarayevin razılıq ərizəsi olmalı idi. Lakin belə bir ərizə yoxdur. Bu o deməkdir ki, 2016-cı ildə Tural Qarayevin adına ona mənzil qanunsuz şəkildə 2018-ici ilə Xumar xanıma satılmışdır. Həmçinin təqdim edilən müqavilədə ki, imza Valeh Əliyevə məxsus deyil. Əlavə olaraq mülki iş üzrə məhkəmə xəttşünaslıq ekspertizasının keçirilməsinə dair vəsatətini təqdim edərək, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanan 13 iyun 2018-ci il tarixli “Mənzil Tikintisi və Satışına dair” müqavilədəki və maliyyə arayışındakı imzaların, Cavabdeh MMC ilə X6 arasında bağlanan 29 iyul 2016-cı il tarixli “Mənzil Tikintisi və Satışına dair” müqavilədəki və maliyyə arayışındakı imzaların, Cavabdeh MMC-nin səlahiyyətli şəxsi yəni həmin dövrdə direktoru olmuş Əliyev Valeh tərəfindən imzalanıb-imzalanmamasının müəyyən edilməsi üçün məhkəmə xəttşünaslıq ekspertizasının keçirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, İddiaçı və X10 oğlu ilə bağlanan müqavilələrdə və onun əsasında verilən maliyyə arayışlarında Cavabdeh MMC tərəfindən atılan imzaların səlahiyyətli şəxs tərəfindən atılıb-atılmaması araşdırılmalıdır. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi, vəkil izahatında bildirmişdir ki, Binəqədi rayonu, Mir Cəlal küçəsi 145 ünvanında inşa edilən binanın B blokunun 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 186,9 kv.m olan, 4 otaqlı, 48 saylı mənzil 26 iyul 2016-cı il tarixdə Tural Qarayev adlı şəxsə satılıb. Mənzili MMC-nin keçmiş direktoru Valeh Əliyev satıb. Bu barədə 26 iyul 2016-cı il tarixli maliyyə arayışını və 26 iyul 2016-cı il tarixli mənzil tikintisi və satışına dair müqavilənin surətini məhkəməyə təqdim etmişdir. Yasamal Rayon Məhkəməsində Valeh Əliyevin barəsində cinayət işi hazırda davam edir. Valeh Əliyev dələduzluq hallarına yol verərək bir mənzili bir neçə şəxsə satmışdır. Əlavə olaraq bildirmişdir ki, Cavabdeh MMC-də Turalın adına mənzilin tikintisi və satışı müqavilələri əsasında çoxlu sayda mənzillər olmuşdur. Sonradan həmin mənzillər başqa şəxslərin adına keçirilmişdir. Sözügedən mənzil MMC-də Turalın adında görünür. Mənzil başqa şəxsə keçərkən ərizə yazılmalı idi. Lakin elə bir ərizə ortada yoxdur. MMC-də olan Turalla bağlanmış müqavilədir. Ümumiyyətlə Turalın adına çoxlu sayda mənzillərin olması və sonradan digər şəxslərin adına keçirilməsi şübhə doğurur. MMC-nin təsisçiləri Azad Nağıyev və Valeh Əliyev MMC-nin möhüründən istifadə edərək köhnə tarixlə saxta müqavilələr tərtib edib vətəndaşları aldatmışlar. Bununla bağlı həmin şəxslərin cinayət işi hələdə davam edir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 izahatında bildirmişdir ki, o, mənzilin dəyərini MMC-yə tam olaraq ödəmişdir. Mənzil Xumar xanıma satıldıqdan sonra, yəni Xumar xanım ödəniş etdikdən sonra MMC tərəfindən onun pulu tam olaraq qaytarılmışdır. O, mənzili MMC-dən alan zaman Valeh Əliyev və Möhlət MMC-də işləmişlər. Ona mənzilə görə borcunun olmaması haqqında maliyyə arayışı da verilmişdir. Təqdim edilən aktın düzgünlüyü şübhəlidir. Belə ki, Cavabdeh MMC-yə gedən zaman mənzilin Xumar xanımın adına olduğu və müəyyən məbləğ qarşılığında təhvil veriləcəyi bildirilir. Əlavə olaraq bildirmişdir ki, MMC-də çalışan Arzu adlı xanım mənzilin dəyərinin ödənilməsini təsdiq edə bilər. X7 özü imzalayıb. Əvvəlki məhkəmə iclasında iştirak edən X6 izahatında bildirmişdir ki, Xumar xanımla ailəvi dostdurlar. Xumar xanım mənzil almaq istədiyini bildirdikdə ona Cavabdeh MMC-də müqavilə üzrə mənzilinin olduğunu demiş və təklif etmişdir. Xumar xanım da həmin mənzili almaq istəmişdir. O, mənzili 2016-cı ildə almışdı. Razılaşdıqları üçünb birlikdə MMC-yə getmişlər. O, mənzilə görə ödədiyi pulu MMC-dən geri götürmüş, adına olan müqavilə ləğv olunmuşdur. Həmin mənzil MMC tərəfindən mənzil tikintisi və satışı müqaviləsinə əsasən Xumar xanıma satıldı. Əgər MMC indi iddia edirsə ki, mənzil hələdə onun adında görünür, onda mənzili elə onun özünə təhvil versin. X6 ona verilən suallara cavab olaraq bildirmişdir ki, onun Cavabdeh MMC-də 5-ə yaxın mənzili olmuşdur. Sonradan bəzilərini satmışdır. Hazırda orada adına mənzil yoxdur. Mənzilləri əslində atası onun adına almışdır. MMC-nin rəhbərlərindən Azad Nağıyevlə atası tanışdırlar. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 13 iyun 2018-ci il tarixli “Mənzil tikintisi və satışına dair” müqavilədən görünür ki, Cavabdeh MMC ünvan 3 ünvanında tikiləcək binanın B blokunun, 7-ci mərtəbəsində ümumi sahəsi 186,9 kv.m olan 4 otaqlı, 48 saylı mənzilini tikib sifarişçiyə satır. Sifarişçi isə bu müqavilədə göstərilənlərlə tam razılaşaraq, ümumi müqavilə qiymətini bu müqavilədə göstərilmiş qrafik əsasında tam və vaxtında ödəməklə mənzili alır. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən mənzilin 1 kv.metr üçün qiymət 1200 manat məbləğində müəyyən edilmişdir. Mənzilin ümumi müqavilə qiyməti 224280 manat təşkil edir. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən sifarişçi icraçıya ümumi müqavilə qiymətini tam ödəmişdir. Cavabdeh MMC tərəfindən verilmiş 13 iyun 2018-ci il tarixli, 05/06 saylı maliyyə arayışının surətindən görünür ki, ünvan 4 ünvanında inşa edilən yaşayış binası Cavabdeh MMC-yə məxsusdur. Həmin binanın B blokunun, 7-ci mərtəbəsində ümumi sahəsi 186,9 kv.m olan 4 otaqlı, 48 saylı mənzilə dair İddiaçı Cavabdeh MMC-yə maliyyə borcu yoxdur. Cavabdeh MMC ilə X6 arasında bağlanmış 26 iyul 2016-cı il tarixli “Mənzil tikintisi və satışına dair” müqavilədən görünür ki, Cavabdeh MMC ünvan 3 ünvanında tikiləcək binanın B blokunun, 7-ci mərtəbəsində ümumi sahəsi 186,9 kv.m olan 4 otaqlı, 48 saylı mənzilini tikib sifarişçiyə satır. Sifarişçi isə bu müqavilədə göstərilənlərlə tam razılaşaraq, ümumi müqavilə qiymətini bu müqavilədə göstərilmiş qrafik əsasında tam və vaxtında ödəməklə mənzili alır. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən mənzilin 1 kv.metr üçün qiymət 1200 manat məbləğində müəyyən edilmişdir. Mənzilin ümumi müqavilə qiyməti 224280 manat təşkil edir. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən sifarişçi icraçıya ümumi müqavilə qiymətini tam ödəmişdir. Cavabdeh MMC tərəfindən verilmiş 26 iyul 2016-cı il tarixli, 07/15 saylı maliyyə arayışının surətindən görünür ki, ünvan 4 ünvanında inşa edilən yaşayış binası Cavabdeh MMC-yə məxsusdur. Həmin binanın B blokunun, 7-ci mərtəbəsində ümumi sahəsi 186,9 kv.m olan 4 otaqlı, 48 saylı mənzilə dair X3 Cavabdeh MMC-yə maliyyə borcu yoxdur. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanan 13 iyun 2018-ci il tarixli “Mənzil Tikintisi və Satışına dair” müqavilələrdən görünür ki, Cavabdeh MMC tərəfindən ünvan 3 ünvanında tikiləcək binanın B blokunun, 7-ci mərtəbəsində ümumi sahəsi 186,9 kv.m olan 4 otaqlı, 48 saylı mənzili tikib İddiaçı təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilələrin 5.2-ci bəndindən görünür ki, sifarişçi İddiaçı tərəfindən mənzillərin dəyəri tam və nağd formada ödənilmişdir. Bundan başqa 13 iyun 2018-ci il tarixli, 05/06 nömrəli Cavabdeh MMC tərəfindən tərtib edilmiş maliyyə arayışına əsasən ünvan 5 ünvanında inşa edilən yaşayış binasının B blokunda, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 186.9 kv.m olan 4 otaqlı 48 saylı mənzilə dair İddiaçı Cavabdeh MMC-yə maliyyə borcunun olmadığı müəyyən edilir. Bunda başqa cavabdeh tərəfindən ünvan 5 ünvanında inşa edilən yaşayış binasının B blokunda, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 186.9 kv.m olan 4 otaqlı 48 saylı mənzilin X1 dair 26 iyul 2016-cı il tarixli müqavilənin surəti təqdim edilmişdir. Məhkəmə X6 müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi prosesə cəlb etmişdir. Cavabdehin nümayəndəsi tərəfindən X3 adına olmuş və sonradan digər şəxslərin adlarına dəyişdirilmiş müqavilələr də məhkəməyə təqdim etmişdir. İddiaçının nümayəndəsi və üçüncü şəxs bildirirlər ki, ünvan 5 ünvanında inşa edilən yaşayış binasının B blokunda, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 186.9 kv.m olan 4 otaqlı 48 saylı mənzil ilk öncə X5 məxsus olmuş, sonradan MMC-nin iştirakı ilə həmin müqavilə ləğv edilərək İddiaçı adına rəsmiləşdirmişdir. Bu əməliyyatda X6 Cavabdeh MMC-nin məsul şəxslərinin iştirakı ilə mənzilə dair hüququndan imtina etmiş və MMC ilə İddiaçı arasında yeni müqavilə bağlanmışdır. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs bildirir ki, onun mübahisə predmeti olan mənzilə dair hər hansı hüququ artıq yoxdur. Cavabdehin nümayəndəsi isə MMC-nin arxiv sənədlərində X4 mənzilin satılmasına razılıq verməsi barədə ərizəsinin aşkar edilmədiyini bildirərək, bu əməliyyatların əvvəlki direktor və təsisçi tərəfindən aparıldığını və həmin sənədlərin saxtalaışdırıldığını ehtimal edir. Cavabdehin nümayəndəsi iddiaya etirazında onu göstərmişdir ki, əvvəlki direktor 01.02.2019-cu il tarixdə hazırki direktora təhvil-təslim edərkən tərtib edilmiş aktda İddiaçı adı olmamış, üçüncü şəxs X4 isə 146040 manat borcu olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər; 442-ci maddəsinə əsasən Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; 762.1-ci maddəsinə görə podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Məhkəmə formasından, habelə müqavilədə tərəflərin necə adlandırılmasından asılı olmayaraq hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə öz hüquqi təbiətinə görə podrat müqaviləsidir. Belə ki, Cavabdeh MMC hazırki mübahisə üzrə podratçı qismində çıxış edərək, İddiaçı oğlunun mübahisələndirdiyi yaşayış sahəsini inşa etmiş və İddiaçı oğlu sifarişçi qismində çıxış edərək, həmin işin görülməsi üçün razılaşdırılmış muzdu tam olaraq ona ödəmişdir. Yəni iddiaçı müqavilə üzrə öhdəliyini icra etmiş və haqlı olaraq cavabdehdən müqavilə üzrə öhdəliyinin icra edilməsini tələb edir. Cavabdehin müqavilə üzrə öhdəliyinin icrasından yayınması aşkardır. Eyni zamanda onun iddiaya etirazı isə əsassızdır. Belə ki, cavabdehin etirazının dəlilləri faktiki olaraq ondan ibarətdir ki, mübahisə predmeti olan mənzil əvvəlcə üçüncü şəxsə satılmış, sonra isə MMC ilə iddiaçı arasında həmin mənzilə dair müqavilə rəsmiləşdirilmişdir, lakin MMC-nin arxiv sənədlərinə bu razılıq mövcud deyildir. Hamıya məlumdur ki, tikintisi başa çatmayan və ya daşınmaz əmlakın reyestrində qeydə alınmayan tikililərlə bağlı mənzillərin üçüncü şəxslərə satılması əvvəlki sahibin razılığı ilə yeni sahiblə podratçı arasında yenidən bağlanmış müqavilə əsasında rəsmiləşdirilir. İşin hallarından da göründüyü kimi iddiaçı ilə MMC arasında müqavilə bağlanmış və bununla bağlı iddiaçıya maliyyə arayışı təqdim edilmişdir. MMC-nin arxiv sənədlərində mənzilin əvvəlki sahibin razılıq ərizəsinin aşkar edilməməsi MMC-nin öhdəliyini icra etməkdən yayınması üçün əsas deyildir. Hər bir halda əvvəlki sahib olan, hazırki iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 bu faktı təsdiq edir və həmin mənzilə dair hüquqlarının aradan qalxdığını qəbul edir. Razılıq ərizəsinin olmadan üçüncü şəxsin adına mənzilin rəsmiləşdirilməsini mübahisələndirən tərəf əslində mənzilin əvvəlki sahibi olmalı olduğu halda, hazırki mübahisədə bunu həmin əməliyyatı rəsmiləşdirən tərəf irəli sürür. Məhkəmə cavabdehin etirazını formal olaraq qəbul edir və o qənaətə gəlir ki, iddianın rədd və ya qismən təmin edilməsi üçün hər hansı əsas yoxdur. Bundan başqa cavabdeh müqavilədəki imzanın kimin tərəfindən icra edildiyini də mübahisələndirmiş, lakin məhkəmənin qərardadı ilə işin baxılmasının uzadılması məqsədilə verilmiş vəsatət rədd olunmuşdur. Məhkəmə eyni zamanda qeyd edir ki, hüquqi şəxsin direktorunun və ya təsisçisinin qanunsuz əməlləri hüquqi şəxsin özünü müqavilə ilə üzərinə götürdüyü öhdəliklərin icrasından azad etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 49.1-ci maddəsinə əsasən hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. Hüquqi şəxsin orqanlarının seçilməsi və ya təyin edilməsi qaydası, müvafiq olaraq, nizamnamə, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilir. - 49.2-ci maddəsinə əsasən hüquqi şəxs öz iştirakçıları, habelə təmsilçiləri vasitəsilə mülki hüquqlar əldə edə bilər və öhdəsinə mülki vəzifələr götürə bilər. - 49.3-cü maddəsinə əsasən hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 5 faiz paya (səhmə) malik olan iştirakçısının (iştirakçılarının) tələbi ilə o, vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməlidir. - 49.4-cü maddəsində hüquqi şəxsin adından çıxış edən şəxsin, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxsin hüquqi şəxsə və ya səhmdara (payçıya) dəyən zərərə görə məsuliyyət daşıdığı hallar göstərilmişdir. 90-1.1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi cəmiyyətin ümumi yığıncağı tərəfindən qəbul edilən qərar əsasında cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin qərarda mənfəətin tamamilə və ya qismən bölüşdürülməsi müəyyən edilə bilər. Odur ki, hüquqi şəxsin təsisçisinin və ya direktorunun əldə olunmuş mənfəəti kassaya mədaxil etməməklə hüquqi şəxsə zərər vurması hüquqi şəxsin daxili məsələsidir. Bu faktın mövcudluğu təsdiq olunmuş olsa belə, hüquqi şəxsi öz təmsilçiləri vasitəsilə öhdəsinə götürdüyü mülki vəzifələrdən azad etmir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan başqa, Mülki Prosessual Məcəllənin 218.1 və 218.3-cü maddələrinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək hesab edir ki, iddia təmin edilməli, ünvan 2 ünvanında inşa edilən binanın B blokunun 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 186,9 kv.m olan, 4 otaqlı, 48 saylı mənzilin İddiaçı təhvil (istifadə və sahibliyinə) verilməsi öhdəliyi Cavabdeh MMC-yə həvalə edilməli, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. ünvan 2 ünvanında inşa edilən binanın B blokunun 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 186,9 kv.m olan, 4 otaqlı, 48 saylı mənzilin İddiaçı təhvil (istifadə və sahibliyinə) verilməsi öhdəliyi Cavabdehnə həvalə edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar