Məhkəmə qərarları › İş №2(001)-6617/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6617/2021

06.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6617/2021 06.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X12 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X5 iştirakı ilə, "xxxx" Kommersiya Bankı (KB) Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüquqlarına xitam verilməsi və mənzilin boşaldılması” tələbi barədə iddia ərizəsinə dair mülki işə 06 oktyabr 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: "xxxx" KB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 120 saylı evin 20 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi, cavabdehlərin həmin mənzildən çıxarılmaqla mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X8 iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, iddiaçı iddia ərizəsində göstərilən mənzili hərrac vasitəsi ilə almış, mənzil iddiaçının mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Hazırda cavabdehlər həmin mənzildə qeydiyyatdadırlar və orada yaşayırlar, bu isə, iddiaçıya öz mülkiyyətində olan əmlakla bağlı sərbəst istifadə və sərəncam hüquqlarını həyata keçirməkdə maneə yaradır. Buna görə də, onlar hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Sonda R.E.Tağısoy məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlərə qeydiyyat yeri üzrə məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq bildiriş göndərilməsinə baxmayaraq, onların məhkəmə iclasında iştirakının təmin olunması mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə qanunvericliyin tələblərini, eləcə də yuxarıda göstərilən halları nəzərə almaqla işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan: - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 02 iyun 2020-ci il tarixli, 2(102)-1922/2020 saylı qərarından görünür ki, Göyçay Rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli, 2(046)-71/2019 nömrəli qətnaməsi ilə 16 oktyabr 2012-ci il tarixli, 66B8/12 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 25 iyul 2014-cü il tarixli, 66B8/12-3 saylı əlavə kredit müqaviləsi üzrə 24807 ABŞ dolları əsas, 2890,23 ABŞ dolları faiz, 200 ABŞ dolları cərimə olmaqla cəmi 27897,23 ABŞ dolları məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarının cavabdehlər X2 və X9 müştərək qaydada tutulub iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi, 16 oktyabr 2012-ci il tarixli, 66B8/12 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 02 noyabr 2016-cı il tarixli, 66B8/12-4 saylı əlavə kredit müqaviləsi üzrə 1900 manat əsas, 328,54 manat faiz, 50 manat cərimə olmaqla cəmi 2278,54 manatın cavabdeh X2 tutulub "xxxx" KB ASC-yə ödənilməsi, tələbin ipoteka predmeti olan, cavabdeh X4 məxsus ünvan 1 ünvanında yerləşən 20 saylı mənzilə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 78000 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə edilən vəsait hesabına borcun ödənilməsi qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 avqust 2019-cu il tarixli qətnaməsinə əsasən, Göyçay Rayon Məhkəməsinin həmin qətnaməsindən iddiaçı "xxxx" KB ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Göyçay Rayon Məhkəməsinin qətnaməsi qismən – ipoteka predmeti olan mənzilə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər X3 və X6 çıxarılmasının təmin edilməməsi hissəsində ləğv edilərək, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi həmin hissədə təmin edilmiş, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər X7 və X6 çıxarılması qət edilmişdir. X1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. - 22 dekabr 2020-ci il tarixli, 57/01 nörməli “hərracın yekunları barədə protokol”dan və həmin tarixli “hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqavilədən görünür ki, Şəki Apellyasiya Məhkəməsinin 24 iyul 2020-ci il tarixli, 2(107)- 2528/2019 saylı icra sənədinin icrası ilə bağlı Bakı şəhəri Binəqədi Rayon İcra və Probasiya Şöbəsinin sifarişi ilə "xxxx" MMC tərəfindən keçirilmiş açıq hərracda X4 məxsus ünvan 2 ünvanında yerləşən 20 saylı mənzil "xxxx" KB ASC tərəfindən əldə edilmişdir. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq pr., 172 saylı evin 20 saylı mənzili 04 mart 2021-ci il tarixdə "xxxx" KB ASC-nin mülkiyyəti kimi qeydiyyata alınmışdır. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindənv erilmiş 11 mart 2021-ci il tarixli, ******* saylı “yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan görünür ki, Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq pr., 172 saylı evin 20 saylı mənzilində qeydiyyatdadırlar. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. - 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Beləliklə, qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Marks Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir» Avropa Məhkəməsi Sporronq və Lonnrot İsveçə qarşı işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almış olur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlakı başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. - 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbində göstərilən mənzil iddiaçının mülkiyyətində olduğundan iddiaçının iradəsinə zidd olaraq cavabdehlərin həmin mənzildən istifadə hüquqlarının olması və cavabdehlərin həmin mənzildə yaşamaları yolverilməzdir. Buna görə də, iddia təmin olunmalı, cavabdehlərin iddia tələbində göstərilən mənzildən istifadə hüquqlarına xitam verilməli, cavabdehlər həmin mənzildən çıxarılmaqla mənzil boşaldılmalıdır. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: "xxxx" KB ASC-nin iddiası təmin edilsin. "xxxx" KB ASC-nin mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq pr., 120 saylı evin 20 saylı mənzilinə Cavabdeh1 və Cavabdeh2 istifadə hüquqlarına xitam verilsin. Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq pr., 120 saylı evin 20 saylı mənzilindən çıxarılmaqla mənzil boşaldılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar