Məhkəmə qərarları › İş №2(001)-665/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-665/2022

04.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-665/2022 04.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, Ərizəçi nümayəndəsi X3, Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə1 iştirakı ilə Ərizəçi (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi maraqlı şəxs qismində cəlb edilməklə) “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmiş, məhkəmədən onun əmək pensiyasına çıxması üçün xx.xx.1977-ci il tarixdən xx.xx.1981-ci il tarixədək Ağdam rayonu, Nəmirli kənd orta məktəbində katibə, xx.xx.1985-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Ağdam rayonu, Nəmirli kənd orta məktəbində bədən tərbiyəsi müəllimi işləməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Ərizə belə əsaslandırılmışdır: Ərizəçi xx.xx.1977-ci il tarixdən xx.xx.1981-ci il tarixədək Ağdam rayonu, Nəmirli kənd orta məktəbində katibə işləmişdir. 1981-ci ildən 1985-ci ilə qədər Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda təhsil almışdır. xx.xx.1985-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Ağdam rayonu, Nəmirli kənd orta məktəbində bədən tərbiyəsi müəllimi işləmişdir. Ağdam rayonu erməni işğalçıları tərəfindən işğal olunduqdan sonra 1993-cü il tarixdən Bakı şəhərində məskunlaşmışdır. 62 yaşı tamam olduqdan sonra əmək pensiyasına çıxması üçün aidiyyəti orqana müraciət etmiş, lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən müraciətinə imtina cavabı verilmişdir. 1977-ci ildən 1981-ci ilə qədər və 1985-ci ildən 1993-cü ilə qədər Ağdam rayonu, Nəmirli kənd orta məktəbində işləməsi barədə arxiv arayışının verilməsi məqsədi ilə Azərbaycan Respublikası Dövlət X13na müraciət etmişdir. Dövlət X13ndan müraciətinə cavab olaraq bildirilmişdir ki, Ağdam rayon Nəmirli kənd orta məktəbinin xx.xx.1977-xx.xx.1993-cü ilə qədər olan arxiv sənədləri işğal zonasında qaldığı üçün arxiv filialına təhvil verilməmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclaslarında ərizəçinin nümayəndəsi X7 ərizəni müdafiə etmiş və ərizədə göstərilənlərə əlavə olaraq bildirmişdir ki, bacısı Ərizəçi 1977-ci ildən təhsil aldığı Ağdam rayon Nəmirli kənd orta məktəbində orta təhsilini bitirərək məktəb direktorunun katibəsi kimi işləmişdir. Bununla bağlı rəsmi əmək müqaviləsi olmuş və ona əmək kitabçası açılmışdır. Bacısı 1981-ci ildə instituta daxil olmuş və oranı 1985-ci ildə bitirmişdir. Elə həmin il Nəmirli kənd orta məktəbində bədən tərbiyəsi müəllimi kimi işə başlamışdır və 1993-cü ilə qədər orada işləmişdir. Əgər bacısının əmək stajı olmasaydı onu instituta qəbul etməzdilər, çünki həmin dövrdə bu tələb qoyulmuşdu. O, özü də 1984- 1993-cü illlərdə həmin məktəbdə bədən tərbiyəsi müəllimi işləmişdir. Ağdam rayonu işğal olunandan sonra onun da sənədləri orada qalmışdır. Lakin daha sonra Ağdam Təhsil Şöbəsinə müraciət etmiş və orada onun iş stajına dair sənədlər saxlanıldığından ona təqdim edilmişdir. Lakin bacısının sənədlərini əldə etmək mümkün olmamışdır. Göstərilənləri nəzərə alaraq ərizənin təmin olunmasını məhkəmədən xahiş edir.

4. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə təqdim olunmuş ərizəyə yazılı etirazda ərizənin əsassız olduğu göstərilmişdir, belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2017-ci il tarixli, 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3-cü hissəsində sosial sığorta stajının hesablanması proseduru tənzimlənmişdir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən, sığortaolunanlar qazanmış olduqları pensiya hüquqlarının müəyyn edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 1) Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 2) Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 1) əmək kitabçası; 2) əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı və s. Qüvvədən düşmüş 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etməm mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin İ bölməsinin 1-ci bəndinə əsasən, əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda iş stajı ən azı iki nəfər şahidin ifadələrinə əsasən həmin Əsasnamənin İİİ bölməsində nəzərdə tutulan qaydada müəyyən olunur. Həmin Əsasnamənin İİİ bölməsinin 16-cı bəndinə əsasən iş stajı barədə sənədlər olmadıqda və onları hərbi əməliyyatlar, təbii fəlakət, qəza, dağıntı, milli münaqişə zəmini və digər fövqəladə hallarla əlaqədar olaraq əldə etmək mümkün olmadıqda əmək stajı, o cümlədən imtiyazlı pensiyaya və xidmət illərinə görə pensiyaya və xidmət illərinə görə pensiayaya hüquq verən iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada rayon (şəhər) Əhalinin Sosial Müdafiəsi Mərkəzləri nəzdində təşkil olunan pensiya təyin edən komissiya tərəfindən müəyyən edilir. Həmin Əsasnamənin İİİ bölməsinin 17-ci bəndinə əsasən iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin Əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Etirazda daha sonra bildirilir ki, iş stajını(əmək fəaliyyətini) təsdiq edilməsi barədə hüquqi əhəmiyyətli faktın tanınması zamanı qanunvericilikdə və məhkəmə təcrübəsində ən azı iki ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən təsdiq edilməlidir. Bu cür işlərdə bir nəfər şahidin ifadəsinə əsaslanıb ərizəçinin tələbinin təmin olunması yolverilməzdir. Ərizəçinin xx.xx.1977-ci il tarixdən xx.xx.1981-ci il tarixədək və xx.xx.1985-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Ağdam rayonu, Nəmirli kənd orta məktəbində işləməsinə dair faktın təsdiq edilməsi üçün cəlb olunmuş iki şahidin ifadələrində verilən məlumatlar ilə ərizəçinin tələbində göstərilənlər, həmçinin ərizəçinin işlədiyini iddia etdiyi dövrlərdə şahidlərin əmək kitabçalarında qeyd edilən dövrlər uyğun gəlmir. Buna görə də Ərizəçi “1977-1981 və 1985-1993-cü illər ərzində Ağdam rayon Nəmirli kənd orta məktəbində işləməsi faktının hüquqi əhəmiyyətili fakt kimi müəyyən edilməsi” tələbinə dair ərizə təmin olunmamalıdır.

5. Əvvəlki məhkəmə iclaslarında iştirak edən maraqlı şəxsin nümayəndəsi Nümayəndə2 etirazda göstərilənlərə uyğun izahat verərək ərizənin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, nümayəndəsi olduğu qurum tərəfindən ərizəçinin Ağdam rayonu, Nəmirli kənd orta məktəbində işləməsi barədə Ağdam rayon Təhsil Şöbəsinə sorğu göndərilmişdir, lakin sorğuya cavab verilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin arxivində isə ərizəçinin Ağdam rayonu, Nəmirli kənd orta məktəbində işləməsi barədə məlumatlar aşkar edilməmişdir.

6. Məhkəmə baxış iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi Nümayəndə1 ərizədə göstərilən tələbi qismən, ərizəçinin 1985-1993-cü illər ərzində Ağdam rayon Nəmirli kənd orta məktəbində işləməsi faktının müəyyən edilməsi hissəsində qəbul etdiklərini, belə ki, həmin faktın şahid ifadələri ilə də təsdiq olunduğunu, lakin şahidlərin ərizəçinin 1985-ci ildən əvvəl məktəbdə işləməsini təsdiq etmədiklərini, iş üzrə şahid qismində dindirilmiş X4 əmək kitabçasının məzmununun həqiqiliyinin şübhə yaratdığını bildirmişdir.

7. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə nümayəndənin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

8. Məhkəmə iclasında şahid qismində dindirilən X8 bildirmişdir ki, ərizəçi ilə bir yerdə Ağdam rayonu, Nəmirli kənd orta məktəbində işləmişdir. O, X10 bitirərək bir neçə ay Bərdə rayonunda işlədikdən sonra 1971-ci ildən Nəmirli kənd orta məktəbində müəllim işləmişdir. Ərizəçi 1977-ci ildə məktəbi bitirərək direktorun katibəsi kimi işləməyə başlamışdır. 1981-ci ildə ərizəçi instituta qəbul olmuş, institutu bitirdikdən sonra 1985-ci ildə Nəmirli kənd orta məktəbində bədən tərbiyəsi müəllimi kimi işləməyə başlamışdır. Ağdamın işğalı zamanı ərizəçinin evinə top mərmisi düşmüşdür. Onun bütün sənədləri kənddə qalmışdır.

9. Məhkəmə iclasında şahid qismində dindirilən X9 bildirmişdir ki, ərizəçi ilə Ağdam rayonu, Nəmirli kənd orta məktəbində işləmişdir. O, 1983-cü ildə Xarici Dillər Universitetini bitirib həmin məktəbdə ingilis dili müəllimi kimi işləməyə başlamışdır. Ərizəçi ondan sonra təxmini 1985-ci ildə məktəbə bədən tərbiyəsi müəllimi kimi işə düzəlmişdir. Onlar 1985-ci ildən Ağdam işğal olunanadək birlikdə işləmişlər. Məktəbin direktoru Əli Paşayev olmuşdur. Ərizəçinin ondan əvvəl həmin məktəbdə işləyib-işləmədiyini bilmir. Nəmirli kəndi işğal olunan zaman onun da əmək kitabçası məktəbdə qalmışdı. O, daha sonra Ağdam Təhsil Şöbəsinə müraciət etmişdir və ona yeni əmək kitabçası yazılmışdır.

10. Məhkəmə iclasında şahid qismində dindirilən X12 bildirmişdir ki, ərizəçi ilə Nəmirli kənd orta məktəbində bir yerdə təhsil almışlar. O, 1977-ci ildə X2 daxil olmuş və 1981-ci ildə oranı bitirmişdir. 1984-cü ildə Ağdam rayonu, Nəmirli kənd orta məktəbinə tarix müəllimi göndərilmişdir və 1994-cü ilə qədər həmin məktəbdə işləmişdir. Ərizəçi 1985-ci ildən həmin məktəbdə bədən tərbiyəsi müəllimi işləmişdir. Onlar Ağdam işğal olunanadək həmin məktəbdə birlikdə işləmişlər. 1985-ci ildən əvvəl ərizəçinin həmin məktəbdə direktorun katibəsi işləməsini, sonra institutu bitirərək müəllim kimi işləməsini bilir. Lakin 1977-1981-ci illərdə onun məktəbdə işləməsini görməmişdir, çünki həmin vaxt Xankəndində təhsil almışdır. Güman ki, ərizəçi məktəbdə katibə işləyib, çünki həmin dövrdə iş stajı olmayanları instituta qəbul etmirdilər. O, kəndləri işğal olunandan dərhal sonra oraya qayıdaraq əmək kitabçasını və digər sənədlərini götürmüşdür. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

11. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1959-cu il tarixdə Ağdam rayonunun Şurabad kəndində anadan olmuşdur.

12. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Bakı şəhəri, Binəqədi rayonu sektoru tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışa əsasən Ərizəçi Ağdam rayonundan məcburi köçkün kimi Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, Elektroterm zavodu 2 nömrəli yataqxanada qeydiyyatdadır.

13. İş materiallarında olan xx.xx.2012-ci il tarixli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Ərizəçi 1993-cü ildən Ağdam rayonundan məcburi köçkündür

14. İş materiallarında olan HB 974156 nömrəli diplomun surətindən görünür ki, X11 1981-ci ildə Kirov adına Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna daxil olmuşdur, 1985-ci ildə həmin institutu bədən tərbiyəsi ixtisası üzrə bitirmişdir.

15. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən ərizəçiyə ünvanlanmış məktubun surətindən görünür ki, ərizəçinin yaşa görə əmək pensiyasının yenidən hesablanması haqqında müraciətinə baxılmışdır və ərizəçiyə bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya təminatı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Belə ki, 2019-2022-ci illərdə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq xx.xx.2021-ci il tarixində ərizəçiyə 200,00 manat avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə X1 Sisteminin Pensiya altsisteminə daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Sözügedən Qaydaların 3.2.2-ci yarımbəndinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən müəyyən edilir.

16. İş materiallarında olan Ağdam rayon Təhsil şöbəsi tərəfindən ərizəçiyə ünvanlanmış 06 yanvar 2022-ci il tarixli məktubda göstərilir ki, ərizəçinin 1977-1993-cü il tarixlərində Nəmirli kənd tam orta məktəbində müəllim vəzifəsində işləməsini təsdiq edən sənədlər 1993-cü ildə Nəmirli kəndinin işğalı zamanı məktəbdə qalmışdır. Həmçinin ərizəçi ilə xx.xx.1994-cü il tarixdən müqavilə bağlanılmış və ərizəçi özündən asılı olmayaraq iş yerini itirənlər üçün müavinət almışdır. Ərizəçi ilə bağlanmış əmək müqaviləsinə onun ərizəsinə əsasən xx.xx.2021-ci il tarixdə 64/02 nömrəli əmrlə xitam verilmişdir.

17. İş materiallarında olan xxxxxxx000100 nömrəli “Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi”nin və xxxxxxx0002X0 nömrəli “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”nin surətlərindən görünür ki, Ərizəçi ilə Ağdam rayon Təhsil şöbəsi arasında xx.xx.1994-cü il tarixdə əmək müqaviləsi bağlanılmış, xx.xx.2021-ci il tarixdə isə tərəflər arasında bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.

18. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət X13 tərəfindən “DOST” xidmətinə ünvanlanmış arxiv arayışında göstərilir ki, Ağdam rayon Nəmirli kənd orta məktəbinin xx.xx.1977-xx.xx.1993-cü ilə qədər olan arxiv sənədləri işğal zonasında qaldığı üçün filiala təhvil verilməmişdir.

19. İş materiallarında olan Ağdam rayon təhsil şöbəsinin 04 fevral 2022-ci il tarixli məktubunda göstərilir ki, Ərizəçi 1977-1981-ci il və 1985-1993-cü il tarixlərində Nəmirli kənd orta məktəbində işləməsini təsdiq edən sənədlər 1993-cü ildə Nəmirli kəndinin işğalı zamanı məktəbdə qalmışdır. Lakin Ərizəçi ilə xx.xx.2016-cı il tarixdən müddətli müqavilə bağlanılmış və o, özündən asılı olmayaraq iş yerini itirənlər üçün müavinət almışdır. Onunla bağlanılmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə əmək müqaviləsinin müddəti bitdiyi üçün xitam verilmişdir.

20. İş materiallarında olan Ağdam rayon Təhsil şöbəsinin məhkəmə sorğusuna verdiyi cavabda göstərilir ki, Ərizəçi 1977-1981-ci il tarixlərində Nəmirli kənd orta məktəbində katibə, 1985-1993-cü il tarixlərində Nəmirli kənd tam orta məktəbində müəllim vəzifəsində işləməsini təsdiq edən sənədlər 1993-cü ildə Nəmirli kəndinin işğalı zamanı məktəbdə qalmışdır.

21. İş materiallarında olan əmək kitabçasının surətindən görünür ki, X12 xx.xx.1984-cü il tarixindən xx.xx.1994-cü il tarixinə kimi Ağdam rayon Nəmirli kənd orta məktəbində müəllim vəzifəsində işləmişdir.

22. İş materiallarında olan əmək kitabçasının surətindən görünür ki, X9 xx.xx.1983-cü il tarixindən xx.xx.1995-ci il tarixinə kimi Ağdam rayon Nəmirli kənd orta məktəbində müəllim vəzifəsində işləmişdir.

23. İş materiallarında olan əmək kitabçasının surətindən görünür ki, Baxşəliyeva (Ağayeva) Qənirə Yelmar qızı xx.xx.1971-ci i tarixindən xx.xx.1994-cü il tarixinə kimi Ağdam rayon Nəmirli kənd orta məktəbində müəllim vəzifəsində işləmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

24. Tədqiq edilmiş sübutlar əsasında məhkəmə tərəfindən müəyyən edilmişdir ki, 1959-cu il təvəllüdlü ərizəçi Ağdam rayonundan məcburi köçkündür, o, 1981-1985-ci illərdə Kirov adına Azərbaycan Dövlət Bədən X5 tərbiyəsi müəllimi ixtisası üzrə təhsil almışdır. Onunla Ağdam rayonu, Təhsil şöbəsi arasında xx.xx.1994-cü il tarixdən müqavilə bağlanılmış və özündən asılı olmayaraq iş yerini itirənlər üçün müavinət təyin edilmişdir.Həmçinin onunla bağlanılmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə 64/02 əmrlə əmək müqaviləsinin müddəti bitdiyi üçün xitam verilmişdir.

25. Ərizəçi xx.xx.1977-ci il tarixdən xx.xx.1981-ci il tarixədək Ağdam rayonu, Nəmirli kənd orta məktəbində katibə, xx.xx.1985-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Ağdam rayonu, Nəmirli kənd orta məktəbində bədən tərbiyəsi müəllimi kimi əmək müqaviləsi əsasında işləmiş olduğunu və işlədiyi məktəbin və ərazinin işğalı səbəbindən sənədlərinin itirildiyini(məhv olduğunu) iddia edir. Əmək kitabçasını başqa qaydada əldə edə bilmədiyinə görə və yaşa görə əmək pensiyasının yenidən hesablanması üçün həmin faktın məhkəmə qaydasında müəyyən edilməsini xahiş edir.

26. Maraqlı şəxs, ərizəçinin müəyyən edilməsini xahiş etdiyi hüquqi əhəmiyyətli faktın mövcudluğunu təsdiq edən hüquq müəyyənedici sənədlərin və lazımi sayda şahidin olmamasına əsasən ərizənin əsassız olduğunu bildirir.

27. İş üzrə dindirilmiş və ərizəçinin işlədiyini iddia etdiyi məktəbdə müəllimə işləmiş iki şahid ərizəçinin xx.xx.1985-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Ağdam rayonu, Nəmirli kənd orta məktəbində bədən tərbiyəsi müəllimi vəzifəsində işləməsi faktını, bir şahid ərizəçinin xx.xx.1977-ci il tarixdən xx.xx.1981-ci il tarixədək Ağdam rayonu, Nəmirli kənd orta məktəbində katibə vəzifəsində işləməsi faktını təsdiq edir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

28. Məhkəmə əvvəla qeyd edir ki, müəyyən edilməsi xahiş olunan fakt hüquqi əhəmiyyətli faktdır, həmin faktın müəyyən edilməsi ərizəçinin əmək pensiyası alması hüququnun əmələ gəlməsinə səbəb olmaqla yanaşı, işin faktiki halları nəzərə alındıqda həmin faktları təsdiq edən lazımi sənədlər başqa qaydada əldə edilə, yaxud bərpa oluna bilməz. Məhkəmə tədqiqatı nəticəsində müəyyən edilmişdir ki, ərizəçinin Ağdam rayon Nəmirli kənd orta məktəbində işləməsinə dair sənədlərin məlum hadisələrlə əlaqədar olaraq ərizəçi tərəfindən əldə edilməsi, həmçinin arxiv materiallarının olmaması səbəbindən də sənədlərin bərpası mümkün deyildir. Bundan başqa maraqlı şəxsin etirazı hüquq haqqında mübahisənin olmağına əsas vermir. Buna görə də ərizəyə xüsusi icraat qaydasında məhkəmədə baxılması mümkün hesab edilməlidir.

29. Belə ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il 03 saylı Qərarının 1.2.-ci bəndində göstərilir ki, Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.

30. Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə ( mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir.

31. Lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür.

32. Hüquq haqqında mübahisə dedikdə, digər şəxsin (şəxslərin) eyni predmetə hüquqlarının olması, maddi hüquq münasibətlərinin iştirakçıları arasında iddia edilən hüquqların yalnız ona məxsus olması və ya həmin hüquqların həcmi və sair barədə yaranan fikir ayrılığı başa düşülür. Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim MPM-in 259.0.10-cu maddəsinə və 306.4-cü maddəsinə görə hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarmalı, ərizəçi və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxsin hüquqi faktın müəyyən edilməsi barədə qətnamədən şikayət verərək qətnamənin qanuniliyini və əsaslılığını mübahisələndirməsi hüquq haqqında mübahisə demək deyildir və bu əsasla ərizənin baxılmamış saxlanılması yolverilməzdir.

33. Məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPMnin 310-cu maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPMnin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır.

34. Məhkəmə onu da qeyd edir ki, ərizəçinin müəyyən edilməsini xahiş etdiyi iş stajı, əmək fəaliyyəti barəsində faktları təsdiq edən müvafiq sənədləri üzrlü səbəbdən əldə etməsi mümkün deyildir və həmin faktın məhkəmədən kənar müəyyən edilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır.

35. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsində təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

36. Yenə qüvvədən düşmüş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin:

37. 1-ci bəndinə görə, Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda iş stajı ən azı iki nəfər şahidin ifadələrinə əsasən həmin Əsasnamənin İİİ bölməsində nəzərdə tutulan qaydada müəyyən olunur

38. 16-cı bəndinə əsasən, İş stajı barədə sənədlər olmadıqda və onları hərbi əməliyyatlar, təbii fəlakət, qəza, dağıntı, milli münaqişə zəmini və digər fövqəladə hallarla əlaqədar olaraq əldə etmək mümkün olmadıqda əmək stajı, o cümlədən imtiyazlı pensiyaya və xidmət illərinə görə pensiyaya və xidmət illərinə görə pensiayaya hüquq verən iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada rayon (şəhər) Əhalinin Sosial Müdafiəsi Mərkəzləri nəzdində təşkil olunan pensiya təyin edən komissiya tərəfindən müəyyən edilir.

39. 17-ci bəndinə görə, İş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir.

40. Göstərilən qüvvədən düşmüş normativ hüquqi aktların məzmunundan görünür ki, iş stajı barədə sənədlər olmadıqda və onları əldə etmək mümkün olmadıqda əmək stajı ərizəçini birgə işdən tanıyan şahidlərin ifadələrinə əsasən müvafiq icra hakimiyyəti orqanında təşkil olunan komissiya tərəfindən müəyyən edilirdi. Əmək stajının müəyyən edilməsinə dair münasibətləri tənzimləyən qüvvədə olan qanunvericilik aktlarında isə bu qəbildən olan faktların yalnız məhkəmə tərəfindən müəyyən edilməsi nəzərdə tutulmuşdur.

41. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir.

42. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq qeyd edir ki, ərizəçinin müəyyən edilməsini xahiş etdiyi fakt Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsində nəzərdə tutulan hüquqi əhəmiyyəti olan faktların siyahısında göstərilməsə də, qanunvericilik digər hüquqi əhəmiyyəti olan faktların da məhkəmə qaydasında müəyyən edilməsini nəzərdə tutmuşdur və məhkəmə hesab edir ki, hazırki ərizənin əsaslılığı sübutetmə ilə bağlıdır.

43. Belə ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il 03 saylı Qərarının 13.4.-cü bəndində göstərilir ki, Əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir.

44. Yuxarıda göstərilən Plenum qərarında göstərildiyi kimi əmək stajının müəyyən edilməsi ilə bağlı hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi üçün yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlara istinad olunmalı, o şəxslərin şahid qismində ifadələri mötəbər hesab olunaraq nəzərə alınmalıdır ki, onlar ərizəçi ilə eyni müəssisə və ya təşkilatda həmin dövrdə birlikdə işləmiş olsunlar.

45. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, ərizə qismən ərizəçinin xx.xx.1985-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Ağdam rayonu, Nəmirli kənd orta məktəbində bədən tərbiyəsi müəllimi vəzifəsində işləməsi faktının müəyyən edilməsi hissəsində təmin olunmalıdır.

46. Belə ki, həmin fakt iş üzrə dindirilmiş hər üç şahidin ifadələri ilə təsdiq olunur. Eyni zamanda Ağdam rayon Təhsil şöbəsi tərəfindən də ərizəçinin Nəmirli kənd orta məktəbində işləməsi təkzib edilməmişdir, həmin faktı təsdiq edən sənədlərin 1993-cü ildə işğal nəticəsində kənddə qaldığı bildirilmişdir. Həmçinin maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında ərizədə göstərilən tələbi qismən, ərizəçinin 1985-1993-cü illər ərzində Ağdam rayon Nəmirli kənd orta məktəbində işləməsi faktının müəyyən edilməsi hissəsində qəbul etdiklərini, belə ki, həmin faktın şahid ifadələri ilə də təsdiq olunduğunu bildirmişdir.

47. Bununla yanaşı məhkəmə ərizəçinin tələbinin xx.xx.1977-ci il tarixdən xx.xx.1981-ci il tarixədək Ağdam rayonu, Nəmirli kənd orta məktəbində katibə vəzifəsində işləməsi ilə bağlı hissəsinə tənqidi yanaşaraq hesab edir ki, göstərilən xüsusat məhkəmə tədqiqatı zamanı təsdiqini tapmamışdır. Belə ki, həmin fakt yalnız bir şahid tərəfindən təsdiq olunsa da, uzun müddət ərizəçi ilə bir yerdə işləmiş digər şahidlər tərəfindən təsdiq edilməmişdir. Həmin faktın təsdiqi ilə bağlı ərizəçi tərəfindən başqa sübut da məhkəməyə təqdim olunmamışdır. Həmçinin ərizəçi qeyd olunan illərdə əmək müqaviləsi əsasında katibə vəzifəsində işləməsini bildirsə də, onun həmin dövrdə yaşı, təhsili nəzərə alındıqda onunla əmək müqaviləsinin bağlanması inandırıcı deyildir. Buna görə də məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilə bilməz. Tətbiq edilən prosessual normalar:

48. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:

49. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. (Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsi) Nəticə:

50. Beləliklə məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, Ərizəçi xx.xx.1985-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Ağdam rayonu, Nəmirli kənd orta məktəbində müəllim vəzifəsində işləməsi faktı müəyyən edilməli, ərizə qalan hissədə təmin edilməməlidir.

51. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci, 308-ci və 310-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizə qismən təmin edilsin. Ərizəçi xx.xx.1985-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Ağdam rayonu, Nəmirli kənd orta məktəbində müəllim vəzifəsində işləməsi faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar