Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-6666/2021 19.08.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, Ərizəçi “doğum haqqında şəhadətnamədə olan ad,soyad və ata adı ilə şəxsiyyət vəsiqəsi, ölüm şəhadətnaməsində ad, soyad və ata adının eyni şəxsə məxsus olması” tələbinə dair ərizəsini Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, doğum haqqında şəhadətnamədə olan ad, soyad və ata adı ilə şəxsiyyət vəsiqəsi, ölüm şəhadətnaməsində olan, ad, soyad və ata adının eyni şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, ailə qurduqdan sonra yuxarıda qeyd etdiyi ünvanda 1956-cı ildən qeydiyyatdadır. X1 ilə 1964-cü ildən rəsmi nikahda olmuş və bu günə qədər də, həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Təəssüf hissi ilə qeyd edir ki, X3 Babali oğlu 2016-cı ilin iyun ayında vəfat etmişdir. Məlumatsızlığından və səhhəti ilə əlaqədar bugünə qədər vərəsəlik açılması ilə əlaqədar müraciət etməmişdir.Hər bir Azərbaycan Respublikasının vətəndaşı kimi o da, sənədləşdirmə işlərini yekunlaşdırmaq istəmişdir. Bu zaman məlum olmuşdur ki, yoldaşının doğum haqqında şəhadətnaməsində ata adı Babali olmasına baxmayaraq, bu günə qədər şəxsiyyət vəsiqəsində və ölüm haqqında şəhadətnaməsində ata adı Baləli yazılmışdır. Doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqəsi arasında ad, soyad və ata adı ilə bağlı uyğunsuzluğun aradan qaldırılması üçün məhkəməyə müraciət etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmədə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxılır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Plenum qərarında qeyd edilmişdir ki, Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə ( mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. Bundan başqa həmin qərarda göstərilmişdir ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, ərizəçi mərhum həyat yoldaşının doğum şəhdaətnaməsi ilə onun şəxsiyyət vəsiqəsi arasında olan uyğunsuzluqdan narazıdır və bunun davamı olaraq ölüm haqqında şəhadətnamə ilə də doğum haqqında şəhadətnamə arasında uyğunsuzluq yaranmışdır.Nəticədə qanun üzrə vərəsəlik haqqında şəhadətnamə ala bilməmişdir. Yuxarıda qeyd olunan Plenum qərarının məzmunundan göründüyü kimi, ərizəçinin müəyyən edilməsini xahiş etdiyi fakt hüquqi əhəmiyyətli deyildir. Belə ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutmuşdur. Lakin ərizəçinin nəzərinə çatdırılır ki, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilməsi mümkündür. Belə ki, bununla bağlı hüquqi tənzimləmə mexanizmi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 339-341-ci maddələrində göstərilmişdir. Eyni zamanda ərizəçiyə izah edilməlidir ki, onun şəxsiyyət vəsiqəsinin üzərindəki məlumatların səhv qeydə alınması barədə müvafiq icra hakimiyyəti orqanına müraciət etmək, dəyişiklik edilməsindən əsassız imtina edildiyi halda isə müvafiq tələblə İnzibati Məhkəməyə müraciət etmək hüququ vardır. Odur ki, ərizənin icraata qəbul edilməsindən imtina edilməli, ərizəçiyə tələbinin mahiyyətindən asılı olaraq qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyətinə və ya məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir; 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir; 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur; 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü, 267- 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi “doğum haqqında şəhadətnamədə olan ad, soyad və ata adı ilə şəxsiyyət vəsiqəqi, ölüm şəhadətnaməsində ad, soyad və ata adının eyni şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada təqdim edilsin. Ərizəçiyə tələbinin mahiyyətindən asılı olaraq qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyətinə və ya müvafiq məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-6666/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-6666/2021
19.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver