Məhkəmə qərarları › İş №2(001)-6690/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6690/2023

19.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6690/2023 19.12.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, Ərizəçinin nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə X6 doğum faktının müəyyən edilməsinə dair Ərizəçi ərizəsi üzrə mülki işə 19 dekabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, atası X6 13 aprel 1968-ci il tarixdə Ermənistanın Meqri rayonunda doğulması, atasının X11, anasının isə X12masına dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi, doğum akt qeydinin “soyad, ad, ata adı” qrafasında “X13”, “atası” qrafasında “X11”, “milliyyəti” qrafasında “azərbaycanlı”, “anası” qrafasında “X16”, “milliyyəti” qrafasında “azərbaycanlı” yazılması vəzifəsinin Bakı şəhəri Maraqlı şəxsnə həvalə olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin atası X13 13 aprel 1968-ci il tarixdə Ermənistanın Meqri rayonunda anadan olmuşdur. Hazırda onun doğum haqqında şəhadətnaməsi yoxdur. Belə ki, onlar 1988-ci il tarixdə məlum hadisələrlə bağlı yaşadıqları yerdən köçərək Azərbaycana gəlmişdir. Onun 13 aprel 1968-ci il tarixdə Ermənistanın Meqri rayonunda doğulması Ermənistan Meqri rayon X10 İcraiyyə Komitəsində qeydə alınmış və ona doğum haqqında şəhadətnamə, yetkinlik yaşına çatdıqdan sonra isə Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsi verilmişdir. Ərizəçinin atası 10 oktyabr 2019-cu il tarixdə vəfat etmişdir. Ondan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Maştağa bağ massivi, sahə 248 ünvanında yerləşən torpaq sahəsi və onun üzərində fərdi yaşayış evi miras qalmışdır. Həmin torpaq sahəsi və üzərindəki tikili X13 vəfat edən günədək ərizəçinin sahibliyində və istifadəsində olmuş, atasının vəfatından sonra da ərizəçi əmlaka faktiki sahiblik etməklə, miras əmlakı faktiki olaraq qəbul etmişdir. Ərizəçi miras əmlakın qəbulu ilə bağlı Bakı şəhəri 27 saylı notariat ofisinə müraciət etmiş, lakin tələb olunan sənədlər siyahısında atasının doğum haqqında şəhadətnaməsinin də ya əsli, ya da notarial qaydada təsdiq edilmiş surəti tələb olunmuşdur. Bundan sonra ərizəçi atasına aid doğum haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxsnə müraciət etsə də, ərizəsinin təmin olunmasından imtina edilmişdir. Buna görə də, ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi Vəkil ərizədə göstərilənləri təsdiq etdiyini, ərizəni müdafiə etdiyini bildirib, təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, ərizəçi onun qardaşı X6 övladıdır. Mərhum qardaşı Zəfər Ermənistanda orta məktəbi bitirdikdən sonra onlar birlikdə Azərbaycana köçməli olmuşlar. Qardaşının da onun kimi doğum haqqında şəhadətnaməsi köç ərəfəsində itmiş, güman olunur ki, Meqri rayonundakı evdə qalmışdır. Atasından qalan miras əmlakla bağlı o da məcburən məhkəməyə ərizə ilə müraciət edərək, doğum haqqında akt qeydinin bərpasını xahiş etmiş, ərizəsi təmin edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 və X9 da qardaşı X2 ifadəsinə uyğun ifadə verdilər. Mülki iş materiallarında olan: - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxxx 1992-ci il tarixdə doğulmuş, atası X13 (milliyyəti “azərbaycanlı”, anası X3r (milliyyəti “azərbaycanlı). - Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, 13 aprel 1968-ci il tarixdə Ermənistanın Meqri rayonunda doğulmuş X13 ilə X7 11 oktyabr 1991-ci il tarixdə Bakı şəhəri Binəqədi rayon VVADQ (qeydiyyat) idarəsində rəsmi nikaha daxil olmuşlar. - AZE seriyalı, 05462700 nömrəli “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi”nin surətindən görünür ki, X13 13 aprel 1968-ci il tarixdə Ermənistanın Meqri rayonunda doğulmuşdur. - Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 10 oktyabr 2019-cu il tarixdə vəfat etmişdir. - AZE seriyalı, 15876165 nömrəli “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi”nin surətindən və SSR pasportunun surətindən görünür ki, X6 atası X11 23 mart 1938-ci il tarixdə Ermənistanın Meqri rayonunda doğulmuş, milliyyətcə azərbaycanlıdır. - AZE seriyalı, 03874834 nömrəli “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi”nin surətindən və SSR pasportunun surətindən görünür ki, X6 anası X16 11 dekabr 1941-ci il tarixdə Rusiya Federasiyasının Başqırdıstan vilayətində rayonunda doğulmuş, milliyyətcə rusdur. - Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 29 oktyabr 2021-ci il tarixdə vəfat etmişdir. - Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 10 iyul 2021-ci il tarixdə vəfat etmişdir. - Bakı şəhəri 27 saylı notariat ofisi tərəfindən Ərizəçi ünvanlandırılmış 09 avqust 2023-cü il tarixli, 134 saylı məktubda göstərilmişdir ki, “10 oktyabr 2019-cu il tarixdə vəfat etmiş X5 miras qalmış əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün miras qoyanın adına vərəsəlik işi açılmalıdır. Vərəsəlik işinin açılması üçün siz aşağıda qeyd olunan sənədlərlə notariat ofisinə müraciət etməlisiniz:...miras qoyanın doğum haqqında şəhadətnaməsinin əsli və ya notariat qaydasında təsdiq edilmiş surəti.” - Bakı şəhəri Binəədi rayon qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlandırılmış 06 oktyabr 2023-cü il tarixli məktubda göstərilmişdir ki, “Sizin Maraqlı şəxsnə xx.xx.2023-cü il tarixdə xx.xx.1968-ci ildə Ermənistan, Meğri rayonunda doğulmuş, xx.xx.2020-ci ildə vəfat etmiş atanız X6 doğumu haqqında şəhadətnamənin istənilməsi barədə ərizəniz daxil olmuşdur. Binəqədi rayonu qeydiyyat şöbəsi bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli, 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyətləri aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaları”-nın birinci bəndinə əsasən, kifayət qədər əsaslar olmadığı üçün ərizənizi təmin edə bilmirik. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, şahid ifadələrini dinləyib mülki iş materiallarını tədqiq edərək hesab edir ki, ərizənin qismən təmin edilməsi üçün əsaslar mövcuddur. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. - 307.2.3-cü maddəsinə əsasən məhkəmədoğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. - 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. - 309.1-ci maddəsinə əasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. - 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. - 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəaların” 14-cü bəndində qeyd edilmişdir ki, itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. İşin hallarından göründüyü kimi ərizəçi atasının doğumu barədə müvafiq qeyd əvvəllər mövcud olmuşdur, çünki ərizəçinin atasının şəxsiyyət vəsiqəsində onun doğum tarixi və yeri barədə məlumatlar əks olunmuşdur. Bundan başqa, məhkəmə iclasında şahid qismində ifadə verən ərizəçinin əmisi və bibilərinin ata adı və soyadlarında ərizəçinin atasının ata adı və soyadındakı uyğunluq, doğum yerlərinin Ermənistan, Mehri (Meqri) rayonu olması ərizəsinin əsaslı olması qənaətinə gəlməyə əsas verir. Bu səbəbdən məhkəmə o qənaətə gəlir ki, ərizəçinin atasının şəxsiyyət vəsiqəsində onun doğulduğu yer və tarix barədə məlumatlar əks olunduğuna, həmin məlumatlar şahid ifadələri ilə təsdiq edildiyinə və doğum haqqında akt qeydini başqa qaydada bərpa etmək mümkün olmadığına görə doğumunun qeydə edilmə faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Lakin nəzərə alınmalıdır ki, ərizəçi atasının anasının milliyətinin azərbaycanlı olduğunu iddia etsə də, iş materiallarından olan İİ-СЛ seriyalı, 541724 saylı Sovet Sosialist Respublikaları İttifaqının ümumvətandaş pasportunun surətindən müəyyən edildi ki, xx.xx.1941-ci il tarixində Rusiya Federasiyası, Başqırdıstanda doğulmuş X16 milliyətcə rusdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, ərizəçinin atası X6 xx.xx.1968-ci il tarixdə Ermənistanın, Meqri rayonunda doğumunun qeydə alınma faktı müəyyən edilməli, bununla bağlı doğum haqqında akt qeydləri kitabında müvafiq qeyd aparılmaqla, doğum akt qeydinin “soyad, ad, ata adı” qrafasında “X13”, “atası” qrafasında “X11”, “milliyyəti” qrafasında “azərbaycanlı”, “anası” qrafasında “X16”, “milliyyəti” qrafasında “rus” göstərilməli, doğum aktının qeydə alınması və buna dair şəhadətnamə verilməsi Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilməlidir. Ərizə qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizəçi ərizəsi qismən təmin edilsin. Ərizəçi atası X6 xx.xx.1968-ci il tarixdə Ermənistanın, Meqri rayonunda doğumunun qeydə alınma faktı müəyyən edilsin. Bununla bağlı doğum haqqında akt qeydləri kitabında müvafiq qeyd aparılmaqla, doğum akt qeydinin “soyad, ad, ata adı” qrafasında “X13”, “atası” qrafasında “X11”, “milliyyəti” qrafasında “azərbaycanlı”, “anası” qrafasında “X16”, “milliyyəti” qrafasında “rus” göstərilsin. Doğum aktının qeydə alınması və buna dair şəhadətnamə verilməsi Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar