Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-674/2022 15.02.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı X1 cavabdeh X4 qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı X5 cavabdeh X4 qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057-68, 2 saylı evin 3 saylı mənzilindən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057-68, 2 saylı evin 3 saylı mənzili (3 otaqlı, ümumi sahəsi 53,01 kv.m) Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, 27 may 2019cu il tarixli çıxarış əsasında onun xüsusi mülkiyyətindədir. Mənzildə qızı X6 ilə birlikdə yaşayırlar. Lakin oğlu X9 uzun illərdir ki, mənzildə yaşamır və ölkədən köçüb yaşamaq üçün Türkiyəyə getmişdir. Həmin yaşayış evi onun mülkiyyətində olsa da, cavabdeh onun hüquqlarını pozaraq mənzilin pasport qeydiyyatından çıxmamışdır. Cavabdeh onun mənzilində formal pasport qeydiyyatında olsa da 2013-cü ildən sonra bir gün də mənzildə yaşamamışdır, o, isə əlavə kommunal xərclər ödəmək məcburiyyətində qalmışdır. Cavabdehin formal olaraq onun mənzilində pasport qeydiyyatında qalması onun mülkiyyət hüquqlarını pozur ki, bu da yolverilməzdir. Məhkəmə iclasında iştirak edən iddiaçı yuxarıda göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Həmçinin ona verilmiş suala cavab olaraq bildirmişdir ki, mübahisəli mənzil 2019-cu ildən əvvəldə iddiaçının mülkiyyətində olsa da, lakin sənədlərdə olan problemlərə görə 2019-cu il də iddiaçının adına rəsmiləşdirilmişdir. Cavabdehin həmin mənzilə istifadə hüququ olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə çatdırılması üçün məhkəmə bildirişi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən 107 saylı Mənzil-Kommunal İstismar Sahəsinə göndərilmiş, 107 saylı Mənzil-Kommunal İstismar Sahəsi 29 dekabr 2021-ci il tarixli məktubla bildirmişdir ki, X9 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057-68, 2 saylı evin 3 saylı mənzilində qeydiyyatda olmasına baxmayaraq qonşuların şahidlik aktına əsasən uzun müddətdir ki, həmin ünvanda yaşamır və bu səbəbdən bildirişi çatdırmaq mümkün olmamışdır. Məhkəmə göstərilənlərə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara görə iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X7 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, iddiaçının qızıdır. Cavabdeh isə onun qardaşıdır. Qardaşı Ramin 2011-ci ildə ailə həyatı qurmuş, 2013-cü ildə isə ailəsi ilə birlikdə daimi yaşayış üçün Türkiyə Respublikasına köçmüşdür. Qardaşı hazırki vaxta qədər qayıtmamış, getdiyi vaxtdan onlarla əlaqələrini də kəsmişdir. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirdi ki, mübahisəli mənzil əvvəldən anasına məxsus olmuş, sadəcə olaraq qohumlarının adına rəsmiləşdirilmiş, çünki anasının Bakı şəhərində qeydiyyatı olmamışdır. Mənzili 2019-cu ildə anası öz adına rəsmiləşdirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, iddiaçının 20 illik qonşusudur. Belə ki, o, Ağdam rayonundan məcburi köçkün kimi Binəqədi rayonunda məskunlaşmışdır. İddiaçı ilə mütəmadi olaraq gedişgəlişləri vardır. İddiaçının oğlu Ramin 2011-ci ildə ailə həyatı qurmuş və 2013-cü ildə ailəsi ilə birlikdə Türkiyə Respublikasına köçmüşdür. O vaxtdan Ramini iddiaçının evində görməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057-68, 2 saylı evin 3 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə X1 adına qeydiyyatdan keçirilmiş və bu barədə 27 may 2019-cu il tarixdə, ********** nömrəli qeydiyyat aparılmışdır; İş materiallarında olan 107 saylı Mənzil-Kommunal İstismar Sahəsinin 02 noyabr 2021-ci il tarixli məktubundan görünür ki, qonşuların şahidlik aktına əsasən X9 2013-cü ilin may ayından Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057-68, 2 saylı evin 3 saylı mənzilində yaşamır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin l-ci və 2-ci hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057-68, 2 saylı evin 3 saylı mənzili iddiaçının xüsusi mülkiyyətindədir. Hazırki iş üzrə cavabdeh iddiaçının oğludur. Eyni zamanda işdə olan sənədlərlə, habelə şahidlərin ifadəsi ilə müəyyən edildi ki, cavabdeh 2013-cü ildən iddiaçıya məxsus mənzildə yaşamır, daimi yaşayış üçün Türkiyə Respublikasına köçmüşdür. Göründüyü kimi, cavabdehin iddiaçıya məxsus yaşayış sahəsinə ehtiyacı aradan qalxmışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli və cavabdeh X3 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057-68, 2 saylı evin 3 saylı mənzilindən istifadə hüququna xitam verilməli, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh X3 iddiaçı X1 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057-68, ev 2, 3 saylı mənzilindən istifadə hüququna xitam verilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-674/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-674/2022
15.02.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver