Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6749/2022 20.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Abdulova İlahə Telman qızının katibliyi, İddiaçı X6, Cavabdeh və onun nümayəndəsi, vəkil X1, X3 Addıxanovnanın iştirakları ilə, İddiaçı X6 Cavabdeh qarşı “mənzilə istifadə qaydalarının müəyyən edilməklə, köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları:
1. İddiaçı X9 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, X4 küçəsi, B13, m ünvanına istifadə qaydalarının müəyyən edilməklə, mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Cavabdeh bacısıdır. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ ilə 1/3 hissədə ona, 2/3 hissədə qardaşı Cavabdeh məxsusdur. Lakin qardaşı onu xüsusi mülkiyyətində olan fərdi yaşayış evinə daxil olmağına imkan vermir. Belə ki, yaşlı anası ona məxsus olan fərdi yaşayış evində yaşayır. Hətta yaşlı anasına qulluq etmək imkanından məhrum olmuşdur. Qeyd edilən və mülkiyyətində olan əmlakın girişində yerləşən dəmir qapının açarları dəyişdirildiyindən mənzilə daxil ola bilmir. Bu barədə ərazi üzrə Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin 4-cü PŞ-nə müraciəti əsasında bildirmişdilər ki, təhqiqat zamanı 2015-ci ildə atası Federonun dünyasını dəyişməsindən sonra onun yaşadığı ünvana 2021ci il tarixdə gələn zaman evin giriş qapısının kilidinin dəyişməsi, bu barədə gəlini olan Olqadan soruşduqda onu evə buraxmamasını qeyd etmişdir. Bununla da toplanmış təhqiqat materiallarından görünür ki, vətəndaş X6 müraciətində qeyd edilən xüsusatlar mülki xarakter daşıyır. Belə olan halda vətəndaş X6 müraciəti əsasında toplanmış materialda cinayət tərkibi yaranmadığı nəzərə alınaraq, material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi qərar alınmışdır. Vətəndaşa mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclasında iştirak edən iddiaçı tərcüməçinin köməyi ilə izahatında bildirmişdir ki, cavabdehlə barışmaq niyyətində deyildir. Evinin rəsmi sənədi var və sənəd əsasında evinə köçürülmək istəyir. O evə ehtiyacı yoxdur. Sadəcə anası ilə həmin evdə yaşamaq istəyir. Ümumiyyətlə həmin mənzildə öz otağından, istədiyi vaxt öz ərazisindən istifadə etmək niyyətindədir.
4. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir. Cavabdeh ona evə gəlməyə icazə vermir. Onu evdən qovublar. O, 1980-ci ildən, yəni 18 yaşından həmin evdən çıxmışdır. Lakin anası xəstə olduğundan ona qulluq etmək üçün evə gəlib-getmişdir. Ev texniki pasportunda 2 otaqlı göstərilsə də, əslində 3 otağı var: 1 otaqda anası, 1 otaqda Sergey və yoldaşı yaşayır, 1 otaq isə qonaq otağıdır. Onun mənzilə 1/3 hissədə pay hüququ vardır. Onun yaşamaq üçün başqa evi var. Hazırki iddianı ona görə vermişdir ki, onun bu evə gedib gəlməyinə problem olmasın. Özü bu evdə yaşamaq istəmir.
5. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, iddiaçının orada yaşamasına ona görə maneçilik törətmişdir ki, iddiaçı anası ilə birlikdə içki içir və sonradan çıxıb gedir, lakin əziyyətini onlar çəkmək məcburiyyətində qalır.
6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi, vəkil izahatında bildirmişdir ki, iddia tələbini mənzilə köçürülməsi hissəsində qəbul etsə də, istifadə qaydasının müəyyən edilməsində qəbul etmirlər. Belə ki, mənzilin bir hamam otağı, bir mətbəx və.s vardır, bu səbəbdən istifadə qaydası müəyyən edilə bilməz. Bundan başqa iddiaçı həmin mənzilə köçürüləcəksə, kommunal xərcləri də, ödəməlidir.
7. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi, vəkil izahatında bildirmişdir ki, məhkəməyə ünvanladığı etirazı müdafiə edir. İddiaçının mənzilə dair 1/3 hissədə pay hüququ vardır. Onun oraya gedib-gəlməsinə heç kim mane olmur. Hətta iddiaçı 2 gün qabaq da həmin mənzildə olmuşdur. Ev 2 oaqlıdır. 1 otaqda Sergey, arvadı və qızı, digər otaqda anası yaşayır. İddiaçının oraya köçürülməsinə etirazı yoxdur. Lakin mənzildən istifadə qaydalarının müəyyən edilməsi qeyri-mümkündür. Çünki mənzilin 1 mətbəxi, 1 hamam-tualeti vardır. Onlar da ümumi istifadə olunan yerlərdir.
8. Bundan başqa cavabdehin nümayəndəsi, vəkil iddiaya dair yazılı etirazını məhkəməyə təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, İddiaçı Yudina Larisa (bundan sonra İddiaçı) Cavabdeh Fyodreviçə (bundan sonra cavabdeh) qarşı “mənzilə istifadə qaydalarının müəyyən edilməklə, mənzilə köçürülməyə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, X4 küçəsi, ev 13 ünvanda istifadə qaydalarının müəyyən edilməklə, həmin evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh Fyodreviç onun qardaşıdır. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, X4 küçəsi, ev 13 ünvanda yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ ilə 1/3 hissədə ona, 2/3 hissədə isə cavabdehə məxsusdur. Lakin, cavabdeh mülkiyyətində olan fərdi yaşayış evinə daxil olmağa, həmin evədə yaşayan yaşlı analarına qulluq etməyə belə imkan vermir. Bu səbəbdən də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İddia ərizəsindən göründüyü kimi, iddiaçının tələbi 2 hissədən ibarətdir: 1) Mülkiyyətində olan fərdi yaşayış evinə köçürülmə; 2) Həmin evdə istifadə qaydalarının müəyyən edilməsi. İddia tələbinin birinci hissəsi (fərdi yaşayış evinə köçürülmə) ilə bağlı bildirmək istəyir ki, iddaçı ilə aralarında belə bir mübahisə yoxdur və olmamışdır, ona görə ki, iddiaçıda onun kimi mübahisələndirilən fərdi yaşayış sahəsinin mülkiyyətçisidir. Həmin fərdi yaşayış evindən istifadə etməsi onun hüququdur. İş üzrə cavabdeh kimi onun tərəfindən və ya həmin fərdi yaşayış evində yaşayan anası X2 nə də ki, arvadı, X7 və ya qızı, X8 tərəfindən iddiaçının mülkiyyətində olduğu fərdi yaşayış evindən istifadə etməsinə etirazı olmamışdır. İddia tələbinin ikinci hissəsi (fərdi yaşayış evində istifadə qaydalarının müəyyən edilməsi) ilə bağlı bildirmək istəyir ki, qeyd olunan fərdi yaşayış evində istifadə qaydaları müəyyən oluna bilməz. Etiraza əlavə olunmuş mübahisəli fərdi yaşayış evinin texniki pasportundan göründüyü kimi, qeyd edilən evin ümümi yaşayış sahəsi 49,3 kv.metdir, 2 otaqlıdır, otaqlardan birin sahəsi 16,6 kv.metr, digərinin sahəsi 11,4 kv.metrdir, qalan sahə isə qeyri yaşayış sahələridir (mətbəxt 8,88 kv.m., hamam otağı 4,6 kv.m., holl 7,33kv.m. və giriş 0,72 kv.m.). Həmin fərdi yaşayış evinin bir giriş qapısı vardır və həmin fərdi yaşayış evində istifadə qaydaları müəyyən olunduğu halda, bu mülkiyyətçilərin və istifadə hüququ olan şəxslərin hüquqlarını məhdudlaşdıracaq. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
9. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, X4 küçəsi, b. 13, mənzil ünvanında yerləşən ümumi sahəsi 49,53 kv.m olan mənzil 1/3 hissədə pay hüququ ilə Yudina Larisaya, 2/3 hissədə Cavabdeh məxsusdur. Cavabdeh məxsus hissə xx.xx.2016cı il tarixində daşınmaz əmlakın dövlət reyestrində 2396 nömrəli reyestr kitabının 222988 nömrəli vərəqində qeydiyyata alınmışdır. Yudina Larisaya məxsus hissə xx.xx.2019-cu il tarixində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
10. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən təqdim edilən xx.xx.2015-ci il tarixli texniki pasportun surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, X4 küçəsi, b.13 m-ünvanında yerləşən mənzil 1 mərtəbədən, 2 otaqdan ibarətdir. Otaqların təyinatı: dəhliz, 2 yaşayış otağı, mətbəx hamam, sanitar qovşaqdan ibarətdir.
11. 13.03.2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, vətəndaş X6 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmışdır.
12. Qərarda göstərilir: araşdırma zamanı izahatı alınan vətəndaş X9 bildirmişdir ki, 1981-ci ildə Türkmənistan Respublikasında Yudin İqır Afanasyeviç ilə rəsmi nikaha daxil olmuş, bu evlilikdən 2 övladı dünyaya gəlmişdir. 2004-cü il tarixdə həyat yoldaşı rəhmətə getmiş, 2009-cu il tarixdə Bakı şəhərinə gəlmiş, 2015-ci il tarixində atası Fedeorun dünyasını dəyişməsindən sonra onun yaşadığı ünvana 2021-ci il tarixdə gələn zaman evin qapısının kilidinin dəyişilməsi, bu barədə gəlini olan Olqadan soruşduqda onu evə buraxmaması barədə qeyd etmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
13. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, X4 küçəsi, ev 13, mənzil - ünvanında yerləşən ümumi sahəsi 49,53 kv.m olan mənzil 1/3 hissədə pay hüququ ilə Yudina Larisaya, 2/3 hissədə Cavabdeh məxsusdur.
14. Yudina Larisa Cavabdeh bacısıdır.
15. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, X4 küçəsi, ev 13, mənzil - ünvanında yerləşən mənzildə faktiki olaraq, cavabdeh, onun anası, qızı və arvadı yaşayır.
16. İddiaçı mübahisəli mənzildən 1980-cı ildə, 18 yaşında olarkən çıxmışdır. Hazırda başqa ünvanda yaşayır. Öz izahatlarında bu faktları təsdiq etməklə yanaşı, həmçinin həmin evə ehtiyacı olmadığını, yaşlı anasına qulluq etmək üçün maneəsiz olaraq evdən istifadə etmək və anası ilə yaşamaq üçün ora köçürülmək istədiyini bildirmişdir.
17. Cavabdeh və onun nümayəndəsi, vəkil isə iddianı iddianı mənzilə köçürülmə hissəsində qəbul etdiklərini bildirməklə iddianı qismən qəbul edirlər. Cavabdeh bacısının mənzildən istifadəsinə və anasına qulluq etməsinə, nə özü, nə də ki, ailəsi tərəfindən maneə yaradılmadığını bildirir. Cavabdehin nümayəndəsi, vəkil isə mənzildə 3 yox, texniki pasportda göstərilən qaydada 2 otağın olduğunu, qalan otaqların ümumi istifadədə olan qeyri-yaşayış sahəsi olduğunu bildirməklə, mənzildən istifadə qaydalarının müəyyən edilməsinin mümkün olmadığını bildirir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
18. Məhkəmə əvvəla qeyd edilməsini zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Belə ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən edilmiş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
19. Bundan başqa məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən edilmiş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
20. Bu səbəbdən paylı mülkiyyətçilərin ümumi mülkiyyətdən istifadəsi ilə bağlı Mülki Məcəllənin aşağıdakı normalarına nəzər yetirək.
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
22. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
23. 153.4. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir.
24. 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.
25. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.
26. 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir.
27. 215.3. Paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər.
28. 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir.
29. 217.1. Paylı mülkiyyətin hər bir mülkiyyətçisi vergilərin, rüsumların ödənilməsində və ümumi əmlak üzrə digər ödənişlərin verilməsində, habelə həmin əmlakın saxlanması və qorunması xərclərinin çəkilməsində öz payına uyğun surətdə iştirak etməlidir.
30. Sadalanan normalardan da göründüyü kimi hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Mülkiyyətçilərdən hər hansı birinin əmlaka sahiblik, istifadə və sərəncamla əlaqədar hüquqları digərlərinin hüquqlarından üstün sayıla bilməz. Mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır. Eyni zamanda sahibin qadağan olmuş özbaşınalıqdan müdafiə olunmaq və ya pozucudan pozuntulara son qoymağı tələb etmək ixtiyarı vardır.
31. İşin hallarından da müəyyən edildiyi kimi iddiaçı ümumi mülkiyyətdə olan əmlakın paylı mülkiyyətçisidir və onun mülkiyyətindən istifadə etməsinə cavabdeh tərəfindən maneə törədilir. Bu səbəbdən də iddiaçının mülkiyyət hüququndan irəli gələn haqlarını həyata keçirilməsinə törədilən mane qanunsuz hesab edilməli və iddiaçı mülkiyyətində olan əmlaka köçürülməlidir. Eyni zamanda cavabdeh tərəf də iddiaçının paylı mülkiyyət hüququnun mövcudluğunu və onun da mülkiyyətçi kimi əşyaya sahiblik, ondan istifadə etmək ixtiyarının olduğunu qəbul edir və iddianı həmin hissədə qəbul edir.
32. İstifadə qaydasının müəyyən edilməsi ilə bağlı isə məhkəmə onu qeyd edir ki, bu tələb evə köçürüldükdən sonra yaranan mübahisələrə aid olan məsələdir. Yəni belə tələblərə evə köçürülmə baş verdikdən sonra gələcəkdə evdən istifadə ilə bağlı mübahisələr yarandıqda baxıla bilər. Hazırki halda isə bununla bağlı mübahisə yoxdur və hər iki tərəf ümumi mülkiyyətdən ümumi istifadə edilməli olduğunun fərqindədir. Baxmayaraq ki, cavabdeh tərəf iddianı həmin hissədə qəbul etmir, lakin onun etirazının dəlilləri əslində formal mülahizələrdən ibarətdir və ümumi istifadə qaydası ilə bağlı mübahisənin yaranmadığına işarə edir.
33. Belə ki, cavabdeh tərəfin iddiaya etirazında qeyd edilmiş “yaşayış evinin texniki pasportundan göründüyü kimi, qeyd edilən evin ümümi yaşayış sahəsi 49,3 kv.metdir, 2 otaqlıdır, otaqlardan birin sahəsi 16,6 kv.metr, digərinin sahəsi 11,4 kv.metrdir, qalan sahə isə qeyri yaşayış sahələridir (mətbəxt 8,88 kv.m., hamam otağı 4,6 kv.m., holl 7,33kv.m. və giriş 0,72 kv.m.). Həmin fərdi yaşayış evinin bir giriş qapısı vardır və həmin fərdi yaşayış evində istifadə qaydaları müəyyən olunduğu halda, bu mülkiyyətçilərin və istifadə hüququ olan şəxslərin hüquqlarını məhdudlaşdıracaq” məzmunlu mülahizələr əslində əmlakın naturada bölgüsü ilə bağlı olan mübahisələrə aid olan məsələdir. Yəni cavabdeh tərəf də ümumi mülkiyyətdən ümumi istifadə edilməsinin zəruriliyi qənaətindədir. Tətbiq edilən prosessual normalar:
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
35. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, X4 küçəsi, b.13 ünvanında yerləşən mənzilə köçürülməli, iddia qalan hissədə təmin edilməməli və iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
36. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə
qətetdi:
İddia qismən təmin edilsin. İddiaçı X9 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, X4 küçəsi, b. 13 ünvanında yerləşən mənzilə köşürülsün. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev