Məhkəmə qərarları › İş №2(001)-6789/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(001)-6789/2021

04.10.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6789/2021 04.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2nə və Cavabdeh1nə qarşı əmək müqaviləsinin ləğv edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə, daha sonra iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən X1 sistemində elektron qaydada qeydiyyata alınmış əmək müqaviləsi bildirişlərinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun xəbəri, razılığı olmadan və onunla kağız üzərində yazılı formada əmək müqaviləsi bağlamadan aşağıda adları qeyd olunan MMC-lərin baş direktoru X5 tərəfindən elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə saxta əmək müqaviləsi bildirişi daxil edilmiş və elektron informasiya sistemində qeydiyyata alınmışdır: Cavabdeh1ndə (VÖEN **********) 13 mart 2020-ci il tarixində xxxxxxx00700 nömrəli "əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi"nə əsasən 250 manat əmək haqqı ilə, Məşğulluq təsnifatı üzrə: assistend, kompüter/proqramlaşdırma, Əmək müqaviləsi üzrə: komputerçi vəzifəsinə (əsas iş yeri); Cavabdeh2ndə (VÖEN **********) 14 mart 2020-ci il tarixində xxxxxxx000800 nömrəli "əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi"nə əsasən 250 manat əmək haqqı ilə, Məşğulluq təsnifatı üzrə: Montajçı, elektronika/audio və videotexnika; Əmək müqaviləsi üzrə: montajçı-texnik (əlavə iş yeri) vəzifəsinə əmək müqavilələri bağlamışlar. Hal-hazırda elektron informasiya sistemində saxta əmək müqavilələri (əsas və əlavə) qüvvədə olduğuna görə heç bir yerdə işə düzələ bilmir. X4 və Kommersiya qurumlarının hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlara əsasən hər iki MMC-nin baş direktoru X3 və hüquqi ünvanı: ünvan 1ək müqavilələrinin ləğv edilməsi üçün MMC-lərin qeyd olunmuş hüquqi ünvanını axtarmış, lakin tapmaq mümkün olmamışdır. Binəqədi rayon Polis İdarəsinin 7-ci PB-nin 10 saylı İnzibati Ərazisinin üzrə sahə inspektoru polis leytinantı X6 və 10/01 saylı İnzibati Ərazisinin üzrə sahə inspektoru polis kapitanı X2 telefon vasitəsilə müraciət etmiş, hər iki sahə inspektorları qeyd olunan ünvan və ya ərazilərində qeydiyatda olan X5 adında şəxsi tanımadıqlarını bildirmişlər. Qeyd olunan MMC-lərin və ya baş direktorunun tapılmasında köməklik göstərilməsi üçün İqtisadiyyat Nazirliyinin yanında Dövlət vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə və İqtisadiyyat Nazirliyinin yanında Dövlət vergi Xidmətinin Bakı şəhəri X9 üzrə Baş idarəsinə rəsmi müraciət etmiş, lakin müraciətdə qaldırılan məsələlərin vergi orqanlarının qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlərinə aid olmadığından aidiyyəti üzrə müraciət etməyi tövsiyyə edilmişdir. Cavabdehlər tərəfindən bağlanmış əmək müqavilələrinin ləğv edilməsində köməklik göstərilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinə müraciət etmişdir. Müraciəti ilə əlaqədar olaraq X7 Xidməti müvafiq MMC-lərin hüquqi ünvanlarına sənədlərin təqdim olunması məqsədilə 21 iyun 2021-ci il tarixli **********1 saylı məktub göndərdiyini, lakin poçtun qəbzində "qapı bağlıdır" qeydi ilə geri qayıtdığını, bu səbəbdən müraciətinin araşdırılmasının mümkün olmadığı və qeyd edilənlərlə razılaşmadıqda məhkəməyə müraciət etməsini bildirmişlər. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını və cavabdehlərin nümayəndələrinin məhkəməyə gəlməmələri səbəbindən qiyabi qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdehlərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına dair ərizəsini və cavabdehlərin lazımi qaydada xəbərdar edilmiş hesab olunmasına baxmayaraq, məhkəmə iclasına gəlməmələrini nəzərə alaraq işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında internet portalından əldə edilmiş axtarışın nəticələrindən müəyyən olunur ki, Cavabdeh1 və Cavabdeh2 hüquqi ünvanları AZ1106, ünvan 4l 45-dir. 13 mart 2020-ci il tarixdə sistemə daxil edilmiş Əmək müqaviləsinin bağlanması ilə bağlı X4n görünür ki, İddiaçı əsas iş yeri 13 mart 2020-ci il tarixli əmək müqaviləsi üzrə Cavabdeh1, vəzifəsi assistent - komputer/proqramlaşdırma, aylıq əmək haqqının məbləği isə 250 manat göstərilmişdir. 14 mart 2020-ci il tarixdə sistemə daxil edilmiş Əmək müqaviləsinin bağlanması ilə bağlı X4n görünür ki, İddiaçı əlavə iş yeri 14 mart 2020-ci il tarixli əmək müqaviləsi üzrə “Cavabdeh2, vəzifəsi montajçı – elektronika/audio və videotexnika, aylıq əmək haqqının məbləği isə 250 manat göstərilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X9 üzrə Baş İdarəsinin İddiaçı ünvanladığı 26 may 2021-ci il tarixli məktubundan görünür ki, onun müraciətinə baxılmış və bildirilmişdir ki, işçi ilə bağlanmış əmək müqaviləsinə dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmçinin bildirilmişdir ki, Əmək müqaviləsi bildirişi, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. Müraciətdə qaldırılan məsələnin həlli dövlət vergi orqanlarının qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlərinə aid olmadığından aidiyyəti üzrə müraciət etməsi tövsiyə olunur. Vergi qanunvericiliyi və inzibatçılığı ilə bağlı məlumat almaq üçün Dövlət Vergi Xidmətinin internet saytına (www.taxes.gov.az), Çağrı Mərkəzinə (195) və ya əvvəlcədən onlayn növbəyə yazılmaqla vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edilə bilər. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin İddiaçı ünvanladığı 01 iyun 2021-ci il tarixli məktubundan görünür ki, onun müraciətinə baxılmış və bildirilmişdir ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 9-1.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. Eyni zamanda bildirilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında əsasnamənin 3.1.1-ci bəndinə əsasən öz səlahiyyətləri daxilində əmək qanununvericiliyinə əməl olunması sahəsində, o cümlədən işçilərlə əmək münasibətlərinin əmək müqaviləsi (kontraktı) əsasında tənzimlənməsi, əmək müqaviləsinin (kontraktının) bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron qaydada qeydiyyata alınması məqsədi ilə əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi, əməyin ödənilməsi, məzuniyyət və istirahət hüququnun təmin edilməsi, əməyin mühafizəsi, texniki təhlükəsizlik, əmək şəraiti, əmək xəsarəti ilə əlaqədar ödənclərin ödənilməsi, işçilərin və iş yerlərinin attestasiyası, işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası, iş prosesində əmək və əməyin mühafizəsi tələblərinə (iş davamiyyəti, əməyin təhlükəsizliyi, əməyin gigiyenası, qadınların, əlillərin, yaşı 18-dən az olan şəxslərin əməyindən istifadə olunması və s.) riayət edilməsi üzrə dövlət nəzarətini həyata keçirmək müvafiq nazirliyin vəzifələrinə aid olduğundan aidiyatı üzrə müraciət etməsi tövsiyyə olunur. Əlavə olarq bildirilmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti əmək qanunvericiliyinin tələblərinə uyğun digər istiqamətlərdə dövlət nəzarətini həyata keçirir, əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxsləri Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq dövlət orqanları qarşısında məsələ qaldıra bilər. Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195) və Vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edilə bilər. Azərbaycan Respublikası Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsinin İddiaçı ünvanladığı 12 iyul 2021-ci il tarixli məktubundan görünür ki, onun müraciəti ilə əlaqədar ‘‘X11 Otg” MMC və Cavabdeh1 MMC-nin hüquqi ünvanlarına ona aid olan sənədlərin təqdim olunması məqsədilə 21 iyun 2021-ci tarixli, **********1 saylı məktub göndərilmiş, lakin məktub poçtun qəbzində “qapı bağlıdır” qeydi ilə geri qaytarılmışdır. Bu səbəbdən müraciətin araşdırılması mümkün olmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X9 üzrə Baş İdarəsinin məhkəmənin sorğusuna ünvanladığı 16 sentyabr 2021-ci il tarixli cavab məktubundan görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında 13 mart 2020-ci il 2FYXG7000700 nömrəli, Cavabdeh2 arasında isə 14 mart 2020-ci il tarixli xxxxxxx000800 nömrəli bildiriş ilə əmək müqavilələri bağlanılmışdır. Eyni zamanda qeyd edilmişdir ki, Cavabdeh1 (VÖEN **********) tərəfindən muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqqları bəyannamələr təqdim edilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun məhkəmənin sorğusuna ünvanladığı 22 sentyabr 2021-ci il tarixli cavab məktubundan görünür ki, Nazirliyin “X1 Sistemi”nin Sığorta (hesabat) altsistemindən əldə olunan məlumatlara əsasən sığortaedənlər Cavabdeh1 (SUN **********2) və Cavabdeh2 (SUN **********5) tərəfindən rüblük “Məcburi dövlət sosial sığortası üzrə hesabat”lar təqdim edilmədiyindən müraciətdə qeyd edilmiş dövrlər üzrə İddiaçı xeyrinə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqqları barədə məlumatlar qeydə alınmamışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİ-İV hissələrinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 3.5-ci maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir; 3.5-1-ci maddəsinə görə əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2- 1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının X1 sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır; 42.1-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz; 49.1-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. İş materiallarından müəyyən olunur ki, cavabdehlər tərəfindən iddiaçı ilə bağlanan əmək müqavilələri üzrə ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqqları ödənilməmişdir. Bu isə ona dəlalət edir ki, cavabdehlər iddiaçı ilə əmək münasibətlərinə daxil olmadan, onunla əmək müqavilələri bağlamadan elektron informasiya sisteminə əmək müqaviləsi bildirişlərini daxil etməklə həmin elektron informasiya sistemində əmək müqavilələrini qeydiyyata almışlar. Bu isə iddiaçının Konstitusiya və əmək qanunvericiliyi ilə qorunan hüquqlarının pozulması ilə nəticələnmişdir. Ona görə də məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh1 üzərinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 sistemində qeydiyyata alınmış İddiaçı ilə 13 mart 2020-ci il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı bildirişin ləğv edilməsi öhdəliyi qoyulmalı, Cavabdeh2 üzərinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 sistemində qeydiyyata alınmış İddiaçı ilə 14 mart 2020-ci il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı bildirişin ləğv edilməsi öhdəliyi qoyulmalı, iddiaçı tərəfindən məhkəmədə iddianın qaldırılması ilə bağlı ödənilmiş 40 (qırx) manat məbləğində dövlət rüsumu isə onun özünə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 və 9.1.1-ci maddələrinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh1 üzərinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 sistemində qeydiyyata alınmış İddiaçı ilə 13 mart 2020-ci il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı bildirişin ləğv edilməsi öhdəliyi qoyulsun. Cavabdeh2 üzərinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 sistemində qeydiyyata alınmış İddiaçı ilə 14 mart 2020-ci il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı bildirişin ləğv edilməsi öhdəliyi qoyulsun. İddiaçı tərəfindən məhkəmədə iddianın qaldırılması ilə bağlı ödənilmiş 40 (qırx) manat məbləğində dövlət rüsumu onun özünə qaytarılsın. Qiyabi qətnamənin rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə ərizə, 1 (bir) ay müddətində isə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar