Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-6801/2025 10.10.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X1, İddiaçı cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsinə qarşı torpaq sahələrinin cavabdeh tərəfindən qanunsuz istifadəsinin tanınması və sair tələbinə dair iddia ərizəsini və iddia ərizəsinə əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsinə qarşı torpaq sahələrinin cavabdeh tərəfindən qanunsuz istifadəsinin tanınması və sair tələbinə dair iddia ərizəsi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə xx.xx.2025-ci il tarixdə daxil olmuşdur. İddiaçı ərizəsində aşağıdakıları xahiş etmişdir: “1. Mənə və ailəmə məxsus torpaq sahələrinin cavabdeh tərəfindən qanunsuz istifadəsinin tanınması;
2. Torpaq sahələrimizə dəymiş maddi ziyanın hesablanması və kompensasiyanın cavabdehdən tutulması;
3. Hüquqlarımızın tam bərpa olunması barədə qərar qəbul edilməsi”. Azərbaycan Respublikası Mülki Prosessual Məsəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin həmin Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi və iddia ərizəsinə əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə müvafiq olaraq, tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialara tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Həmin maddənin mənasına görə müəyyən kateqoriya mülki-hüquq münasibətləri üçün qanunda ərazi aidiyyətinin ümumi qaydalarından fərqli qaydada müəyyən edilib. Qanun bu halda mülki işin yalnız bu maddədə göstərilən məhkəmələrə aidiyyətini nəzərdə tutur və bu aidiyyət növü müstəsna aidiyyət adlanır. Müstəsna aidiyyətin xüsusiyyəti ondan ibrətdir ki, işin hansı məhkəməyə verilməsi iddiaçının iradəsindən asılı deyildir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 iyun 2021-ci il tarixli qərarında aşağıdakılar göstərilmişdir: “… Müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız Mülki Prosessual Məcəllənin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Müstəsna aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. Qeyd olunmalıdır ki, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir. Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin məzmununa görə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: - daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; - daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; - sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan). Beləliklə, müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir”. Mülki Prosessual Məcəllənin 152.1.3-cü maddəsinə görə, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hazırkı iddia birbaşa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39-cu maddəsinin təsir dairəsinə düşür və mübahisə Siyəzən rayonu ərazisində yerləşən daşınmaz əmlaklarla bağlıdır. Bundan əlavə iddia ərizəsində göstərilmiş tələb qeyri-müəyyən olmaqla mülki prosessual qanunvericiliyin imperativ normaları ilə nəzərdə tutulmuş mümkünlük şərtlərinə də cavab vermir. Halbuki, tələb aydın və konkret olmaqla iddia ərizəsində göstərilməlidir. Bununla da, hazırkı iş üzrə sahiblik və istifadə hüququnun tanınması və mülkiyyətçiyə təhvil verilməsi tələb edilən daşınmaz əmlakların Siyəzən rayonunun ərazisində yerləşməsini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı və iddiaçıya izah edilməlidir ki, Mülki Prosessual Məcəllənin 152.4-cü maddəsinin tələbləri baxımından iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada aidiyyəti üzrə işə baxmalı olan məhkəməyə müraciət etməyə mane olmur. Mülki Prosessual Məcəllənin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1, 152.1.3, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq,
QƏRARA ALDİ:
İddiaçı cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsinə qarşı torpaq sahələrinin cavabdeh tərəfindən qanunsuz istifadəsinin tanınması və sair tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada aidiyyəti üzrə işə baxmalı olan məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Səidə Məmmədova