Məhkəmə qərarları › İş №2(001)-6804/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6804/2021

26.10.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6804/2021 26.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əhmədli Fərid Elçin oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Ə.Əlixanov küçəsi, 79 nömrəli evə köçürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 18 may 2004-cü ildə Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsində rəsmiləşən nikahla X6 ilə ailə qurmuşdur. Cari ilin ortalarında X6 ilə onun münasibətləri pozulmuşdur. Ona edilən təzyiqlərə dözməyərək məcbur qalıb birgə yaşadıqları evdən getmişdir. Faktiki olaraq həmin tarixdən ayrılmışlar. X6 aralarında olan nikahın ləğv edilməsi üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Binəqədi Rayon Məhkəməsinin 30 sentybar 2020-ci il tarixli qətnaməsi ilə onların aralarında olan nikah pozulmuşdur. O, nikah bağlayandan ünvan 1 ünvanına köçmüşdür. O, hal-hazırda cavabdehlərin istifadəsində olan 11 dekabr 2020-ci il tarixində vəfat etmiş keçmiş mərhum ərinə məxsus olmuş mübahisəli ünvanda yaşamış və həmin evə qeydiyyat düşmüşdür. Hal-hazırda da həmin evdə qeydiyyatdadır. Ancaq cavabdehlər ona həmin evdən istifadə üçün imkan vermirlər. O, evdən çıxarıldıqdan sonra müxtəlif ünvanlarda kirayədə yaşamaq məcburiyyətində qalmışdır. İstənilən halda onun kirayədə yaşaması ona maddi çətinlik yaradır. Kirayədə yaşamaq və bununla bağlı yaranan bütün xərcləri ödəmək onun üçün olduqca çətindir. Belə olan halda qeydiyyatda olduğu evə köçürülməsi onun maddi vəziyyətini yaxşılaşdırar, eləcə də öz hüquqlarından istifadə etmiş olardı. Göstərilənlərə əsasən iddianın təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, bildirdi ki, o, mübahisəli evin mülkiyyətçisi ilə, yəni keçmiş mərhum əri X6 ilə 2004-cü ildə ailə quraraq həmin evdə yaşamağa başlasa da, lakin 2005-ci ildə həmin evə pasport qeydiyyatına düşmüşdür. Birgə nikahlarından övladları olmamışdır. 2004-cü ildən münasibətləri pozulana qədər həmin evdə yaşamış, həmin evdə təsərrüfat aparmışlar. Daha sonra X6 onu evdən çıxarmış və məhkəməyə nikahın pozulması barədə ərizə vermişdir. Onların nikahı məhkəmə qaydasında 30 sentyabr 2020-ci il tarixdə pozulmuşdur. Nikahın pozulmasından qısa müddət sonra isə X6 vəfat etmişdir. O, dəfələrlə mübahisəli evə köçüb yaşamasını istəsə də əvvəllər buna X6, onun vəfatından sonra isə cavabdehlər buna imkan verməmişdir. O, məcbur qalıb bir müddət kirayədə yaşasa da, artıq maddi gücü çatmır. Hər dəfə evə yaxınlaşmaq istədikdə, cavabdehlər onu evə buraxmır. Halbuki, mübahisəli ev onun mərhum ərinə məxsus olmuşdur, onun həmin evdən istifadə etmək hüququ vardır. Ona görə də iddianın təmin edilərək, onun həmin evə köçürülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçı ona verilmiş suallara cavab olaraq bildirdi ki, Cavabdeh1 keçmiş mərhum ərinin kürəkəni, digər cavabdehlər Fərid və Rəşid isə nəvələridir. O, hər dəfə evə yaxınlaşmaq istədikdə onu hədələyirlər və evə buraxmırlar. Cavabdehlərin məqsədləri evə sahiblənmək istəmələridir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) iddiaçının izahatını müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər məhkəmə iclaslarına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli, 2(001)- 2377/2020 saylı qətnaməsindən görünür ki, iddiaçı X6 ilə cavabdeh Şamilova (Məşədiyeva) Həqiqət Teymur qızı arasında 18 may 2004-cü il tarixdə Binəqədi rayon qeydiyyat şöbəsində bağlanmış, 341 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən 09 avqust 2021-ci il tarixdə verilmiş “yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan görünür ki, İddiaçı 14 noyabr 2005-ci il tarixdən Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Ə.Əlixanov küçəsi, 79 nömrəli evdə qeydiyyatdadır. Həmçinin qeyd olunan evdə digər şəxslər – X12, X6, X7, Cavabdeh1, X9, Cavabdeh2, X13, X10, Cavabdeh3 qeydiyyatdadırlar. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəmənin sorğusuna verilmiş 16 sentyabr 2021-ci il tarixli cavab məktubundan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ə.Əlixanov (keçmiş 40-cı sovet ordusu) küçəsi, 79 saylı fərdi yaşayış evi 03 mart 1975-ci il tarixində X11 adına ilkin qeydiyyatdan keçmişdir. 1 saylı Dövlət Notariat Kontorunun 18 avqust 1975-ci il tarixli 524 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən sözügedən fərdi yaşayış evinin 1/3 hissəsi X2 adına qeydiyyatdan keçmişdir. 1 saylı Dövlət Notariat Kontorunun 30 aprel 1982-ci il tarixli 1kn-57 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən evin 2/3 hissəsi X3 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. 11 saylı Dövlət Notariat Kontorunun 05 yanvar 1988-ci il tarixli 1/112 reyestr nömrəli alqısatqı müqaviləsinə əsasən evin 1/3 hissəsi X4 adına qeydiyyatdan keçmişdir. 20 saylı Dövlət Notariat Kontorunun 11 aprel 1989-cu il tarixli 4D-703 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən evin 1/3 hissəsi X5 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. 11 avqust 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, mübahisəli ev - Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ə.Əlixanov küçəsi, 79 saylı fərdi yaşayış evinin 2/3 hissəsi X3 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İddiaçı X6 ilə 18 may 2004-cü il tarixdə ailə quraraq mübahisəli evdə yaşamağa başlamış, 14 noyabr 2005-ci il tarixdə isə həmin evə pasport qeydiyyatına alınmışdır. İddiaçı ilə X3 nikahı 30 sentyabr 2020-ci il tarixdə pozulmuşdur. Nikahın pozulmasından sonra isə X6 vəfat etmişdir. Hazırda iddiaçı keçmiş mərhum əri ilə birlikdə yaşadığı, cavabdehlər tərəfindən buraxılmadığı mübahisəli evə köçürülməsini xahiş edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Göründüyü kimi, iddiaçının mübahisəli evdən istifadə edilməsi ilə bağlı münasibətlər 2004-cü ildə yarandığından hazırki mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin tələbləri tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Mülki Məcəllənin qeyd olunan normasının məzmunundan müəyyən olunur ki, iddiaçının mübahisəli evdən istifadə hüququ yaranmış və onunla X6 arasında ailə münasibətlərinə xitam verilməsinə baxmayaraq iddiaçının mübahisəli evdən istifadə hüququ saxlanılmışdır. Belə olan halda isə iddiaçı yaşadığı evdən qanunsuz məhrum edilə bilməz. Ona görə də məhkəmə mübahisəli evin 2/3 hissəsinin X3 (keçmiş mərhum ərinin) adına qeydiyyatdan keçdiyini nəzərə alaraq iddianı qismən əsaslı hesab edir və belə nəticəyə gəlir ki, iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Ə.Əlixanov küçəsi, 79 nömrəli evin X3 adına qeydiyyata alındığı 2/3 hissəsinə köçürülməli, iddia digər hissədə təmin edilməməli, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT E T D İ: İddia qismən təmin edilsin. İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Ə.Əlixanov küçəsi, 79 nömrəli evin X3 adına qeydiyyata alındığı 2/3 hissəsinə köçürülsün. Qalan hissədə iddia təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar