Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-685/2022 10.02.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3036 nömrəli akt qeydi ilə 02 avqust 2019-cu il tarixində onunla cavabdeh arasında bağlanmış nikahın etibarsız sayılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ailə həyatı qurmaq məqsədilə 02 avqust 2019-cıı il tarixində cavabdehlə 5 saylı “ASAN Xidmət” mərkəzinin qeydiyyat şöbəsində rəsmi nikah qeydiyyatından keçmişlər. Qısa müddət ərzində toya hazırlıq işləri görülmüşdür. Lakin toy mərasiminə çox az qalmış yaxın qohumu vəfat etdiyi üçün toy mərasiminin bir müddət yubanmasına qərar vermiş, həmin müddət ərzində cavabdeh bildirmişdir ki, işlə əlaqədar Türkiyə Respublikasına getmək məcburiyyətindədir. Onlar razılaşdılar ki, cavabdeh qayıdan kimi toy mərasimini keçirsinlər. Sonra isə mövcud "COVİD-19” pandemiya şəraiti ilə əlaqədar olaraq toy mərasimi baş tutmamışdır. Bu günə qədər o, Cavabdeh gözləmişdir. Son nəticədə anlamışdır ki, rəsmi nikah qeydiyyatından keçərkən, cavabdehin ailə qurmaq niyyəti olmamışdır. Ona dəfələrlə bu barədə irad bildirməyinə baxmayaraq, onunla ailə həyatı qurmaqdan yayınmışdır. Eyni zamanda, bu günə qədər bizim faktiki ər-arvad kimi ailə münasibətləri olmamışdır. Cavabdeh ilə nikahları sadəcə sənəd üzərində olmuşdur. Artıq o, düşünür ki, bundan sonra cavabdehlə ailə qurmağı və faktiki nikah münasibətində olmağı mümkün deyildir. Ona görə cavabdehlə aralarında faktiki olaraq ailə münasibətləri mövcud olmadığından və cavabdehin ailə qurmaq niyyəti olmadığından, həmçinin nikah bağlandığı anda nikahın saxta olmasını bilmədiyindən aralarında bağlanan nikah (saxta nikah) etibarsız sayılmalıdır. Həmçinin hazırki mübahisə ilə əlaqədar ailə mediasiyası keçirilmişdir. Keçirilən ilkin mediasiya sessiyasında cavabdeh iştirak etməmişdir. Münasibətlərinin bərpa olunması üçün mediator tərəfindən səy göstərilməsinə baxmayaraq, bu mümkün olmamışdır. Yəni, cavabdehin onunla ailə qurmaq niyyəti olmadığından mediasiya prosesinə gəlməkdən də yayınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirdi ki, o, telefon vasitəsilə cavabdehlə danışıb nikahın etibarsız sayılması barədə razılıq əldə etmişlər. Hazırki iddianı qaldırmaqda məqsəd yenidən ailə qurarkən onun əvvəl ailəli olmağı barədə məlumatların qeydiyyatdan silinməsidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: 5 saylı Bakı “Asan xidmət” mərkəzi rayon qeydiyyat şöbəsi tərəfindən 02 avqust 2019-cu il tarixdə verilmiş AZ-İİ seriyalı 351542 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı 02 avqust 2019-cu il tarixdə nikaha daxil olmuşlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 3096 nömrə ilə akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra arvada “Həsənova” soyadı verilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İ hissəsinə əsasən ailə cəmiyyətin əsas özəyi olmaqla dövlətin xüsusi himayəsindədir. Nikah hüququ “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 29-cu maddəsində, “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 21-ci maddəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 12-ci maddəsində təsbit olunmuşdur. Sözügedən beynəlxalq normalara uyğun olaraq nikah yaşına çatmış kişi və qadınların irqi, milli və dini əlamətlərinə görə heç bir məhdudiyyət qoyulmadan nikaha daxil olmaq, ailə qurmaq hüquqları var və nikah, nikaha daxil olan hər iki tərəfin azad və tam razılığı əsasında bağlana bilər. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.4-cü maddəsinin şərh edilməsinə dair” 2 noyabr 2010-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, kişi və qadının nikah ittifaqının könüllülüyü və iradə sərbəstliyi prinsipinə əsasən hər bir kişinin və qadının öz rəyi ilə könüllü surətdə, kənar şəxslərin təsiri olmadan özünə ər və arvad seçmək hüququ vardır. Nikaha daxil olan kişi və qadının qarşılıqlı könüllü razılığı nikahın bağlanmasının əsas şərtidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25.1-ci maddəsinə əsasən bu Məcəllənin 10-12-ci maddələrində və 13.3-cü maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər 02 avqust 2019-cu il tarixdə tarixdə nikahlarını müvafiq icra hakimiyyəti orqanında rəsmiləşdirmişlər. Hazırda iddiaçı, cavabdehin onunla faktiki ailə münasibətlərinə daxil olmadığı üçün nikahın etibarsızlığını xahiş edir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin ailə qurmağa niyyətinin olmadığını bildirərək nikahın etibarsızlığını tələb etsə də, cavabdehin ailə qurmaq niyyətinin olmaması ilə bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmiş, həmçinin, məhkəmə araşdırması zamanı da nikahın etibarsızlığına dəlalət edən hər hansı halın mövcudluğu öz təsdiqini tapmamışdır. Əksinə, iddia ərizəsindən görünür ki, tərəflər toya hazırlıq işləri görmüş, lakin toy mərasiminə çox az qalmış yaxın qohumu vəfat etdiyi üçün toy mərasiminin bir müddət yubanmasına qərar verilmiş, sonra isə mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq toy mərasimi baş tutmamışdır. Ona görə də məhkəmə, şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-685/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-685/2022
10.02.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver