Məhkəmə qərarları › İş №2(001)-6916/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6916/2023

21.12.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6916/2023 21.12.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdehnə (MMC) qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) “əmək müqaviləsinə xitam verilməsi və ondan irəli gələn vəzifələrin yerinə yetirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 21 dekabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış 11 aprel 2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi və bununla bağlı məlumatların “Əmək və məşğulluq” altsisteminə daxil edilməsi hüququnun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti mübahisə barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşdur. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 11 aprel 2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən, iddiaçı "xxxx" vəzifəsinə işə götürülmüşdür. Hazırda cavabdeh MMC öz fəaliyyətini dayandırmışdır. Lakin, bugünə kimi mərkəzləşdirilmiş elektron informasiya sistemində iddiaçının cavabdeh MMC-də işlədiyinə dair əmək müqaviləsi bildirişi mövcuddur. Belə olan halda aydın olur ki, cavabdeh MMC öz fəaliyyətini dayandırsa da, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğvi və ya xitamı barədə əmr verilməmiş və müqaviləyə xitam verilməsi ilə bağlı məlumatların “Əmək və məşğulluq” altsisteminə daxil edilməsi təmin edilməmişdir. İddiaçı ərizə ilə X2 Xidmətinə müraciət edərək, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı məlumatların “Əmək və məşğulluq” altsisteminə daxil edilməsini xahiş etsə də, müfəttişlikdən ona məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Bundan sonra iddiaçı cavabdeh MMC-yə pretenziya məktubu göndərsə də, MMC fəaliyyətini dayandırdığından, məktub çatdırılmamışdır. Buna görə də, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edib, iddianı müdafiə etdiyini bildirərək, təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh MMC-yə, eləcə də müstəqil tələb irəli sürməyən üçüncü şəxsə məhkəmə iclaslarının vaxtı və yeri barədə müvafiq bildiriş həm poçt vasitəsilə, həm də “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə göndərilməsinə baxmayaraq, onlar tərəfindən səlahiyyətli nümayəndənin məhkəmədə iştirakı təmin edilməmişdir. Mülki iş materiallarında olan: - Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 11 aprel 2020-ci il tarixli əmək müqaviləsinə əsasən, İddiaçı dəmir sexində qaynaqçı vəzifəsinə işə qəbul edilmişdir. Bildiriş 07 avqust 2023-cü il tarixdə çap edilmiş, həmin tarixdə müqavilənin qüvvədə olduğu görünür. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti tərəfindən İddiaçı ünvanlandırılmış 31 avqust 2023-cü il tarixli məktubda göstərilmişdir ki, “Müraciətdə qeyd olunan məsələyə münasibət bildirilməsi və qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbirlər görülməklə zəruri sənədlərin təqdim edilməsi ilə bağlı hüquqi şəxs Cavabdeh MMC-nin ünvanına tərəfimizdən rəsmi məktub göndərilmiş, lakin bugünədək məktuba cavab verilməmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən, Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar dayandırıldığından müraciətdə göstərilən halın yerində araşdırılması mümkün olmamışdır. Qeyd olunanlara əsasən əmək müqaviləsi bildirişinin etibarsız edilməsi ilə bağlı əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə X2 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilərək, əmək müqaviləsi məhkəmə tərəfindən etibarsız hesab edilməli və əmək müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı məlumatların “Əmək və məşğulluq” altsisteminə daxil edilməsi hüququ X2 Xidmətinə həvalə edilməlidir.” Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq, hesab edir ki, iddianın təmin edilməsi üçün əsaslar mövcuddur. Məhkəmə aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə 42.

1. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.

2. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir.

3. On beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş şəxslə əmək müqaviləsi bağlanıla bilməz.

4. Tam fəaliyyət qabiliyyəti olmayan şəxs işəgötürən ola bilməz. Maddə 49.

1. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.

2. Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir. Maddə 68.

1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Maddə 69.

1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.

2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Məhkəmə iddiaçının dəlilləri ilə razılaşaraq qeyd edir ki, işin müəyyən edilmiş hallarına görə iddiaçı ilə cavabdeh arasında 11 aprel 2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən, iddiaçı "xxxx" vəzifəsinə işə götürülmüş, hazırda cavabdeh MMCnin fəaliyyəti dayandırılmış, lakin elektron informasiya sistemində iddiaçının cavabdeh MMC-də işlədiyinə dair əmək müqaviləsi bildirişi mövcuddur. Belə olan halda aydın olur ki, cavabdeh MMC öz fəaliyyətini dayandırsa da, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğvi və ya xitamı barədə əmr verilməmiş və müqaviləyə xitam verilməsi ilə bağlı məlumatların “Əmək və Məşğulluq” altsisteminə daxil edilməsi təmin edilməmişdir. Halbu ki, iddiaçı cavabdehlə bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı iradə ifadəsini bəyan etmiş lakin sonuncu heç bir tədbir görməmişdir. Bu vəziyyətin belə davam etməsi isə isə nəticə etibarı ilə iddiaçının əmək qanunvericiliyindən irəli gələn hüquqlarını pozur. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin faktiki fəaliyyəti olmadığından iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 11 aprel 2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi və bununla bağlı məlumatların “Əmək və Məşğulluq” altsisteminə daxil edilməsi hüququ Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə həvalə olunmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 11 aprel 2020-ci il tarixli əmək müqaviləsinə xitam verilsin. Əmək müqaviləsinə xitam verilməsinə dair məlumatların “Əmək və Məşğulluq” altsisteminə daxil edilməsi hüququ Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar