Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6924/2021 06.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rüstəmova Ofelya Əkbər qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Azadlıq prospekti 2a saylı evin 5 saylı mənzilinə istifadə hüququ olmayan hesab edilməsinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Azadlıq prospekti 2a saylı evin 5 saylı mənzilinə istifadə hüququ olmayan hesab edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Azadlıq prospekti 2a saylı evin 5 saylı mənzili İddiaçı mülkiyyətindədir. Cavabdeh iddiaçının ailə üzvü deyil, heç vaxt iddiaçının mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Azadlıq prospekti 2a saylı evin 5 saylı mənzilində yaşamamış, bu mənzildə cavabdehə məxsus hər hansı bir əşya yoxdur. Cavabdeh sadəcə iddiaçının mülkiyyətində olan mənzilə qeydiyyata alınmış, müəyyən müddətdən sonra mənzildən qeydiyyatdan çıxacağını bildirsə də, Rusiyada yaşadığından Bakı şəhərinə gələrək mənzildən qeydiyyatdan çıxa bilmir. Bu səbəbdən cavabdeh məhkəməyə teleqramm ünvanlayaraq iddia ərizəsini qəbul etməsini bildirmişdir. Cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Azadlıq prospekti 2a saylı evin 5 saylı mənzilinə olan qeydiyyatı iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdırır. Ona görə də Cavabdeh Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Azadlıq prospekti 2a saylı evin 5 saylı mənzilinə istifadə hüququ olmayan hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəməyə ünvanladığı teleqrammdan müəyyən olunur ki, o, İddiaçı iddia tələbinə etiraz etməyərək mənzilə istifadə hüququnun itirilməsinə, mənzildə olan qeydiyyatının ləğv edilməsinə etiraz etmir. Cavabdeh məhkəməyə məlum ünvanı üzrə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin iddia tələbinə münasibətlərini, təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə qeyd edir ki, mülkiyyət hüququ maddi nemətlərin fərdi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29 mad.) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Bakı şəhəri 1 saylı Asan xidmət mərkəzinin 18.08.2021-ci il tarixli ******* saylı arayışından müəyyən olunur ki, xx.xx.1993-cü il təvəllüdlü Cavabdeh Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Azadlıq prospekti 2a saylı evin 5 saylı mənzilində qeydiyyatdadır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 25.07.2012-ci il tarixli RX seriyalı ******* saylı çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Azadlıq prospekti 2a saylı evin 5 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 1691 saylı reyestr kitabının 155239 saylı vərəqində qeydiyyata alınmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Cavabdeh qeydiyyatda olduğu Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Azadlıq prospekti 2a saylı evin 5 saylı mənzilində heç vaxt yaşamamış, həmin mənzilin mülkiyyətçisi olan İddiaçı ailə üzvü, saxlamalı olduğu qohumları siyahısına daxil deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirir. Göründüyü kimi 2000-ci ilin sentyabrın 1-dən qüvvəyə minmiş MM-in 228.1-ci maddəsi müəyyən etmişdir ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, bu hüququn yaranması üçün mülkiyyətçi ilə notariat qaydasında təsdiq olunmuş müqavilə bağlansın və həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış olsun. Cavabdeh mülkiyyətçi ilə notariat qaydasında təsdiq olunmuş müqavilə bağlamamış, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Qanunun 2-ci maddəsinə görə, şəxsin yaşayış yeri dedikdə tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi, icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə uyğun olaraq, vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması dedikdə, ona ilk dəfə şəxsiyyət vəsiqəsi verilərkən və ya yaşayış yerini dəyişdirmiş vətəndaşın yeni yaşayış yerinə gəldikdən sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınması başa düşülür. Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması üçün əsaslardan biri yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd, digəri isə vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsidir. Qeyd edilən normaya əsasən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd dedikdə, mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd başa düşülür. Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması üçün digər əsas olan yaşayış sahəsinin mülkiyyətçisinin verdiyi ərizə ilə ona məxsus yaşayış sahəsinə vətəndaşın qeydiyyata alınmasına icazə verilir. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Qanunun müddəalarından aydın olur ki, qanunverici hər bir şəxsin yaşadığı və olduğu yerin müəyyən olunması üçün əsas diqqəti şəxsin daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir. Həmin Qanunun 1-ci maddəsinə əsasən, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24.09.2020-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatının onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmədiyini müəyyən etmişdir. X1 Məhkəməsi müəyyən etmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, qeydiyyatda olduğu Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Azadlıq prospekti 2a saylı evin 5 saylı mənzilində heç vaxt yaşamayan, həmin mənzilin mülkiyyətçisi olan İddiaçı ailə üzvü, saxlamalı olduğu qohumları siyahısına daxil olmayan Cavabdeh bu mənzilə hər hansı bir hüququnun yaranmadığı məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından iddia ərizəsi əsaslıdır, ona görə də təmin edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Cavabdeh Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Azadlıq prospekti 2a saylı evin 5 saylı mənzilinə istifadə hüququ olmayan hesab edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-6924/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6924/2021
06.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver