Məhkəmə qərarları › İş №2(001)-6926/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6926/2021

18.10.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6926/2021 18.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı Humanitar Kollecinin 09 iyul 2021-ci il tarixli 130 nömrəli əmrinin İddiaçı dair hissəsində ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil cavabdehin adını dəqiqləşdirərək Cavabdeh kimi qeyd edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı Humanitar Kollecində musiqi və bədii yaradıcılıq iş şöbəsinin müdiri vəzifəsində çalışır. Kollecin direktoru Nərmin Qaralovanın imzaladığı 09 iyul 2021-ci il tarixli 130 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən iddiaçıya töhmət verilmişdir. Həmin əmr əmək qanunvericiliyə zidd verilmişdir. Odur ki, 09.07.2021-ci il tarixli 10 nömrəli əmri ləğv edilməlidir. Belə ki, ilk növbədə qeyd edilir ki, Bakı Humanitar Kolleci əmri onunla əsaslandırmışdır ki, guya iddiaçı tərəfindən kollecin bir qrup əməkdaşlarına yalnış informasiya verilərək, müəllimlərin imzaları saxtalaşdırılaraq, başqa məqsədlər üçün istifadə olunmuş və müəllim kollektivi adından prezidentə və digər vəzifəli şəxslərə müraciət məktubları ünvanlanmışdır. Lakin, verilmiş əmrdə iddiaçının konkret olaraq hansı əmək funksiyasını və əmək müqaviləsi üzrə hansı öhdəliklərini yerinə yetirməməsi göstərilməmiş və əgər əmrdə göstərildiyi kimi imzalar saxtalaşdırılmışsa bu halların nədən ibarət olması qeyd olunmamışdır. Bildirilir ki, İddiaçı heç kimə yalnış informasiya verməmiş, heç kimin imzasını saxtalaşdırmamış, ümumiyyətlə, heç vaxt belə əməllərə yol verməmiş və əmrdə göstərilənlər həqiqətə uyğun deyildir. İddiaçı vəzifəsinin icrası zamanı əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini daima tam yerinə yetirmiş, onun hərəkətlərində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən heç bir hüquq pozuntusu yoxdur. Cavabdeh təşkilat ona qarşı qanunsuz hərəkət edib, ona münasibətdə əmək qanunvericiliyin tələblərini pozmuşdur. Ümumiyyətlə belə bir hala iddiaçı tərəfindən heç vaxt yol verilə bilməzdi və iş münasibətləri zəminində bu işə yanaşdıqda heç bir məntiqə uyğun gəlmir. İddiaçının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən işindən azad edlməsi üçün hüquqi əsası yoxdur. Əmrin təsviri hissəsində bunları görmək olar. Göründüyü kimi kollecin direktoru əmək qanunvericiliyini kobud şəkildə pozaraq iddiaçının hüquqlarına xələl gətirmişdir. İddiaçı məhkəmədə iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, ixtisasca filoloqdur. Cavabdeh-ində şöbə müdiri vəzifəsində çalışmışdır. Hazırda şöbə müdiri vəzifəsinə başqa şəxs təyin edilmiş, onun özü isə işə buraxılmır. O, kollecin direktoru Nərmin Qaralova tərəfindən təhqir edilmiş, hədələnmiş və ona təzyiq göstərilmişdir. Tərtib edilən müraciətdə 63 nəfər müəllim heyətinin imzası olmuşdur. Tərkibin 10-15 nəfəri isə onun tabeliyində olan işçilərdir. Müraciətin mətni onu imzalayan müəllimlərə məlum olmuşdur. İddiaçının vəkili məhkəmədə iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, iddiaçıya münasibətdə rəhbərlik tərəfindən verilən əmrdə göstərilir ki, imzalar saxtalaşdırılmışdır. Halbuki, saxtalaşdırmanın mahiyyətinə görə iddiaçı başqa şəxslərin yerinə imza etməli idi. Saxtalaşdırılmanın mövcudluğu ilə bağlı izahatı alınan bəzi şəxslərin ümumiyyətlə həmin müraciətdə imzaları belə yoxdur. Saxtalaşdırma halı olmuşsa, cavabdeh tərəfindən hüquq mühafizə orqanlarına müraciət edilməli idi. Kollecin rəhbərliyi tərəfindən işçilərdən alınan izahatlar tamamilə absurddur. Xəyalə xanımın edilən müraciət ilə bağlı hər hansı maddi marağı olmamışdır. Müraciət edib etməməsi isə onun konstitusion hüququdur. Buna kimsə tərəfindən müdaxilə edilə bilməz. Müraciətin ediləcəyi və onun mətni məlum olmuş, müəllimlər tərəfindən buna razılıq verilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən və müraciətlə bağlı məlumatlarının olmadığını iddia edən müəllimlərin izahatları hazırki mübahisədə heçnəyi həll etmir. Belə ki, izahatı alınan Pərvanə xanım Məmmədovanın, Samirə xanım Hüseynovanın, X10 Züleyxa xanım Nəzərlinin ümumiyyətlə edilən müraciətin altında imzaları yoxdur. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddianın rədd edilməsini xahiş etdi. Məhkəməyə verdiyi izahatında bildirmişdir ki, iddiaçı məhkəməyə müraciət edərkən, sadəcə iş materialı olaraq verilən əmri əlavə etmişdir. Əmrin verilməsinə əsas olan sənədlər sonda qeyd edilmişdir. Məsələnin mahiyyəti bundan ibarətdir ki, kollecin əməkdaşları tərəfindən Azərbaycan Respublikası Prezidentinə müraciət edilmişdir. Müraciət bir necə şəxs tərəfindən imzalanmışdır. Müraciət aidiyyəti üzrə araşdırılması üçün Kollecin rəhbərliyinə göndərilmişdir. Araşdırma zamanı bəzi əməkdaşların izahatları alınmışdır. Vermiş olduqları izahatlarında imzaları Xəyalə xanıma göndərdiklərini, özlərinin şəxsən imzalamadıqlarını bildirmişlər. İmzalar “WhatsApp” sosial şəbəkəsi vasitəsilə “pdf” formasında göndərilmiş və ekran görüntüsü götürülmüşdür. Müraciətdə 15 nəfərin imzası olmamışdır. Həmin şəxsləri ümumiyyətlə müraciətdən məlumatları və xəbərləri olmamışdır. Şəxslər imza etməklə “WhatsApp” sosial şəbəkəsi vasitəsilə göndərmişlər, izahatlarında isə başqa məqsədlə imza topladıqlarını bildirmişlər. Müraciətdə imzaları olan şəxslərin izahatlarını məhkəməyə təqdim edərək bildirir ki, əməkdaşlar öz izahatlarında bu faktı qeyd edirlər. İddiaçıya hansı məqsədlə töhmət verilməsi ilə bağlı ona verilən suala cavab olaraq bildirmişdir ki, İddiaçı müəllimlərdən imzaları götürməklə, onların adından müraciətə imza etmişdir. Saxtalaşdırma faktı ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edilməmiş, şəxs cinayət məsuliyyətinə cəlb edilməmiş, intizam məsuliyyətinə cəlb edilmiş və töhmət verilmişdir. Müraciətin imzalanması zamanı bir nəfərin imzası saxtalaşdırılsa belə, bu artıq saxtakarlıq faktının mövcudluğunu göstərir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında bildirikləri ilə eyni məzmunda məhkəməyə yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı əmri mübahisələndirərkən nəzərə almamışdır ki, əmrin verilməsi üçün əsasla Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Univeristetinin 03 iyun 2021-ci il tarixli 11-01/235 saylı məktubu, ADMİU-nun nəzdində Humanitar Kollecin 10 iyun 2021-ci il tarixli 114 saylı əmri ilə yaradılmış araşdırma komissiyasının 11 iyun 2021-ci il tarixli iclasının 05 saylı protokolu və əməkdaşlarının izahatları mövcuddur. ADMİU-nun 11-01/235 saylı məktubunda göstərilmişdir ki, müraciətdə imzası göstərilən şəxslərin böyük əksəriyyətinin həmin müraciətdən xəbəri olmamışdır. Aparılmış araşdırma zamanı imza sahiblərinin imzalarının müxtəlif adlarla və bəhanələrlə alınıb elektron qaydada müraciətə əlavə edilməsi aşkar olunub. Qeyd olunan məktubda göstərilən faktların dəqiqləşdirilməsi üçün cavabdeh tərəfindən 10 iyun 2021-ci il tarixli 114 saylı əmr əsasında Araşdırma Komisiyası yaradılmışdır. Həmin komissiyanın 11 iyun 2021-ci il tarixli iclasının 05 saylı protokolu da İddiaçı barəsində intizam tənbehinin tətbiqi üçün əsas olmuşdur. Cavabdehndə çalışan və xəbərləri olmadan imzaları yuxarıda qeyd edilən müraciətə əlavə edilmiş şəxslərin (Riyaziyyat müəllimləri Xazehəqq Ellada və İsmayılova İradə, pedaqogika fənn birləşməsinin sədri Hüseynova Samirə, metodika fənn birləşməsinin sədri Nəzərli Züleyxa, musiqi müəlliməsi Əminə İlham, müəllim İbrahimova Nuranə, musiqi nəzəriyyəsi müəllimi Kərimova Samirə, müəllim Quliyeva Təranə, qarmon müəllimi Carıyeva Nazlı, politologiya müəllimi İbrahimova Şəhla, müəllim Afaq Məmmədova, məktəbəqədər təhsil və sosial iş şöbəsinin müdiri İsgəndərova Gülnaz, musiqi və bəddi yaradıcılıq şöbəsinin müəllimi Könül Xankişiyeva) izahatları da əmrin verilməsi üçün əsaslardan biri olmuşdur. Adları qeyd olunan şəxslərdən Musiqi nəzəriyyəsi və Dirijorluq fənn birləşməsinin sədri X3 izahatında göstərmişdir ki, həmin imzaların nə üçün toplandığından xəbəri var idi və topladığı imzalar şəxsən özü tərəfindən Musiqi və Bədii yaradıcılıq şöbəsinin müdiri-İddiaçı göndərilib. İddia ərizəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 1-ci hissəsinə istinad edilərək, göstərilib ki, işəgötürən işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud digər məsuliyyətlərə cəlb olunmağa əsasdır. Bundan başqa iddiaçı iddia ərizəsinin 2-ci səhifəsində göstərmişdir ki, guya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən o, işdən azad olunub. Lakin iddiaçı nəzərə almamışdır ki, həmin məcəllənin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndində işdən azad olunma ilə bağlı heç bir müddəa yoxdur. Orada yalnız işəgötürən tərəfindən intizam tənbehi kimi töhmət verilməsi nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilən X15 ifadəsində bildirmişdir ki, Xəyalə onun iş yoldaşıdır. Özü kollecin qiyabi təhsil, Fiziki tərbiyə şöbəsinin müdiridir. İxtisasca Azərbaycan dili və ədəbiyyat müəllimidir. 5 ildir ki, kollecdə işləyir. Lakin direktor tərəfindən işdən çıxarılmışdır. Kollecin direktoru Nərmin Qaralova müəllimlərlə qərəzli davranmış, Fərqanə adlı tələbəyə “şamtutan” demişdir. Həmin tələbə bir çox yerə şikayət etmişdir. Bundan sonra onun vasitəsi ilə həmin tələbə kollecə gətirilmiş və o, direktorun ondan üzr istəyəcəyi təqdirdə şikayətini geri götürəcəyini bildirmişdir. Onun xahişi ilə tələbə barışıq məktubu göndərmiş və şikayətini geri götürmüşdür. Bundan sonra direktor müəllimləri işdən çıxarmaq istədi və müxtəlif bəhanələrlə onları işdən çıxardı. Onlar da müəllim kollektivi olaraq ölkə prezidentinə müraciət-məktub yazmağa qərar vermişlər. Bununla əlaqədar “Tims” online tədris platformasında online qrup yaradaraq müəllimlər arasında online iclas keçirmişlər. İclasda çox müəllim iştirak etmişdir ki, dəqiq sayı yadında deyil. Məktubun məzmununu hamı birlikdə müəyyən etmiş və ayrı-ayrılıqda hər kəs online formada imzalamışdır. O, özü imzalamışdır, onun yerinə heç kim imzalamışdır. Məktub yazmağı Xəyalə təklif etmişdi və bu prosesə rəhbərliyi də o, həyata keçirmişdir. Onlar məktub göndərəndən sonra direktorun müşaviri imzalayan müəllimləri bir-bir çağırmış və izahatlarını almışdır. Bəzi müəllimləri hədə-qorxu ilə ələ alıb, Xəyalənin əleyhinə izahat aldılar. Onlardan biri də Nazilə müəllimə idi. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilən X18 ifadəsində bildirmişdir ki, o, kollecin qarmon ixtisası müəllimi olmuşdur. Xəyalə xanım isə şöbə müdiri olmuşdur. Kollecin direktoru Nərmin Qaralova müəllimləri incitdiyi, cərimə etmək istədiyi üçün onlar müəllim kollektivi olaraq prezidentə məktub yazmağa qərar vermişlər. Bu məqsədlə 2021-ci il aprel ayının 8-də Tims platformasında online iclas təşkil etmişlər. İclasda təxminən 120-ə yaxın müəllim iştirak edirdi. Məktubun məzmununu ümumi olaraq müəyyən etmişlər və hər biri online şəkildə imzamışlar. İmzanı evdə kağıza çəkib, şəklini qrupa atıblar və sonra imzalar proqramla düzəldilərək müraciətə əlavə olunmuşdur. Yəni o, özü şəxsən məktubu imzalamışdır. Bu məktubun printer vasitəsilə çıxarılması və poçt vasitəsilə göndərilməsini də o təşkil etmişdir. Belə ki, o məktuba öz nömrəsini qeyd etmiş, özü də aparıb poçta vermişdir. Xəyalə xanım onların yerinə imza atmayıb. Buna ehtimal beləvermir. Ona məktubla bağlı kollec tərəfindən Xəyalə xanımdan qabaq töhmət verilmişdir. Həmin əmrin surətini məhkəməyə təqdim edir. Kollec həmçinin onun və onun kimi digər müəllimlərin orta-ixtisas təhsilli olduqlarına görə illərlə qanunsuz işlədiklərini iddia edərək, onları cərimə etmək istəyirdi. Onlara deyildi ki, hazırki vəzifələrində işləmələri üçün ali təhsilləri olmalıdır. Onu da qeyd edir ki, kollec onu müvafiq əmrlə işdən azad etmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadəsində bildirmişdir ki, o, kollecin tarix, fəlsəfə müəllimidir. Həmçinin sosial-iqtisadi fənlər komissiyasının sədri olmuşdur. Xəyalə xanımı uzun müddətdir ki, tanıyır. Onlar kollecin müəllimləri olaraq direktorun onlara qarşı qərəzli münasibətinə görə prezidentə müraciət ünvanlamağı qərara almışlar. Online qrup təşkil edərək iclas keçirmiş və müraciətin məzmununu razılaşdırmışlar. İclası hamısı birlikdə təşkil etmişlər. Çünki hamının narazılığı olmuşdur. Kağıza imza çəkib, şəklini çəkərək qrupa atmışlar. O şəxsən özü imzalamışdır. Onun imzası saxtalaşdırılmamışdır. Kollec tərəfindən o, da işdən çıxarılmışdır. Kollec rəhbərliyi məktuba imza atan müəllimləri çağırıb, işdən azad etmişdir. Belə ki, rəhbərlik məktub göndərildikdən sonra bəzi müəllimləri çağırıb hədə-qorxu gəldikləri üçün həmin müəllimlər imzalarını təkzib edirlər. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, şahid ifadələrini nəzərə alaraq, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin əməkdaşları tərəfindən Azərbaycan Respublikası Prezidentinə,Azərbaycan Respublikası Vitse-Prezidentinə, Azərbaycan Respublikası Milli Məclisinin Elm və Təhsil Komitəsinə, Azərbaycan Respublikasının Təhsil X12 ünvanlanan ərizədən görünür ki, edilən müraciətin əsası kollec rəhbərliyindən olan narazıçılığın ifadəsidir. Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecinin direktoru Nərmin Qaralova tərəfindən verilən 09.07.2021-ci il tarixli 130 №-li əmrdən görünür ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 03 iyun 2021-ci il tarixli, 11-01/235 saylı məktubuna uyğun olaraq ADMİU-nun nəzdində Humanitar Kollecdə aparılmış araşdırılmaya əsasən kollecin bir qrup əməkdaşlarına yanlış informasiya verilərək, müəllimlərin izahatları toplanılmış, imzalar saxtalaşdırılaraq, başqa məqsədlər üçün istifadə olunmuşdur. Bütün müəllim kollektivi adından prezidentə və digər vəzifəli şəxslərə müraciət məktubları ünvanlanmışdır. Bu qeyd olunanları və araşdırma komissiyasının rəyini nəzərə alaraq musiqi və bədii yaradıcılıq işi şöbəsinin müdiri İddiaçı Azərbaycan Republikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilməsi əmr edilmişdir. Əmrin əsası olaraq Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Univeristetinin 03 iyun 2021-ci il tarixli 11-01/235 saylı məktubu, ADMİU-nun nəzdində Humanitar Kollecin 10 iyun 2021-ci il tarixli 114 saylı əmri ilə yaradılmış araşdırma komissiyasının 11 iyun 2021-ci il tarixli iclasının 05 saylı protokolu, əməkdaşların izahatları göstərilmişdir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Univeristetinin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Univeristetinin nəzdində Humanitar Kollecin direktoru N.Qaralovaya yazılan 03 iyun 2021-ci il tarixli 11-01/235 saylı məktubunun surətindən görünür ki, ona məlumat verilmişdir ki, Bakı Humanitar Kollecin bir qrup əməkdaşı adından Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış müraciət Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən araşdırılmaq üçün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə göndərilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, müraciətdə imzası göstərilənlərin böyük əksəriyyətinin belə müraciətdən xəbəri olmamış, onların imzaları müxtəlif adlarla və bəhanələrlə alınıb elektron qaydada müraciətə əlavə edilmişdir. Eyni zamandan müraciətə imza atdığı göstərilən faktların həqiqətə uyğun olmadığını sadəcə Təhsil Nazirliyi tərəfindən aparılan yoxlama nəticəsində aşkar edilən nöqsanlara görə işdən çıxarma və ya cərimə ediləcəyi ehtimalını önləmək üçün bu hərəkətə yol verdiklərini bildirmişlər. Hər bir halda bütün bunlar kollektivdə ümumi psixoloji mühitin sağlam olmadığını, neqativ halların mövcudluğunu, pedaqoq adına uyğun olmayan əməllərə yol verildiyini göstərir. Azərbaycan Respublikasından daxil olan məktubu, əməkdaşlar adından yazılmış müraciəti və bununla əlaqədar toplanmış materialları dərindən araşdırmaq saxtakarlığa yol vermiş şəxslər barəsində qanuna müvafiq qaydada tədbirlər görmək bu və digər nüqativ halların baş verməməsi yönündən məsələni kollektivdə müzakirə etmək üçün göndərildiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin direktoru Nərmin Qaralova tərəfindən verilən 114 saylı, 10.06.2021-ci il tarixli əmrin surətindən görünür ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin kollektivində ümumi psixoloji, sağlam mühitin yaradılması, neqativ halların və pedaqoq adına uyğun olmayan əməllərin qarşısının alınması istiqamətində tədbirlərin həyata keçirilməsini nəzərə alıb Tədris işləri üzrə direktor müavini, sədr X5, tədris hissə müdirinin əvəzi X2, hüquqşünas Rüstəmov Rövşən Möhübbət oğlunun, kadrlar üzrə mütəxəssis X9, Həmkarlar İttifaqı Komitəsinin sədri X6 iştirakı ilə komissiya yaradılması əmr edilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecdə yaradılmış 10 iyun 2021-ci il tarixli 114 syalı əmrə əsasən araşdırma komissiyasının 07.07.2021-ci il tarixli rəyinin surətindən görünür ki, Musiqi və Bədii yaradıcılıq şöbəsinin müdiri İddiaçı töhmət, Musiqi Nəzəriyyəsi və Drijorluq fənn birləşməsinin sədri Könül Xankişiyevaya şiddətli töhmət verilməsi məqsədə uyğun hesab edilmiş, komissiya tərkibi rəyə etiraz etməmişdir. Komissiya rəyində qeyd edilir ki, şikayət ərizəsi ilə bağlı araşdırma aparılmışdır. Həmin araşdırma zamanı müəllimlərin əksəriyyətinin imzalarını tamam başqa məqsədlə alındığı, kollecin direktoru ilə bağlı yazılan məktubdan xəbərsiz olduqları müəyyən olunmuşdur. Belə ki, bir neçə müəllim öz şifahi və yazılı izahatlarında göstərmişdilər ki, onlardan imzanı tələb edən Musiqi və Bədii yaradıcılıq şöbəsinin müdiri İddiaçı olmuşdur. Bundan başqa Musiqi Nəzəriyyəsi və Drijorluq fənn birləşməsinin sədri X4 öz izahatında bildirmişdir ki, həmin imzaların nə üçün toplandığından xəbəri var idi və topladığı imzalar şəxsən özü tərəfindən Musiqi və Bədii yaradıcılıq şöbəsinin müdiri İddiaçı göndərilmişdir. Nəzərə alaq ki, şikayət ərizəsində imzası olan müəllimlərin əksəriyyəti Musiqi və Bədii yaradıcılıq şöbəsində dərs tədris edənlərdir. Universitet tərəfindən ilkin araşdırma zamanı məlum olmuşdur ki, bu şikayət ərizəsinin formalaşma prosesinin əsası 08.04.2021-ci il tarixdə Musiqi və Bədii yaradıcılıq şöbəsinin müəllimi Xəqani Səməd tərəfindən kollecin 40 nəfər müəllimin tədris prosesini pozaraq Microsoft Teams platforması üzərinədən icazəsiz onlayn toplantının təşkili zamanı qoyulmuşdur. Bu iclas barəsində Musiqi və Bədii yaradıcılıq şöbəsinin müdiri İddiaçı həmin müəllim haqqında rəhbərliyə heç bir məlumat verməmişdir. Özü də həmin toplantıda iştirak etmişdir. Əksinə Xəqani müəllimin hərəkətinə bəraət qazandırmağa , bu şöbəyə aidiyyatı olmayan sığorta və korreksiyaedici təhsil şöbəsinin müdiri olan bacısı X8 ilə rəhbərliyin ünvanına müxtəlif təhdidlər (2021-ci ilin yanvar ayının 13-də imtahanlarda baş verən nöqsanlarla bağlı direktorun onlayn iclasda dedikləri müəyyən fikirləri konteksdən çıxararaq nümayiş etdirməklə bu videonu yaymaqla) edərək araşdırma işinə maneələr yaratmağa çalışmışdır. ADMİU-nun 03.06.2021-ci il tarixli məktubuna əsasən ADMİU-nin nəzdində Humanitar Kollecdə ümumi psixoloji mühitin sağlam olmadığını, neqativ halların mövudluğunu, pedaqoq adına uyğun olmayan əməllərə yol verildiyini göstərir. Bununla bağlı kollektivin müəyyən üzvlərinə şifahi xəbərdarlıq verilmişdir. İddiaçı da onunla bağlı yazılan izahatdakı ittihamlara aydınlıq gətirilməsi bildiriləndə, o etiraz edərək, yenidən özü və bacısı tərəfindən rəhbərliyin ünvanına təhdidlər etmiş, onun haqqında sosial şəbəkələrdə məlumatlar yayacaqlarını demişlər. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, kollecin əməkdaşları tərəfindən Azərbaycan Respublikası Prezidentinə, Azərbaycan Respublikası Vitse-Prezidentinə, Azərbaycan Respublikası Milli Məclisinin Elm və Təhsil Komitəsinə, Azərbaycan Respublikasının Təhsil X12 müraciət edilmişdir. Müraciət edilməsi üçün Kollecin müəllim kollektivinin əksəriyyətinin iştirakı ilə “Microsoft Teams” platfomasında online iclas keçirilmiş, nəticəsində iştirak edən müəllimlərdən imzalar toplanmış və müvafiq müraciətə əlavə edilmişdir. Toplanan imzalar sosial şəbəkə vasitəsilə göndərildiyindən “pdf” formasında ekran görüntüsü alınmaqla müraciətə əlavə edilmişdir. Müraciət baxılması üçün aidiyyatı orqanlara göndərilmişdir. Daha sonra müraciət-ərizə kollektivdə yaranmış vəziyyətin aydınlaşdırılması üçün Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecinin rəhbərliyinə göndərilmişdir. Müvafiq araşdırmanın aparılması üçün Kollecin direktoru Nərmin Qaralova tərəfindən 114 saylı, 10.06.2021-ci il tarixli əmr ilə komissiya təşkil edilmişdir. Komissiyanın 11 iyun 2021-ci il tarixli iclasının nəticəsində Kollecin direktoru Nərmin Qaralovanın 09.07.2021-ci il tarixli, 130 saylı əmri ilə musiqi və bədii yaradıcılıq işi şöbəsinin müdiri İddiaçı Azərbaycan Republikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işlədiyi dövrdə əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini daima tam yerinə yetirdiyini və onun hərəkətlərində Azərbaycan Republikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən heç bir hüquq pozuntusunun olmadığını bildirmişdir. Onun əleyhinə izahatı alınan müəllimlərin bir qisminin ümumiyyətlə müraciətdə imzasının olmadığını, alınan izahatların əsassız olduğunu bildirir. Cavabdeh nümayəndəsi məhkəmə iclasında iştirak edərək, iddia tələbini qəbul etmədiyini, Kollecin direktoru Nərmin Qaralovanın 09.07.2021-ci il tarixli, 130 saylı əmri ilə İddiaçı Azərbaycan Republikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilməsinin qanuni və əsaslı olduğunu, İddiaçı tərəfindən müəllim kollektivindən bəzi müəllimlərin imzalarının saxtalaşdırıldığı, tərtib edilən müraciətin məzmunundan müəllimlərinin məlumatlarının olmadığını, bu barədə müəllimlərdən izahatlar alındığını,İddiaçı tərəfindən edilən saxtakarlığın nəticəsində ona töhmət verildiyini bildirir. Cavabadeh öz etirazını iş materialı olaraq təqdim etdiyi müraciəti imzalayan müəllimlərin izahatları ilə əsaslandırır. Göründüyü kimi işin mübahisələndirilən halı imzaların saxtalaşdırılıbsaxtalaşdırılmamasından ibarətdir. İddia tələbinin əsasını təşkil edən və cavabdehin etirazının dəlilləri işin mübahisələndirilməyən halı kimi qiymətləndirilə bilər. Belə ki, cavabdeh iddiaya etirazında mübahisələndirilən əmrin verilməsinin əsası kimi sənədlərin saxtalaşdırılması, saxta sənədlərdən istifadə edilməsi və bu barədə komissiya rəyinin olmasına istinad edir. İddiaçı isə online iclasda iştirak edən şəxslərin iclasın keçirilməsinin səbəbi barədə məlumatlarının olduğunu, müvafiq orqanlara müraciətin mətninin isə whatsap qrupda paylaşıldığını və şəxslərin öz imzalarının şəklini çəkərək qrupa atdıqlarını, beləliklə onun heç kimin imzasını saxtalaşdırmadığını bildirir. Bu baxımdan məhkəmə araşdırmasının predmeti cavabdehin 09.07.2021-ci il tarixli əmrinin qanuniliyinin yoxlanılmasından ibarətdir. İddiaçı iddia tələbinin hüquqi əsası kimi Əmək Məcəlləsinin 186 və 296-cı maddələrinə istinad edir. Odur ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin aşağıdakı maddələrinə nəzər yetirək. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 10-cu maddəsinin tələblərinə əsasən əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əməyin təhlükəsizliyi normalarına əməl etmək, işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq, dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq, iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq, fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək, əmək qanunvericiliyinin tələblərinə əməl etmək əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri kimi qeyd edilmişdir. 9-cu maddəsinin “k” bəndinə əsasən qanunvericiliklə müəyyən olunmuş qaydada həmkarlar ittifaqlarının, ictimai birliklərin üzvü olmaq, habelə bu təşkilatların və ya əmək kollektivinin keçirdiyi tətillərdə, mitinqlərdə, toplantılarda və qanunvericiliklə qadağan olunmayan digər kütləvi tədbirlərdə iştirak etmək əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarından biridir. 11-ci maddəsinə əsasən işçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etmək işəgötürənin əsas hüquqlarından biridir. 18-ci maddəsininin 1-ci bəndinə əsasən özlərinin hüquqlarını, qanuni mənafelərini müdafiə etmək məqsədi ilə işçinin, işəgötürənin, əmək kollektivinin, həmkarlar ittifaqları təşkilatının fərdi və ya kollektiv əmək mübahisəsi aparmaq hüququ vardır. Bu hüququn həyata keçirilməsi yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda və qaydada məhdudlaşdırıla bilər. 2-ci bəndinə əsasən işəgötürənlə işçi, habelə əmək kollektivi arasında əmək qanunvericiliyinin tətbiqi zamanı meydana çıxan fərdi və kollektiv əmək mübahisələrinin həlli bu Məcəllənin Xİ bölməsində nəzərdə tutulan qaydada tənzimlənir. 182-ci maddəsinin 1-ci bəndinə əsasən müəssisələrdə əmək müqavilələri, habelə bağlanmış kollektiv müqavilələr üzrə tərəflərin öhdəliklərinin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi, əmək qanunvericiliyinin tələblərinin gözlənilməsi və əmək intizamının təmin olunması məqsədi ilə müəssisədaxili intizam qaydaları qəbul edilə bilər. 2-ci bəndinə əsasən müəssisələr birliyinin nizamnaməsində nəzərdə tutulmuş hallarda müəssisədaxili intizam qaydaları birliyin müvafiq icra orqanı tərəfindən həmin birliyə daxil olan müəssisələr üçün də qəbul edilə bilər. 3-cü bəndinə əsasən müəssisədaxili intizam qaydaları bu Məcəlləyə, habelə əmək qanunvericiliyi üzrə digər normativ hüquqi aktlara uyğun tərtib edilməlidir. Bu normativ hüquqi aktlara zidd olan müəssisədaxili intizam qaydalarının müvafiq müddəaları və onların tətbiqinin hüquqi nəticələri etibarsız hesab edilir. 186.1-ci maddəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. 186.2-ci maddəsinin “a” bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürənin ona töhmət vermək hüququ vardır. 288-ci maddəsinin tələbinə əsasən intizam tənbehi verilməsi fərdi əmək mübahisəsinin predmetidir. 09 iyul 2021-ci il tarixli 130 nömrəli əmrdən görünür ki, kollecin bir qrup əməkdaşlarına yanlış informasiya verilərək, müəllimlərin izahatları toplanılmış, imzalar saxtalaşdırılaraq, başqa məqsədlər üçün istifadə olunmuşdur. Bütün müəllim kollektivi adından prezidentə və digər vəzifəli şəxslərə müraciət məktubları ünvanlanmışdır. Bu qeyd olunanları və araşdırma komissiyasının rəyini nəzərə alaraq musiqi və bədii yaradıcılıq işi şöbəsinin müdiri İddiaçı Azərbaycan Republikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilmişdir. Göründüyü kimi mübahisələndirilən əmrin verilməsinə əsas prezidentə və digər şəxslərə şikayət ərizəsinin göndərilməsi deyil, kollecin bir qrup əməkdaşlarına prezidentə və digər vəzifəli şəxslərə müraciət məktublarının göndərilməsi səbəbi barədə yanlış məlumat verilməsi, eyni zamanda imzaların saxtalaşdırılması olmuşdur. Bununla bağlı işin müəyyən edilən hallarından göründüyü kimi, sözügedən müraciətə 63 imza əlavə edilmişdir və həmin şəxslərdən bəziləri şahid kimi ifadə verərək imzalarının saxtalaşdırılmadığını, məlum iclasın keçirilməsi səbəbinin hamıya bəlli olduğunu, hətta müraciətin mətninin chat qrupunda paylaşıldığını göstərmişdir. Eyni zamanda iş materiallarında olan Kollecin 11.06.2021-ci il tarixli iclasının protokolundan görünür ki, iclasda iştirak edən Məmmədova Afaq imzasını şəxsən göndərdiyini, lakin Kollecin direktoru ilə bağlı şəxsi konfliktinin olmadığını, o cümlədən məktubun mətninin ona göndərilməsini Xankişiyeva Könüldən istədiyini bildirmişdi. Bir sözlə həmin protokolda iddiaçı barədə hər hansı narazılıq olmamışdır. Eyni zamanda məhkəmə Kollecin əməkdaşları olan İsmayılova İradə, İsgəndərova Gülnarə,Xazehəqq Ella, İbrahimova Nuranə, Məmmədova Afaq, İbrahimova Şəhla, Kərimova Samirə, Carıyeva Nazilə, Əminə İlham qızının cavabdeh tərəfindən alınmış izahatlarına tənqidi yanaşaraq qeyd edir ki, həmin şəxslərin göndərilən imzaların mahiyyətindən bixəbər olması və müraciətin mətnindən məlumatsız olmaları inandırıcı deyil. Belə ki, 100-ə yaxın şəxsin internet platformasında online iclas keçirilməsi işin mübahisələndirilməyən hallarından biridir. Həmin şəxslərdən yalnız 9 nəfəri izahatında imzalarını göndərdiklərini, lakin nə üçün göndərdiklərindən xəbərsiz olmalarını bildirmişlər. Eyni zamanda həmin müraciətə imza etməyən Məmmədova Pərvanə, Hüseynova Samirə, Hüseynova Naibə, Züleyxa Nəzərli adlı Kollecin əməkdaşlarından da “şikayət ərizəsindən xəbərlərinin olmamaları” barədə ərizələrin alınması da imza edən şəxslərin məlumatsız olduqlarını təsdiq etmir. Şahid qismində dindirilən şəxslər isə ifadələrində müraciətin mətninin qrupda paylaşıldığını təsdiq edirlər. Bu baxımdan məhkəmə o qənaətə gəlir ki, əmrdə qeyd edilən imzaların başqa məqsədlər üçün istifadə olunması halı öz təsdiqini tapmamışdır. Əmrin verilməsinə əsas olan sənədlərin saxtalaşdırılması ilə bağlı məhkəmə qeyd edir ki, qeyd olunan əməl cinayət əməlidir və bununla bağlı cavabdeh hər hansı rəsmi sənədlərə istinad etməmiş və müvafiq hüquq-mühafizə orqanlarına müraciət etməmişdir. Nəticədə bu barədə işçinin təqsirini müəyyən edən hər hansı qanuni qüvvəyə minmiş qərar qəbul edilməmişdir. Eyni zamanda imzaların saxtalaşdırılması faktı da işin halları ilə öz təsdiqini tapmır. Belə ki, cavabdehin etirazının dəlili kimi istinad etdiyi şəxslərin izahatlarında belə, imzaların saxtalaşdırılmadığı müəyyən edilir. Beləliklə məhkəmə heab edir ki, əmr verilməsinə əsas olan hallar öz təsdiqini tapmadığından və işçinin əmək və icra intizamını pozması halı müəyyən edilmədiyindən Cavabdeh 09 iyul 2021-ci il tarixli, 130 nömrəli əmri İddiaçı münasibətdə qanunsuz hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 09 iyul 2021-ci il tarixli, 130 nömrəli əmri İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilməsi hissəsində ləğv edilməli, iddiaçının ödəməkdən azad edildiyi 10(on) manat məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsinə alınmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 09 iyul 2021-ci il tarixli, 130 nömrəli əmri İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilməsi hissəsində ləğv edilsin. İddiaçının ödəməkdən azad edildiyi 10(on) manat məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsinə alınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar