Məhkəmə qərarları › İş №2(001)-6951/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6951/2021

28.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6951/2021 28.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 Təvəkkül qızına, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 Təvəkkül qızının, 03.10.2014-cü il təvəllüdlü X2, 30 oktyabr 2012-ci il təvəllüdlü X4 və 06.06.2016-cı il təvəllüdlü X3 ünvan 1 ünvanında yerləşən sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən yaşayış sahəsin 25 fevral 2021-ci il tarixli AZ-İ№ ******* nömrəli alğı-satqı müqaviləsinə əsasən almışdır. Mənzil Hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən hüquqi qeydiyyatdan keçirilərək müvafiq olaraq onun adına 06.03.2021-ci il tarixdə çıxarış verilmişdir. Qeyd edilir ki, cavabdehlər qeyd edilən ünvanda yaşamır və bu ünvanla heç bir əlaqələri yoxdur. Cavabdehlərin qeyd edilən ünvanda heç bir əmlakları qalmamışdır. Alğı-satqı müqaviləsinin 13-cü bəndinə əsasən cavabdehlər mənzildən 25.05.2021-ci il tarixədək çıxacaqları barədə öhdəlik götürmüşlər. Lakin bu qədər müddət keçməsinə baxmayaraq,cavabdehlər qeydiyyatdan çıxmamışlar. Cavabdehlərin harada yaşaması ona məlum deyil. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirmişdir ki, qeydiyyatda olan şəxslərin mənzil satılarkən razılıqları olmuşdur. Bunu onların notarial qaydada vermiş olduqları ərizələri ilə sübut edir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlərə məlumat verilməsinə baxmayaraq, cavabdehlər heç bir səbəb göstərmədən məhkəmə iclaslarında iştirak etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh4 izahatında bildirmişdir ki, onlar ünvan 1 ünvanında yerləşən mənzili iddiaçıya satmışlar və hamısı notariusda evin satılmasına razılıq ərizəsi vermişlər. Hazırda başqa ünvanda yaşayırlar. Yaşadıqlar evin sənədi olmadığından oraya qeydiyyata düşə bilmirlər. O, mənzilə istifadə hüququna xitam verilməsinə etiraz etmir. Bu barədə ərizəsini məhkəməyə təqdim edir. Cavabdehlər onun anası və bacılarıdır. Onların da iddiaya etirazları yoxdur. Onlar da ərizələrini məhkəməyə göndərəcəklər. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cavabdeh1 ilə İddiaçı arasında bağlanan 25.02.2021-ci il tarixli AN-İ seriyalı, ******* saylı alğı-satqı müqaviləsindən görünür ki, satıcı Cavabdeh1 ünvan 3 ünvanında yerləşən mənzili İddiaçı satmağı, İddiaçı isə daşınmaz əmlakın dəyəri olan 37000 manat məbləğində ödəniş etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 13-cü maddəsinə əsasən satıcı Cavabdeh1 25.05.2021-ci il tarixinə kimi qeydiyyatdan çıxmağı öz öhdəsinə götürmüşdür. Göstərilən alqı-satqı müqaviləsi əsasında həmin mənzilə dair İddiaçı adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li 10.06.2021-ci il tarixli arayışdan görünür ki, cavabdehlər ünvan 3 ünvanında qeydiyyatdadır. X1 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, X5 qeydiyyatda olduğu Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, 39 saylı evin, 128 saylı mənzilinin satılmasına etiraz etməmiş və müqavilədə nəzərdə tutulmuş müddətdə yaşayış sahəsini tərk etməyi və pasport qeydiyyatından çıxmağı öhdəsinə götürmüşdür. Cavabdeh4 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Cavabdeh4 qeydiyyatda olduğu Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, 39 saylı evin, 128 saylı mənzilinin satılmasına etiraz etməmiş və müqavilədə nəzərdə tutulmuş müddətdə yaşayış sahəsini tərk etməyi və pasport qeydiyyatından çıxmağı öhdəsinə götürmüşdür. Cavabdeh3 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Cavabdeh3 qeydiyyatda olduğu Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, 39 saylı evin, 128 saylı mənzilinin satılmasına etiraz etməmiş və müqavilədə nəzərdə tutulmuş müddətdə yaşayış sahəsini tərk etməyi və pasport qeydiyyatından çıxmağı öhdəsinə götürmüşdür. Cavabdeh2 Təvəkkül qızının notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Cavabdeh2 Təvəkkül qızı qeydiyyatda olduğu Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, 39 saylı evin, 128 saylı mənzilinin satılmasına etiraz etməmiş və müqavilədə nəzərdə tutulmuş müddətdə yaşayış sahəsini tərk etməyi və pasport qeydiyyatından çıxmağı öhdəsinə götürmüşdür. Cavabdeh4 məhkəməyə təqdim etdiyi 14.10.2021-ci il tarixli ərizəsindən görünür ki, cavabdeh özünə münasibətdə iddianı etiraf etmişdir. 27.08.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində iddia qaldırmaq üçün 10 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh1 ilə İddiaçı arasında bağlanan 25.02.2021-ci il tarixli AN-İ seriyalı, ******* saylı alğı-satqı müqaviləsi ilə Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, 39 saylı evin, 128 saylı mənzili sonuncuya 37000 manat müqabilində satılmışdır. Müqavilənin 13-cü maddəsinə əsasən satıcı Cavabdeh1 25.05.2021-ci il tarixinə kimi qeydiyyatdan çıxmağı öz öhdəsinə götürmüşdür. Mənzildə qeydiyyatda olan cavabdehlər isə mənzilin satılmasına etiraz etməmişlər. Həmçinin müqavilədə nəzərdə tutulan müddətdə yaşayış sahəsini tərk etməyi və pasport qeydiyyatından çıxmağı öhdəlik kimi götürsələr də, halhazıradək faktiki olaraq həmin ünvanda formal olaraq qeydiyyatdadırlar. Məhkəmə iddia tələbinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasina 1 saylı əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddənin məzmunundan göründüyü kimi mülkiyyət hüququ özündə 3 elementi – sahiblik, istifadə və sərəncam hüquqlarını birləşdirir. Həmin Məcəllənin 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Həmin Məcəllənin 648.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir. Avropa Məhkəməsi Sporronq və Lonnrot İsveçə qarşı işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. 228.4-cü maddəsinə əsasən Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, mənzil iddiaçının mülkiyyətində olduğundan,cavadeh Cavabdeh1 müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmədiyindən, yəni 25.05.2021-ci il tarixədək qeydiyyadan çıxmadığından, mənzil satılarkən cavabdehlər mənzilin satılmasına etiraz etmədiklərindən, onların faktiki olaraq könüllü şəkildə mübahisəli mənzildən çıxaraq başqa ünvanda yaşamaqla formal olaraq qeydiyyatda qalmaları iddiaçının həmin mənzil üzərində həm sərəncam vermək, həm də əmlakdan maneəsiz istifadə etmək hüququnu məhdudlaşdırır və bu səbəbdən cavabdehlərin mübahisəli mənzildə istifadə hüququ qala bilməz. Odur ki, iddia təmin edilərək, cavabdehlərin mübahisəli mənzilə istifadə hüququna xitam verilməlidir. Bundan başqa “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdar.Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və onun övladı 03.10.2014-cü il təvəllüdlü X6 ilə birlikdə, Cavabdeh2 Təvəkkül qızının və onun övladları 30 oktyabr 2012-ci il təvəllüdlü X8 və 06 iyun 2016-cı il təvəllüdlü X7 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, 39 saylı evin, 128 saylı mənzilinə istifadə hüquqları itirilmiş hesab edilməli, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və onun övladı 03.10.2014-cü il təvəllüdlü X6 ilə birlikdə, Cavabdeh2 Təvəkkül qızının və onun övladları 30 oktyabr 2012ci il təvəllüdlü X8 və 06 iyun 2016-cı il təvəllüdlü X7 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, 39 saylı evin, 128 saylı mənzilinə istifadə hüquqları itirilmiş hesab edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar