Məhkəmə qərarları › İş №2(001)-6958/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-6958/2020

27.11.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-6958/2020 27.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər DƏDRX Bakı Ərazi İdarəsi və “xxxx” MTK cəlb edilməklə) “özəlləşdirmənin etibarsız hesab olunması, qeydiyyatın ləğvi və əmlakdan istifadəyə maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsinə ona əlavə olunmuş sənədlərlə birlikdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər DƏDRX Bakı Ərazi İdarəsi və “xxxx” MTK cəlb edilməklə) “özəlləşdirmənin etibarsız hesab olunması, qeydiyyatın ləğvi və əmlakdan istifadəyə maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, 3007-ci məhəllə, Tibilisi prospekti 44C ünvanında yerləşən binanın A girişi, ümumi sahəsi131,43 kv.m olan, üç otaqlı, 59 saylı mənzilinin özəlləşdirilməsinin etibarsız hesab olunmaqla müvafiq qeydiyyatın ləğv edilməsi, cavabdehlərin yaratdıqları maneənin aradan qaldırılması və onlar çıxarılmaqla mənzilin boşaldılaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəlləninin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 51.1-ci maddəsinə əsasən iddia müştərək qaydada bir neçə iddiaçı tərəfindən və ya bir neçə cavabdehə qarşı qaldırıla bilər. İddiaçıların və ya cavabdehlərin hər biri digər tərəfə dair prosesdə müstəqil çıxış edir. İddiaçı “Bakı şəhəri, Nəsimi rayonu, 3007-ci məhəllə, Tibilisi prospekti 44C ünvanında yerləşən binanın A girişi, ümumi sahəsi 131,43 kv.m olan, üç otaqlı, 59 saylı mənzilinin özəlləşdirilməsinin etibarsız hesab olunmasını” xahiş etsə də, qeyd olunan mənzilin özəlləşdirilməsinə səbəb olan sənədin və ya müqavilənin adını, tarixini və nömrəsini qeyd etməmiş, geniş şərh olunan və mücərrəd anlayış olan özəlləşdirilmənin ləğvini xahiş etməklə tələbi konkret olaraq göstərməmişdir. Eyni zamanda “müvafiq qeydiyyatın ləğvini” xahiş etsə də, konkret olaraq hansı qeydiyyat yazısından söhbət getdiyi iddia ərizəsindən müəyyən edilmir. Bundan başqa iddia bir cavabdehə qarşı verilsə də, iddia ərizəsinin xahiş etdim hissəsindən görünür ki, “cavabdehlərin yaratdıqları maneənin aradan qaldırılması və onlar çıxarılmaqla mənzilin boşaldılaraq ona təhvil verilməsi xahiş edilmişdir.” Belə ki, digər cavabdehlər qismində kimlərin nəzərdə tutulduğu bilinmir. Odur ki, iddia ərizəsinin xahiş etdim hissəsində tələb qeyri-dəqiq olduğundan onun məhkəmə icraatı mümkün deyildir. Beləliklə məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməklə məhkəməyə verilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən DƏDRX Ərazi İdarəsi və “xxxx” MTK cəlb edilməklə) “özəlləşdirmənin etibarsız hesab olunması, qeydiyyatın ləğvi və əmlakdan istifadəyə maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçıya izah olunsun ki, Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar