Məhkəmə qərarları › İş №2(001)-7004/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-7004/2020

30.11.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-7004/2020 30.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu, İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı , “yaşayış yerindən qeydiyyatdan çıxarma” barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri 30 noyabr 2020-ci il tarixdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 və qeyrilərinin Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məmiş Abbasov küçəsində yerləşən 17 saylı ünvanda yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, yolverilməz olduğuna görə ərizəni qəbul etməkdən imtina olunmalıdır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsində qeyd olunmuşdur ki, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır... Qeyd olunan normanın məzmunundan görünür ki, qüvvədə olan qanunvericiliyə əsasən qeydiyyatdan çıxarılma məsələsi məhkəmənin deyil, müvafiq icra hakimiyyəti orqanının səlahiyyətinə aid edilmişdir, yəni qeydiyyatdan çıxarılma tələbinə məhkəmədə baxıla bilməz. Bununla yanaşı ərizəçiyə izah olunur ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati-iqtisadi məhkəmələr və inzibati-iqtisadi kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2 və 2.2.3-cü maddələrinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Yuxarıda göstərilən normaların təhlilindən belə nəticəyə gəlinir ki, hazırkı tələbə tələbə mülki məhkəmə icraatı qaydasında deyil, inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 15.4-cü bəndində qeyd olunmuşdur ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 153.2 və 153.2.1-ci maddəsinə ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. - 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA A L D İ M: İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı , “yaşayış yerindən qeydiyyatdan çıxarma” barədə iddia ərizəsinin icraata qəbul olunmasından imtina edilsin, ərizə və ona əlavə edilmiş sənədlər özünə qaytarılsın. İddiaçı qeydiyyatdan çıxarılma ilə bağlı yaşadığı ərazi üzrə Polis İdarəsinə müraciət etmək hüququ izah edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar