Məhkəmə qərarları › İş №2(001)-703/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-703/2022

17.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-703/2022 17.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əhmədli Fərid Elçin oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxsin nümayəndəsi X1 iştirakları ilə, Ərizəçi (maraqlı şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı cəlb edilməklə) “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun 11 noyabr 1987-ci il tarixdən 19 iyun 1990-cı il tarixədək cəza çəkdiyi müddətdə orada qaynaqçı vəzifəsində işləməyi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, pensiya təyin olunması üçün Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Həmin qurumun 19 avqust 2021-ci il tarixli məktubu ilə ona güzəştli şərtlərlə iş stajının olmaması səbəbindən yaşa görə pensiya təyin olunmasının qeyri-mümkün olduğu bildirilmişdir. Bundan sonra o, Azərbaycan Respublikası Ədliyyə Nizirliyi Penitensiar Xidmətinin 11 saylı cəzaçəkmə müəssisəsinə müraciət edərək 11 noyabr 1987-ci il tarixdən 19 iyun 1990-cı il tarixədək cəza çəkdiyi müddətdə orada əmək fəaliyyəti ilə məşğul olmağı barədə rəsmi sənəd istəmişdir. Həmin qurumdan da ona 01 oktyabr 2021ci il tarixdə bildirilmişdir ki, orada əmək fəaliyyəti ilə bağlı hər hansı sənəd aşkar edilməmişdir. Bildirir ki, o, 11 noyabr 1987-ci il tarixdən 19 iyun 1990-cı il tarixədək cəza çəkdiyi müddətdə orada qaynaqçı kimi işləmişdir. Həmçinin Binəqədi Rayon Məhkəməsinin qətnaməsi ilə ondan tutulan aliment oradakı əmək haqqına yönəldilmişdir. Binəqədi Rayon Məhkəməsinə də həmin qətnamənin surətinin verilməsi ilə bağlı müraciət etmiş, lakin ona bildirilmişdir ki, həmin illərə aid arxiv sənədləri məhv olunmuşdur. Onun xahiş etdiyi faktı həmin vaxt onunla cəza çəkən şahidi də təsdiq edə bilər. Qeyd edilənlərdən göründüyü kimi arxiv sənədlərinin olmaması səbəbindən o, işləməyi barədə rəsmi sənəd ala bilmir. Göstərilənlərə əsasən ərizənin təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Maraqlı şəxs ərizəyə etiraz ünvanlayaraq bildirmişdir ki, iş stajının (əmək fəaliyyətinin) təsdiq edilməsi barədə hüquqi əhəmiyyətli faktın tanınması zamanı qanunvericilikdə və məhkəmə təcrübəsində ərizəçinin bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən təsdiq edilməlidir. Lakin iş üzrə icraat materiallarında ərizəçinin işlədiyi illəri təsdiq edəcək yalnız bir şahidin işə cəlb olunduğu aydın görünür. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarda İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Həmçinin qeyd edilməlidir ki, inzibati orqanın ərizəçiyə verdiyi imtina qanuni və əsaslıdır. Belə ki, Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanununun 9.1 -ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşma çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.8-ci maddəsində qeyd edilir ki, fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Bu qanunun 9.1 -ci maddəsində qeyd olunur ki, yeraltı işlər, incəsənətin xüsusi sahələrin, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının Nəqliyyat bölməsinin (21) Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) kükürdlü nefti və aşındırıcı maddələri töküb-axıtma məntəqələrində mşğul olan yük və baqajı qəbul edib və təhvil verənlər vəzifəsi nəzərdə tutulmuşdur. Ərizəçinin 4 dekabr 1981-ci il tarixli MT-İ ******* nömrəli əmək kitabçasında 16 may 1983-01 dekabr 1987-ci il və 16 mart 1992-01 dekabr 2000-ci il tarixləri arasındakı dövrlər ərzində Azərbaycan Dəmir Yolları QSC-nin Bakı sərnişin stansiyasında yük və baqaj qəbul-təhvilçisi vəzifəsində işlədiyi qeyd olunmuşdur. Ərizəçinin işlədiyi vəzifə yuxarıda qeyd olunan kükürdlü nefti və aşındırıcı maddələri töküb-axıtma məntəqələrində məşğul olan yük və baqajı qəbul edib və təhvil verənlər vəzifəsinə uyğun deyildir. Eyni zamanda ərizəçinin təqdim etdiyi Azərbaycan Dəmir Yolları QSC tərəfindən ərizəçiyə dair verilən arayışı inzibati orqana təqdim etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi 02 fevral 2021-ci il tarixli 2-1(102)-11/2021 nömrəli Qərarında cavabdehin kassasiya şikayətinin güzəştli arayışı ilə bağlı dəlili ilə razılaşaraq aşağı instansiya məhkəmələrinin bu barədə mövqeyini əsassız hesab etmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1cü bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı əlavə olunur. Ali Məhkəmədə baxılan iş üzrə güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi tələbi ilə çıxış edən iddiaçı tərəfindən bu məzmunda arayış təqdim olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bundan əlavə, iş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. İşlərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır. Ərizəçinin təqdim etdiyi arayışda ərizəçinin işlədiyi vəzifələrin yuxarıda göstərilən siyahıda nəzərdə tutulmadığı qeyd edilmişdir. Bu səbəblərdən də, ərizəçinin güzəştli is stajı yoxdur. Həmçinin ərizəçinin ümumi is stajı da 25 ildən az (17 il 8 ay 11 gün (03 iyul 1979-cu il tarixdən 23 may 1981-ci il tarixədək, 23 oktyabr 1981-ci il tarixdən 12 iyun 1982-ci il tarixədək, 06 avqust 1982-ci il tarixdən 01 dekabr 1987-ci il tarixədək, 26 iyun 1990-cı il tarixdən 19 oktyabr 1991-ci il tarixədək, 16 mart 1992-ci il tarixdən 01 dekabr 2000-ci il tarixədək)) təşkil edir. Həmçinin ərizəçinin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ərizəçiyə münasibətdə 35600,00 manat hesablandığı halda fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 13485,17 manat təşkil edir. Yuxarıda göstərilən səbəblərdən ərizəçiyə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bundan əlavə, ərizəçinin həmin illərdə qeyd olunmuş müəssisədə çalışma faktı təsdiq olunsa belə, yuxarıda sadalanan səbəblərdən şəxsin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmır. Ərizəçinin 11 noyabr 1987-ci il tarixdən 19 iyun 1990-ci il tarixədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkdiyi dövrdə qaynaqçı peşəsində çalışması faktının müəyyən olunması ərizəçi üçün heç bir hüquqi əhəmiyyətli nəticə doğurmur. Göstərilənlərə əsasən ərizənin təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi yuxarıda göstərilən məzmunda izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi etiraz ərizəsini müdafiə edərək, ərizənin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: ИТ-İ ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, 1959-cu il təvəllüdlü Ərizəçi 03 iyul 1979-cu il tarixdən 23 may 1981-ci il tarixə, 23 oktyabr 1981-ci il tarixdən 12 iyun 1982-ci il tarixə, 06 avqust 1982-ci il tarixdən 10 noyabr 1982-ci il tarixədək, 07 yanvar 1983-cü il tarixdən 12 may 1983-cü il tarixədək, 16 may 1983-cü il tarixdən 01 dekabr 1987-ci il tarixə, 26 iyun 1990-cı il tarixdən 19 oktyabr 1991-ci il tarixə, 16 mart 1992-ci il tarixdən 01 dekabr 2000-ci il tarixə, 01 dekabr 2000-ci il tarixdən 25 yanvar 2008-ci il tarixə qədər müxtəlif iş yerlərində çalışmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 11 saylı Cəzaçəkmə Müəssisəsi tərəfindən verilmiş 11 noyabr 2021-ci il tarixli, 17/26-4294 nömrəli arayışdan görünür ki, Ərizəçi (xx xxxx 1959-cu il Bakı şəhəri) həqiqətən də Bakı şəhəri, Kirov Rayon Xalq Məhkəməsinin 19 oktyabr 1987-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 102-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum edilmiş, cəzasının əvvəli 19 oktyabr 1987-ci il tarixdən hesablanmış, 11 saylı Cəzaçəkmə müəssisəsinə 11 iyun 1987-ci il tarixdə 2 saylı İT-dən gətirilmiş və 11 iyun 1990-cı il tarixdə vaxtından əvvəl şərti azad edilmişdir. Cəza çəkdiyi dövrdə Bakı şəhəri, Biləcəri qəsəbəsi, Tbilisi şossesi, ev 5, mənzil 30-da qeydiyyatda olmuşdur. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin Ərizəçi ünvanladığı 17 noyabr 2021-ci il tarixli ərizəyə cavab məktubundan görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin arxivində 1988-ci ilə dair aliment tələbi üzrə qətnamə aşkar edilməmişdir. Belə ki, məhkəmənin arxivində saxlanma müddəti bitmiş, elmi-tarixi dəyəri olmayan və əməli əhəmiyyətini itirmiş 1986-1990-cı illəri əhatə edən mülki işləri Ekspert Komissiyası tərəfindən ekspertiza edilərək 27 aprel 1994-cü il tarixli akta əsasən məhv edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Ərizəçi ünvanladığı 19 avqust 2021-ci il tarixli məktubdan görünür ki, sonuncunun müraciətinə baxılmış və bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Həmin Qanunun 9.1 -ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Nəqliyyat bölməsinin (21) Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) kükürdlü nefti və aşındırıcı maddələri töküb-axıtma məntəqələrində məşğul olan yük və baqajı qəbul edib və təhvil verənlər vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilən 4 dekabr 1981-ci il tarixli ИT-İ ******* nömrəli əmək kitabçasında 16 may 1983 - 01 dekabr 1987-ci il və 16 mart 1992 – 01 dekabr 2000-ci il tarixləri arasındakı dövrlər ərzində "xxxx" QSC-nin Bakı sərnişin stansiyasında yük və baqaj qəbul-təhvilçisi vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi vəzifə yuxarıda qeyd olunan kükürdlü nefti və aşındırıcı maddələri töküb-axıtma məntəqələrində məşğul olan yük və baqajı qəbul edib və təhvil verənlər vəzifəsinə uyğun deyil. Eyni zamanda Mərkəzi Filiala təqdim edilən "xxxx" QSC tərəfindən verilmiş arayışda işlədiyi vəzifələrin yuxarıda göstərilən siyahıda nəzərdə tutulmadığı qeyd olunmuşdur. Göstərilən səbəblərdən də onun güzəştli iş stajı yoxdur. Bundan başqa onun ümumi iş stajı da 25 ildən az (17 il 8 ay 11 gün (03 iyul 1979- 23 may 1981-ci il, 23 oktyabr 1981 – 12 iyun 1982-ci il, 06 avqust 1982 – 10 noyabr 1982-ci il, 07 yanvar 1983 – 12 may 1983-cü il, 16 may 1983 – 01 dekabr 1987-ci il, 26 iyun 1990 – 19 oktyabr 1991-ci il və 16 mart 1992 – 01 dekabr 2000-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Eyni zamanda onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 35600,00 manat hesablandığı halda, fərdi nesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 13485,17 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 11 saylı Cəzaçəkmə Müəssisəsi tərəfindən məhkəməyə ünvanlanmış 01 dekabr 2021-ci il tarixli məktubdan görünür ki, vətəndaş Ərizəçi 11 noyabr 1987 -ci il tarixdən 19 iyun 1990-cı il tarixədək 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkmişdir. Vətəndaş Ərizəçi 06 sentyabr 2021-ci ildə 11 saylı cəzaçəkmə müəssisəsinə ərizə ilə müraciət edərək, cəza çəkdiyi müddət ərzində müəssisənin istehsalat sahəsində kiçik çəllək sexində qaynaqçı kimi əmək fəaliyyəti ilə məşğul olmasını iddia etmişdir. Vətəndaşın müraciətinə əsasən müəssisənin arxivində həmin ilərə aid mühasibatlıq şöbəsinin sənədlərinə tərəflərindən baxış keçirilmişdir, lakin vətəndaş Ərizəçi aid heç bir sənəd aşkar edilməmişdir və bununla bağlı vətəndaş Ərizəçi tərəflərindən 16 sentyabr 2021-ci il tarixdə və 01 oktyabr 2021-ci il tarixdə təkrar rəsmi məktub ünvanına göndərilmişdir. Qeyd: 1987-1990-cı illərdə müəssisədə məhkumların əməyə cəlb edilməsini təsdiq edən arxiv sənədləri mövcuddur, lakin ərizəçiyə aid heç bir sənəd tapılmamışdır. 25 oktyabr 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, hazırki ərizənin məhkəməyə verilməsi üçün ərizəçi tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.1 və 307.2.11-ci maddələrinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 13.1-ci bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11.12.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Həmin Qərarın 13.4-cü bəndində göstərilmişdir ki, əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olubolmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Göründüyü kimi, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 11 saylı Cəzaçəkmə Müəssisəsinin məhkəməyə ünvanladığı məktubdan da görünür ki, 1987- 1990-cı illərdə müəssisədə məhkumların əməyə cəlb edilməsini təsdiq edən arxiv sənədləri mövcuddur, lakin ərizəçiyə aid heç bir sənəd tapılmamışdır. Bundan əlavə, məhkəmə onu da qeyd edir ki, ərizəçi onun əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi üçün məhkəməyə müraciət etsə də, ərizəsinə tələbini müəyyən edən fakt və hallarla əlaqədar olan yazılı və digər sübutlarını əlavə etməmiş, o cümlədən əmək kitabçaları olmaqla onunla birlikdə ərizədə göstərilən müddətlərdə eyni müəssisədə birlikdə işlədiklərini təsdiq edəcək şahidləri məhkəmə iclasına dəvət etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, Ərizəçi (maraqlı şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı cəlb edilməklə) “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi”nə dair ərizəsi əsassız olduğundan təmin edilməməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizəçi (maraqlı şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı cəlb edilməklə) “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi”nə dair ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar